Menu
Geri İrəli

Heydər Əliyev məni Zərifə xanıma göstərib dedi: Bu xanım sumqayıtlıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyun 2016 • Baxış sayı: 1,254 dəfə • Şərh yoxdur

8e639267b93e6d73979617b167443d9d1949-cu ilin ortalarından Sumqayıtda yaşayıram. O zaman şəhərin elə bir ərazisi yox idi ki, iş getməsin. Tikilən binalar birləşib məhəlləyə, mikrorayona çevrilir, ailələrin ixtiyarına verilirdi.

Sumqayıta qayğı və diqqət 1970-ci ildən başlayaraq daha da artdı. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkə həyatında hər şeyə təsir etmişdi. Yaxşı işləyib özünə yaşam tərzi qazananlar başqalarına nümunə olurdular.

 Sumqayıta on il əvvəl gələnlər evlə təmin olunur, həyat şəraitləri yaxşılaşırdı. Həmin dövrdə mənim də əməyim yüksək qiymətləndirildi. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçildim. Mən o vaxtadək Heydər Əliyevin özünü görməmişdim. Amma bilirdim ki, Sumqayıtın inkişafına çox böyük önəm verir və bu istiqamətdə görülən hər bir uğurlu işi dəstəkləyir.

Seçkilərdən sonra bizi Azərbaycan KP Mərkəzi Komitəsinə çağırıb bildirdilər ki, yeni seçilən deputatları Heydər Əliyev qəbul edəcək. Az sonra ulu öndər otaqdan çıxıb bizə yanaşdı. Hamı ilə bir-bir görüşdü. Mənə çatanda “Siz haranın deputatısınız?” deyə soruşdu.

- Sumqayıtdan gəlmişəm – dedim. Əlimdən tutub üzünü toplaşanlara çevirərək dedi:

- Gördüyünüz bu xanım gənclər şəhəri olan Sumqayıtın nümayəndəsidir. Bu şəhər məhz gənclərin çiynində ərsəyə gəlib. Bütün bu etdiklərinizə görə də biz sizə borcluyuq.

Heydər Əliyev bizimlə elə söhbət edirdi ki, heyran qalırdıq.

Keçmiş sovet dönəmində dəfələrlə partiya iclaslarında, plenumlarda, qurultaylarda da iştirak etmişəm. Ovaxtkı müttəfiq respublikaların hamısının nümayəndələrinin iştirak etdiyi qurultayda mən də vardım. Orada Heydər Əliyev çıxış etdi. Ulu öndərin çıxışı alqışlarla qarşılandı. Digər respublikalardan olan rəhbərlər də çıxış etdilər. Lakin Heydər Əliyev qədər gözəl danışan olmadı.

Sonra foyedə respublikamızdan olan nümayəndələr Heydər Əliyevin və Zərifə Əliyevanın başına yığışmışdı. Hamı ilə mehriban söhbət edən Heydər Əliyev məni Zərifə xanıma göstərib dedi:

- Bu xanım sumqayıtlıdır. Zəhmətkeşdir, öz işini sevəndir. O, həyatda hər şeyi zəhməti ilə qazanıb. Hər bir kəsin həyatı işıq zərrəsidir. İşıq zərrəsindən günəşə qədər olan yol çətindir, amma şərəflidir. Biz sizin kimi adamlarla fəxr edirik.

Sonra şəkil çəkdirmək məqamı yetişdi. O əli ilə Zərifə xanımı yanına çağırdı və çevrilib mənə dedi:

- Vəliyeva, yaxın gəlin, bir yerdə şəkil çəkdirək.

Şəkli çəkdirəndə tədbirdə iştirak edən digər respublikaların nümayəndələri bizə həsədlə baxırdılar. O vaxtdan 45 ildən çox keçməsinə baxmayaraq, bu şəkil mənim üçün çox əzizdir.

Dediyim odur ki, Heydər Əliyev sadə zəhmət adamına qiymət verirdi, qayğıkeş insan və unudulmaz şəxsiyyət idi.

Gülbahar VƏLİYEVA,

“Şöhrət” ordenli əmək veteranı

www.sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın