Menu
Geri İrəli

İnkişaf hədəfləri gələcəyə hesablanan şəhər – SUMQAYITLILAR SUMQAYIT HAQQINDA

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2016 • Baxış sayı: 888 dəfə • 1 şərh

DSC_0003 (1)Ötən əsrin simvol şəhərlərindən olan Sumqayıt sözün həqiqi mənasında inkişafının yüksək mərhələsini yaşayır. Hələ sovet dövründə sənaye şəhəri statusunu alan Sumqayıt hazırda bu şərəfli adı daha layiqincə daşıyır. Bu gün şəhərin elə küçəsi, elə məhəlləsi yoxdur ki, orada yeniliklərə imza atılmasın. 

Əldə edilən nailiyyətləri, qazanılan uğurları, abadlaşan şəhərin mənzərəsini sakinlərdən ən yaxşı kim izah edə bilər ki?! Əməkdaşımız şəhərin ictimai həyatında yaxından iştirak edən insanlarla görüşərək, Sumqayıtın müasir durumuna onların münasibətini öyrənmişdir. Həmin müsahibələri sizə təqdim edirik:
Gülbahar Vəliyeva Sumqayıtın qurucularındandır. O, ömrünün Sumqayıtın yaşı qədər olan qismini şəhərin inkişafına sərf edib. Bu gün sumqayıtlı olması ilə fəxr edən əmək qabaqcılı bildirir:
- 1949-cu ildən bəri Sumqayıt mənim gözlərim qarşısında pilə-pillə böyüyüb. Ötən əsrin 40-cı illərində yaradılan Sumqayıt “gənclər şəhəri” deyə çağrılır. Təsəvvür edin ki, şəhərin beş-altı istiqamətində maşınlar şütüyür, insanlar yenicə təməli qoyulan binaların ətrafında, yollarda, qazılan ərazilərdə çalışırdı. Sanki kimsə öz yoldaşından geri qalmamaq üçün, külüngünü torpağa daha möhkəm vururdu. Bu, məncə, əsl mübarizə meydanı idi. Şəhərin elə bir ərazisi yox idi ki, orada iş getməsin. Az bir zaman kəsiyində insan əlilə tikilən binalar birləşib mikrorayona, məhəlləyə çevrilir, ailələrin ixtiyarına verilirdi.
Sumqayıta qayğı və diqqət 1971-ci ildən başlayaraq daha da artdı. Demək olar ki, ölkənin hər yerində bir canlanma əmələ gəlmişdi. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkə həyatında hər şeyə müsbət təsir etmişdi. İnsanlar daha yaxşı işləmək, uğurlar əldə etmək üçün yarışa girmişdilər. Yaxşı işləyib özünə yaşam tərzi qazananlar başqalarına nümunə olurdu. Gördüyünüz bu şəhər 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində təkcə respublikamızda deyil, dünya miqyasında tanınan yaşayış və sənaye mərkəzinə çevrildi. Tikilən yeni zavodlar, yaradılan sənaye müəssisələri on minlərlə insanın iş yerinə çevrilirdi. Öz həyatlarını bu şəhərə bağlayanlar “sumqayıtlı” pasportuna da yiyələndilər. Həmin dövrdə ikinci bir şəhər tapılmazdı ki, Sumqayıt kimi inkişaf etsin və boz çölləri yaşayış binaları bəzəsin. Üstündən keçən illər Sumqayıtı respublikamızın aparıcı şəhərinə çevirib. Bu gün də sumqayıtlılar həmin əzmlə işləyirlər. Belə ki şəhərin elə ərazisi yoxdur orada təmir, abadlıq, quruculuq işləri aparılmasın. Özü də planlı şəkildə.
Bu gün respublikada qəbul edilən “Sumqayıt üslubu” mövcuddur. Burada həyata keçirilən hər bir iş beynəlxalq standartlara söykənir. Bütün bunlar ölkə başçısının diqqət və qayğısının, prinsipiallığının nəticəsidir.
Baxış Hacıəhmədov, 8-ci mikrorayon sakini:
- Necə deyərlər, görünən kəndə bələdçi gərək deyil. Regionların inkişafına dair icrası uğurla davam etdirilən dövlət proqramı çərçivəsində Sumqayıtda sürətli yüksəlişin yeni əsasları yaradılıb və bu gün özünün kifayət qədər müvəffəqiyyətli mərhələsini yaşamaqdadır. Bunun nəticəsidir ki, Sumqayıtın mövcud potensialından daha səmərəli istifadə etməklə burada ilk növbədə müxtəlif profilli sənaye sahələrinin inkişafı sürətləndirilir. Qafqazın ikinci böyük sənaye şəhəri olan Sumqayıt getdikcə iqtisadi potensialını artırır.
Burada sahibkarlara lazımi dəstək göstərilir, şəhərin iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirilməsi həyata keçrilir. Qeyd edilənlərlə bərabər, şəhərin infrastruktur təminatının yaxşılaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun səviyyəsinin azaldılması həmişəki kimi yenə də diqqət mərkəzindədir.
Pərvanə Əliyeva, evdar qadın:
- Bu gün şəhərimizdə yaradılan yeniliklərdən biri də yeni parkların salınmasıdır. Şəhərin bir neçə yerində memarlıq naxışları bəlli olmayan tikililər sökülmüş, əvvəlki görkəminə qaytarılmışdır. Artıq son bir ildə Sumqayıtda bir neçə istirahət parkı sakinlərin ixtiyarına verilib. Bunlardan biri ikinci mikrorayon ərazisində yerləşən Nizami adına kinoteatrın qarşısıdır. Onun əvvəlki görkəmi olduqca bərbad idi. Bir neçə yöndəmsiz tikili istirahət meydanlarını zəbt etmişdi. Şükür ki, həmin tikililər sökülərək yerində müasirliyi ilə seçilən park salındı. Günün bütün vaxtlarında burada istirahət edən insanlarla rastlaşırsan.
dam ortuyu11Həmid Quliyev, şəhər sakini:
- Sumqayıt şəhəri yarandığı ilk gündən minlərlə gəncin həyat ünvanına çevrilib. Açıq etiraf edək ki, əvvəlki illərdə elə bil şəhərdə bir süstlük əmələ gəlmişdi. Son illər Sumqayıtda hansısa bayramı, əlamətdar günü, tarixi şəxsiyyətləri anma tədbirlərini bir-birindən maraqlı töhfələrlə qarşılamaq adət şəklini alıb. Bu gün Sumqayıtda təmir edilən parklar, istirahət guşələri şəhər əhalisinin ürəyindən xəbər verir.
Hazırda şəhər əhalisinin bütün diqqəti yeni salınan dənizkənarı bulvara yönəlib. Ötən ilin son aylarından start götürən və tikintisi sürətlə aparılan bu layihə şəhərimizin simasına möhtəşəmlik gətirəcək. Çirkab içində üzən sahil zolağı günbəgün simasını dəyişir. Yeni salınacaq dənizkənarı parkda qızğın iş gedir. Sumqayıtlıların çoxu demək olar ki, hər gün həmin əraziləri gəzir, parkın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər. Ölkə əhəmiyyətli tarixi abidələrin siyahısına salınmış Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində də abadlıq işləri aparılır. Respublikamızda böyüklüyü və landşaftına görə seçilən bu parkda yeni layihələr həyata keçirilir.
Xəzərin sahilində yerləşən Sumqayıtda dəniz ətrafı küləkli olmasına baxmayaraq əhali isti yay axşamlarında da, yağışlı-qarlı günlərdə də eyni həvəslə gəzintiyə çıxmağı sevir. Bu gün bir gənc ailə olaraq biz imkan tapan kimi istirahət etmək və asudə vaxtı səmərəli keçirmək üçün başqa yerə deyil, sahilə üz tuturuq. İstər Nəsimi, istərsə də Heydər Əliyev adına parklarda, yaxud da şəhərin digər ərazilərindəki istirahət guşələrində həyata keçirilən quruculuq işlərinin sona çatmasını səbirsizliklə gözləyirik. Çünki yaxşı bilirik ki. yaradılan şərait insanların rifahının yüksəldilməsi üçündür.
Əminik ki, tezliklə istiadəyə veriləcək dənizkənarı bulvar heç də Bakı bulvarından geri qalmayacaq. O, az zaman kəsiyində Sumqayıtın vizit kartına çevriləcəkdir.
Haşiyə:  Onu da qeyd edək ki, Nəsimi adına istirahət parkı ilə birlikdə dənizkənarı bulvarın ərazisi 186 hektardan çoxdur. Ərazidə dənizə qarşı uzunluğu 4200 metr olan istinad divarının tikintisi artıq başa çatıb. Şəhər əhalisinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün bulvarda bir neçə istiqamətdə iaşə müəssisələri inşa olunmaqdadır. Müasir tələblərə cavab verən əyləncə və ticarət mərkəzləri, idman qurğuları, kinoklub və digər obyektlər fəaliyyət göstərəcək. Burada velosiped idmanı həvəskarları üçün yer ayrılacaqdır. Eni 3 metr olacaq xüsusi hərəkət zolağında şəhər sakinləri və qonaqlar təhlükəsiz şəkildə bu idman növündən yararlana biləcəklər. Yeni salınan bulvarda şəhər əhalisinin piyada gəzintisi və kiçikölçülü gəzinti avtobusların yol hərəkəti üçün də nəzərdə tutulub.
Təranə Vəlixanova, tələbə:
gsahil kucesi22- Sumqayıt həm də gənclər şəhəri kimi tanınır. Ötən illərin yaralı yerlərindən biri də işsizlik idi. Bu da gənclərimizi iş axtarmaq üçün didərgin vəziyyətinə salmışdı. Bir faktı nəzərinizə çatdırım ki, əvvəllər şəhərin küçələrində günün müxtəlif çağlarında dolanan gənclərimizə rast gəlmək olurdu. Şükür ki, bu gün sumqayıtlı gənclər belə bir problemdən kənardır. İstər şəhər təsərrüfatında, istərsə də sənaye müəssisələrində boş yerlərə minlərlə gənc cəlb olunub. Əgər əvvəllər sumqayıtlı gənclər səhər tezdən iş dalınca Bakıya yollanırdılarsa, bu gün demək olar ki, tam əksinədir. Artıq paytaxtdan yüzlərlə insan Sumqayıtın müəssisələrində çalışmaq üçün geriyə qayıdır.
Mirfazil Əliyev, şəhər sakini :
- Yaşanan inkişaf Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıt şəhərinin simasında da aydın müşahidə olunur. Xarüqələr diyarı kimi ad çıxaran və əzəmətli görkəmini yenidən bərpa edən, dünyanın ən gözəl şəhərləri sırasında yer almağa layiq olan Sumqayıt həm də sürətli inkişafın əsas ünvanlarından biridir. Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgləri kimi bu şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Qeyd edilənlər öz növbəsində belə bir mühüm məqamın təsdiqi kimi çıxış edir. Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam hər şeydən əvvəl, xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə nail olmaqdır. İnsan kapitalı öncül məsələdir və onun sağlam qorunub saxlanması dövlətimizin siyasət xəttidir. Şəhər əhalisinin tibbi müayinədən keçirilməsi də buna xidmət edir. Eyni zamanda, bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.
Təranə Mikayılova, müəllim:
- Respublikamızda həyata keçirilən islahatlar təhsil sahəsindən də yan keçməmişdir. Bu gün Sumqayıtda tədris və təlimin keyfiyyətinin yüksəldilməsi, məktəblilərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı şagirdlərin üzə çıxarılması istiqamətlərində ardıcıl iş aparılır və bu məqsədlə şəhərin təhsil müəssisələrində müxtəlif tədbirlər həyata keçirilir. Sumqayıtda elə bir təhsil ocağı yoxdur ki, orada dərslər müasir texnologiyalardan istifadəsiz keçirilsin. Respublikamızın ali məktəblərində təhsil alan və yüksək balla universitetlərə qəbul olan gənclərin böyük hissəsi Sumqayıt təhsilinin yetirmələridir.
Ölkə başçısının diqqət və qayğısı nəticəsində Sumqayıtın təhsil ocaqları təmir edilir. Sumqayıtın çoxminli müəllim ordusu bütün bunlara görə ölkə başçısına və Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdardırlar.
Bir məsələyə xüsusi olaraq toxunmaq istərdim. Bir neçə il əvvəl internetdə şəhərimizin adını axtarışa verəndə maraqlı bir şeylə rastlaşmırdıq. Bu gün hansı internet portalına müraciət etsən, Sumqayıtın inkişaf hədəflərini özündə əks etdirən süjetlərlə üzləşəcəksən. Dənizkənarı park və tikinti işləri bu informasiya bülleteninin əsas xəbərləridir.
Sumqayıtda dənizkənarı bulvarın tikintisi şəhərə diqqəti daha çox çəkir. Əminik ki, tezliklə şəhərimizdə dünyanın hər yerindən gələn turistlərlə rastlaşacağıq. Bütün bunlar gələcəyə hesablanan, möhkəm təməl üzərində qurulan inkişaf istiqamətləridir.
Məharət Məhərrəmov, tibb işçisi:
bulvar (2)- Yarandığı gündən bəri Sumqayıt həmişə diqqət mərkəzində olub, desək, səhv etmərik. Lakin son inkişaf prosesi Sumqayıtı xarüqələr şəhərinə çevirir.
Sumqayıtın tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son dövrdə xeyli iş görülüb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 1 nömrəli şəhər xəstəxanası yenidən qurulub, əsaslı təmir işləri başa çatdırılaraq insanların istifadəsinə verilib. Sumqayıtın bütün ərazisini əhatə edən təcili tibbi yardım stansiyaları var. Son bir ildə Sumqayıtın bir neçə yaşayış ərazisində yeni tibb məntəqələri yaradılıb. Həmin məntəqələrdə həftənin bütün günlərində tibbi personal əhalinin sağlamlığı keşiyində dayanır.
Şəhərin ucqar zonalarında yaşayan əhalini kütləvi tibbi müayinə etmək üçün müxtəlif yaşayış massivlərində və qəsəbələrində səyyar tibbi müayinələr aparılmış, aşkar edilən xəstələr qeydiyyata alınmış, ehtiyacı olan xəstələr stasionar müalicəyə cəlb olunmuşlar. Tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, əhalinin sağlamlığının yaxşılaşdırılması, orta ömür müddətinin uzadılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi kimi vacib sahədə möhtəşəm nailiyyətlər əldə edilib. Bu siyahını nə qədər desən, uzatmaq olar. Bütün bunlar dünənin deyil, bu günün işləridir. İnsana qayğı göstərən və bunu özündə əks etdirən dövlət proqramları əhalinin sağlamlığına yönələn bir sənəddir. Bu, ölkə başçısının siyasi xəttidir və biz onu dəstəkləyirik.
Barat Məmmədov, sürücü:
- Sumqayıt şəhərinin girəcəyi, müxtəlif küçələr neçə illərdir ki, yarıtmaz halda idi. Ötən əsrin ortalarında əkilən ağaclar öz ömrünü başa vurmuşdu. Bir yaşıllıq kimi də faydalılığını itirmişdi. Baxın, bir neçə ay ərzində şəhərin girəcəyində həyata keçirilən tikinti işləri sumqayıtlıları sevindirir. Yollar – girəcək və çıxış xeyli enlənmiş, sağ və sol tərəflərində abadlıq işləri görülməkdədir. Burada əkilən körpə fidanlar tezliklə böyüyəcək, quraşdırılan işıqlar şəhər effektini gücləndirəcəkdir. Bir sumqayıtlı kimi görülən işləri dəstəkləyir, belə bir yerdə yaşadığım üçün fəxr duyuram.
Rəvan Cəbrayılov, şəhər sakini:
-Yaşadığımız Sumqayıt böyük sənaye şəhəri olsa da, yaşına görə gəncdir. Bu gün Sumqayıtda təmir edilən parkları, istirahət guşələrini şəhər əhalisi məmnunluq və razılıq hissi ilə qarşılayırlar. Həyata keçirilən yenidənqurma və abadlıq işləri şəhərin ümumi memarlığına yeni çalarlar əlavə edib. Bu baxımdan Heydər parkında tikintisi başa çatmaq üzrə olan Heydər Əliyev Mərkəzi quruluş və formasına görə fərqlənir. Öz əzəməti ilə seçiləcək bu mərkəz ümummilli liderin adına layiq olacaqdır. Şahmat evi, musiqi məktəbi də bu istiqamətdə görülən işlərin bir qismidir.
Tarix uğurla yaşanarsa, gələcək çətin və səksəkəli olmaz. Bu gün dünyanın bir çox ölkələri ilə qardaşlaşan Sumqayıt adı və gözəlliyi ilə dillər əzbəri olan şəhərlərlə birgə çəkilir. Bu, sumqayıtlılarda qürur hissi yaşadır. Bütün bunlara görə öncə ölkə başçısına minnətdarıq. Çünki şəhərimizə göstərilən hər hansı qayğının mərkəzi Prezident İlham Əliyevin diqqətinin nəticəsidir.
Son illər şəhər icra hakimiyyəti Sumqayıtın keçmişi və tarixi ilə bağlı bütün abidə və parklara xüsusi diqqət yetirir, onların insanların istirahət mərkəzlərinə, gəzinti və maraqlı tədbirlərin təşkil edildiyi məkana çevrilməsi üçün əlindən gələni əsirgəmir. Bu gün Sumqayıtda təmir edilən parkları, istirahət guşələrini şəhər əhalisi məmnunluq və razılıq hissi ilə qarşılayırlar. Həyata keçirilən yenidənqurma və abadlıq işləri şəhərin ümumi memarlığına yeni çalarlar əlavə edib.
Hacı Rauf, Sumqayıt Cümə məsçidinin axundu:
-Bu gün dünya miqyasında Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Şəhərdə müxtəlif dinlərin nümayəndələri birgə yaşayır. Çünki ölkəmizdə sözün həqiqi mənasında, multikultural ənənələr qorunur. Dinindən, milliyyətindən asılı olmayan insanlar mehriban yaşayır. Hamı üçün doğma olan “sumqayıtlı” adını daşıyırlar. Dinin, imanın güclü olduğu yerdə isə bolluq, bərəkət, ruzi olar. Şəhərimizdə hər sahə öz məcrasında inkişafını davam etdirir.
Yaranışından 67 ilə yaxın zaman keçməsinə baxmayaraq Sumqayıtın əldə etdiyi uğurların miqyası genişdir. Ötən hər il xarüqələr şəhərinin simasını daha da cazibədar, gözəl edir. Bütün bunların kökündə isə ölkə başçısının şəhərə göstərdiyi diqqət və qayğı durur. İnkişaf hədəfləri sabaha, gələcəyə hesablanan Sumqayıt tezliklə öz yeni görünüşü ilə hamını heyran edəcək.

Akif ƏLİYEV,
“Azərbaycan”

Facebook Şərhləndirmə:

“İnkişaf hədəfləri gələcəyə hesablanan şəhər – SUMQAYITLILAR SUMQAYIT HAQQINDA” yazısına bir cavab

  1. Adil m. deyir:

    Azərbaycan xalqının işgüzar,mərd və vətən üçün canından keçən coxlu övladları vardır. Onlara meydan verilməlidir! Zakir F.bu övladlardan biridir.Cənab prezidentimiz onu minlərin içindən seçə bildiyinə görə mən də (inanın mən nə Zakir F. nə də kimimsə Sumqayıtla bağlılığım var) minnetdarlığımı bildirirəm.Qoy Yaşasın və inkişaf etsin Anamız Azərbaycanımız!

Şərhinizi yazın