Menu
Geri İrəli

Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşlarla görüşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2017 • Baxış sayı: 556 dəfə • Şərh yoxdur

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 26-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə tər gül dəstələri düzüblər.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Sumqayıtdan qəbula yazılan vətəndaşlar qardaşlaşmış şəhərlərin təsviri və tətbiqi sənət ustalarının qarşılıqlı olaraq sərgilərinin, eləcə də Sumqayıtda caz musiqi və beynəlxalq qutab festivallarının keçirilməsini, yerli rəssamların planerinin, musiqi məktəblərində ustad dərslərinin təşkilinə köməklik göstərilməsini xahiş ediblər.

Abşeron sakinləri tərəfindən rayonda təcrübəli müəllimlərin iş metodlarının internet vasitəsi ilə yayılması, məktəblərdə ustad dərslərinin təşkilinə dəstək verilməsi barədə müraciət olunub.

Xızı rayonundan qəbula gələnlərin Xanagah adlanan yaşayış məntəqəsinin və Şeyxlər türbəsinin tədqiq edilməsi, işlə təmin olunma və digər məsələlər barədə olub.

Şuşa rayonundan qəbula yazılan vətəndaşlar məcburi köçkünlər üçün Zaqatalada salınmış yeni qəsəbədə klub müəssisəsinin istifadəyə verilməsi, uşaq musiqi məktəblərində saz ixtisasının inkişaf etdirilməsi və digər məsələləri diqqətə catdırıblar.

Zəngilan və Qubadlıdan olan məcburi köçkünlər kitabxanalara uşaq ədəbiyyatının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı məsələri qaldırıblar.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təkliflərin olduğunu deyib: “Bu ilin ilk qəbulunu Sumqayıt şəhərində keçirdik. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi sistemində islahatlar keçirildi. Bu islahatlar nəticəsində 15 regional mədəniyyət və turizm idarələri yaradıldı. İslahatlar ölkəmizin mədəniyyət və turizm sahələrində idarəçiliyin təkmilləşdirilməsinə və işimizin müasir tələblərə uyğun şəkildə qurulmasına xidmət edir”.

Nazir vurğulayıb ki, sakinlər mədəniyyətin və turizmin inkişafına xüsusi həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər. Bütün bunlar yerlərdə mədəniyyət və turizm sahəsində mövcud problemlərin həllinə müsbət təsir edir.

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək dəyərləndirib. Bildirib ki, turizm sənayesinin daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: “Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas prioritet istiqamətlərdən biridir. Ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam və həmin il 6 dekabr tarixli Fərmanla təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ölkəmizin turizm sənayesinin inkişafında yeni mərhələ olacaq”.

Əbülfəs Qarayev qeyd edib ki, həyata keçirilən işlər nəticəsində ötən il ölkəmizin turizm sənayesində ciddi irəliləyiş baş verib. İndi ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi üçün ciddi addımlar atılır. Məhz görülən tədbirlərin nəticəsi olaraq, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 11,7 faiz artım qeydə alınıb. Ötən il də viza sisteminin sadələşdirilməsi və bəzi ölkə vətəndaşları üçün hava limanlarımızda vizaların verilməsi həyata keçirildi. 2017-ci ilin yanvarından isə “ASAN viza”ların verilməsinə başlanıldı. Ölkəmizə gələn xarici turistlərin sayında 2017-ci ildə də ən azı 6, 7 faiz artım gözləyirik.

Nazir bildirib ki, artıq ölkəmizə səfər edən xarici vətəndaşların böyük əksəriyyəti respublikamıza məhz turist kimi gəlir. Ötən il Körfəz, MDB, Avropa və Asiya ölkələrindən daha çox turist səfər edib. İndi dünyanın məşhur turizm saytları, turizm üzrə tədqiqatçılar səfər etmək üçün ən yaxşı ölkələr sırasında Azərbaycanı da məsləhət görürlər.

DSC_0089 DSC_0088 (1) DSC_0077 (1) DSC_0061 DSC_0057 DSC_0025 DSC_0029 DSC_0053 DSC_0055

Facebook Şərhləndirmə:

Şərhinizi yazın