Menu
Geri İrəli

Möhübbət Məhərrəmov: “Mən qətiyyətlə deyə bilərəm ki, Sumqayıtın dənizkənarı parkı həyat simfoniyasıdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2017 • Baxış sayı: 797 dəfə • Şərh yoxdur
Share Button

Bizim onunla yeni görüşümüz çox maraqlı bir gündə noyabr ayının 21-də Sumqayıtın şəhər statusu aldığı gün oldu. Həm də bu ilin avqust ayının 1-də Sumqayıta gəldiyi ilin 55 illiyinin tamamında görüşdük. Onu Sumqayıtda demək olar ki, kiçikdən böyüyə qədər qədər hamı tanıyır. Çünki bu insanın adı gələndə hamı eyni sözü deyir: “Möhübbət həkim bir əczaçı, aptek müdiri kimi Sumqayıtda yaşadığı 55 ildə hamıya yaxşılıq edib. O, “Loğman” aptekinə rəhbərlik etməklə sözün həqiqi mənasında özü də böyük loğmandır”. Bütün sumqayıtlılar kimi mən də həmişə bu insanın böyük xeyirxahlığı, səxavəti ilə çox rastlaşmışam…

Yaxşı yadımdadır ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrına rəhbərlik etdiyim vaxt 1990-cı ildə 2 yaşlı kiçik qızım Dünyaxanım xəstələnmişdi. Həkimlər bir neçə dərman yazmışdılar ki, həmin dərmanlar hökmən tapılmalıdır. Mən bütün aptekləri gəzsəm də həmin dərmanları Sumqayıtdan tapa bilmədim. Çox məyus oldum. Ona görə məcbur olub, Möhübbət həkimə müraciət etdim. O, özünəməxsus şəkildə mənə təskinlik verdi və dedi: “Darıxmayın, ən geci 3-4 saata mən həmin dərmanları tapacağam. Gəlib buradan götürərsiniz”. Təxminən 3 saatdan sonra mənə zəng vurdu ki, dərmanlar hazırdır, gəlib götürə bilərsiniz. Dərmanları götürdüm, pulunu vermək istədim. Gülümsünüb dedi: “Bu dərmanlar məndən sənin körpə balana əmi payıdır”. Mənim kimi minlərlə insanlara Möhübbət həkim “əmi payı” kimi tapılmayan dərmani tapıb verib. Məhz buna görə də o, iştirak etdiyi hər bir xeyir-şər məclisində, bayramlarda hamı onunla ən doğması, əzizi kimi görüşür və hal-əhval tutur. Ondan məsləhətlər alırlar. Bu insanı çoxminli oxucularımızın da tanıması üçün onun haqqında kiçik arayış vermək istəyirəm.

Qısa arayış: Möhübbət Fərman oğlu Məhərrəmov 23 avqust 1940-cı ildə Qubadlı rayonunun Məmər kəndində anadan olub. 1942-ci ildə atası Fərman kişi Böyük Vətən müharibəsinə gedib. Müharibədə böyük igidliklər göstərib və həlak olub. Balaca Möhübbət dünyaya gəlişi ilə atasızlıq acısını görüb. Anası Sürəyya xanım və nənəsi Zöhrə xanım 5 uşağı çox böyük çətinliklə böyüdüblər. Onların atasızlıq acısını hiss etməmələri üçün əllərindən gələni ediblər. Beş uşağı 1945-47-ci ilin aclığından da çox çətinliklə keçiriblər. Balaca Möhübbət ailənin kiçiyi kimi hamının sevimlisi olub. Dörd il öz kəndlərində təhsil alıb. Elə ilk gündən müəllimlər onda olan zehnə, yaddaşa heyran olublar. Möhübbət orta məktəbi Hal kəndində bitirib və sənədlərini Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakultəsinə verib. Fikirləşib ki, bu sahədə insanlara daha böyük köməklik edə bilər. Möhübbət uca boyu, gözəl, yaraşığı, qaltanlı səsi və yüksək savadı ilə təkcə müəllimləri yox, bütün tələbə yoldaşlarını valeh edib. İnstitutun ən fəal tələblərindən biri olub. Tələbəlik illərində, 1959-cu ildə Qazaxıstanın xam torpaqlarından olan Aktyubinsk vilayətinə işləmək üçün göndərilən Möhübbət həkim orada çox böyük ad-sanla qayıtdığına görə, həmin vaxtlar Azərbaycan Mərkəzi Komsomol Komitəsinə rəhbərlik edən Maqsud Əlizadə cavan Möhübbət Məhərrəmov haqqında xoş sözlər deyib və ona Fəxri Fərman, qiymətli hədiyyə verəndə zalda oturanlar ikinci kursu yenicə bitirən bu cavan, yaraşıqlı oğlanın fərasətinə, ağlına heyran olublar, onu sürəkli alqışlarla qarşılayıblar.

