Menu
Geri İrəli

İLHAMƏ MƏHƏMMƏDQIZININ TƏQDIMATINDA MƏNSUR ŞEIRLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2010 • Baxış sayı: 612 dəfə • 4 şərh

BİR QƏRİB AXŞAMDA XATIRLA MƏNİ

Üşüyən qəlbin isinsin deyə, bir qərib axşamda xatırla məni…

Zərif xəyalım qonağın olsun, könlünə qonsun. Varlığım dumanlı, pərişan fikirlərini qovsun. Həzin baxışlarım həzin baxışlarına qovuşsun. Ən yaxşı, ən şirin röyana çevrilim. Saf, ülvi məhəbbətimlə sevdalı dəqiqələrini bəzəyim. Əzablı günlərin qərib axşamın qərib pıçıltısıyla unudulsun. Sevinc dolu təbəssüm qismətin olsun…

Üşüyən qəlbin isinsin deyə, bir qərib axşamda xatırla məni.

SADƏDƏN SADƏ ATAM

Boğazın yad tikə götürməz, bənzərin tapılmaz dünyada. Sənə məhəbbətim ölçüyə gəlməz, sətirlərə sığmaz. Dərdimdən ürəyinin damla-damla əridiyini duyuram. İşıqlı, nüfuzlu, xoş baxışlarınla vəzifəli nadana tay olmamısan. Təkcə evimizə yaraşıq deyilsən, mənim taleyimi bəzəyən atam, mənim sadədən sadə atam.

Nə könül sındıran, nə qəlbə dəyənsən. Bu qoca dünyanın hər sirrinə bələdsən. Ömrü boyu düz getmisən yolu sən, əyri işə calanmamısan. Sənin şüarın “insana hörmət, əməyə, zəhmətə, işə məhəbbətdir”.

İllərin yükünü çiynində çəkmisən, ömrünü ötüşən illər yorsa da. Duz-çörəyə sədaqətli, qədir bilən, bir kimsəyə əyilməyən, evimizə çıraq olan, sadədən sadə atam.

Dostluqda dəyanətli, doğru sözlü, səxavətlisən, sadədən sadəsən, atam mənim, arxam mənim.

TƏNHA ÇİNAR AĞACI

Eyvanımızın qarşısında bir çinar ağacı boy atırtdı, boylanırdı.

Onu nə səbəbdənsə soyuq ürəklər məhv etdilər.

Tənha çinar ağacı, bilinmirdi neçəydi yaşın. Nə qədər illər yola salmışdı qoynundan, fəsillər sallamışdın uca boynundan. Soyuğa, istiyə sinə gərmişdin, neçəsini kölgənə çəkmişdin. Çox zaman təkbətək idik səninlə, təsəlli verirdin, deyirdin: məsləhəti dinlə, nə sızla, nə inlə, yaşama kinlə. Sirdaşımıydın, qardaşımıydın. Baxdıqca doymurdum vüqarından, pay alırdım qürurundan. Səbrlə dinləyirdin ürəyimin səsini. Yarpaqların meh əsdikcə quştək dənləyirdi dərdi-sərimi. Sinəndən gələn cəh-cəh səsləri pərvazlandırırdı diləklərimi, hüsnündən saçan yaşıl işıq yaşadırdı ümidlərimi. Qəlbim kövrələndə kövrəlirdin, şənlənəndə şənlənirdin. Ömrün sərt yelləri əsəndə dəyişirdin ovqatımı. Dərd dilə gəlməyəndə baxışlar söz söyləyirdi. Sonra isə hər şey müəyyən andaca unudulurdu, Tanrıdan xoş günlər umulurdu. Ucalsan da göyün qatına mənəm demirdin, ayam demirdin, günəm demirdin. Arxanam, dayağınam deyirdin. Sənin xətrinə niyə dəyildi? Sənə necə qıyıldı? Qol-budağın qırıldı, varlığın yox oldu, gözlərim yaşla doldu. İndi xəyalımdasan. Ruhunla ruhumdasan, tənha çinar ağacı!

HƏYAT REALLIĞI

Daş binada, daş divarlar arasında daş ürəkli rəis işləyir. Neçə-neçə zərif çiçəyi əzir, əzir, nəhayət, zəhərləyir. Buna baş insanlarda daş ürəkləri ilə, çaq-çaq ilə səs-səsə verir, beləcə nəhayət, “məndə haqq var!” deyənlər o ki, var, çalınır, bəla tapır. Daş ürəkli hələ də yaşayır, öz işini görür, “şərəfli” vəzifəsini daha inadla “yerinə yetirir”. Onunçün cibi xalqından da, Vətənindən də, ailəsindən də irəlidir. Kimsəsiz quzularla döyüşən, quzğunlarla, bayquşlarla görüşən, çirkablara bələşən bu daş qəlbli insanı torpaq da istəmir! Arxasınca söyülsə də, saxta dillər tökülsə də, gözü kölgəlilərdən dəstək alır, olur daha qəlbi daş. Heyflər, çox heyflər səsi boğulanlara, daşa tutulanlara. Yazıqlar, “məndə əsl ürək var!” deyə tapdananlara! Haramlar haqqı qovuranlara! Ən böyük arlar həqiqətin gözünü ovanlara, doğruları oğrutək qovanlara!

x   x   x

Həyatda insan çox nəsnəyə məcbur olur. Bəzən deyirlər: məcburi heç nə yoxdur. Başqa qismdə bu fikirlə razılaşmaq olsa da, bəzən inkar etmək məcburiyyətində qalırsan həmin deyimi. Axı insan yaşaması üçün nəfəs almağa, yeməyə, içməyə, geyinməyə və s.-yə məcburdur. Bunlar olmursa, insan yaşamır demək. Bəs nədən yaranır bi real həqiqət? Əlbəttə ki, ehtiyacdan! Deyirlər, ehtiyac həyatın müəllimidir. Buna isə tez öyrəşirlər. Düşgün qoca da, südəmər uşaq da ehtiyacın quludur. Hər zaman ehtiyac qonaqdır bizlərə. Vətənimizdən xeyli oğul perik düşür. Çoxunun üzünə həsrət qalırıq. Qərib torpaqlarda mərdlərimiz namərdə möhtac olurlar. Zərif çiçəklərimiz vaxtsız solurlar. Boz günlər bənizləri tez bozardır, toz yollar ömürləri. Adamların çoxu otarılır, neçə dillər qapılıb qoparılır. Deyirlər, bu gün dünəni bəyənmir, sabah bu günü bəyənməyəcəkdir. Bəs bu gün bu günü bəyənirmi? İnsanlara ən başlıcası iqtisadi azadlıq lazımdır. Bundan məhrumsa niyə deməsin ki:

Hər yan dolu, əlim boş,

Necə olmayım naxoş?!

DUYUM SƏNİ

Qəlbini dərinliklərinə dupduru sulara baxdığım kimi baxmaq istəyirəm. Məndən heç şeyi gizlətmə! Qayğılarla dolaşa-dolaşa, dalaşa-dalaşa, baş-başa qalsan da, bil ki, sevgi çiçəyin təravətli, somaz, əbədiyaşardır dünyada. Bunları saxla yadında. Gəl üz-üzə, qəlb-qəlbə dayanaq. Bircə baxışımızla nəğmələin həzin-həzin sehrinə bələnək. Yorğun ayın solğun işığında əsən mehin nəfəsindən dinməz-söyləməz uçuşan sevgimiz qayıtsın yuvasına.

Hədiyyə etmək istəsən mənə, sevincimi bağışla. Yenə, yenə pay dilərəm səndən. Nədən dinməzsən belə? Bəlkə dupduru baxışlarının aynasında demək istəyirsən deyə bilmədiklərini. Sual dolu gözlərim elə qəlbinin dərinlikərinə baxmaq, axmaq istər. Qoy sənin də çöhrənə sevinc şeh damcıları tək qonsun! Duyum səni bütün varlığın ilə, tam mənası ilə. Elə belə vurum ömrü başa.

ÖMRÜN BAHARINDA SOLAN YARPAĞAM

Taleyimi yazana nə deyim mən?! Ürəyim yarpaqtək titrəyir nədən? Dönmüşəm tufanlı, boranlı qışa, dönmüşəm gözlərdən tökülən yaşa. Yaşıl-yaşıl ümidlərim saralır, sənsiz dünyam yetim qalıb qaralır. Arzuya uzanan yolum daralır. Dönmüşəm qırılmış, ovxarlı daşa.

Səni qınayıram, qəbahətin çox. Korun-korun niyə yandın, alışdın. Sənli günlər bu dünyada daha yox, fəqət, bu kəm qismətinlə barışdın.

Ayrılıq dərdinə dözməkmi olar, sən bağ-bağatı gəzməkmi olar, nəğməli misralar düzməkmi olar, ömrün baharlnda solan yarpağam.

Ömrün baharında solan yarpağam, işıqlı günlərə tamarzı qaldım. Həsrətin odunda yanan torpağam, dərdliyəm, alışan qəlbim qubardı. Gözümü yumuram, yuxuma gəl sən, xoş bir xəyal kimi qəlbimi dolaş. Ömrümə əkilən dərdimlə savaş, dalaş. Yavaş-yavaş üzümdə sevinc görərsən.

Facebook Şərhləndirmə:

“İLHAMƏ MƏHƏMMƏDQIZININ TƏQDIMATINDA MƏNSUR ŞEIRLƏR” yazısına 4 cavab

  1. BAHAR deyir:

    Sag ol.Ureyine sagliq,davami gelsin.

  2. ilqar deyir:

    çox gözəl təbrik edirəm. Səni həmişə gülərüz sevincli görək

  3. Nurane deyir:

    Seirleriniz axiciligi ile insani dinceldir

  4. sahi deyir:

    MƏNİM COX XOŞUMA GELDİ SAQ OLUN !!!!
    İGAZƏ VERSƏNİZ ÖZ BLOQUMA QOYMAQ İSTƏRDİM????

Şərhinizi yazın