Menu
Geri İrəli

Memarlar Sumqayıtın genişləndirilməsini müzakirə edib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2013 • Baxış sayı: 208 dəfə • Şərh yoxdur
 sumqayit-14
Sumqayıt Şəhər İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan Memarlar İttifaqı idarə heyətinin səyyar iclası olmuşdur. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Memarlar İttifaqının sədri, respublikanın əməkdar memarı Elbay Qasımzadənin iştirak etdikləri iclasda Sumqayıtın baş inkişaf planı müzakirə edilmişdir.

AzərTAc xəbər verir ki, Sumqayıtın öz təyinatını başa vurmuş baş planı keçən əsrin ikinci yarısında sovet mütəxəssisləri tərəfindən hazırlanmışdı. Yeni əsas şəhərsalma sənədi “Azərdövlətlayihə” elmi-tədqiqat institutunun mütəxəssisləri tərəfindən hazırlanmışdır. Layihəni onun müəllifi – baş planın baş memarı Rasim Əmirov təqdim etmişdir.
Təqdimetmə zamanı qeyd olunmuşdur ki, Sumqayıt sürətlə inkişaf edir. Yeni nəsildən olan sənaye müəssisələrinin coğrafiyası genişlənir, nadir sənaye parkları yaradılır. Bununla əlaqədar olaraq əhalinin fəal miqrasiyası müşahidə edilir. Doğumun dinamikası da müsbət tərəfə doğru dəyişir. Bütövlükdə hər ay şəhərdə əhalinin sayı 700 nəfər artır. Üstəlik, bu şəhərdə xeyli məcburi köçkün yaşayır. İnsan resurslarının nəzərəçarpacaq dərəcədə artması şəhər sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinin prioritetliyini və şəhərin inkişafına dair müasir tələblərə cavab verən daha mükəmməl baş plan yaradılmasının aktuallığını müəyyən edir.
Bu fakt baş planı hazırlayanların diqqətindən kənarda qalmamışdır: mütəxəssislər tikinti sahəsini inkişaf etdirilməsinə, mənzil fondunun həcminin artırılmasına üstünlük vermişlər.
Baş planın eksperti kimi çıxış etmiş respublikanın əməkdar memarı Seyfulla Quliyev görülmüş işi müsbət qiymətləndirərək bir sıra mühüm təkliflər irəli sürmüşdür.
Təqdim olunmuş sənəd canlı müzakirəyə səbəb olmuşdur. Maraqlı, konstruktiv dialoqda Memarlar İttifaqı idarə heyətinin üzvləri, təcrübə keçən memarlar, habelə sumqayıtlılar iştirak etmişlər. Müzakirələr zamanı yaşayış massivlərinin salınması üçün yeni meydançalar yaradılmasının bir neçə variantı, o cümlədən şəhər ərazisinin genişləndirilməsi versiyası nəzərdən keçirilmişdir.
Qeyd edək ki, səyyar iclasda iki gənc sumqayıtlı memar yaradıcılıq ittifaqının sıralarına qəbul olunmuşdur.
Memarlar İttifaqı idarə heyətinin qərarı ilə şəhərin icra hakimiyyəti başçısına Azərbaycan Memarlar İttifaqının fəxri üzvü diplomu təqdim edilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın