Menu
Geri İrəli

İbrahimbəyovun Milli Şura gedişinin pərdəarxası

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2013 • Baxış sayı: 278 dəfə • Şərh yoxdur
Share Button

Müxalifət düşərgəsində gizli və sensasion gəlişmələr

Tanınmış kinodramaturqun öz tərəfdarları ilə təzə birlik yaratmaq ərəfəsində olduğuna dair iddialar var; İsa Qəmbərin addımı isə gizli təşkilatlanmanı az qala deşifrə edib; bahalaşma səbəbindən iqtidarın mövqelərinin zəiflədiyi bir vaxtında müxalifət daxilində gərginlik kimlərə sərf edir?

Milli Şura (MŞ) dekabrın 3-də nəhayət ki, toplandı. Və bu, müəyyən mənada, siyasi hadisə sayıla bilər. Çünki MŞ-nin sessiyalarının keçirilməsi əslində kifayət qədər ciddi problemdir. Hər halda, Azərbaycan xalqının gələcək taleyində həlledici səviyyədə rol oynamaq missiyasını öz üzərinə götürmüş bir qurumun yarandığı gündən indiyə qədər cəmisi 5-6 dəfə toplana bilməsini normal hal kimi dəyərləndirmək çətindir. 
Milli Şuranın son sessiyasından sonra isə artıq bir çox məsələlər aydınlaşmağa başlayıb. Belə anlaşılır ki, Rüstəm İbrahimbəyov və onun tərəfdarları bu qurumu tərk etmək niyyətindədirlər. İndiyə qədər bu qurumu Lalə Şövkət və onun Əvəz Temirxana əmanət etdiyi ALP tərk etmişdi. Əslində gedənlər sırasına Rəsul Quliyevi də əlavə etmək olardı. Çünki Rəsul Quliyev artıq bir neçə dəfə Milli Şuradan istefa etdiyini demiş, bu qurumda təmsil olunanların ünvanına sərt ittihamlar səsləndirmişdi.  İbrahimbəyova yaxınlığını heç vaxt gizlətməyən eks-spiker, nəhayət, son sessiyada Milli Şuradan çıxarıldı.
Son sessiyada Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov da öz postundan istefa verdi. Eyni zamanda Eldar Namazovun rəhbərlik etdiyi EL hərəkatının da Milli Şuranı tərk etməyə hazırlaşması barədə məlumatlar mövcuddur. Rüstəm İbrahimbəyovun özü isə artıq Milli Şuranın sədri deyil. O, indi bu qurumun fəxri sədridir.
Əslində Rüstəm İbrahimbəyovun “fəxri sədr” olması da  ciddi müzakirə mövzusu olub. Sessiyada bu mövzuda  deyilənlərlə işimiz yox. Amma doğrudan da,  bu “fəxri sədr”liyin hansı anlama gəldiyi məlum deyil. Buna hansı səbəbdən ehtiyac duyulduğu da cavabsız sualdır. Çünki indiyə qədər R.İbrahimbəyovun Milli Şuranın sədri kimi fəxr ediləcək elə bir fəaliyyətinə, xidmətlərinə rast gəlinməyib. Yəni Milli Şuranın növbəti toplantısında R.İbrahimbəyovla niyə “fəxr edildiyinin” də müzakirə olunaraq əsaslandırılmasına ehtiyac var.
Ola bilsin ki, bu “fəxarət statusu” R.İbrahimbəyova və onun tərəfdarlarına Milli Şuradan daha asta addımlarla getmək üçün lazımdır. İbrahimbəyov tərəfdarlarının hansısa adla yeni qurum yaratması istiqamətində hərəkətə keçdiyi  barədə artıq ciddi məlumatlar gəlməkdədir.
Həmin məlumatlara görə, R.İbrahimbəyov və onun tərəfdarları yeni siyasi ssenarilər üzərində işləyirlər. Bu barədə şimaldan sifarişlərin olduğu da bildirilir. Yəqin ki, bu iddiaların hansı səviyyədə həqiqətə yaxın olduğu tezliklə aydınlaşmağa başlayacaq. Hələlik isə birinci Milli Şura modelinin iflasa uğradığı şübhə doğurmur.
Xüsusilə də Müsavat və AXCP-nin bu qurum daxilindəki fəaliyyətinin Rusiyaya yaxın olanların qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlməsinə imkan vermədiyi bir reallıqdır. Hər halda, Müsavat və AXCP-nin seçki ərəfəsində Milli Şuranı, Rusiyaya rəğbəti olanların nəzarətindən çıxararaq, ölkənin siyasət məkanında “şimal küləyi”nin əsməsinin qarşısını aldığı faktdır. Bu iki partiya Milli Şura adından ağır seçki mübarizəsi içərisində olduğu bir dövrdə “şimal küləyi”nin təsiri altında olanlar nəinki Cəmil Həsənlinin seçki kampaniyasına  dəstək verdilər, əksinə, kənarda dayanıb, imkan düşdükcə prosesi sabotaj etməyə çalışdılar. Bəzi hallarda hətta buna nail də oldular.
İndi getmək qərarı veriblər. Həm də, deyəsən, yeni sifarişi reallaşdırmaq üçün bir az tələsirlər. Müsavat və AXCP-nin sayəsində planları pozularaq pərişan olsalar da, yeni siyasi ssenarilərin növbəti şura üçün daha uğurlu olacağına ümid bəsləyirlər. Bəzi məlumatlara görə, gələn ilin əvvəllərinə qədər indiki Milli Şuraya bənzər yeni bir qurumun yaradılması gündəmdədir. Əsas hədəfi isə Azərbaycanın Gömrük İttifaqına sürüklənməsinə nail olmaq olduğu bildirilir. Bəzi ehtimallara görə, Rusiyanın Azərbaycanı Gömrük İttifaqına qatılmağa məcbur etmək üçün rəsmi Bakıya qarşı əsas təzyiq mexanizmlərini gələn ilin əvvəllərindən işə salmağa başlayacağı gözlənilir.
Burada bir önəmli məqam da var. Gedənlərin müxalifət düşərgəsinə yeni “sürprizlər” hazırladıqları istisna deyil. Belə ki, seçki ərəfəsində Milli Şura daxilində bu düşərgəyə hansı əngəllər yaradılmışdısa, indi də buna bənzər problemlərin ortaya çıxmasına çalışılır. Hər halda, Milli Şuranın “dağıntılar”ının Müsavat və AXCP-nin “qucağına” buraxılmasına göstərilən cəhdlər kifayət qədər hiyləgər gedişdir. Belə anlaşılır ki, onlar gedəcəklər və bu iki partiya həmin “dağıntılar” arasında vurnuxaraq, Milli Şuranı siyasi xaos vəziyyətindən çıxartmağın yolunu axtarmağa məhkum olacaq.
Yeni sədr Cəmil Həsənli bir mövqedən, “fəxri sədr” isə başqa mövqedən çıxış edəcəyi təqdirdə təbii ki,  siyasi böhran yarana bilər. R.İbrahimbəyovun Milli Şura üzvləri ilə məsləhətləşmədən belə ziddiyyətli açıqlamalar verməsinə seçki ərəfəsində dəfələrlə rast gəlinib. Onun eyni davranışları yenidən təkrarlamayacağına isə təminat yoxdur.
Əlbəttə, belə bir böhranlı və “siyasi bankrot”a uğramış quruma müxalifətin ən önəmli isimlərindən birinin – C.Həsənlinin sədr seçilməsini bu düşərgənin strateji səhvi də hesab etmək olar. Çünki Milli Şura ən önəmli siyasi mərhələdə normal fəaliyyət göstərə bilmədiyi halda, bundan sonra bu qurumla irəliyə doğru hər hansı ciddi addımın atılmasının mümkünlüyü inandırıcı görünmür.
Ona görə də Müsavat və AXCP-nin “fəxri sədr”li Milli Şuraya C.Həsənlinin sədr seçilməsinə hansı səbəbdən razılaşdığı da cavabsız sualdır. Əksinə, Milli Şuranı bu qurumun “fəxri sədr”inə və onun tərəfdarlarına qaytarıb, oradan kənara çəkilmək daha doğru olmazdımı? Yəqin ki, bu suala da tezliklə aydınlıq gələcək.
Müsavatın son addımı da ola bilsin buna hesablanıb. İsa Qəmbərin partiyasının “xarici ölkə pasportu daşıyan bir adamın fəxri sədrlik etdiyi” qurumdan çıxacağı haqda anonsu Milli Şuradakı İbrahimbəyov komandasını əlverişsiz duruma salıb. Həm də Müsavatın iştirak etmədiyi şura necə milli ola bilər? Yaxın siyasi təcrübə isbat edib ki, İsa Qəmbərin və partiyasının iştirak etmədiyi müxalifət bloku həm keyfiyyətli, həm də uzunömürlü ola bilmir… “Azadlıq” blokunun timsalında bunun şahidi olmuşuq.
Amma çox yaxşı olardı ki, hakimiyyətin bahalaşmadan sonra xalqın qəzəbi ilə üzləşdiyi məqamda Milli Şura daxili çəkişmələri bir kənara atıb xalqı, narazı elektoratı fəallaşdırsın. Təəssüf ki, ortada olan reallıq bunun tam tərsidir; iqtidarın bu cür zəif vaxtında, sosial narazılığın pik həddinə çatdığı indiki şəraitdə müxalifət bütün enerjisini bir-birinə qarşı yönəldib. Bu isə heç şübhəsiz ki, ilk növbədə mövcud iqtidarın xeyrinə işləyir. Uduzan isə xalq və müxalifətdir…
Elçin XALİDBƏYLİ, musavat.com
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın