Menu
Geri İrəli

İlham Əliyev Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2011 • Baxış sayı: 221 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyev Sumqayıtın 9-cu mikrorayonu ərazisində şəhərin Heydər Əliyev prospekti ilə Zülfü Hacıyev və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına məlumat verdi ki, 1999-cu ildə istifadəyə verilmiş parkda yenidənqurma işləri bu ilin aprelində başlanmışdır.

Prezident İlham Əliyev parkın yenidənqurma sxemi ilə tanış oldu.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, 7,6 hektar ərazisi olan parkda müasir memarlıq üslubunda, möhtəşəm giriş ucaldılmışdır. Parkda Heydər Əliyev Muzeyi, istirahət meydançası və yeni fəvvarələrin tikintisi nəzərdə tutulmuşdur. Heydər Əliyev Muzeyinin parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilməsi planlaşdırılır. Muzeydə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif illərinə həsr olunan stendlər, Sumqayıta səfərlərini əks etdirən fotolar, ölkəmizə rəhbərlik etdiyi illərə aid sənəd və materiallar, digər tarixi eksponatlar toplanacaqdır. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif nəşrlər saxlanılacaqdır.
Prezident İlham Əliyev parkın yenidən qurulmasında istifadə olunacaq inşaat materiallarının nümunələrinə baxdı.

Bildirildi ki, parkın girişində 8 metr hündürlüyündə müasir saat qülləsinin də tikintisi aparılır.

Dövlət başçısına məlumat verildi ki, parkda geniş yaşıllıq zolağı da salınacaq, müasir işıqlandırma sistemi və uşaqlar üçün attraksionlar qurulacaq, bir sözlə, şəhər sakinlərinin istirahəti üçün bütün şərait yaradılacaqdır.

Prezident İlham Əliyev parkın ərazisini gəzdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın