Menu
Geri İrəli

Kimlər zorlamaya meyilli olur?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2010 • Baxış sayı: 754 dəfə • Şərh yoxdur
Share Button

Bu maddə ilə həbs olunanların zindan həyatı barədə keçmiş məhbus “168 saat”a danışıb

Faktların ardıcıllıq qrafiki göstərir ki, zorakılıq xarakterli seksual cinayətlərin artım tendensiyası müşahidə edilir. Artıq cəmiyyətdə belə cinayətlərin sayının artması, təbii olaraq, böyük narahatlıqlar yaradır. Zorlama cinayətlərinin isə qurbanları müxtəlif yaş və sosial təbəqələri əhatə edir. Onlar içərisində qadınlar, azyaşlı qızlar və oğlanlar az deyil.

Bu ilin yanvar-avqust ayları ərzində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə 32 zorlama faktı ilə bağlı cinayət işi daxil olub. Bu kateqoriyalı cinayətlərlə məhkəməyə daxil olan işlərdən əlavə, istintaqı hələ davam etdirilən zorlama faktları da mövcuddur. Lakin bu tip cinayətlərin açılması Azərbaycan reallığında çox çətinlik yaradır. Burada əsasən mentalitet faktoru mühüm rol oynayır. Belə hadisələrdən zərərçəkənlər, onların yaxınları, ailə üzvləri bu cür olayların bağlı qalmasına, başqaları tərəfindən bilinməməsinə çalışırlar. Başqa bir tərəfdən də cinayəti törədən əgər ailə içərisindən biri olarsa, bu zaman ətrafda rüsvay olmamaq üçün məsələni gizli saxlanılması daha məqsədəuyğun hesab olunur.

Bəhs etdiyimiz problem barədə ekspertlər də həyəcan siqnalı çalır və əgər hər hansı əməli tədbirlər görülməzsə, durumun getdikcə daha acınaqlı şəkil alacağını düşünürlər. Bəs ekspertlər hansı tədbirlərin həyata keçirilməsini və bu tip hadisələrin başvermə səbəblərini nədə görürlər?

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas İradə Cavadovanın fikrincə, zorlama cinayətləri çox həssas bir məsələdir. Hüquq müdafiəçisi bildirir ki, təcrübədə də əksər zamanlarda belə qanun pozuntularında şübhəli nüanslar ortaya çıxır. İ.Cavadova hesab edir ki, bu tip cinayətlərin qarşısının alınması üçün ciddi təhqiqatların aparılmasına ehtiyac var.

Birlik sədri bildirir ki, zorlama cinayətləri, əsasən, azyaşlılara qarşı törədilir. Onun sözlərinə görə, azyaşlıların zorlanması və sonradan öldürülməsi hallarına rast gəlmək mümkündür: “Azərbaycan qanunvericiliyində belə cinayət törədən şəxsləri ən çox halda 15 il cəza gözləyir. Bizim qanunvericilikdə bu həddən artıq cəza təyin edilmir. Məhkəmə bu tip cinayət işlərini törədən şəxslərə çox zaman 15 il cəza vermir. Burada cinayəti törədən şəxsə qarşı yüngülləşdirici hallar nəzərə alınır. Onun birinci məhkumluğu və digər yüngülləşdirici məqamlar da cəzanın sərtliyinə təsir göstərir. Təklif etmək olar ki, zorlama cinayətini törədən şəxslərə qarşı yüngülləşdirici hallar tətbiq edilməsin. Bu maddə ilə cinayət törədən şəxslər barəsində yüngüləşdirici hallar məhkəmə tərəfindən nəzərə alınmadığı halda, cəzanı sərtləşdirmək olar”.

Hüquqşünas bildirir ki, zorlama cinayətləri ən çox oğlanlara qarşı törədilir. Onun fikrincə, oğlanlar daha çox məktəb illərində zorakılığa məruz qalırlar. Birbaşa şəxsiyyət əleyhinə törədilən belə cinayətlərin qarşısını almaq üçün aparılacaq profilaktik işin ilk növbədə orta məktəblərdən başlanımasının zəruriliyini önə çəkən İ.Cavadova hesab edir ki, “bununla bağlı məktəblərdə maarifləndirmə işlərinin aparılması lazımdır. Məktəblərdə psixoloqlar olmalı və onlar da məktəblilərə bu sahədə dərslər keçməlidir”. Onun sözlərinə görə, zorlamaya məruz qalan şəxslərin müraciət etmələri üçün xüsusi yerlər müəyyən edilməlidir.

Zorlama hadisələrinin psixoloji səbəblərinə gəlincə isə ölkənin baş psixiatrı Gəray Gəraybəyli hesab edir ki, belə cinayətkarların psixikasında əsaslı problemlər, psixoloji sarsıntılar mövcuddur. Seksual xarakterli cinayətlərin başvermə səbələrinə aydınlıq gətirən mütəxəssis bildir ki, zorlama tərəflərdən birinin istəyi olmadan baş verdikdə, cinayət hesab edilir. O, bildirir ki, bu tp cinayətləri şəxsiyyət sferasında problemli olanlar törədirlər. Onun fikrincə, bu gün cəmiyyətdə çox zaman zorlama cinayətlərini törədənlər yanlış olaraq güclü bir şəxs hesab edilir. Əksinə, belə insanlar şəxsiyyətcə çox zəif insanlardır: “Psixoloji tədqiqatlar göstərir ki, əslində, zorlama seksual xarakterli cinayətləri şəxsiyyət sferasında problemli olan insanlar törədirlər. Birincisi, seksual zorlamanı törədənlər arasında çox böyük bir hissə xasiyyətcə passiv, kompleksli, uşaqlıqda ya ana, ya nənə, bacı, sonradan – ailə qurduqdan sonra həyat yoldaşı tərəfindən asılı saxlanılan insanlardır. İradəsi olmayan kişilər qadınlar tərəfindən idarə olunurlar. Bunlar daimi psixo-dinamik  faktdır”.  Ekspert ikinci tip cinayətkarları seksual sferada problemi olan insanlar hesab edir: “Bunlar potensiyanın enməsindən əziyyət çəkən şəxslərdir – o adamlar ki, həyatlarında seksual sahədə problemlər var. Qadınla normal əlaqəyə daxil olduqda öz qeyri-normallığını hiss edənlər normal qadınlardan çəkinirlər; normal qadınla əlaqəyə girməkdən utanırlar ki, impotent olduğunu hiss edəcəklər. Və yaxud həmin insanların arasında da elələri var ki, ailə həyatı yaşayır, öz zəifliyini büruzə verir, həyat yoldaşı ilə bir qədər zəif olduğunu hiss edir və bu, daim onun üzünə vurulur. Belə insanlar zorlama aktı törətməklə öz “kişilik”lərini təsdiq edirlər”.

Uşaqlara qarşı törədilən zorlama cinayətlərinə münasibət bildirən baş psixoloq bildirir ki, bu tip olayların başvermə səbəbləri də seksual sferada problemi olan insanlarla bağlıdır və belə cinayətkarların nə qədər acınacaqlı olsa da, faizi çoxdur: “Ona görə ki, uşaq seksual həyat üçün formalaşmış obyekt deyil. Belə olan halda partnyoru onun zəif və yaxud güclü olduğunu seçə bilməz. Yəni belə insanların qarşısında başıaşağı olurlar. O, elə partnyor axtarır ki, zəifliyini seçə bilməsin. Belə insanlar intim əlaqə üçün ya uşaq, ya da meyit seçirlər. Belə cinayətlər nadir hallarda qeydə alınsa da, ən qəddar adam hesab edilir”.

Mütəxəssis zorlama cinayətləri baş verən zaman qətl hadisələrini belə izah edir: “Ailədə kişi intim əlaqə zamanı qadınla normal münasibətdə ola bilmir. Bu zaman da həmin kişi qadının təsiri altına düşür və onlar arasında mübahisə baş verir. Nəticədə bu, ağır cinayətin törədilməsinə səbəb olur. Burada birinci növbədə alkoqol içki rol oynayır. İçkili olanda insan daha cəsur olur. Həmin adam qarşısındakı qadını öldürür və meyitlə cinsi əlaqəyə girir. Kriminalist və hüquqşünas buna ayrı qiymət verə bilər, bəs psixoloji nöqteyi-nəzərdə artıq öldürləndən sonra meyitlə əlaqəyə girmək nə deməkdir? Burada həmin şəxs fikirləşir ki, “kişilik” anlayışını nümayiş etdirir”.

Zorlama cinayətlərinə görə verilən cəzaların sərtliyinə gəlincə isə G.Gəraybəyli hesab edir ki, ağır cəzaların tətbiqi məqsədəuyğundur, əks halda belə cinayətlərin sayı durmadan artar. Lakin mütəxəssis bunun heç də yeganə çıxış yolu olduğunu hesab etmir, onun fikrincə, maarifləndirmə işlərinin aparılmasına və gücləndirilməsinə xüsusi diqqət ayrılmalıdır: “Burada maarifləndirmə işlərini gücləndirmək lazımdır. Məktəbdən başlayaraq, qadın-kişi normal əlaqələrinin tədrisinə ehtiyac var”.

Zorlama cinayəti ilə həbsxanaya düşən şəxslərin məhbusluq həyatı da tam fərqli olur. Məsələ ilə bağlı uzun illər zindan həyatı keçirmiş H.K-dan da müsahibə aldıq. Adının çəkilməsini istəməyən H.K zorlama cinayətlərini törədənlərin həbsxanada cox acınacaqlı vəziyyətdə cəza çəkdiklərini bildirdi: “Mən SSRİ vaxtında cəza çəkmişəm. O vaxt zorlama maddəsi ilə məhkum olanları kamerada ən murdar yerdə otuzdurar və ən çirkin işləri gördürərdilər. Uşaqlara qarşı belə hərəkət edənlərin cəzası isə daha ağır olardı. Onlara konkret ad verilərdi, onlarla ünsiyyətə qadağalar qoyulardı. Hamı onlardan qaçar, belə insanları təhqir edərdilər. Açığın desəm, mənim də belə adamlara qarşı nifrətim var. Zorlama cinayəti ilə iş alanlara kişi gözü ilə baxmıram və onları alçaq hesab edirəm. Kişiliyin yazılmamış qanunları var, onlardan biri də qadına zorakılıq etməmək, əsas da azyaşlılara. O ki qaldı oğlanlara, qarşı zorakılıq edənlərə, onların bir adı var, “nakişi””.

Göründüyü kimi, zorlama heç bir sosial təbəqədə qəbul ediləsi bir hadisə deyil, bu, tam anormal haldır. Cəmiyyət belə xoşagəlməz olaylardan, əməllərdən çəkinməlidir, daha doğrusu, insanlar bu tip hərəkətlərdən çəkindirilməlidir. Amma köklü şəkildə necə?! Bax elə əsl sual budur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın