Menu
Geri İrəli

İlham Zəkiyev: ‘İnanın 3 ay ərzində bu xəbəri heç kimə demədim’

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2015 • Baxış sayı: 543 dəfə • Şərh yoxdur

A A A

  Cüdo üzrə ikiqat paralimpiya çempionu, ikiqat dünya və 5 qat Avropa çempionatlarının qalibi, dəfələrlə Dünya Kubokuna sahib çıxan, ilk Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyev Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb.

İlk Avropa Oyunları başa çatdı. 17 gün elit idman yarışı həyəcanı bütün xalqımızı birləşdirdi. Biz idmançılar üçün bu, əsl sınaq oldu. Müxtəlif yarışlarda qalib gələn idmançılarımız bu dəfə Vətəndə gücünü göstərdi. Bakıda yarışmaq nə qədər asandırsa, bir o qədər çətindir. Doğma divarlar və yaxın insanların dəstəyi idmançıya kömək etsə də nəticə hər zaman istədiyimiz kimi olmur. Bakı 2015 gündəliyi: İlham Zəkiyev Mötəbər yarışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıma iki missiya qoyulmuşdu. Allaha təşəkkür edirəm ki, hər iki tapşırığı yerinə yetirdim. Sizə bir sirr açıqlamaq istəyirəm. Avropa Oyunlarının açılışından 3 ay əvvəl məni Bakı-2015 ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə çağırdılar. Gənclər və idman naziri Azad Rəhimovla görüşdüm. Nazir qeyd etdi ki, cənab prezident İlham Əliyev və ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva açılış mərasimində stadionda məşəli mənim tərəfimdən gətirilməsini istəyir. Bu xəbəri eşidəndə şok oldum. Belə böyük missiya mənə tapşırılır. İlk Avropa Oyunlarında stadionda məşəli mən gətirməliydim. Azad Rəhimov bu məlumatı sirr saxlamağı və heç kimə deməməyi tapşırdı. İnanın 3 ay ərzində bu xəbəri heç kimə demədim. İnsan bəzən xəbəri kiminləsə bölüşmək istəyir. Belə olan hallarda yalnız özlüyümdə düşünməklə kifayətlənirdim. Hətta evdə yaxınlarıma və uşaqlara da bu barədə heç nə demədim. Bakı 2015 gündəliyi: İlham Zəkiyev Aprelin 26-da ilk Avropa Oyunlarının məşəlinin Atəşgahda yandırıldığı gün cənab prezident İlham Əliyevlə söhbət zamanı söz verdim. Dedim ki, mənim çıxışım iyunun 26-da olacaq. Həmin gün Silahlı Qüvvələr günüdür. Mən həmin gün qızıl medal qazanmaqla onu cənab prezidentə hədiyyə edəcəm. Avropa Oyunlarında ilk missiya məşəlin Olimpiya Stadionuna gətirilməsi idi. Bu xəbəri açılışa qədər sirr saxlamağı bacardıq. Biz həftədə bir-iki dəfə məşq edirdik. Məşqləri gecə saatlarına təyin etmişdilər, çünki, günorta saatlarında hamı məni stadionda görə bilərdi. Bu halda artıq sirri saxlamaq mümkün olmayacaqdı. Hər dəfə məşqdən sonra dua edirdim ki, tapşırığı yerinə yetirməyi bacarım. İnanın, çoxlu sayda mötəbər turnirlərdə qələbə qazanmışam, amma bu qədər həyəcanlı olmamışam. Azərbaycan inkişaf etdikcə düşmənləri də artır. Bizi istəməyən qüvvələr az deyil. Ona görə məşəlin arenaya gətirilməsində problem olmaması üçün dua edirdim. Şükürlər olsun hər şey möhtəşəm alındı. Bakı 2015 gündəliyi: İlham Zəkiyev İkinci missiya ilk Avropa Oyunlarında qələbə qazanmaq idi. Yarımfinalda rəqibi məğlub edəndən sonra yalnız final haqda düşünürdüm. Həlledici görüş ərəfəsində cənab prezident İlham Əliyevin finalı izləmək üçün arenaya gələcəyini dedilər. Bu sanki mənə əlavə güc verdi. Özlüyümdə düşünürdüm ki, yalnız qələbə olmalıdı. Başqa nəticədən söhbət gedə bilməz. Bir neçə ay bu yarışa hazırlaşmışdım, məğlubiyyəti heç ağlıma gətirmirdim. Finaldan sonra mükafatlandırma mərasimində qızıl medalı mənə prezident İlham Əliyev təqdim etdi. Mən dövlət başçısını ilk olaraq Silahlı Qüvvələr günü münasibətiylə təbrik etdim, ardınca söylədim ki, cənab Ali Baş Komandan əsgər Zəkiyev döyüş tapşırığını yerinə yetirdi, yəni qızıl medalı qazandım. İlk Avropa Oyunlarının qızıl medalını dövlət başçısı İlham Əliyev, Azərbaycan xalqına və balaca oğlum Həmzəyə hədiyyə etdim. Onun 2 yaşı var, hələ çox şeyi başa düşmür. Evə gələndə medalı ona göstərdim. Yəqin gələcəkdə daha yaxşı anlayar. Allah bütün balaları qorusun. Bakı 2015 gündəliyi: İlham Zəkiyev Mən gözlərimin nurunu, döyüş tapşırığını yerinə yetirərkən, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirmişəm. Hər yerdə də məndən soruşanda zədəni harda almısan, mən fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm. Mən bundan utanmıram. Bizim xalqımız mübariz xalqdır. Şükür olsun ki, biz bunu bir daha sübut etdik. Görmə qabiliyyətini itirsəm də xoşbəxtəm ki Azərbaycan xalqına xidmət etməyi bacarıram. Nə qədər gücüm var o qədər bayrağımızı yarışlarda yüksəltməyə çalışacam. Mən xoşbəxtəm ki, gördüyüm işi sevirəm. Hər zaman idmançılarımızın yanında olan cənab prezident İlham Əliyevə təşəkkür etmək istərdim. İlk Avropa Oyunları kimi tarixi yarışı Bakıda keçirilməklə dünyaya gücümüzü göstərdik. Bakı 2015 gündəliyi: İlham Zəkiyev Bir qədər yorulmuşam. İstirahət edəndən sonra yenidən məşqlərə başlayacam. Qarşıda Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları var. Orada da Azərbaycan himni səslənməlidi…
Facebook Şərhləndirmə:

Şərhinizi yazın