Menu
Geri İrəli

“Gözləyin, arxadan vaqon gəlir”-REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2012 • Baxış sayı: 231 dəfə • Şərh yoxdur

…Avtobusdayam. İrəlidə hərəkətin dayandığını görürəm. Sən demə dayanan təkcə hərəkət deyilmiş. Sürücü “üzeyirsevərlər” sinfinə aid olmadığından avtobusdaca bir ayağı yerdə, bir ayağı göydə olsa da, radiodan səhər açılar-açılmaz “Azərenerji” sitemində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilməsinin kəsildiyi xəbərini eşidirəm. Deməli, problem boydandır.
…Metronun qarşısındayam. Təxminən 2 minə yaxın adam “Koroğlu” stansiyasının qabağına səpələnib. Taksi dalınca qaçan kim, ağzına qədər sərnişinlə dolu avtobusun qapısından sallanan kim, ortalıqda bu mənzərəni seyr edən kim… Bəziləri də bu vurhavurda ciblərindəki beş-üç qəpiyin həşirindədilər. Hər halda bəzilərinin pullarını şalvarın cibindən çıxarıb daha “əlverişli” ciblərinə qoymasından bu qənaətə gəlmək olardı.
Bu arada cavan oğlanların girəvədən istifadə edib qızlara “patxod” eləməyi diqqətimdən yayınmır. Oğlanların görkəmindən hiss olunur ki, dünən gecəni şəhərdə fəaliyyət göstərən bir manatlıq “hotel”də keçiriblər. Hətta bəzilərinin başından sallanan yastıq tükü də dediklərimin kifayət qədər tutarlı dəlilə söykəndiyini deməyə əsas verir.

Beləcə vaxt gedir, işə gecikirəm. Arabir uyduracağım bəhanə haqda da fikirləşməliyəm. Amma yaxşısı bu cür maraqlı kadrları gözdən qaçıqramamqdır. Zatən bütün ölkə bilir ki, Mingəçevirdəki elektrik stansiyasını ildırım vurduğudan metronun fəaliyyəti də iflic vəziyyətə düşüb.
Bəlkə Heydər Əliyev prospektiylə Nərimanov metrosuna tərəf gedim- deyə düşündüyüm an əlində dəyənək camaatı ora-bura qovan polis nəfərləri qışqırırlar ki, “camaa, metro açıldı”.
Mənzərəni görüntülərlə təsvir eləmək belə çox çətindir. Bircə onu düşünürəm ki, təcili bu izdihamın kənarına çıxmalıyam. Çünki istədim-istəmədim məni də özləriylə sürüyüb metroya soxacaqlar. Cibimdə maaşdan qırılıb qalan qəpik-quruş cəhənnəm, qol-qıçımı sındıracaqlar. Birtəhər özümü metronun çıxışındakı köşkün böyrünə verirəm. 2-3 dəqiqə keçir… Amma avtobuslar ardı kəsilmədən gətirdikləri camaatı boşaldıb gedirlər… Bir az da gözləsəm, gün günorta olacaq. Yaxşısı birtəhər axına qoşulub metroya düşməkdir.
Amma… Metro kartım cibimdə deyil. Cibimdə deyil deyəndə ki, guya kartım var ki? Özümü sındırmıram sadəcə. İndi bu basabasda cibimin dərinliklərindən bir 20 qəpik tapıb kiməsə verməliyəm, o da həmin 20 qəpiyi öz kartına yükləməlidir, sonra yenə də bu vurhavurda o adamın arxasınca getməliyəm… ki, platformaya düşüm.
Metronun qadın nəzarətçiləri bir haray-həşir salıblar ki… Gözlərini yumsan elə bilərsən ki, hansısa doğum evinin qarşısından keçirsən. Qışqırıq, fısqırıq, hıqqıltı… daha nə bilim nə…
Qarşımda ortayaşlı bir kişi dayanıb. Çox da hündür olmayan boyumla kişinin düz başının ortasını belə görə bilirəm. Hiss eliyirəm ki, qarşısında dayanmış qadından uzaqlaşmaq istəmir. Əvvəlcə bunların qohum, yaxud ər-arvad olduğunu düşünürəm. Amma nə “razmerləri”, nə də görkəmləri uyğun gəlmir. Mənzərə təxminən belədir:kişinin baş hissəsi qadının kürəyinin tən ortasında qurtarır. Az sonra qadının çevrilib bu ortayaşlı kişiyə tərs-tərs baxmağından başa düşürəm ki, bunlar qohum-zad deyillərmiş. Ay xətakar)))
Platformadayam… Birinci qatar gəlir… Minə bilsən oğulsan. Minə bilməsən də oğulsan e… Amma minə bilmirsən axı.
Metronun qapısından kişilər az qalır bayıra tökülə. Bir qadın inad edir ki, bu saat yer eləməlisiniz, mən də ora minməliyəm.
4 dəqiqədən sonra ikinci vaqon gəlir. İntervala bax haaa-4 dəqiqə. Bayaqkı qadın vaqona minə bilməyib, yanımdadır… Elə bir görkəm alıb ki… Bu dəfə vaqonda bir yer olsa, o yerə də bu qadın minməlidir. Çünki yenə də yerdə qalsa, ya nəızarətçilərdən, ya da sərnişinlərdən kimisə xəstəxanalıq edəcək…
Qatar gəlir aşa-aşa… Birtəhər minmək olar. Minmək deyəndə ki, zatən minmək istəməsən də özləri mindirəcəklər. Tağı müəllim demişkən, heç burcutmağın mənası yoxdur. Nəinki mənası, türkün məsəli burcutmağa yer də yoxdur.
Maşinist də bir ucdan qışqırır ki, gözləyin, arxadan vaqon gəlir. Doğrudan? Bəs mən elə bilirdim helikopter gələcək))
… Qadın vaqondadır. Bircə dəfə yerində fırlanmaqla 4-5 nəfəri… Həmin o 4-5 nəfərin içində mən də varam. yaxşı yolum cəmi 2 dayanacaqdır.
Qalır metrodan salamat çıxıb işə gəlmək. Çıxıram…
İşdəyəm. Eşitdiyim ilk sual
- Niyə gecikirsən?

İntiqam VALEHOĞLU

Facebook Şərhləndirmə:

Şərhinizi yazın