Menu
Geri İrəli

Məktəb yaşına çatmayan uşaqların I sinfə qəbulu hansı qaydada aparılır? – ANAR QASIMLI CAVABLANDIRIR

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Fevral 2016 • Baxış sayı: 945 dəfə • Şərh yoxdur

anarVəkil Anar Qasımlı oxucuların suallarını cavablandırır.

sumqayitxeber.com mövzunun aktuallığını nəzərə alaraq vəkil Anar Qasımlının I sinfə qəbulu qaydadaları ilə bağllı şərhini təqdim edir:

Sual: Məktəb yaşına çatmayan uşaqların I sinfə qəbulu hansı qaydada aparılır?

Cavab: Uşaqların I sinfə qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdiərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər hüquqi normativ aktlara əsasən həyata keçirilir.

Məktəb yaşı

Məktəb yaşı 6 yaşdır. Məktəbin I sinfinə hər il sentyabrın 15-dək (15-i daxil olmaqla) 6 yaşı tamam olan, əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul olunur. Məktəbin I sinfinə ilk növbədə məktəbin xidməti ərazisində yaşayan uşaqlar qəbul edilir. Sentyabrdan sonra I sinfə Təhsil Nazirliyinin icazəsi olmadan şagird qəbulu aparılmır.

Uşaqların I sinfə qəbulu barədə valideynin (digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarım ilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Ərizədə müvafiq sənədlərlə yanaşı, uşağın təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil qeyd edilir.

Məktəb yaşına çatmayan uşaqlar

Dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilərlər. Qaydalara əsasən, vaxtından əvvəl I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil ediləcək. İstedadlı uşaqların seçim hüququ yerli təhsil şöbələrinə verilib və bu məqsədlə yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən – ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət komissiyaların yaradılır. Komissiyaya yerli təhsil şöbələrinin müdirləri rəhbərlik edirlər.

Qaydalara əsasən uşaqla tədris alacağı dildə 15-20 dəqiqə ərzində müsahibə aparılması, zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün onlara 4 sual verilməsi, hər bir suala cavabın 5 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur. Məktəbə qəbul olunmaq üçün uşaq ən azı 15 bal toplamalıdır.

Valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkilişin aparılmasına da icazə verilir. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə ərizələr hər il iyulun 20-dən avqustun 20-dək yerli təhsil şöbələrində qeydiyyata alınacaq və onların seçimi sentyabrın 10-dək təhsil şöbəsinin müəyyən etdiyi günlərdə həyata keçirilir.

Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun rəy hazırlayır. Komissiyanın rəyi müsahibə aparıldığı gün açıqlanır.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu komissiyanın rəyi əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsinin) müdirinin əmri ilə rəsmiləşdirilir. Əmrin surəti uşağın təhsil alacağı məktəbə təqdim olunmaq üçün onun valideyninə (digər qanuni nümayəndəsinə) verilir.

Xüsusi istedad meyarları

Aşağıdakı zehni keyfiyyətlər məktəb yaşına çatmayan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların xüsusi istedadını şərtləndirən amillər hesab olunur:
- Mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi.
- Nitqin aydınlığı və rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi.
- Təqdim olunmuş mövzuda sadə şifahi mətnin qurulması.
- Yaşa görə söz ehtiyatının zənginliyi.
- Dinlənilən mətndən müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi.
- Müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş etdirilməsi.
- Müşahidə etdiyi hadisələrə münasibət bildirilməsi.
- Müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsi.

I sinfə qəbul üçün tələb olunan sənədlər

Valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri təqdim etməlidir:
Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (uşağın doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işləri üzrə Ali Komissarlığının Himayə Sənədi);
uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
2 (iki) ədəd 3×4 ölçüdə fotoşəkil;
məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa);

Facebook Şərhləndirmə:

Şərhinizi yazın