Menu
Geri İrəli

Heydər Əliyevin Saşası ən yeni xatirələrini danışdı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2015 • Baxış sayı: 140,075 dəfə • 2 şərh

90278Mayın 10-da Azərbaycan ümumimilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünü qeyd edəcək. Azərbaycan xalqı artıq 12 ilə yaxındır bizi tərk etmiş bu böyük xilaskarı unutmur. Hər dəfə onun barəsində ortaya çıxan yeni faktlar, xatirələr ümumimilli liderin ürəyində Azərbaycana və onun gələcəyinə, bütövlükdə bəşəriyyətin gələcəyinə böyük bir inam və sevgi daşıdığını ortaya çıxarır.

Bu baxımdan ulu öndəri uzun illər müşayiət etmiş Aleksandr Alekseyeviç İvanovun – Heydər Əliyevin məşhur Saşasının xatirələri xüsusilə önəmlidir. Hazırda “İnterfaks-Azerbaydjan” informasiya agentliyinin baş direktoru işləyən Aleksandr İvanov ANS PRESS-in əməkdaşı ilə söhbətində Heydər Əliyev barədə xatirələrini bölüşüb.

- Aleksandr Alekseyeviç, Heydər Əliyevlə nə vaxtdan tanışsınız?

- Mən hələ 1978-ci ildən muhafizənin ikinci dairəsində Heydər Əliyevin təhlükəsizliyini qoruyanlardan idim. Daha sonra məni rəsmi olaraq Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsinin mühafizə bölməsində zabit kimi işə götürdülər.

- Deyirlər ki, Heydər Əliyev Moskvaya SSRİ Nazirlər Sovetinin birinci müavini işləməyə gedəndə Bakıdan özü ilə yalnız sizi götürüb.

- Gəlin, bir az əvvələ qayıdaq. 1982-ci il noyabrın 9-da Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid İliç Brejnev dünyasını dəyişmişdi. Heydər Əliyev onda siyasi büro üzvlüyünə namizəd idi. Noyabrın 10-u adi iş günü idi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə işə gəlmişdik. Hökumət telefonu ilə zəng gəldi. Qəbul otağındakı növbətçi girib məruzə elədi və birləşdirdi. Kabinetdən çıxandan sonra mənə dedi ki, Aleksandrov zəng edir. Andrey Mixayloviç Aleksandrov həmin vaxt Leonid İliç Brejnevin köməkçisi idi. Heydər Əliyev növbətçini çağırdı. O çıxıb mənə bildirdi ki, səni çağırır. Heydər Əliyev dedi ki, Moskvaya uçuruq. Statusa görə, siyasi büro üzvlüyünə namizəd uçuş zamanı Moskvadan gəlmiş xüsusi təyyarə ilə uçurdu və onu Moskvadan gəlmiş xüsusi heyət mühafizə edirdi. Mən ona dedim ki, indi mən Moskvaya sifariş göndərərəm. Dedi ki, yox sifariş olmayacaq, təcili gedirik. Mən sonra bildim ki, həmin dəqiqlərdə o, Brejnevin ölümündən xəbərsiz imiş. Əlbəttə, hər şeyi burda təşkil elədik. O vaxt Azərbaycan mülki aviasiya idarəsini rəhbəri Vaqif Sadıxlı idi. Beləcə, adi bir təyyarə ilə Moskvaya uçduq. Yalnız Moskvada ona dedilər ki, Brejnev dünyasını dəyişib.

Ertəsi günü Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumu oldu və Heydər Əliyevi siyasi büro üzvlüyünə keçirdilər. Bizim əhvalımız yüksəldi, sevinməyə başladıq. Azərbaycan KP-nin baş katibi də siyasi büronun üzvü oldu. Ona qədər yalnız Ukraynadan Şerbitski və Qazaxıstandan Kunayev siyasi büronun üzvü idilər. Ertəsi gün SSRİ Ali Sovetinin sessiyası oldu və onu SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyin elədilər. Deməli, məlum oldu ki, o, Bakını və Azərbaycanı tərk edir. Bundan sonra əhvalımız kəskin dəyişdi. Axşama yaxın Zərifə xanım zəng elədi. Dedi ki, Heydər müəllim xahiş edib ki, Moskvaya getməyə razılıq verməyin üçün səninlə danışım. Mən qayıtdım ki, Zərifə xanım, nə razılıq vermək, bu, məndən ötrü böyük şərəfdir.

Bir neçə gündən sonra biz Moskvadan geri dönürdük. Heydər Əliyev işlərini qaydaya salmalı, plenum keçirməli, nazirliklərlə görüş keçirməli idi, təşkilati işləri həll etməli idi. Təyyarədə məni öz salonuna dəvət elədi. İlk sözü mənim də Moskvaya getməyə razılıq verməyimlə bağlı oldu. Mən həyəcanlandım, gözlərim yaşla doldu və “hə” dedim. Sonra bunun böyük xoşbəxtlik, şərəf və etibar olduğunu söylədim. Dedi ki, onda gedərsən, siyasi büro üzvünün şəxsi mühafizə bölməsini təşkil edərsən, ştatları müəyyən edərsən. Beləliklə, sənədləri sürətlə hazırladılar və mən artıq Bakıda ola-ola SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 9-cu bölməsinə keçirildim, şəxsi mühafizənin rəisi oldum.

- Heydər Əliyevi başqa rəhbər şəxslərdən fərqləndirən əsas cəhət nə idi?

- Bunu tam təsvir eləmək mümkün deyil. İstənilən işə ürəkdən və sevgi ilə yanaşırdı. Harada olursa olusun, istənilən problemə peşəkarlıqla yanaşırdı, dərin bilik nümayiş etdirirdi. Heç zaman yalana, özünə qarşı qeyri-səmimiliyə dözmürdü. İstər sadə işçi olsun, istərsə də nazirliklərin və başqa inzibati qurumların əməkdaşı olsun, heç bir işçinin qeyri-peşəkarlığına və öz işinə məsuliyyətsiz yanaşmasına göz yummurdu.

- Aleksandr Alekseyeviç, Heydər Əliyevin mühafizəsini təşkil etmək çətin idimi? Axı o, başqa rəhbərlərdən seçilirdi, həmişə görüşlərində insanların içində olmağı xoşlayırdı, sadə adamlarla görüşüb söhbət edirdi. Mən özüm dəfələrlə bunun şahidi olmuşam.

- Onda siz Heydər Əliyevin 1982-ci ildə Sov İKP Siyasi Bürosunun işinə, SSRİ Nazirlər Sovetinin aparatının fəaliyyətinə necə bir enerji gətirdiyini yaxşı anlayarsınız. Sədrin birinci müavini kimi onun kabineti Kremldəki birinci korpusdaydı. Siyasi Büronun iclas zalı həmin korpusda idi. Nazirlər Sovetinin sədri Nikolay Rıjkovun, sədrin bir neçə aparıcı müavininin kabineti o binadaydı. Heydər Əliyev birinci müavin kimi ikinci mərtəbədəi 57 saylı kabinetdə otururdu. Bu kabinet bir vaxt Molotova məxsus olmuşdu. Kabinetin üstündə 3-cü mərtəbədə isə Leninin mənzili olmuşdu, sonra ev muzeyə çevrilmişdi. Heydər Əliyev gələnə qədər orda belə qayda var idi ki, sədr də, müavinlər də saat 10-dan sonra işə gəlirdilər. Sədr əvvəl Tixonov idi, sonra Rıjkov keçdi. Nahar vaxtı “yuxu saatı” adlanırdı, hər kabinetin yanında ayrıca istirahət otağı vardı. Axşam saat 5-6 olanda hamı işdən gedirdi. Yalnız Heydər Əliyev səhər saat 9-da artıq işdə olardı. O vaxt mərkəzi televiziyanın “Vremya” xəbərlər proqramı axşam saat 21-də başlayırdı və Heydər Əliyev xəbərlərə işdə baxırdı. Adətən evə 21:30-da gedirdi.

Bir dəfə belə axşam gedişlərinin birində qapıda duran mühafizə əməkdaşı hərbi salam verdikdən sonra gülümsəməyə başladı. Mən anladım ki, onun gülümsəməsi barədə mənə sual verəcək. Ona görə də ayaq saxladım. İndi xatırlamıram, mühafizə rəisi ya leytenant, ya da praporşik rütbəli bir cavan oğlan idi. Soruşdum: “Niyə gülümsəyirsən?” Dedi: “Aleksandr Alekseyeviç, Stalindən sonra Kremldən heç kim belə gec çıxmayıb”. Fikrim düz çıxdı. Maşına oturan kimi o mənə sual verdi: “Bu oğlan niyə gülümsəyir?”. Mən oğlanın sözlərini olduğu kimi çatdırdım. Bu, Heydər Əliyevin çox xoşuna gəldi və gülməyə başladı.

Heydər Əliyevin bir özəlliyi də vardı, heç bir şənbə evdə oturmazdı, ondan ötrü iş günü idi. Hər şənbə 9-dan 21.30-a kimi işdə olardı. Şənbə günü Kremldə Heydər Əliyevin aparatından – əməkdaşlarından və növbətçisindən başqa heç kim olmazdı.

Bir məqam da var. Bizdə müəyyən mühafizə heyəti vardı. Hamısı DTK-nın işçiləri idilər və 2 nəfər əməkdaş qız idi. İki günə bir işə çıxıb bir-birlərini əvəzləyirdilər. Onlar Heydər Əliyevə Kremldə məişət xidmətləri göstərirdilər. Yəni o, yemək yeyirdi, çay içərdi və s. Qızlar mətbəx işçisi kimi ona qulluq edirdilər. Heydər Əliyev həmin kabinetdə işə başlayandan 5-10 gün keçmişdi ki, qızlardan biri soruşdu: “Heydər Əliyev gündüzlər burda yatmır? Biz hər gün onun üçün örtüyü təzələyirik, amma 10 gün ərzində bir dəfə də yatmayıb”. Əslində, kabinetdə hər şey sadə idi, yataq-filan yox idi. Sadə bir divan var idi. Amma onun üstünə xüsusi örtük sərirmişlər ki, lazım olanda yatmaq mümkün olsun. Altdan mələfə, üstdən ədyal salırmışlar. Mən qıza izah elədim ki, belə şeylər Heydər Əliyev üçün deyil. Sonra yanına girib dedim ki, Heydər müəllim, belə bir yenilik var. Qızlardan birinin adı Tatyana, o birinin adı Raisa idi. Dedim ki, Tatyana narahat olur ki, siz 10 gündür gündüzlər yatıb istirahət etmirsiniz. Məətəl qaldı: “Necə, gündüzlər burda yatırlar?”

İşdə də, səfərdə də bu cür fərqlənirdi. Təyyarədə də yatmazdı. Halbuki, çox səfərləri olmuşdu, təyyarə ilə okeanı keçmişdik, Kubaya. Meksikaya, Afrikaya, Vyetnama, Laosa getmişdik. Saatlarla uçmuşduq, saat qurşaqlarını pozmuşduq, 7-8 saat fərq var idi. Heç vaxt yatmamışdı. Çox böyük enerjisi vardı, unikal insan idi.

Onu səfərdə müşayiət edən insanlar – nazirlər, digər məsul şəxslər, Nazirlər Kabinetinin, Mərkəzi Komitənin işçiləri də bu rejimdə yaşamağa məcbur idilər. Hamıya çox yaxşı məlum olan Baykal Amur Magistralı (BAM) səfərində də belə oldu. BAM-ın kuratoru o idi. Ezamiyyət 10 gündən çox çəkdi. Siyasi Büro üzvünün hərəkəti üçün təyyarələr, helikopterlər, qatarlar, çay gəmiləri hərəkətə gətirilmişdi. Əlbəttə, BAM öz önəminə və miqyasına görə analoqu olmayan bir layihədir, bu günkü Rusiyada da liderdir. BAM-ın bu günkü işi Heydər Əliyevin xidmətidir. Rəhbər şəxslərdən yalnız o, Severomuysk tunelinə girmişdi. Çox dərin tunel idi. İş paltarı geyərək tunelin içinə getmişdi. Bunun kinoxronikası da var. Uzun rezin çəkmə geyinib kiçik vaqonlarla içəri keçmişdi.

- Deyirlər, Heydər Əliyev Moskvaya gedəndən sonra BAM dirildi…

- O, Nazirlər Soveti sədrinin birinci müavini işləyən zaman kuratorluq etdiyi nazirliklərdən biri də məhz Yollar və Nəqliyyat Nazirliyi idi, dəmir yolu da ora daxil idi. Həmçinin, Nəqliyyat Tikintisi Nazirliyi, çox sayda nazirliklər BAM-ın tikintisini təmin edirdilər. Nazirlər Sovetində BAM-ın tikintisi üzrə ayrıca komissiya yaratmışdılar. Heydər Əliyevin gəlişinə qədər həmin komissiya lal-kar oturmuşdu. Bu yolda heç bir uğur yox idi. Komissiyanı Heydər Əliyevə həvalə edəndə, o, qərara aldı ki, özü BAM-a getsin, şifahi məruzələr onu qane etmədi. O, həmişə hər şeyi özü görməyi, hiss etməyi, anlamağı və sonra qərar verməyi sevərdi.

Biz Moskvadan Bratska qədər uçduq. Bu uzun məsafə idi. Üç növ təyyarədən istifadə etdik. Tu-154, Yak – 40-la uçduq, Vladivostokdan geri isə İl – 62 ilə qayıtdıq. Bütün ərazi vahidlərinin rəhbərləri – vilayət partiya komitəsinin birinci katibləri bütün yol boyu onu müşayiət etdilər. Severomuysk tunelində SSRİ Nazirlər Sovetinin iclasını keçirdi. Bütün nazirlər, vilayət partiya komitələrinin birinci katibləri xüsusi iş forması geyinib tunelə girmişdilər. Nazirlər Sovetinin iclası ilk dəfə idi ki, belə şəraitdə keçirilirdi.

- Görüşləri zamanı Heydər Əliyev bir çox sahələri çox yaxşı bildiyi görünürdü. Mədəniyyət xadimləri ilə görüşündə o həmişə dərin təəssurat yaradırdı. Onlar Heydər Əliyevin memarlıq, rəssamlıq, musiqi və s. sahələrdə biliklərinə heyran qalırdılar. Siz necə düşünürsüz, bu cür hərtərəfli bilik nədən qaynaqlanırdı?

- Mən uzun illər bu insanın yanında olmuşam. Elə bir sahə bilmirəm ki, onun məlumatı olmasın. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini kimi o, 20-dən artıq nazirliyə kuratorluq edirdi. Yollar və Nəqliyyat Nazirliyi ilə yanaşı, o, Mədəniyyət Nazirliyinə, Səhiyyə Nazirliyinə, SSRİ Elmlər Akademiyasına, Dövlət Tele-Radio Komitəsinə, Kinematoqrafiya Komitəsinə və s.-ə nəzarət edirdi. İşi çoxplanlı idi. O, bu nazirliklərin kollegiya iclaslarında, önəmli tədbirlərində iştirak edirdi. Hər bir tədbirdə də məruzə ilə çıxış edirdi. Məruzə dedikdə, o vaxt hər adam birbaşa nitq eləmirdi, elə indi də elədir. Hamı əvvəlcədən yazıb hazrlayırdı, sonra oxuyurdu. Onun əvvəlcədən hazırlayaraq oxuduğu yeganə məruzə 1985-ci ildə aprelin 21-də Vladimir İliç Leninin ad günü ilə bağlı olmuşdu. Tədbir hər il keçirilirdi. Siyasi Büronun hər bir üzvü bir ad günündə məruzə edirdi, Heydər Əliyevin də payına həmin il düşmüşdü. Bu, əvvəlcədə müəyyən edilmişdi. Bu, təmiz pafoslu, protokola uyğun partiya tədbiri idi. Televiziya birbaşa yayırdı, buna görə də orada məruzəni oxumaq tələb idi. Çünki xronometraj uyğun gəlməli idi. Yəni cəmi bir dəfə onun məruzəni kağızdan oxuduğunu görmüşəm. Qalan bütün məruzələrini tezislər əsasında qururdu.

Getdiyi, çıxış etdiyi bütün nazirliklərdə adamları heyrət içində qoyurdu. Yollar və Nəqliyyat Nazirliyində düşünürdülər ki, o, dəmir yolu mütəxəssisidir. Səhiyyə Nazirliyində onu cərrah, Dövlət Kinematoqrafiya Komitəsində rejissor sayırdılar.

- Heydər Əliyev hər hansı bir görüşdən öncə hazırlaşırdımı?

- Əlbəttə, çox ciddi hazırlaşırdı. Başqa cür ola bilməzdi. Çünki hər bir sahənin öz yenilikləri var idi. O çox məhsuldar və diqqətlə hazırlaşırdı. Kremldə onun geniş material bazası – dövrü nəşrlər, kitablar, sorğu kitabçaları var idi. Həm də ona tabe aparat var idi ki, onun göstərişi ilə materiallar hazırlayırdılar. O, öz tabeliyində olanların qeyri-peşəkarlığını sevmirdi və özü də onlar üçün nümunə göstərirdi.

- Son sualım bu gün baş verən hadisələrə uyğun olacaq. Ukraynanı indiki vəziyyəti Azərbaycanın 90-cı illərini xatırladır. Sizcə, hakimiyyətdə Heydər Əliyev kimi bir şəxsiyyət olsa idi, bu cür fəlakətli hadisələrin qarşısını almaq mümkün olardımı?

- Niyə biz Ukraynadan misal gətirməliyik. Biz hamımız Azərbaycanın övladlarıyıq və ölkəmizin keçdiyi mərhələləri gözlərimizlə görmüşük. Elə də uzaq tarix deyil. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildə sənaye və kənd təsərrüfatı, iqtisadiyyatın digər sahələri ağlar gündə idi. Onun Moskvaya getdiyi 1982-ci ilə qədər Azərbaycan SSRİ-nin ən aparıcı respublikalarından birinə çevrildi. Leonid Brejnevin “Azərbaycan iri addımlarla irəliləyir” sözləri boş yerdən gəlmirdi.

Heydər Əliyevin hakimiyyətə döndüyü 1993-cü ili xatırlayaq. Ölkədəki yiyəsizliyin nə ilə bitdiyini hamı bilir. Heydər Əliyev kimi vətənini sevən bir insan olmasaydı, çətin ki, biz sizinlə bu gün burada rahat oturub söhbət edə bilərdik. İnsanların qayğısına qalmaq onun iş prinsipi idi. Heydər Əliyevin necə dövlət qurucusu olması barədə danışmağa mənim hüququm yoxdur. Bunun üçün alimlər, institutlar var. Amma uzun illər yanında olduğuma görə insanlara qayğısından danışa bilərəm. Harda olursa olsun, istər cəmiyyətdə, istər ailədə olsun insanlara qayğı özünü göstərirdi. O, həqiqi ailə başçısı, həqiqi ata, həqiqi ər, həqiqi baba idi. Ailənin özəyi, bünövrəsi, dirəyi idi.

Rayonlara səfərə çıxanda iş qrafiki çox dinamik olurdu. Taxılçılığın, üzümçülüyün məsələləri ilə yanaşı, sosial problemləri də həll edirdi. O, hətta çoxlarını adla tanıyırdı. Hansısa rayona ikinci dəfə gələndə istər pambıq tarlası olsun, istər üzüm sahəsi olsun, çox adamı adı ilə çağırırdı.

1986-cı ildə Heydər Əliyev Novorossiyskdə “Naximov” gəmisinin qəzaya uğraması ilə bağlı komissiyaya rəhbərlik edirdi. Onda da onun adamlara qayğısının şahidi olmuşdum. 480-dən artıq adam həlak olmuşdu. Onun başçılıq etdiyi komissiyanın tərkibində çox nüfuzlu adamlar, nazirlər, nazir müavinləri və s. var idi. İclasların birində təsadüfən əlinə ölüm şəhadətnaməsi düşdü. Standart blank idi. Ölüm səbəbi kimi “boğulma” göstərilmişdi. O bərk əsəbiləşdi. Səhiyyə nazirinə dedi: “Sən nə düşünürsən? Sabah həlak olanın qohumları hansısa sosial-məişət problemini həll etmək istəyərsə, ona deyəcəklər ki, sənin qohumun sərxoşluqdan suda boğulub”. 480-dən çox ölüm şəhadətnaməsi yenidən yazıldı. Hamısında ölüm səbəbi kimi “Naximov gəmisində qəza ilə bağlı boğulma” yazıldı. Yəni Siyasi Büronun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini olan bu adam bu qədər incəliklərə fikir verib.

Onun qayğısının, uzaq görənliyinin sərhədi yoxdur. Bu gün biz öz ordumuzla fəxr edirik. Amma bizim ordu boş yerdən yaranmayıb. Naxçıvanski adına hərbi məktəb 1972-ci ildə yaradıldı. Ölkəsinin qayğısına qaldığı, ölkəsinin qüdrətinə çalışdığı, onu həqiqi hərbi kadrlarla təmin etmək istədiyinə görə bu məktəb açıldı. Baxın, Heydər Əliyevin yetirmələri hansı sahələrdə xidmət edirlər. Sərhəd qoşunlarında, daxili qoşunlarda, Milli Təhlükəsizlik Nazirliyində rəhbər kadrlar hamısı Naxçıvanski adına hərbi məktəbin kadrlarıdır. Bizim əfsanəvi hərbi təyyarəçilər də onun yetirmələridir.

Heydər Əliyev Azərbaycan nə qədər alimlər, milli kadrlar bəxş edib. Mən Sovet İttifaqının müxtəlif şəhərlərinə oxumaq üçün göndərilən ilk qrupunu xatırlayıram. Heydər Əliyev onlarla sarayda görüşdü. Həmin uşaqların SSRİ-nin aparıcı ali məktəblərinə müsabiqədən kənar daxil olmasına nail olmuşdu.

Facebook Şərhləndirmə:

“Heydər Əliyevin Saşası ən yeni xatirələrini danışdı – FOTOLAR” yazısına 2 cavab

  1. Adil deyir:

    Həqiqətən Böyük insan olmaqla yanaşı,Əsil Azərbaycanlı idi.Dünya bildi ki,Azərbaycan da Böyük kişilər Yaşayır! Allah rəhmət etsin.Ruhu şad olsun.

  2. Kohne deyir:

    Maraqlidir Heyder Eliyevin muhafizecisi niye Sasha idi?Desem bizde ele guclu adam yox idi yalan olar.Burda nese bashqa mesele var?Onu da deyim ki, Heyder Eliyev cox uzaqgoren adam idi.

Şərhinizi yazın