Menu
Geri İrəli

İntiqam Əliyev məhkəmədə: “Sumqayıtda üçotaqlı köhnə bir evdə yaşayırıq”

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2015 • Baxış sayı: 774 dəfə • Şərh yoxdur
Share Button

İntiqam Əliyev məhkəmədə qızına gələcəklə bağlı xəbərdarlıq etdi: “Qızım olmaqdan peşmançılıq hissi keçirirsənmi?”

intiqam eliyev

Martın 31-də Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) sədri İntiqam Əliyevin məhkəmə prosesi davam etdi. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ölkəmizin tanınmış simaları, xarici ölkə səfirlikləri və təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Rasim Sadıqovun sədrliyi ilə keçən məhkəmə prosesi saat 11:00-da zərərçəkmiş Mehdiyeva Gülnarın ifadələri ilə başlayıb: “2010-cu ildən etibarən HMC-da hüquqşünas vəzifəsində çalışmışam. 250-300 manat məbləğində əməkhaqqı almışam. İstintaqda mənə qarşı heç bir təzyiq olmayıb. Verdiyim ifadəni təsdiq edirəm. Heç bir tələbim yoxdur”.
Prokurorun “əməkhaqqı cədvəlində adınıza 499 manat yazılıb. Bu məbləği almısınız?” sualına zərərçəkmiş belə cavab verdi: “300 manatdan yuxarı pul almamışam”.
İntiqam Əliyev prokurorun sualına etiraz etdi: “Əvvəlcədən demişik ki, tərtib olunan əməkhaqqı cədvəlləri saxtadır. Orada yazılan rəqəmlər sonradan qeyd olunub. Ona görə də tez-tez istintaq orqanı tərəfindən götürülən sənədlərin geri qaytarılmasını tələb edirik”.
Zərərçəkmişin ifadəsindən sonra hakim şahidlərin dindirilməsi prosesinin başlandığını elan etdi. İlk olaraq, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəylinin ifadəsi alındı.
O, HMC-nin keçirdiyi tədbirlərdə ekspert qismində iştirak etdiyini bildirdi: “İndiyə qədər istintaqa 6 dəfə çağırılmışam. 4 dəfə ifadə vermişəm. 3-də HMC ilə bağlı, birində isə özüm barədə… İstintaqda mənə təqdim olunan sənədlərdə göstərilən məbləğləri almışam. Gördüyüm işlərin haqqı verilib. HMC-nin keçirdiyi tədbirlərdə ekspert kimi çıxış etmişəm. İntiqam bəylə birlikdə fəaliyyət göstərmişik. Onun özü təşkilatımın keçirdiyi konfranslarda ekspert kimi iştirak edirdi. Əvəzində yazılan qonorarları alırdıq. İstintaqda mənə 15-16 mədaxil qəbzi təqdim olundu. Eyni zamanda mən də qəbzlər təqdim etdim”.
Daha sonra şahid Şahbazov Yavərin ifadəsi dinlənildi: “Əslinə qalsa, məhkəmədə şahid kimi iştirak etmirəm. Şahid kimi cəlb olunmuşam. İntiqam müəllimi 10 ildən çoxdur ki, tanıyıram. Müəllimim olub. Əvvəllər pedaqoji fəaliyyətlə məşğul olurdum. Sonralar özümün xahişim və İntiqam müəllimin icazəsi ilə onun yanında işə başladım. Hüquqşünas kimi çalışırdım. İşlədiyim müddətdə heç bir şikayət eşitməmişəm. Əməkhaqqımı vaxtında almışam. Bəzi layihələrdə ekspert kimi iştirakçı olmuşam. Əvəzində qonorarım ödənilib”.
Prokuror şahidə əməkhaqqı cədvəlində adına yazılan 1099 manatı alarkən, nə üçün qol çəkmədiyini soruşdu. Y.Şahbazov həmin cədvəldən xəbərsiz olduğunu söylədi. Prosesin bu yerində İntiqam Əliyev bir daha tərtib olunan cədvəllərin saxta olduğunu bildirdi.
Ardınca sonuncu şahid İntiqam Əliyevin qızı Nərmin Kamilsoy ifadə verdi. Hakim şahidə ifadə verməmək hüququnun olduğunu söylədi. N.Kamilsoyun ifadə vermək istədiyini görən hakim onun and içməsini xahiş etdi. Nərmin Kamilsoy istintaqda ifadə verərkən belə etmək istədiyini, lakin müstəntiq Sənan Paşayevin ona mane olduğunu və daha vacib işlərin olduğunu söylədiyini qeyd etdi.
Təqsirləndirilən şəxs prosesin bu anında qızının heç bir suala cavab verməyəcəyini, ona ünvanlanacaq suallara özünün cavab verəcəyini bildirdi: “Qızıma istintaqda necə aidiyyatı olmayan suallar verilibsə, indi də elə olacaq. Onun əvəzinə özüm cavab verəcəm. Çünki o, danışsa, gərək burada aləm bir-birinə dəysin”.
Hakim hər bir övladın valideyn üçün əziz olduğunu söylədi: “İntiqam bəy sizi düzgün başa düşürəm. Övlad hamı üçün əzizdir. Mən də sizin qızınızın məhkəmənizdə şahid qismində iştirakına çox üzüldüm. Qəlbimiz incidi. Amma xahiş edirəm ki, özü qərar versin, ifadə verəcək ya yox…”
Bundan sonra İ.Əliyevin qızına müraciəti oldu: “Qızım, bir müddət yanımda çalışmısan. Sənin yaşda başqa şəxslər də var idi. Səni onlardan, onları səndən heç vaxt seçmədim. Hamınıza öz övladım kimi baxdım. 4 nəfərlik ailə ilə neçə illərdir, Sumqayıtda üçotaqlı köhnə bir evdə yaşayırıq. İllər necə keçdi, bilmədim. Gördüm ki, qardaşın və sən böyümüsən. Bu müddətdə sizləri heç vaxt gəzməyə belə, apara bilmədim. Ad günlərinizdə belə, hamıdan sonra evə gəlirdim, sizi təbrik edirdim. Çünki işlərim çox olduğundan sizlərə uzun zaman ayıra bilmirdim. Qızım, ibtidai təhsilini Sumqayıtda sadə orta məktəblərin birində aldın. Təhsilinlə belə, məşğul ola bilmirdim. Sən öz biliyinlə BDU-nun hüquq fakültəsinə daxil oldun. Bilirəm ki, ən böyük arzun dövlət xətti ilə xaricdə təhsil almaqdır. Amma sənə İntiqam Əliyevin qızı olduğuna görə imkan verməyəcəklər. İşə düzəlmək istəyəcəksən, yenə alınmayacaq. Sonda vəkil olmağa cəhd edəcəksən. Amma qarşını yenə mənim adım kəsəcək. Qızım, səni qarşıda böyük məhrumiyyətlər gözləyir. Bütün bunlara görə qızım olmaqdan peşmançılıq hissi keçirirsənmi?”
Təqsirləndirilən şəxsin sualına şahidin “ata səninlə fəxr edirəm” cavabı zalda alqışlarla qarşılandı.
Bununla da şahidlərin ifadələri sona çatdı.
Proses dövlət ittihamçısının çıxışı ilə davam etdi: “Müdafiə tərəfi əvvəlki proseslərdə bununla bağlı vəsatət vermişdilər. Mən baxılmamış saxlanılmasını xahiş etsəm də, vəsatət rədd edilmişdi. Məhkəmədən xahiş edirəm ki, Ədliyyə Nazirliyinə qeydiyyatdan keçən qrant müqavilələrinin siyahısı ilə bağlı sorğu göndərilsin”.
Müdafiə tərəfinin vəkili Cavad Cavadov buna etiraz etdi: “Biz Ədliyyə Nazirliyinin Reyestr Xidmətinin kitabının alınması ilə bağlı vəsatət verdik. Sorğunun heç bir mənası yoxdur. Çünki Reyestr Xidmətindən heç bir səhifəni silə bilməzlər. Amma sorğuya istədikləri cavabı verəcəklər”.
İntiqam Əliyev də prokurorun fikirlərinə münasibət bildirdi: “Ədliyyə Nazirliyi vətəndaş cəmiyyətinə qarşı düşmən münasibət bəsləyir. İnsan haqları üzrə çalışan, seçki işi ilə məşğul olan təşkilatları qara siyahısına salıb, həmin təşkilatları gözdən salmağa çalışır. Əvvəllər rahat şəkildə müqaviləni qeydiyyatdan keçirirdik. Sonra həmin sistem dağıdıldı. “Qara günlər” bundan sonra başladı. Hazırda neçə təşkilat rəhbəri həbs təhlükəsi ilə üz-üzədir. Bütün bu proseslər başlayandan sonra bəzi QHT rəhbəri ölkədən getdi, bəzisi susdu, bəziləri isə, Amerikaya qarşı olan dinləmələrdə iştirak edir… Bütün bunların arxasında siyasi proseslər durur. Əgər Reyestr Xidmətinin kitabı varsa, niyə sorğu verək? Əgər müqavilələr qeydə alınmayıbsa, Ədliyyə Nazirliyi niyə susurdu? Hazırda ölkədə qanunu başdan-ayağa çeviriblər”.
Hakimlər Ədliyyə Nazirliyinə sorğu göndəriləcəyi ilə bağlı qərar qəbul etdilər. R.Sadıqov problem yaranarsa, Reyestr Xidmətinin kitabının gündəmə gələcəyini qeyd etdi. İ.Əliyev prosesin uzadılması məqsədinin həyata keçirildiyini bildirdi.
Bundan sonra növbəti proses 9 aprel saat 14:00-a təxirə salındı.
Cavanşir ABBASLI
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın