Menu
Geri İrəli

Erməni təxribatının “Sumqayıt ssenarisi”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

sumqayit_00011988-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və erməni havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisələr nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon ABŞ dolları dəyərində maddi ziyan vurulmuşdu.

Fransız jurnalisti Jan-İv: “Ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər”

Sumqayıtda hadisələrin başladığı gündən dərhal antiazərbaycan informasiya şəbəkəsi işə düşdü. Müxtəlif ölkələrdə videolentlər nümayiş etdirildi, mətbuatda şər və böhtan dolu yazılar dərc olundu. Qəribədir ki, cəmi 3-4 gün sonra Xankəndidə əvvəlcədən hazırlanmış “Sumqayıt hadisələri zamanı həlak olmuş ermənilərə xatirə abidəsi ucaldıldı, “Sumqayıt… soyqırımı… aşkarlıq” adlanan kitabça 50 min tirajla Yerevanda rus dilində çap olunub dünya ictimaiyyətinə çatdırıldı. Əlbəttə, belə silsilə tədbirlər bir daha sübut etdi ki, ermənilər bu qanlı aksiyanın törədilməsini və geniş yayılmasını planlı şəkildə təşkil etmişlər. “Böyük Ermənistan” xülyasına xidmət edən antitürk, antiazərbaycan təbliğat separatçıların başlıca məqsədinə, məramına çevrilmişdi. Sumqayıt hadisələri barədə sovet və xarici ölkə mətbuatında birtərəfli, qərəzli yazılar dərc olunurdu. Moskva isə susurdu. Hələ 1988-ci il fevralın 26-da SSRİ-nin rəhbəri M.Qorbaçov ermənilərin ona müraciətinə çox təmkinlə cavab vermişdi: “Mən hər şeyi başa düşdüm, ancaq bir az gözləyin”. Cəmi iki gün sonra Sumqayıt hadisələri baş verdi.

1988-ci il fevral hadisələrindən sonra M.Qorbaçov yüksək dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinin qarşısını aldı. Çünki o vaxtlar Sumqayıt hadisələrinə siyasi qiymət verilsəydi, həmin əməliyyatın yüksək dairələrdən idarə olunması faktı ortaya çıxa bilərdi. SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin əsl müəllifləri ittiham olunardı, Sumqayıtda törədilmiş iğtişaşların Dağlıq Qarabağ problemi ilə bağlılığı üzə çıxardı. Bir də ermənilərin dünyaya bəlli olan iç üzləri açılardı. Hələ bir vaxtlar ermənilərin vəhşiliyindən dəhşətə gələn fransız jurnalisti Jan-İv yazırdı: “Mən müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm. Amma ermənilər onları ötüb keçiblər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər”. Əslində dünya ictimaiyyəti erməniləri belə tanıyır: zalım, qəddar, qaniçən, bir sözlə, ümumbəşəri bəla kimi…

Artıq Sumqayıt hadisələrindən 26 il keçir. Doğrudur, hadisələrin mahiyyətini açmaq, baş verənlərə hüquqi qiymət vermək üçün SSRİ Baş Prokurorluğu istintaq qrupu yaratdı. İlk baxışda gözləmək olardı ki, əsl həqiqət üzə çıxacaq. Amma belə olmadı, şəhərdə kütləvi həbslər başladı. Günahsız adamlar istintaqa cəlb olundu. Əsl cinayətkarlar isə hələ də məsuliyyətə cəlb olunmayıblar…

Səbəb məlumdur. Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçiləndən sonra onun ətrafına ermənipərəst qüvvələr toplanmışdı. Siyasi məsələlər üzrə Şahnazarov, iqtisadi məsələlər üzrə Aqanbekyan, planlaşdırma məsələləri üzrə Sitaryan onun ən yaxın köməkçiləri idi. Ölkədə gedən ictimai-siyasi proseslərdən öz məqsədləri üçün istifadə etmək, erməni xalqının arzuladığı torpaq iddialarını qaldırmaq və reallaşdırmaq üçün onlar Qorbaçova məsləhətlər verir, onu bu çirkin və məkrli işə cəlb edirdilər. Lakin Qorbaçov hakimiyyətinin ilk illərində Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistanın tərkibinə vermək çətin idi. Çünki yaxşı bilirdilər ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyev belə ədalətsiz bir məsələnin ali hakimiyyət dairələrində müzakirə olunmasına imkan verməzdi.

Günahsız azərbaycanlılar istintaqa cəlb olundu

1987-ci ilin noyabrında akademik Aqanbekyan Parisdə erməni icması qarşısında çıxış edərək Dağlıq Qarabağın Azərbaycan Respublikasından alınıb Ermənistana verilməsini məqsədəuyğun hesab etdiyi barədə bəyanat verdi. Bəyanat xaricdə yaşayan erməni lobbisi tərəfindən alqışlandı və bu işdə Qorbaçova hər cür dəstək olacaqlarına söz verildi. Həmin ilin dekabrında Mixail Qorbaçov arvadı Raisa Maksimovna ilə ABŞ-ın Kaliforniya ştatına səfər edib erməni icması ilə görüşdü. Görüşdə Dağlıq Qarabağ məsələsi gündəmə çıxarıldı və Qorbaçovdan onun tezliklə ermənilərin xeyrinə həll olunacağı haqqında razılıq alındı. Mixail Qorbaçov Moskvaya qayıtdıqdan sonra Ermənistanın və Dağlıq Qarabağın ayrı-ayrı rayonlarında kütləvi mitinqlər keçirilməyə başlandı.

1988-ci il fevralın 17-də Sov.İKP MK-da erməni icmasının bir qrup nümayəndəsi qəbul olundu. Fevralın 18-də Xankəndiyə qayıdan həmin nümayəndələr mərkəzi meydanda mitinq keçirdilər. Akopyan və Qabrielyan kütlə qarşısında çıxış edərək Moskvanın onları dəstəklədiyini və Dağlıq Qarabağ probleminin Ermənistanın xeyrinə həll olunacağını bildirdilər. Azərbaycanın ayrı-ayrı bölgələrində yerli əhali ermənilərin bu antikonstitusion aksiyasına cavab olaraq etiraz mitinqi keçirməyə başladı. Fevralın 19-da Bakıda Azərbaycan KP Mərkəzi Komitəsinin binası qarşısında mitinq oldu. Mitinq iştirakçıları ermənilərin torpaq iddiasını əsassız saydılar, bu işdə sovet hökumətinin loyal mövqeyini tənqid etdilər. Mərkəzə, Qorbaçova teleqramlar vuruldu, məktublar göndərildi. Lakin Kreml tərəfindən qəti tədbir görülmədi. Dağlıq Qarabağda “Krunk” adlı cəmiyyət yaradıldı. Cəmiyyətə özünün millətçiliyi ilə seçilən tikinti materialları kombinatının müdiri, regionda korrupsioner kimi tanınan Manuçarov rəhbərlik etməyə başladı. “Krunk”un tələbi ilə Dağlıq Qarabağın bütün rayonlarında və vilayətin özündə xalq deputatları sovetlərinin sessiyaları çağırıldı. Gündəliyə isə bir məsələ çıxarıldı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindən çıxarılsın və Ermənistanın tərkibinə verilsin. Bu antikonstitusion qərar da rəsmi Moskva tərəfindən sükutla qarşılandı. Ermənistan rəhbərləri, korrupsiyaya qurşanmış qüvvələr, hakimiyyətə can atanlar və kəşfiyyat institutları hadisələri daha da qızışdırmaq, onu kulminasiya nöqtəsinə çatdırmaq üçün planlar cızır, iki milləti üz-üzə qoymağa çalışırdılar.

Sumqayıtda baş verə biləcək hadisələr ermənilərə artıq məlum idi. Burada yaşayan 1000-dək erməni 1988-ci il yanvar ayının 1-dən fevralın 25-dək əmanət kassalarında saxladıqları 8 milyon 343 min 691 rubl pulu təcili çıxararaq Yerevana, Xankəndiyə və Rusiyanın ayrı-ayrı şəhərlərinə köçüb getdi.

Sumqayıtın sənaye müəssisələrində, təhsil, mədəniyyət və səhiyyə sistemlərində çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi barədə gizli imzalar toplamağa başladılar. Onlar “Krunk” cəmiyyətinə yardım adı altında adambaşına 50 rubl vəsait keçirirdilər. Gizli iqtisadiyyata rəhbərlik edən “sexovşik”lər onlara mənsub olan istehsal sahələrini söküb Yerevana apardılar.

Həmin günlər Əsgəranda ermənilər tərəfindən iki azərbaycanlı gənc – Əli və Bəxtiyar qətlə yetirildi. Dağlıq Qarabağla bağlı problemdə kimin əvvəlcə güllə atdığı mübahisəli olduğundan həmin hadisələrdə iştirak edən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Filip Bobkov sonradan “KQB i vlast” kitabında yazırdı: “Yenə də mübahisə etmək olar: kim birinci başladı? Azərbaycan tərəfi, yoxsa erməni tərəfi? Fakt faktlığında qalır. İlk qurban azərbaycanlılar oldu. 1988-ci il fevral ayının 22-də Əsgəranda iki nəfər azərbaycanlı gənc qətlə yetirildi”.

1988-ci ilin fevralında ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirmək üçün açıq fəaliyyətə başladılar. Həmin ayın 25-də Ermənistan milli televiziyası ilə çıxış edən katolikos Vazgen Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini bildirdi. O dövrdə ideoloji cəhətdən tərksilah edilmiş Azərbaycan faktiki olaraq siyasi-psixoloji böhran keçirir, vəziyyətdən çıxış yolu tapa bilmirdi. Bu amil də fevralın 27-29-da daşnakların Sumqayıtda özlərinin məkrli niyyətlərini həyata keçirmələrinə şərait yaratmışdı.

Moskvadan gələn müstəntiqləri qanlı təxribatı təşkil edənlər maraqlandırmırdı…

Fevralın 27-də Sumqayıt şəhər prokuroru İsmət Qayıbov baş vermiş iğtişaşlarla bağlı cinayət işi başlatsa da, dörd gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu bu işi öz icraatına götürərək Sumqayıtın və ümumiyyətlə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarını istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırdı. Belə bir şəraitdə ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər çəkmiş tərəf kimi tanınması asanlaşdı, tutulan ermənilərin hamısı “səhvən yaxalanmışlar” kimi azadlığa buraxıldı. Hərbçilər tərəfindən tutulmuş Eduard Qriqoryanın ifşa edilməsi isə istintaqın yox, zərərçəkmiş Mejlumyan bacılarının onu özlərinə qarşı zorakılıq edənlərdən biri kimi tanımaları nəticəsində mümkün oldu. Moskvadan gələn müstəntiqlər Sumqayıtda özlərini həyasızcasına aparır, dindirmələr zamanı azərbaycanlılarla çox sərt rəftar edirdilər. SSRİ DTK-nın baş müstəntiqi polkovnik Zubtsev Sumqayıt milisinin əməkdaşlarını sorğu-suala tutarkən aydın başa düşülürdü ki, sovet rəhbərliyini qanlı təxribatı təşkil edənlər yox, yerli partiya və sovet orqanlarının, təsərrüfat və istehsalat sahələri rəhbərlərinin şəxsi həyatları barədə kompromat xarakterli məlumatlar daha çox maraqlandırır. Bütün bunlar isə, təbii ki, həmin şəxslər barəsində “zəruri” tədbirlər görmək üçün yox, azərbaycanlı rəhbər işçiləri ləkələmək və həbs etmək üçün lazım idi. Belə faktlar azərbaycanlıların əleyhinə növbəti çığır-bağır kampaniyası qaldırmağa “əsas” verirdi. Sumqayıt hadisələrini törətməklə ermənilər informasiya blokadasına alınan Azərbaycana qara yaxmaq, özlərini bütün dünyaya “yazıq”, “məzlum” millət kimi təqdim etmək, azərbaycanlılarla bir yerdə yaşamalarının mümkünsüzlüyü barədə dünya ictimaiyyətində fikir formalaşdırmaq niyyətində idilər. Buna görə də dünyaya belə bir informasiya sızdırmışdılar ki, guya azərbaycanlılar Ermənistandan qəsdən qaçıb gedir, ermənilərin onları incitmələri barədə yalan məlumatlar yayırlar. Guya azərbaycanlılar öz rəhbərlərinin tapşırığı ilə ermənilərə qarşı “soyqırımı” törədiblər. Göründüyü kimi, ssenari eynidir. Lakin məsələ burasındadır ki, yerli partiya və sovet təşkilatlarının, habelə hüquq-mühafizə və dövlət təhlükəsizlik orqanlarının Moskvaya sözsüz tabeliyi şəraitində onların azərbaycanlı əhalini ermənilərə qarşı hansısa planlı hərəkətə sövq etməsi mümkün deyildi.

Hadisələr ərəfəsində yerli hakimiyyət strukturları yuxarı hakimiyyət orqanlarına əsl vəziyyət barədə məlumat vermişdilər. Moskvadan gəlmiş yüksək vəzifəlilər, qoşun hissələrinin və digər orqanların səlahiyyətli nümayəndələri Sumqayıtda idilər, iğtişaşlar və talanlar onların gözü qarşısında törədilmişdi. Bu isə onu göstərir ki, hadisələr Moskvadan idarə olunur və izlənilirdi. İğtişaşların başında duran Eduard Qriqoryana gəldikdə, o, təsadüfən ələ keçmişdi. Ləzgi bilib həbs edilən Eduardın kimliyi bilinəndə onu aradan çıxarmaq mümkün olmamışdı. Qriqoryan uzun müddətə azadlıqdan məhrum edilsə də, sonradan cəzasının qalan hissəsini çəkmək üçün onun Ermənistana göndərilməsi də çox şeydən xəbər verir. Xatırladaq ki, Adolf Sukiasov adlı erməni hətta məhkəmədə şahid kimi ifadə verərkən “Sumqayıt hadisələrini azərbaycanlılar yox, ermənilər özləri törədiblər”, – deyə etiraf etmişdi.

Sumqayıtda yaşayan ermənilərin bir qisminin millətçi-ekstremist fikir daşıyıcıları olmasına dair məlumatlara keçmiş Azərbaycan SSR DTK-nın arxivində saxlanan və istintaqa təqdim edilmiş “Nalyotçik” (“Basqınçı”) kodu altında əməliyyat işinin materialları arasında olan sənədlərdə də rast gəlinir. Məsələn, əməliyyat işinin rus dilində tərtib edilmiş 146-147-ci vərəqləri Sumqayıt şəhərindəki hadisələr ərəfəsində DTK orqanları tərəfindən hazırlanmış 47 ekstremist erməni barəsindədir. Qeyd edək ki, adları çəkilən ermənilərin heç biri şəxsən zərər çəkməmişdir.

1991-ci ilin avqust ayında Moskvada baş vermiş çevrilişlə əlaqədar başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupu tərəfindən intihar etmiş sabiq SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında aparılan axtarış zamanı rəflərdəki sənədlər arasında Məshəti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağla və digər bu kimi hadisələrlə əlaqədar sənədlər aşkar edilmişdir. Sənədlərdə Dağlıq Qarabağda fəaliyyət göstərmiş “Krunk” təşkilatı, onların üzvləri barədə, ümumən Dağlıq Qarabağ hadisələri haqqında SSRİ DİN-ə daxil olan ilk məlumatlar öz əksini tapmışdır. Bu məlumatlar həm Ermənistan, həm də Azərbaycan Daxili İşlər nazirliklərinin arayışlarından, eləcə də SSRİ DİN-in müvafiq idarələrinin məlumatlarından ibarət olmuşdur. Bu faktın özü də onu göstərir ki, baş verənlər barədə SSRİ rəhbərliyinin ilk günlərdən ətraflı məlumatı olmuş, lakin müəmmalı səbəblərdən hadisələrin qarşısını almağa heç bir cəhd göstərilməmişdir.

Sumqayıt hadisələrinin ermənilərin maraqlarına xidmət edən təxribat olduğu faktlarla sübut edilib. Bu, əvvəlcədən düşünülmüş və həyata keçirilmiş bir aksiya idi. Ermənilər bu qanlı əməllərindən öz mənafeləri üçün istifadə etməyə, beynəlxalq miqyasda xalqımız haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərsələr də, zaman hər şeyi yerbəyer edərək kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirdi.

“Azərbaycan”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın