Menu
Geri İrəli

İbn Sinanın sumqayıtlı davamçısı doktor Cəfər Quliyev

Müəllif: Sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2015 • Baxış sayı: 1,275 dəfə • Şərh yoxdur

1442687424_unnamedBu il tanınmış cərrah Cəfər Quliyevin 80 illik yubileyidir

Hippokrat andına sadiq,

İbn-Sina davamçısı olan loğman – Cəfər həkim

Hər gün səhər açılar-açılmaz milyonlarla müsəlman uca Allahın ibadətinə durar, ona şükranlıq edər, arzularını-dualarını çatdırarlar. O adamlar içərisində, həm də qeyri-müsəlmanlar arasında da minlərlə insan Ulu tanrıya üz tutaraq, bu dünyada sadəcə bir adla – Cəfər həkim kimi tanınan, onlara şəfa vermiş bir loğmana da hər gün ürəkdən dualar edir, xoş diləklərini yetirirlər. Bu, Cəfər həkimin yalnız mahir cərrah olması ilə deyil, bəlkə də daha çox müalicəsinə başladığı hər bir xəstəyə doğma, əziz bir adam kimi xoş, mehriban münasibət göstərməsi, qağıkeşliyi, ona pənah gətirənlərlə səmimi ünsiyyət qura bilməsi ilə bağlıdır.

Xalqın sevdiyi həkim – xalqın həkimi, Xalq həkimi

Təsadüfi deyil ki, Cəfər həkim təkcə yarım əsrdən artıq yaşayıb-çalışdığı Sumqayıtda deyil, respublikamızın digər guşələrində də hansı bir qapını döyərsə, onu evin ən əziz, arzu olunan qonağı kimi böyük hörmət və izzətlə qarşılayarlar. Belə bir hörmət-ehtiramın əsasında isə Cəfər həkimin ən mühüm xüsusiyyətləri dayanır – cərrahlıq məharəti ilə yanaşı insanlığı, alicənablığı, təmənnasızlığı. Və mən dəfələrlə şahidi olmuşam ki, harda olmasından asılı olmayaraq, Cəfər həkimdən söz düşəndə adamlarda xoş ovqat yaranır, ünvanına böyük minnətdarlıqla xoş sözlər söylənilir. Bu mənada, əlbəttə ki, Cəfər həkim xoşbəxt bir adam, ömrünü insanların sağlamlığına həsr etməklə çox mənalı, həm də mənəvi saflıqla yaşamış bir həkimdir.

Hələ Sovetlər dövründə xəstələr Sumqayıtın Təcili yardım xəstəxanasına gətirilərkən çoxları çalışardı ki, onların cərrahiyyə əməliyyatını məhz Cəfər həkim aparsın, çünki hamı bilirdi ki, onun həm “əli yüngüldür”, həm də xəstədən və xəstə sahiblərindən heç nə uman deyil. Kənd rayonlarından gələnlər onun “yaxşılığından çıxmaq” üçün çox təkid etdikdə isə həkim əlacsız qalaraq deyərdi ki, “qardaş, bir halda ki israr edirsiz, onda sizdən istəyəcəyim şey müalicədən sonra xəstənizi qorumaqdır və bir də kəndinizdən mənə bir-iki meyvə ağacı göndərməkdir.” Bəli, onun çox ağır vəziyyətlərdən, bəzən isə hətta ölümdən xilas etdiyi xəstələrin doğmalarından, qohumlarından istədiyi, umduğu bir şey olubsa, o da yalnız ağac pöhrələri olub. Və heç də təsadüfi deyil ki, indi onun bağında Lənkərandan, Ordubaddan, Şəkidən, Astaradan, Yardımlıdan, Qubadan, Göyçaydan və s. rayonlardan göndərilmiş, Cəfər həkimin öz əli ilə əkərək, bəslədiyi bəlkə də 200-ə qədər ağac, müxtəlif güllər bağı əsl cənnətə döndərmişdir.

Cəfər həkimin sadəcə mahir bir cərrah deyil, əsl loğman olduğunun dəfələrlə şahidi olmuşam. Bir-neçə dəfə olub ki, dostun-qohumun xəstəliyi ilə bağlı bəzi həkimlərin müalicəsi effekt vermədikdə, bilavasitə həmin xəstəlik üzrə mütəxəssis olmasa da, ona müraciət etdikdə çoxlu və bahalı, bəzən də əks-təsiri daha çox olan dərmanlar əvəzinə təbii bitkilər, müxtəlif meyvələr, tərəvəz məhsulları, bal-bəhməz və s.-lə elə müalisə aparıb ki, xəstəlikdən əsər-əlamət də qalmayıb.

Cəfər həkim xəstəni ağır “xərçəng” xəstəliyindən necə xilas etdi

Bir dəfə tanıdığı adamlardan biri təlaşla Cəfər həkimə zəng edir ki, “doktor, bir qohumumuzun mədəsində “xərçəng” aşkar edilib. Düzdür, hələlik özü əsl xəstəliyinin nə olduğunu bilmir, ancaq başqa xəstəliklə bağlı rentgendən keçəndə açıq-aşkar o “zəhrimarı” göstərib. Onkologiyada da baxıblar, cərrahiyyə əməliyyat aparmağı, şişi kəsib götürməyi məsləhət görürlər. Ancaq sizin də fikrinizi bilmək istəyirik. Bəlkə, operasiyasız ötüşmək olar? Mümkünsə, bir ona baxardınız”.

Cəfər həkim onkoloq olmasa da və başqa həkimlərin “işinə qarışmağı” xoşlamasa da, tanışının xahişi ilə mədəsindən şikayət edən həmin xəstəni qəbul edib, özü onu yoxlayır. Həkimdə xəstəliklə bağlı bəzi tərəddüdlər yaranır. Şübhələrdən çıxmaq üçün hələ II Dünya müharibəsindən böyük təcrübəsi olan rus rentgenoloq qadından xəstəni bir də rentgendən keçirməyi xahiş edir. Nəticə ürək açan olmur – mədədə, daha doğrusu yogun bağırsaqda təxminən xörək qaşığı boyda açıq-aşkar bir qaraltı görünür. Cəfər həkim xəstəni sorğu-suala tutaraq, xəstəliyin xüsusiyyətlərini və nə vaxtdan başladığını öyrənməyə çalışır. Yaxın bir-neçə həftə ərzində nə yeyib-içdiyi ilə maraqlanır. “Allah verəndən, adi yeməklər”, – deyə xəstə cavab verir.

- Yaxın iki-üç həftə, bir ay ərzində təsadüfən xurma yeməmisən ki? – deyə həkim soruşur və “yox” cavabı alır.

Həkim öz şübhələrində qalaraq, ona ilkin olaraq bir-iki gün üçün bəzi təbii dərmanlar yazır, eyni zamanda xurma ilə bağlı yaxşı-yaxşı fikirləşməyi məsləhət görür. Cəfər həkimlə xüdahafizləşib onun kabinetindən çıxıb getdikdən bir müddət sonra xəstə ona zəng edir ki, “həkim, yadıma düşdü, 40-45 gün əvvəl Zaqatalada olmuşdum. Bax, orda xurma yemişəm, özü də “bəsdi” deyincə”.

Cəfər həkim onu yenidən yanına çağırır və məsləhət görür ki, gecə yatmazdan əvvəl bəzi xüsusi əlavələrlə doyunca qatı kartof püresi yesin. Problem olarsa, ona zəng etsin – gecənin hansı vaxtı olsa da…

Gecənin bir aləmində xəstə həyəcanla zəng edir ki, “həkim, ölürəm, vəziyyətim ağırdır, mədəm partlayır, arvad-uşaq yanında biabır olmuşam”. Cəfər həkim ona nə etmək lazım olduğunu başa salır və deyir ki, hər dəfə mədəsini boşaltdıqdan sonra yenidən “kartof prosedurunu” təkrar etsin. Xəstə həmin gecəni çətinliklə başa vurub, səhər tezdən həkimin yanına qaçır. “Həkim, mən öldüm axı, bütün gecəni yata bilməmişəm, bir əlac eyləyin, daha “kartof” istəmirəm. Təzəcə özümə gəlmişəm”.

Cəfər həkim ona yenidən rentgendən keçməyi məsləhət görür. Bir qədər keçdikdən sonra xəstə ilə birgə rentgenoloq da onun kabinetinə gəlir və təəccüb dolu həyəcanla deyir: “Doktor, axı, bu ola bilməz, bu mümkün deyil!”

- Nə olub ki, rentgen nə göstərir? – deyə Cəfər həkim soruşur.

- Doktor, məsələ elə ondadır ki, rentgen heç nə göstərmir. Axı, dünən özünüz də gördünüz ki, necə bir qaraltı vardı… İndi isə yoxdur. Axı, belə şey mümkün deyil…

Cəfər həkim halını pozmadan, təbəssümlə deyir: “Gedək, birlikdə baxaq.”

Həqiqətən də, rentgen “xəstə”nin mədəsinin tər-təmiz olduğunu göstərir. Yaşlı, təcrübəli rentgenoloq qadın təəccübünü gizlətmədən daim hörmətlə yanaşdığı, istedadına-bacarığına görə xətrini çox istədiyi həmkarına üzünü tutub deyir ki, onun 50 illikpraktikasında hələ heç vaxt belə şey olmayıb ki, şiş bu gün olsun, sabah isə olmasın.

Cəfər həkim isə gülə-gülə, xoş əhvalla əlini “xəstə”nin çiyninə qoyaraq deyir: “İndi isə bu oldu”. Və xəstəyə də, rentgenoloqa da izah edir ki, onun mədəsindəki qaraltı “şiş” yox, yediyi xurmalardan birinin qabığı idi ki, yapışıb qalmışdı mədənin divarında. Həkimin bunu başa düşərək, xəstəni bütün gecəni xüsusi “kartof püresi” yeməyə məcbur etməsi, ötən gecənin xəstə üçün çox ağır keçməsi məhz bununla bağlı olmuşdu. Həkimin “xəstəliyin” nədən yaranmasını loğmancasına başa düşərək, xüsusi əlavə ilə hazırlatdırdığı qatı kartof püresi xurmanın qabığını mədənin divarından sıyırıb apara bilmişdi – “qaraltı” yoxa çıxmışdı.

8 yaşlı uşaq cərrahiyyə əməliyyatı olunduğunu niyə bilmədi?

…Bir dəfə səhərə yaxın ailəmizin ortancıl uşağı özünü narahat hiss etməyə başladı. Tərləmə-titrətmə ilə davam edən halını yaxşılaşdırmaq üçün evə həkim çağırmaqdansa, “müsəmançılıq” edərək, evdəki soyuqdəymə dərmanları, zoğal mürəbbəsi ilə əlac etməyə çalışdım. Ancaq elədiklərimin heç bir müsbət təsiri olmadığını, vəziyyətin ağırlaşdığını görüb, Təcili tibbi yardım həkimi çağırmalı oldum. Həkim ilkin müayinədən sonra uşaqda “kor bağırsaq” təhlükəsi olduğunu bildirdi və uşaqla məni təcili xəstəxanaya çatdırdı. O vaxtlar uşaq cərrahiyyəsi şöbəsi deyəsən təmirlə bağlı müvəqqəti olaraq Təcili yardım xəstəxanasında yerləşdirilmişdi. Təbii ki, mən uşağı ilk növbədə Cəfər həkimə göstərməyi lazım bildim. Həkim tibb bacılarına uşaqdan təcili qan analizi götürməti tapşırdı. Müəyyən müddət keçsə də və əlavə bir tibb işçisinin də əvvəlkilərə qoşulmasına baxmayaraq, uşaqdan qan götürülməsi yubanırdı. Həkim narahatlıqla soruşdu:

- Qızlar, nə oldu, niyə gecikdirirsiniz?

- Doktor, venasını tuta bilmirik, – deyə laborant qız cavab verdi.

Həkim məsləhət gördü ki, onda ayağından götürün.

- Doktor, uşaq çox zəifdir, ayağında da damarı tutmaq olmur.

Cəfər həkim “çəkilin kənara”, – deyib, əllərini uşağın qarın nahiyəsində azca gəzdirərək, qəti tapşırığını verdi: “Təcili əməliyyat stoluna!”.

Uşaq nigarançılıqla soruşdu: “Ata, doxtur neyləyəcək?”. Cavab verdim ki, o, əlindəki şüşə çubuqlarla sənin mədənin üstündə nağara kimi çalacaq və sən sağalacaqsan. Uşaq isə sadəlövhcəsinə: “Ata, doxtur o çubuqları sənə versin, sən çal da nağaranı”, – dedi.

“Yox, bunu həkim eləməlidir”, – deyib onu sakitləşdirərək, istər-istəməz nigarançılıq içərisində əməliyyat otağına yola saldım. Cəfər həkimin mahir uşaq cərrahı olan Nəcəf Qəmbərovla birlikdə apardığı əməliyyat uğurla başa çatdı. Qəribəsi o idi ki, uşaq xəstəxanadan çıxdıqdan bir həftə sonra da sağ tərəfindəki kəsikdən xəbəri yox idi. Hələ indi də təəccüb edirəm ki, əməliyyat necə aparılmışdı ki, uşaq, doğrudan da, ona bıçaq vurulduğunu bilməmişdi, yəqin düşünmüşdü ki, həkim “nağara çalır”. Və mənə bu gün də möcüzə kimi görünür ki, Cəfər həkim uzunluğu cəmi 3-4 sm olan bir kəsikdə əməliyyatı iri, enli barmaqları ilə necə apara bilmişdi…

Mahirlik, loğmanlıq burda özünü yenə də göstərmişdi.

Cəfər həkimin vətəndaş mövqeyi -

xalqın mənafeyi olan yerdə nə özünü, nə də dostlarını bağışlaya bilmir

Mən “Vışka” qəzetində işləyərkən – 1985-i ildə Mərkəzi Komitə tərəfindən dərkənar qoyularaq redaksiyamıza ünvanlanmış bir teleqram aldıq. Sumqayıtın ağır, dözülməz ekologiyası ilə bağlı onu cərrah Cəfər Quliyev göndərmişdi. O, “həyəcan təbili” çalaraq, sumqayıtlıların sağlamlığına ciddi ziyan vuran zərərli kimya istehsalatı sahələrinin, o cümlədən ekoloji fəlakətə səbəb olan lindan və tikilməkdə olan alkilbenzol istehsalatlarının gecikmədən dayandırılmasını tələb edirdi. Baxmayaraq ki, kimya müəssisələrinin rəhbərləri olan Nurəddin Babayev, Fikrət Sadıqov, Nərçə Ağayev, Zamin Əliyev və digərləri onun yaxın dostları idi, Cəfər həkim həmin istehsalatlara görə onlara öz kəskin iradlarını bildirir, Mərkəzi Komitəyə göndərdiyi teleqramda da bunu qeyd edirdi. Mən xeyli araşdırma apardıqdan sonra qəzetdə böyük rezonansa səbəb olmuş geniş bir analitik yazı verdim. O vaxtdan 25 ildən artıq bir vaxt keçir. Və bu gün Sumqayıtın ekologiyasının yaxşılaşmasına, zərərli istehsalatların ləğvinə görə, yəqin ki, ilk növbədə Cəfər həkimə təşəkkür etmək lazımdır. Buna görə hətta onu təbrik etmək də olar: “Sumqayıtın havası indi çox təmizdir, gözünüz aydın, Cəfər həkim! Şükr ki, bu günü də gördük!”

Ədəbiyyat-incəsənət vurğunu, Azərbaycan və xalq sevgisi ilə yaşayan insan

…Cəfər həkim haqda çox şeylər yazmaq, çox şeyləri yada salmaq olar. Yalnız bir-iki kəlmə ilə deyim ki, o, həm də böyük ədəbiyyat, incəsənət vurğunu, şair qəlbli bir adamdır. Təsadüfi deyil ki, onu Məmməd Arazla, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Vaqif İbrahim, Feyzi Mustafayev, Əşrəf Veysəlli ilə uzun illərin dostluq əlaqələri bağlayıb. Bir vaxtlar isə öz həmkarlarını başına yığaraq, “Loğman” adlı gözəl bir ansambl da yaratmışdı və həmin bədii özfəaliyyət kollektivi vaxtaşırı həm xəstələr qarşısında, həm şəhərin mədəniyyət evlərində, həm də bayram tədbirlərində və hətta televiziyada da çıxış edirdi. Musiqinin necə ecazkar bir qüvvəyə malik olduğunu, insanın yaşamaq eşqini daha da artırdığını yaxşı bilən Cəfər həkimin hətta uzun müddət özünün ağır xəstələrini onların sevdikləri musiqi, muğam sədaları altında cərrahi əməliyyat etdiyi də bu gün çoxlarının yadındadır.

Xəstələrindən nə Sovet, nə də indiki müstəqillik dövründə heç bir təmənna ummayan, əsas diqqətini başlıca həkim-cərrah missiyasına – onların müalicəsinə yönəldən, adını tutub, ona pənah gətirənləri tibbi metodlardan öncə öz qəlbinin nuru, səmimiyyəti, mehribalığı ilə müalicə etməyi mühüm hesab edən, bütün haram şeylərin (içki, siqaret və s.-in) barışmaz düşməni olan Cəfər həkim respublikamızda nadir adamlardandır ki, Həcc ziyarətinə gedərək, mənəvi haqqı olan Haçı kimi şərəfli ad qazanmışdır və bu nüfuzlu titulu elə şərəflə də daşımaqdadır.

…Yadımdadır, şəkər xəstəsi olan bir dostumuzun əlində qaralma ilə özünü büruzə verən problem yaranmışdı. Barmaqlarında ağrılar getdikcə artdığından o, yaxşı tanıdığımız bir cərraha müraciət etmişdi. Həmin adam heç onun əlinə baxmadan, sadəcə dinləyərək biganəliklə demişdi ki, “şəkərdəndir, çalış şəkəri azalt, yoxsa barmağın kəsilməli olacaq”. Vəziyyətin daha da ağırlaşdığını görən dostumuz bir-neçə gündən sonra hamımızın loğman kimi tanıdığımız Cəfər həkimin yanına getməli olmuşdu. Xəstəni diqqətlə dinləyib, onun əlindəki qaralma əlamətlərini nəzərdən keçirən Cəfər həkim dostumuzu sakitləşdirmiş, qorxulu heç nə olmadığını bildirmişdi. Və hətta o yaşında (80 yaşın zirvəsində!) cərrah dostu Zahid Quliyevlə birgə prosedur otağına gedərək, tibb bacılarına nələr etmək lazım olduğunu izah etmiş və xəstəni tək buraxmayaraq, özü şəxsən dava-dərman əməliyyatı başa çatana kimi orada olmuş, prosedurun düzgün aparılmasına bilavasitə rəhbərlik və nəzarət etmişdi. Bunu əlin kəsilməsi “proqnozunu” verən o biri həkim də edə bilərdimi? Yəqin ki, yox. Çünki onun sinəsində Hacı Cəfər həkimin yox, özünün xəbis və təmənnalı, adamlara laqeyd olan ürəyi döyünürdü.

Və təsadüfi deyil ki, Cəfər həkimin hələ 70-80-ci illərdən başlayaraq bütün eli-obanı dolaşan şöhrəti, nəhayət, bir-neçə il əvvəl Vətənin yüksək ordeninə çevrilib, onu tapdı və “Şöhrət” ordeni kimi sinəsində parladı. Şübhə yoxdur ki, səhiyyə sistemində uzun illər fədakar, əməkdar fəaliyyəti onun həm də “Azərbaycanın Əməkdar həkimi” adına layiq görülməsi ilə nəticələnəcəkdir. Yarım əsrdən artıq təmənnasız olaraq sumqayıtlıların, bütünlükdə respublikanın əksər bölgələrindən ona pənah gətirən həmvətənlərimizin xidmətində durduğuna, neçə min xəstəyə şəfa verdiyinə, sağlamlıq bəxş etdiyinə, çoxillik səmərəli həkimlik fəaliyyətinə görə Cəfər həkimə Prezident təqaüdü verilməsi isə onun sayəsində şəfa tapanları, bütün sumqayıtlıları ürəkdən sevindirərdi.

P.S.Sonda diqqət çəkən bir məqamı da qeyd etmək istərdim. Bir-neçə il əvvəl Cəfər həkim ərizə ilə şəhər Səhiyyə şöbəsinə müraciət edərək, özünün şöbə müdirliyindən çıxarılmasını və yerinə nisbətən gənc, istedadlı həmkarı Zahid Quliyevin təyin olunmasını xahiş etmişdi. Bu deyilmi insanın – Hacı Cəfər həkimin sadəliyi və böyüklüyü?

Rəhman ORXAN,

Osman Mirzəyev adına

Respublika mükafatı laureatı.1442687355_unnamed5 1442687356_unnamed2 1442687373_unnamed4 1442687385_unnamed1 1442687414_unnamed3 1442687424_unnamed 1442687373_unnamed4 - копия 1442687355_unnamed5 - копия 1442687356_unnamed2 - копия

Facebook Şərhləndirmə:

Şərhinizi yazın