Menu
Geri İrəli

İlham ZƏKİYEV: Dövlət rəhbərinin xeyir-duası bizi yeni uğurlara həvəsləndirir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2016 • Baxış sayı: 864 dəfə • Şərh yoxdur

İlham ZƏKİYEV: Dövlət rəhbərinin xeyir-duası bizi yeni uğurlara həvəsləndirir

 e73b66adc78d3886af48dc0cf09f155a

“Bu məsuliyyətli günü 4 il idi, gözləyirdim. Növbəti dəfə birinci pillədə qərarlaşmağa, Vətənimizin bayrağını ən yüksək zirvədə dalğalandırmağa və himnimizi səsləndirməyə söz vermişəm”. Paralimpiya Oyunlarının ikiqat çempionu, 2 dəfə dünya, 6 dəfə Avropa çempionatının qızıl medalçısı, I Avropa Oyunlarının qalibi İlham Zəkiyev XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunları haqqında fikirlərini bizimlə bölüşərkən belə dedi.
Hər dörd ildən bir dünya idmançılarını hərəkətə gətirən Olimpiya Oyunlarına paralel olaraq, fiziki qüsurlu idmançıların mübarizəsini təşkil etmək məqsədi ilə Paralimpiya Oyunları da keçirilir. Sanbalına görə bu oyunlar heç də fərqlənmir, həm də Olimpiadanın bir hissəsidir. Burada yarışan atletlər arasında çox güclü və dünyada tanınmış idmançı ulduzlar var.
Belə idmançılardan biri də əfsanəvi cüdoçumuz İlham Zəkiyevdir. O, Vətənin müdafiəsi uğrunda gözlərinin nurunu itirsə də, qolunun gücünü itirməyib. Əksinə, ürəyində təpər taparaq həyata, idmana olan sevgisi sayəsində daha da yüksək zirvələr fəth edib. Yeni-yeni uğurlara imza atmaqla cüdo idman aləmində adını qızıl hərflərlə yazdırmağı bacarıb. Bu gün dünyanın ən güclü paralimpiyaçı cüdoçuları arasında onu bəlkə də tanımayan yoxdur. Həm yenilməzliyi, həm də intellektual səviyyəsinin yüksəkliyi və xoş ünsiyyəti qəhrəman idmançını hamıya sevdirib. Hətta, beynəlxalq yarışlarda, müxtəlif dünya turnirlərində rəqibləri də İlhamı alqışlayır, onun güclü olduğunu etiraf edirlər. Bəzən elə olur ki, rinqdən öncə rəqibi “İlham, həmişəki kimi, sən yenə də qalib olacaqsan” deyib onunla mübarizəyə başlayır. Sonda elə o “uzaqgörən” rəqibin proqnozu düz çıxır – İlham Zəkiyev rinqdən qalib ayrılır.
Paralimiyaçı cüdoçumuz xüsusi olaraq vurğuladı ki, ölkədə fiziki qüsurlu insanların idmançı kimi formalaşması üçün hər bir şərait yaradılıb: “Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün idmançılara verdiyi dəstək, göstərdiyi qayğı əvəzolunmazdır. Bu gün idmanla məşğul olmaq istəyən hər bir şəxsə yüksək səviyyədə qayğı göstərilir. O cümlədən, əlillər üçün də bu imkanlar yaradılıb. 2008-ci ildə ölkə başçısının göstərişi ilə bizim üçün Paralimpiya Kompleksi tikildi. Sumqayıt şəhərində fəaliyyət göstərən kompleksdə əlillərin məşq etməsi üçün gözəl şərait yaradılıb. İki il öncə isə Uşaq Paralimpiya Komitəsi yaradıldı. Orada əlilliyin dərəcələrinə uyğun bir çox idman növləri tədris olunur. Bunlar bir daha sübut edir ki, heç də bizim kimi əlil idmançılara digər idmançılarımızdan az qayğı göstərilmir, mən deyərdim, əksinə, onlardan daha çox diqqət ayrılır”.
Bunun nəticəsidir ki, paralimpiyaçı idmançılarımız beynəlxalq yarışlarda həmişə geniş tərkibdə təmsil olunurlar və çox yaxşı nəticələr göstərirlər. Onların arasında cüdoçularımız xüsusilə fərqlənirlər. XV Paralimpiya Oyunlarında cüdoçularımız 6 kişi, bir xanım idmançı ilə təmsil olunacaq. Qeyd edək ki, Paralimpiya Oyunları Olimpiya Oyunları yekunlaşdıqdan bir qədər sonra – sentyabrın 7-də elə Rioda start götürəcək. Bir gün sonra isə Paralimpiya Oyunları üzrə cüdo yarışması başlayacaq. Digər idmançılarımız kimi, paracüdoçularımız da ən reytinqli dünya turnirlərində iştirak etmiş, çempion adını qazanmış idmançılardır. Aralarında Paralimpiya çempionları və iştirakçıları da var. Odur ki, bu idmançılarımızdan da gözləntilərimiz böyükdür. Onlar da özlərini qələbəyə kökləyiblər və bunun üçün kifayət qədər hazırlıqlıdırlar. Paralimpiya oyunlarında idmançılarımızdan ən ağır – 100 kq-dan artıq çəki dərəcəsində İlham Zəkiyev sözünü deyəcək.
O, yarış əhvali-ruhiyyəsinin və hazırlıqların çox yüksək olduğunu bildirdi. Prezident İlham Əliyevin şəxsən hər yarışdan öncə idmançılarla görüşü onlarda çempionluq həvəsi və böyük ruh yüksəkliyi yaratdığını dedi: “Cənab Prezident Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimində idmançılara xeyir-dua verdi. Dedi ki, bu gün bu rəsmi mərasimdə biz idmançıları Oyunlara yola salırıq, onlara uğurlar arzulayırıq. Əminəm ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi ləyaqətlə təmsil edəcəklər və Vətənə böyük qələbə ilə qayıdacaqlar. Əlbəttə, belə bir görüş və cənab Prezidentin xeyir-duası bizi yeni uğurlara həvəsləndirir. Bu, eyni zamanda idmançılar üçün yarışmanın stimulunu müəyyən edir. Hər bir idmançı da öz növbəsində qələbə qazanaraq dövlət başçısının göstərdiyi etimadı dorğrultmağa, Vətəninin, xalqının adını uca tutmağa çalışır. Artıq bu, ənənə halını alıb və nəticələr də göz qabağındadır”.
İlham Zəkiyev idman dünyasında özünü təsdiq etmiş atletdir. O, artıq hər bir yarışdan çempion kimi qayıtmağa adət edib. İlhamın zəfər xronologiyasına nəzər saldıqda da bunu aydın görmək mümkündür. Dəfələrlə Avropa, dünya çemionatlarının qalibi, Gözdən Əlillərin Dünya Oyunlarının qızıl medalçısı olub. Afina və Pekində keçirilən Paralimpiya Oyunlarının qızıl, “London-2012”nin bürünc mükafatçısı və Avropa Oyunlarının çempionu da İlham Zəkiyevdir. Ümumilikdə, o, dünyanın bir çox ölkələrində təxminən, 20 dəfəyə qədər Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirib.
İlham Zəkiyev həmişə ən ağır, ən məsuliyyətli işin öhdəsindən layiqincə gəlib. Necə ki, torpaqlarının müdafiəsi uğrunda silaha sarılaraq layiqli mübarizə apardı, indi də məşğul olduğu idman dünyasında bunu edir. Təsadüfi deyil ki, Pekində də, Londonda da Azərbaycan bayrağı İlhama həvalə olunmuşdu, bayraqdar o idi. XV Yay Paralimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı olmaq vəzifəsi yenə də İlham Zəkiyevə həvalə olunub. İlhamın təbirincə desək, bu qürurverici və son dərəcə məsuliyyətli vəzifələrin ona tapşırılması həm də onu mübarizəyə daha da ruhlandıran, gücünə güc qatan, ən əsası isə qələbəsini qaçılmaz edən əsas nüanslardır.
İdmançı qazandığı uğurlara görə Prezident tərəfindən “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunub. Eyni zamanda, Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatı laureatıdır. Təbii ki, bu qədər qalibiyyət və titullar hər idmançıya nəsib olmur. Azərbaycanın qəhrəman oğlu, birinci dərəcəli Qarabağ müharibəsi əlili İlham Zəkiyev bütün bunları mübarizliyi, dəmir iradəsi və tükənməyən zəhməti sayəsində qazanıb.
Bəli, bu gün nəinki idmansevərlər, bütün Azərbaycan xalqı vətənpərvər, qəhrəman idmançısı ilə fəxr edir. Onun hər qələbəsi ayrıca tarixə çevrilir. Əksər yarışlardan sonra azərkeşlər uzun müddət İlhamın rəqibini necə məğlub etməsindən və mübarizəni böyük fərqlə başa vurmasından danışırlar. İlham da öz növbəsində missiyasını uğurla qoruyur, ənənəsinə sadiq qalaraq həmişə xalqını sevindirir. Bu dəfə də İlhamdan qələbə sevinci gözləyirik və bunu bacaracağına qətiyyətlə inanırıq…

Elnur HADIYEV,
“Azərbaycan”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın