Menu
Geri İrəli

“Formula-1 yarışlarının iqtisadi faydası nədir?” – MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2016 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur

tahir mirkishili“Azərbaycanda ilk dəfə olaraq Formula 1 yarışları keçirildi. Yüksək səviyyədə keçən yarışlar hər zaman dünya ictimaiyyətinin diqqətində olur. Formula 1 yarışları dünyanın ən çox izlənilən və ən prestijli idman yarışları sırasındadır. Hər yarışı təqribən 420 milyon televiziya tamaşaçısı izləyir. Bakıda keçirilən yarış həm də yolun uzunluğuna, sürət imkanlarına və ən əsası da şəhər içində keçirilməsinə görə fərqləndi. Əsində yarış iştirakçılarının dediyinə görə Bakı yolu digər bir neçə yolun qarışığından yaranan özünəməxsus yoldur.”  Bu fikirləri iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili Formula-1 yarışlarının iqtiasadi mənfəəti ilə bağlı mətbuata açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, artıq bütün idman yarışlarının həm də iqtisadi və siyasi tərəfləri mövcuddur: “Bu müasir dünyanın reallığıdır. İqtisadi hesablamalar həmişə maraq kəsb edib. Formula 1 yarışlarının iqtisadi faydası spesifik iqtisadi hesablamalar ilə aparılır. Beynəlxalq iqtisadi təhlil mərkəzləri də hər yarışdan sonra bununla bağlı xüsusi hesabatlar da hazırlayırlar. İlkin təhlil aparmaq üçün bir sıra rəqəmlərə diqqət yetirmək lazım. Adətən dünyanın bütün ölkələri Formula 1 yarışlarını əsasən ölkənin, şəhərin tanıdılması, turistlərin cəlb olunması və dolayısı ilə iqtisadiyyatın qazanması məqsədilə təşkil edirlər. Və hər bir ölkə bunun üçün büdcə vəsaitlərindən istifadə edir. Yarışların sponsorlarının (yollarda, avtomobillərin üzərində, pilotların geyimlərində olan markalar) 3 gün ərzində reklam kontaktlarının dəyəri orta hesabla 70 milyon dollar miqyasında qiymətləndirilir. Bu o demek ki, 420 milyon insan televiziya ekranlarında yarışlar zamanı neçə dəfə o markaları görürsə, o saya çatmaq üçün televiziya reklamlarının adi agent qiymətləri 70 milyon dollar dəyərindədir.”

Onun sözlərinə görə, sponsorlar içində ən çox reklam kontakti Red Bull markasına aiddir, bu kontaktların dəyəri 22-27 milyon dollar miqyasında qiymətləndirilir:  ”Nəzərə alsaq ki, bütün yarış boyu 420 milyon insan “Baku” sözünü, şəhərin bütün mənzərəsini bir marka kimi görürdü və bu görüntü sponsor görüntülərindən bir neçə dəfə daha intensiv idi, bu o deməkdir ki, Bakı şəhərinin və Azərbaycanın turizm məqsədilə reklamı üçün eyni intensivlik və göstərmə sayının dəyəri ən azı 60 milyon dollardan çoxdur. Əlavə olaraq təqribi hesablamalara görə Bakıya 10 mindən artıq turistin gəlməsi gözlənilirdi. Yarışlardan sonra Bakı otellərindən verilən bilgilərə görə bütün otellərin otaqları demək olar ki, tam sifariş olunmuşdu. Orta hesabla bir turistin 3 gün ərzində bütün xərci 1000 dollar ətrafında qiymətləndirilir. Bu isə əlavə olaraq 10 milyon dollar ölkəyə gəlirin gəlməsi deməkdir.”

Millət vəkili hesab edir ki, bunlar birbaşa iqtisadi mənfəət sayılır: “Amma birbaşa iqtisadi mənfəətdən başqa dolayısı iqtisadi mənfəət də mövcuddur. Məsələn, xarici investisiyaların cəlb olunması. Xarici investorların investisiya qərarları həmişə bir neçə göstəricinin məcmusu əsasında reallaşır. Bunlar- ölkə nə dərəcədə təhlükəsizdir, beynəlxalq arenada nə dərəcədə tanınır, müasir meyllər bu ölkədə necə təmsil olunur, kontingent necedir, hökumət etibarlə tərəfdaşdırmı və s. göstəricilərdir. Belə mötəbər yarışların keçirilməsi bu sadaladığım göstəricilərin təmin olunmasını bütün dünyaya nümayiş etdirir. Bu isə xarici investisiyaların daha intensiv cəlb olunması, onların özləri ilə bərabər müasir texnologiyaları gətirməsi və bütün bunların nəticəsi kimi iqtisadiyyatın inkişaf edərək əhalinin sosial rifahının yaxşılaşması ilə nəticələnir.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın