Menu
Geri İrəli

İlham Əliyevlə görüşdə Rauf Arifoğlunun etdiyi çıxış – MƏTN

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2013 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur


“Qafqazinfo” bazar günü prezident İlham Əliyevlə jurnalistlərin görüşündə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun etdiyi çıxışı təqdim edir: 

 - Hörmətli cənab Prezident.

“Jurnalistlərin dostu” mükafatını ikinci dəfə almağınız münasibətilə Sizi təbrik edirəm. Həm də Azərbaycanın media kapitanları qarşısında çıxışınıza görə Sizə təşəkkür edirəm. Çıxışınızda həm Azərbaycan dövlətinin strateji kursu, həm də dövlətin gələcəyində medianın rolunun önəmi ilə bağlı çox mühüm mesajlar verdiniz. Bu, bizi çox sevindirdi və ümidləndirdi ki, Azərbaycan dövlətinin demokratik inkişafının gələcəyində Azərbaycan mediasının rolu Prezident tərəfindən olduqca ciddi şəkildə göstərilir.

Dövlətin dəstəyini hiss etmək çox gözəl bir şeydir. Onu almaq daha da gözəldir. Biz neçə ildir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan Azərbaycanın yazılı mətbuatı olaraq dəstək alırıq. Açığı, Sizə deyim ki, hazırda Azərbaycanın yazılı mətbuatının mövcudluğunun, yaşamının və inkişafının iki qaynağı vardır: birincisi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan, onun layihələrinin maliyyələşdirilməsi nəticəsində əldə olunan qaynaqdır. Digəri isə satış – qəzetimizin tirajının satışı nəticəsində əldə etdiyimiz qaynaqdır.

Biz bu dəstək, o cümlədən burada sadalanan mediaya göstərilən digər dəstək sayəsində bu illər ərzində işlərimizi də müəyyən qədər genişləndirə bilmişik. “musavat.com” adlı bir portalımız vardır, MDB məkanında 1700-ə yaxın resurs arasında 20-ci yerdədir, ilk iyirmilikdədir. Ümumiyyətlə, bu, Azərbaycan üçün böyük göstəricidir. Məlumat üçün Sizə onu deyim ki, nə Ermənistandan, nə başqa bir respublikadan bu göstəricidə təmsil olunan ikinci bir media qurumu yoxdur.

Eyni zamanda, bu imkanlardan istifadə edib rus dilində də bir portal yaratmışıq. Bu da Sizin bayaq dediyiniz kimi, informasiya mübarizəsi prosesində bizim rus dilində və rusdilli məkanda dövlətimizə, onun kursuna strateji məsələlərdə, müstəqilliklə, Dağlıq Qarabağla bağlı məsələlərdə verə biləcəyimiz bir dəstəkdir.

Hörmətli cənab Prezident, əlbəttə ki, hər bir sahədə, hər bir məsələdə olduğu kimi, media sahəsində də problemlər vardır. Bunu Siz də söylədiniz ki, nöqsanlar, qüsurlar olmamış deyildir. Mən fürsətdən istifadə edərək onlardan birini Sizin diqqətinizə çatdırmaq istəyirəm. Bayaq da dediyim kimi, Sizin dəstəyinizlə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan edilən yardımdan başqa bizim bir qaynağımız da yayımla, qəzetimizin satışından gələn gəlirlə bağlıdır. Bilirsiniz ki, Bakı şəhəri gündən-günə böyüyür, gözəlləşir və son vaxtlar Bakı şəhərində mövcud olan 500-ə yaxın qəzet köşkü yenilənmə prosesini keçirib. Biz açığı çox sevindik ki, köhnə köşklərin yerinə yeni dizayn edilmiş köşklər gətirilir. Sevindik ki, qəzetimizin satışı daha da yüksələcək, imkanlarımız daha da genişlənəcəkdir. Amma diqqətinizə çatdırım ki, çox təəssüf, bu köşklərin Bakı şəhərində qurulmasından sonra qəzet satışında müəyyən problemlər oldu. Köşklər öz təyinatları üzrə işləmədilər, açığı bizim qəzeti, digər qəzetləri satmaqdan müəyyən müddətdə hətta imtina etdilər. Görünür, onlar üçün digər predmetlərin satışı daha maraqlıdır. Çünki qəzet satışı həm ağrılı, həm hesabat istəyən prosesdir, həm də qəzet o qədər bahalı bir əmtəə deyildir.

Digər tərəfdən də son vaxtlar metro stansiyalarında qəzet satışının yığışdırılması ilə bağlı çox ciddi bir problem yaşamaqdayıq. Əlbəttə, biz də başa düşürük ki, metro stansiyaları və metro insanların gediş-gəlişi üçündür və orada heç də hər şeyin satılması doğru deyildir. Lakin burada da bir qayda yaratmaq olar. İnsanlar hər gün işə və evə əsasən metro ilə gəlib-getdiklərinə görə bizim üçün çox maraqlıdır ki, orada satış nöqtələrimiz olsun. Mən çox xahiş edərdim, – bununla bağlı mənim Sizə rəsmi müraciətim də olub, – nəzərə alın ki, dövlət dəstəyindən başqa Azərbaycanda qəzetlər özləri də ayaq üstə durmaq, güclənmək istəyirlər. Azərbaycan vətəndaşlarına iş yeri açıb vergi ödəmə prosesini sürətləndirmək istəyirlər. Ona görə də Sizin verdiyiniz mesajlardan da əminliyimi bildirirəm və ümid edirəm ki, bu məsələlər öz həllini tapacaqdır.

Sizin burada Dağlıq Qarabağla, ermənilərlə kompromissiz siyasətlə, eləcə də Azərbaycanın müstəqilliyi istiqamətində edilən təzyiqlərə baxmayaraq, dövlətimizin öz müstəqilliyini qoruması ilə bağlı verdiyiniz mesajları biz qəbul edirik. Biz dövlət yardımını, sadəcə, alıb özümüzü inkişaf etdirmək və istədiyimizi yazmaq haqqında düşünmürük. Bizim də ictimai və dövlət qarşısında olan vəzifələrimiz vardır. Biz də bu siyasi və strateji kursda dövlətin yanındayıq və bir sıra məqamlarda da biz bu dəstəyi verməyə çalışmışıq.

Diqqətiniz üçün təşəkkür edirəm.

rauf

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın