Menu
Geri İrəli

Kriminal avtoriteti öldürən sumqayıtlı qardaşlara hökm oxundu

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2012 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməyə cəhddə ittiham olunan Sumqayıt şəhər sakinləri – Nəriman və Fərman Hüseynov qardaşlarının cinayət işi üzrə məhkəmə başa çatıb.

“Azadinform” xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Nəriman Hüseynov 15 il, Fərman Hüseynov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Quba rayonunun İsnovqışlaq kənd sakini, 39 yaşlı Eynulla Nemətovu qardaşının dostu olan Sumqayıt şəhər sakini, 46 yaşlı Nəriman Hüseynov və onun qardaşı Fərman xəncərlə qətlə yetirib. Qanlı hadisənin başlanğıcı Nəriman Hüseynovun bir müddət əvvəl Eynulla Nemətovun rəhmətə gedən qardaşının yas mərasiminə gəlməməsində qoyulub. Yas mərasimindən sonra Eynulla Nemətov qardaşının dostu Nəriman Hüseynova zəng edərək, yasa gəlməməsinin səbəbini soruşub. Nərimanın cavabında isə onun ölməli adam olduğunu bildirib.
Elə həmin andan E.Nemətov qisas hissi ilə alışıb-yanırmış. Hadisə baş verən gün axşam o, qədim xəncərlə silahlanaraq N.Hüseynovun yaşadığı evə gəlib. Onu həyətə çağıraraq xəncərlə vurmaq istəyib. Lakin birləşən Hüseynov qardaşları xəncəri əlindən alıblar və onun öz ürəyinə sancaraq qətlə yetiriblər. Hüseynov qardaşları daha sonra Eynullanın bədəninin müxtəlif hissələrinə 19 xəncər zərbəsi vurublar. Daha sonra onlar meyiti evin qarşısında, Bakı-Quba yolunun kənarına atıblar. Ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun meyitini tapıblar.
Baş verən qanlı cinayət olayı ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Onu da əlavə edək ki, mərhum kriminal aləmdə nüfuzlu şəxslərdən olub. O, əvvəllər qəsdən adam öldürməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilib.Natiq Bağırov/AZADİNFORM.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın