Menu
Geri İrəli

II ixtisas qrupu üzrə Sumqayıtda da qəbul imtahanı keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2013 • Baxış sayı: 175 dəfə • Şərh yoxdur

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 42 binada keçirilir.

İmtahanların idarə olunması üçün 174 imtahan rəhbəri və 1869 nəzarətçi-müəllim cəlb olunub. II qrup üzrə  23 min 52  abituriyent ərizə təqdim edib. Onlardan 20544 nəfəri Azərbaycan bölməsinin, 2 min 508 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14 min 566 nəfərini oğlanlar, 8 min 486 nəfərini isə qızlar təşkil edir. 14 min 265 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 7 min 388 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 123 abituriyent  xarici ölkələrin vətəndaşıdır. 97 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali  təhsil almaq arzusundadır. 1302 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.  İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Bu gün saat 19:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.  İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın “Facebook” səhifəsində (facebook.com\eTQDK) yerləşdiriləcək. II ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.   Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 18-dən 22-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Ramiz Mikayıloğlu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın