Menu
Geri İrəli

Gənclərə örnək şəxsiyyət – Maqsud Eyvazov

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2015 • Baxış sayı: 612 dəfə • 1 şərh

Gənclərə örnək şəxsiyyət –
Azərbaycanın Əməkdar səmərələşdiricisi Maqsud Eyvazov

maqsudAzərbaycan kimya sənayesinin 70 illik yubileyinin keçirilməsi bizlər – mətbuat nümayəndələri üçün də böyük əhəmiyyət kəsb edir. Etiraf edək ki, bu vaxta qədər bizim kimya sənayesi ilə bağlı fəaliyyətimiz görülən işləri, keçirilən tədbirləri, aparılan yenidənqurma, modernləşmə işləri ilə əlaqədar icra olunan layihələri informasiya xarakterli qısa və lakonik yazılarla işıqlandırmaqdan ibarət olmuşdur. Əslində bir minnətdarlıq da, kimya sənayesinin 70 illik yubileyini keçirmək qərarına gələnlərə bizdən düşür. Çünkü araşdırmalar aparmaqla kimya sənayesinin 70 illik tarixini mükəmməl öyrəndik. Bir sənaye şəhəri kimi Sumqayıtda mövcud olmuş 10-dan yuxarı kimya zavodları, onların istehsal sahələri, istehsal olunan məhsullar, bu məhsulları dünyanın və keçmiş Sovetlər birliyinin yüzdən artıq şəhərinə göndərilməsi haqqındakı bilgilərimizi təkmilləşdirdik. Bu istiqamətdə irihəcmli tarixi-xronoloji yazılar, bədii-publisistik oçerklər yazmaqla iqtisadiyyatın bu ağır sahəsi ilə bağlı bilik və təcrübələrimizi təkmilləşdirərək, qələmimizi bir az da püxtələşdirdik. Digər yandan onu da öyrəndik ki, bu müəssisələrdə Azərbaycanın hər bir bölgəsindən gələn on minlərlə kimyaçı çalışmış, bu səbəbdən də “gənclər şəhəri”, “beynəlmiləl şəhər” adlanan Sumqayıta həm də “kimyaçılar şəhəri” adı verilmişdir. Bu insanlar iş şəraitinin ağırlığına, bəzi hallarda dözülməzliyinə, ekoloji vəziyyətin gərginliyinə baxmayaraq gecələrini gündüzlərinə qataraq yorulmadan çalışmış, o dövr üçün insan amilindən də öndə dayanan plan və tapşırıqları artıqlaması ilə yerinə yetirməklə iqtisadiyyatın inkişafına öz töhfələrini vermiş, yeni ixtiraları və səmərələşdirici təklifləri ilə çalışdıqları müəssisənin, ümumilikdə isə respublikanın büdcəsinə milyardlar­la manat xeyir gətirmişlər. Təqdirəlayiq haldır ki, bu insanların çəkdikləri zəhmət yerdə qalmamış, 70 illik bir dövr ərzində kimya sənayesini şöhrətləndirən minlərlə kimyaçının əməyi fəxri adlarla, orden və medallarla qiymətləndirilmişdir.
Kimya sənayesini öz əməyi ilə şöhrətləndirən, bunun müqabilində özü də şöhrət zirvəsinə ucalan kimyaçılardan biri də Maqsud Əli oğlu Eyvazovdur.
Maqsud Əli oğlu Eyvazov 10 sentyabr 1937-ci ildə Qubadlı rayonunun Tarovlu kəndində müəllim ailəsində anadan olub. 1953-cü ildə Xocahan kənd orta məktəbinin səkkizinci sinifini əla qiymətlərlə bitirərək müsabiqədənkənar Bakı Neft Texnologiya texnikumuna daxil olmuş və 1957-ci ildə bu orta ixtisas müəsisəsini başa vurmuşdur. Təyinatla Sumqayıtda fəaliyyət göstərən “Neftqazavtomat” Elmi-İstehsalat Birliyində əmək fəaliyyətinə başlayan Maqsud Eyvazov, bir il sonra Səthi aktiv maddələr zavoduna göndərilərək ən ağır və zərərli istehsalatda –  civə üsulu ilə xlor istehsalatında növbə ustası vəzifəsinə təyin edilmişdir. Təhsilini təkmilləşdirmək qərarına gələn gənc mühəndis 1959-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunun axşam şöbəsinə qəbul olmuş, 1965-ci ildə kimya-texnologiya fakültəsini bitirmişdir. Maqsud müəllim fasiləsiz olaraq 45 il eyni müəssisədə – Səthi Aktiv Maddələr zavodunda müxtəlif vəzifələrdə işləmişdir. Kollektivin dərin hörmətini qazanan bu dəyərli insanın əməyi yüksək qiymətləndirilmiş, o, “Respublikanın Əməkdar Səmərələşdiricisi”, “SSRİ-nin Əməkdar İxtiraçısı” fəxri adlarına layiq görülmüşdür.
Maqsud müəllimi ziyarət etmək üçün evlərinə getməyə hazırlaşırdım ki, özü zəng etdi:
- Nömrəni “Sumqayıt” qəzeti redaksiyaından verdilər, – dedi. Eşitdim məni görmək istəyirsən?
Mən görüşümün məqsədini açıqladım.
- Sən narahat olma, özüm ora gələrəm. Bəlkə köhnə dostlardan kimlərisə də gördüm, – dedi.
Bir gün sonra “Azərikimya” İstehsalat Birliyində görüşdük. Xeyli söhbət etdik. Söhbətdə Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov da iştirak edirdi. Xatirələr çözələndi. Ömrünün ən gözəl illərini həsr etdiyi kimya sənayesinin 70 illik yubileyinin keçirildiyini eşidəndə çox sevindiyini bildirdi:
- Bu yubileyin keçirilməsinə ən çox sevinənlərin biri, bəlkə də birincisi mənəm. Çünki kimya sənayesinin tarixi ömrümün 45 illini həsr etdiyim bir müəssisənin – Səthi aktiv maddələr zavodunun tarixi ilə başlayır. Yubiley demişkən bir haşiyə çıxım.  11 il bundan öncənin – 2004-cü ilin söhbətidir. Mənə dedilər ki, “Azərikimya”dan səni axtarırlar. Onda mən artıq iki il idi ki, təqaüdə çıxmışdım. Rəhbərliklə görüşən zaman mənə dedilər ki, biz kimya sənayesinin 60 illik yubileyini keçirməyə hazırlaşırıq. Sən 60 illik tarixi olan SAM zavodunda 45 il çalışmısan, eyni zamanda zavodun tarixini də yaxşı bilirsən. İstəyirik ki, kimya sənayesinin 60 illik inkişaf tarixçəsini hazırlayıb bizə təqdim edəsən.
Mən məmnuniyyətlə razı oldum. Evə qayıdandan sonra böyük həvəslə, bir neçə günün içində deyilənləri hazırladım. Müzakirə zamanı material bəyənildi və qəbul edildi.
Öz danışdıqlarından və Vaqif müəllimin də dediklərindən belə məlunm oldu ki, Maqsud Eyvazov zavoddakı bütün fəaliyyəti boyu dincliyin nə olduğunu bilməyib. Gecəsini gündüzünə qataraq çalışıb.
Xatirələr maqsud müəllimi çəkib o illərə aparır:
“- Xlor Üzvi Məhsullar Zavodu kimi tanınan bu müəssisədə çoxlu zərərli istehsalatlar mövcud idi. Yeni texnologiyanın və texnikanın tətbiqinə ehtiyac duyulurdu. Bununla belə  müəssisədə güclü kadr potensialı yetişməkdə idi. Zavodun direktoru Qulam Məmmədov  çox savadlı və qayğıkeş insan kimi böyük hörmət qazanmışdı. Birinci növbə sulfanol istehsalatında bütün məsələlərin həlli mənə həvalə edilmişdi. Bəzən aylarla istehsalat rəisini əvəz etməli olurdum.  Hər gün gecə saat 12-də ancaq evə gəlib çıxırdım. Əksər hallarda da heç bir stəkan çay içməyə belə macal tapmamış arxamca gələr, yaranmış hər hansı bir problemlə bağlı yenidən zavoda çağırardılar.”
İşini dərindən bilməsinin və işə can yanğısının nəticəsi idi ki, zavodun baş mühəndisi, işçılər arasında böyük nüfuza malik, istehsalat işlərində zəngin təcrübəsi və səriştəsi olan, yaxşı kadrı dəyərləndirən, milliyətcə yəhudu Sverdlov öz müavinini (müavini də milliyyətcə yəhudi idi) başqa vəzifəyə keçirərək yerinə Maqsud Eyvazovu təyin etmişdi.
«Azərbaycanın Əməkdar mühəndisi», «Qırmızı Əmək bayrağı» ordenli, Dövlət Mükafatı laureatı, Prezidentin Fərdi təqaüdçüsü Zülfi Sadıxovun dediklərindən:
“- Biz Maqsud Eyvazovla uzun müddət eyni müəssisədə çalışmışıq. Mən müəssisəyə işə qəbul olunanda Maqsud müəllimin artıq 4-5 illik iş təcrübəsi vardı. İşini mükəmməl bilən, peşəsinə bağlı insan idi. Yüksək texniki biliyə sahib olmasının nəticəsi idi ki, o vaxt Səthi aktiv maddələr zavoduna Fransadan, İtaliyadan, İsveçrədən yeni qurğu və avadanlıqlar gətiriləndə Sumqayıtda, Bakıda və Moskvada aparılan bütün danışıqlarda komissiyanın üzvi kimi Maqsud Eyvazov da iştirak edirdi. İstər çalışdığı müəssisədə, istərsə də digər kimya müəssisələrində hamı ona hörmət və ehtiramla yanaşırıdı. Maqsud müəllimə “zavodun ensiklopediyası” ləqəbini vermişdilər. Çünki o, SAM zavodunun, hətta digər müəssisələrin belə, altında və üstündə nə vardısa – nöqtəsinə-vergülünə qədər əzbər bilirdi.”
Maqsud Eyvazov zavodun ağır yükünü çiyinlərimdə daşımaqla bərabər, paralel olaraq səmərə­ləşdirici təkliflər və ixtiralar üzərində ciddi iş aparırdı. Bu ixtira və səmərələşdirici təkliflər davamlı olaraq istehsalatda tətbiq olunur, müəssisəyə milyonlarla manat gəlir gətirirdi. Bu səmərələşdirici təkliflər və ixtiralar eyni zamanda əmək məhsuldarlığının yüksəldilməsinə, məhsulun maya dəyərinin aşağı salınmasına, izafi xərclərin azaldıl­masına və əl əməyinin yüngülləşdirilməsinə hesablanmışdı. Ümumilikdə Maqsud müəlli­min ixtiralarımın sayı 50-dən, səmərələşdirici təkliflərimin sayı isə 1000-dən yuxarıdır. Bu əzmkar, yorulmağın nə olduğunu bilməyən kimyaçı-mühəndisin gərgin axtarışları, çəkdiyi əziyyətlər yerdə qalmır. O, bu zəhmətlərin bəhrəsi olaraq “Azərbaycan Respubli­kasının Əməkdar Səmərələşdiricisi” və “SSRİ-nin Əməkdar İxtiraçısı” fəxri adlarına layiq görülür.
Maqsud müəllimin səmərələşdirici təklifləri kimya sənayesi üçün nə qədər gərəkli ol­muş­dursa, bütün ixtiraları da faydalılıq baxımından çox əhəmiyyətlidir. Onun respublika­nın dağlıq ərazilərində torpaqlardan faydalı kimyəvi elementlərin ayrılması texnologiyası­nı hazırlaması və bu texnologiyanın istehsalatda tətbiq edilməsi respublikamıza külli miqdarda gəlir gətirmişdir.
Maqsud Eyvazovun bir ixtirası da Kəlbəcər rayonu ilə bağlıdır. Bu ixtiranın nədən ibarət olduğunu müəyyən səbəblər üzündən açıqlamayan müəllif onu vurğuladı ki, qismət olsun Kəlbəcər işğaldan azad olunandan sonra bu ixtiranın tətbiqi ilə rayonda strateji əhəmiyyətə malik məhsul istehsal olunacaq, bunun nəticəsində də respublikanın büdcəsinə milyardlarla manat gəlir daxil olacaqdır.
Uzun illər istehsalatın zərərli sahədə çalışan, ən ağır və mürəkkəb  işlərə cəlb olunan, gecəsini, gündüzünü sexlərdə, istehsalat sahələrində keçirən Maqsud Eyvazov səhhətin­də müəyyən problemlər hiss etməyə başlayır. Bu səbəbdən də istehsalat şöbəsinin rəisi vəzifəsindən layihə-konstruktor bürosunun rəisi bəzifəsinə keçrilir. O, burada da uğurlu, şəhər üçün əhəmiyyət kəsb edən bir çox layihələrə imza atır. Onlardan biri də şəhərə özünəməxsus yaraşıq vetən “Kimyaçı” Mədəniyyət sarayıdır.
45 illik səmərəli fəaliyyəti ərzində Maqsud Eyvazov zavodun və eləcə də şəhərimizin ictimai həyatında da yaxından iştirak etmişdir. Dəfələrlə Sumqayıt şəhər Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində xalq iclasçısı seçilmişdir. Eyni zamanda, əmək ekspertiziyası komissiyasının işinə cəlb edilmişdir. Bu etimad onun öz vəzifə borcuna vicdanla yanaşmasından, prinsipiallığından, məsuliyyətindən irəli gəlirdi.
Söhbət əsnasında Maqsud müəllim bunları da vurğulamağı özünə mənəvi borc bildi:
“- Özümü həm də ona görə xoşbəxt sayıram ki, ilk dəfə əmək fəaliyyətinə başlayanda tanınmış elm xadimi, akademik Əsgər Abdullayevin qayğısını üzərimdə hiss etmişəm, akademik Yusif Məmmədəliyevlə dəfələrlə görüşmüşəm, tədbirlərində iştirak etmişəm. Əsərlərinin dörd cildliyini dönə-dönə oxumuş və onlardan faydalanmışam. Moskvadan gələn qonaqların, dövlət rəhbərlərinin, tanınmış alimlərin, demək olar ki, hamısı ilə görüşürdüm. Bunlar mənin ömür kitabımım ən parlaq və unudulmaz səhifələridir ki, bu xöşbəxt səhifələri mənə 70 illiyini qeyd etdiyimiz Azərərbaycan kimya sənayesi bəxş edib.”
Yazımızın bugünkü qəhrəmanı Maqsud Eyvazov özünütəbliğdən, təltifdən, şöhrətdən nə qədər uzaq qaçmağa çalışsa da, buna həmişə müvəffəq olmayıb. Çünki o, bu təltiflərə layiq olub, bu təltiflər onun halalca haqqı olub. Bu görkəmli kimyaçının adı və şəkli 2 dəfə  respublikanın, eləcə də şəhərimizin “Şərəf lövhəsi”ni bəzəyib. Lenin yubileyi medalı da daxil olmaqla bir çox medallarla və fəxri fərmanlarla təltif olunub, pul və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bu yübiley günlərində onu da unutmadığımıza görə minnətdarlığını ifadə edən Maqsud müəllim bu fikirlərini də qeyd etməyimi xahiş etdi:
“- Kimya sənayesinin ən ağır, zərərli və zəhərli istehsalatların­da çalışsam da, heç zaman işimdən narazı olmamışam. Fəaliyyətim boyu çalışmışam ki, mənə bəslənilən etimadı şərəflə doğruldum. Məni tanıyanıarın, ünsiyyətdə olduğum insanların, dost-tanışların söhbətlərindən belə anlaşılır ki, deyəsən buna nail ola bilmişəm. Ömür-gün yoldaşım Məsməxanım 35 il zavodda iqtisadçı işləyib. Hər iki oğlum ali təhsilli və savadlı mühəndisdirlər.
Bu bayram günlərində dünyalarını dəyişmiş kimyaçı dostlarıma Allah-təaladan rəhmət diləyər, həyatda olanlara uzun ömür, möhkəm can sağlığı arzulayıram. Bu gözəl təşəbbüsü irəli sürənlərə də mənim və təqaüddə olan kimyaçı dostlarımın təşəkkürlərini çatdırmağınızı xahiş edirəm. Sözün həqiqi mənasında çox böyük və faydalı bir işə qol qoyublar.  Var olsunlar!
Mən də ömür yolu gənclərimizə örnək olan Maqsud Eyvazova bundan sonra da neçə-neçə sevinc və səadət dolu illər arzulayıram.

Rafiq Oday,

Əməkdar jurnalist
Facebook Şərhləndirmə:

“Gənclərə örnək şəxsiyyət – Maqsud Eyvazov” yazısına bir cavab

  1. Rahid deyir:

    Maqsud Mallim tak ganclara yox har bir Azarbaycanliya numuna olmali saxsiyyatdir. Onun kecdiyi Omur yolu va halal zahmatla Alda etdiyi naliyyatlar har bir manaviyyatli insan ucun saglam hayat numunasidir. Biz sizinla Faxr edirik. Maqsud mallima,va bu yazini arsaya gatiran yazara can sagligi uzun va saglam omur arzulayiram.

Şərhinizi yazın