1962-ci ildə Möhübbət Məhərrəmov ali məktəbi əczaçı diplomu ilə bitirib. 1 avqust 1962-ci ildən taleyini Sumqayıtla bağlayıb. İlk əvvəl 265 saylı aptekdə reseptor kimi işə başlayıb. 1962-ci ildən 182 saylı aptekdə gecə növbətçi-satıcı kimi işləyib. 1966-cı ildən 300 saylı aptekin müdiri təyin olunub. 1973-cü ildən işini 440 saylı aptekin müdiri kimi davam etdirib. 1975-ci ildən müdir vəzifəsini rəhbərlik etdiyi 415 saylı aptekdə davam etdirib. 1987-ci ildən bu aptek Sumqayıt şəhərinin Mərkəzi Apteki olub. Möhübbət həkim on ildən çox isə Sumqayıt apteklərinin birləşmiş müdiri vəzifəsində də işləyib. Onun 55 illik əməyi dövlət tərəfində çox yüksək qiymətləndirilib. O, hələ Sovetlərin dövründə “SSRİ Tibb Əlaçısı”, “Əməkdar əczaçı” fəxri adlarına layiq görülüb. İki çağırış Sumqayıt şəhərinin deputatı olub. SSRİ Səhiyyə Nazirliyinin 29 aprel 1986-cı il tarixli əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Azərbaycan müstəqillik qazanandan sonra isə Möhübbət həkimin mükafatları daha çox olub. Onlardan 2009-cu ildə “Tərəqqi” medalı, 2014-cü ildə “H.Tağıyev adına orden” və 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” onun üçün daha əziz, daha şərəflidir. Üç övladı, on nəvəsi olan Möhübbət həkim həmişə övladları və nəvələri ilə fəxr edir. Çünki onların hamısı ali təhsil alıb və Vətənə, dövlətə layiqincə xidmət edirlər.

Biz, Möhübbət həkimlə üz-üzə əyləşib, onun həyatının maraqlı, keşməkeşli anlarını vərəqləyirik.

- Siz, 55 ildir ki, həyatınızı Sumqayıtla bağlayıbsınız. Bu şəhərə gəldiyiniz ilk günlər və işə başladığınız, keçdiyiniz həyat yolu yaddaşınızda necə qalıb?

- Həmin günləri yada salmaq mənimçün çox çətindir. Çünki bu şəhərə gəldiyim vaxtlarda çox çətin günlər keçirmişəm. Mən bu şəhərə Səhiyyə Nazirliyinin əmri ilə 1962-ci ildə gəlmişəm. Məni 265 nömrəli aptekə işə götürdülər. Amma heç bir şərait yaratmadıqlarından üç ay sonra oradan mən işdən çıxası oldum. O vaxt 182 nömrəli aptekin müdiri Ağa Abdullayev yəqin ki, yüksək tərbiyəmə, böyük-kiçik yeri bildiyimə görə sözün həqiqi mənasında mənə “dədəlik” köməyi elədi. Allah ona qəni-qəni rəhmət eləsin. Belə ki, məni özü rəhbərlik etdiyi aptekə gətirdi. Burada gecə növbətçisi oldum. Əvvəlki iş yerimdə 62 manat alırdımsa, burada artıq maaşım 90 manat oldu. O, məni Kimya-Texnologiya Texnikumuna kimya müəllimi kimi işə düzəltdi. Burada da özümü doğrultduğuma görə, yenə də onun sayəsində məni Sumqayıt Sənaye Universitetinə müəllim kimi işə götürdülər. Həmin vaxtı Universitet indiki Katec qəsəbəsində yerləşirdi. Beləliklə, gecə aptekdə işləyə-işəyə həm Sənaye Universitetində və həm də Kimya-Texnologiya Texnikumunda dərs deməyə başladım. Yaxşı dərs dediyimə görə, hətta məni Tibb Texnikumuna da işə götürdülər və orada da dərs dedim. Əsas iş yerim isə Kimya-Texnologiya Texnikumu idi. Orada həm laboratoriya rəhbəri idim və həm də kimyadan dərs deyirdim. Ağa Abdullayevin köməkliyi ilə Sumqayıtda mənə 1965-ci ildə bir otaqlı mənzil verdilər. 1966-cı ildən yenə də Ağa Mövsüm oğlunun köməkliyi ilə məni 300 nömrəli aptekə müdir təyin etdilər. Mən həmin vaxtı müəllimlik sənətimdən də ayrılmadım, axşamlar həm Universitetdə və həm də texnikumda kimya fənnindən dərs demişəm. 1973-cü ildə məni 440 nömrəli aptek məntəqəsinə müdir təyin etdilər. Bu aptek də yalnız köməkçi mallar olan sarğı materialları satırdı. Mənim sayəmdə aptek təmir olundu və ondan sonra dərman satmağa başladı. Burada işimi yaxşı bəyəndilər və ona görə də Səhiyyə Nazirliyinin əmri ilə daha böyük, cavabdehli aptek olan 415 nömrəli aptekə 1975-ci ildən müdir təyin etdilər. Həmin vaxtdan da mən burada müdir işləyirəm. Artıq 43 ildir. 1987-ci ildə Sumqayıtda Apteklər idarəsi ləğv olunandan sora mən Sumqayıt Mərkəzi aptekinin müdiri işləməyə başladım. 1910-cu ildə apteklər özəlləşəndən sonra bu vəzifə ləğ olundu.

- Bəs Sumqayıta gəldiyiniz vaxt bu şəhər yaddaşınızda necə qalıb?

- Mən bura gələndə mikrorayonlar yox idi. Bu şəhər yalnız İnşaatçılar qəsəbəsindən, Katecdən və bir neçə məhəllədən ibarət idi. Həmin vaxtı biz elektrik qatarı ilə Bakıdan Sumqayıt stansiyasına gəliridk və oradan da avtobusa minib, gəlib “Yaşıl aptekin” yanında olan avtovağzalda düşürdük. İndiki mikrorayonların yeri Corat camaatının və kolxozun bağları idi. Həmin vaxtda da Sumqayıtda cəmi 5 aptek vardı. Bu apteklərin də hamısı Bakı şəhərinin tabeliyində idi. Sumqayıtda isə cəmi 4 küçə vardı. Azərbaycan (keçmiş Lenin), Dostluq, Nəriman Nərimanov və Səməd Vurğun küçələri. Amma bir məsələni deyim ki, burada çox qaynar işlər gedirdi. Sumqayıt həmin vaxt nəhəng tikinti meydanını xatırlardırdı. Bütün günü, gecə və gündüz burada iş çox sürətlə gedirdi. Burada zavodlar, fabriklər, yaşayış massivləri tikilirdi. Özü də qısa zamanın içərisində yaşayış evləri tikilib hazır olurdu. Şəhər elə bil ki, qaynayırdı. Az bir vaxtda 1, 2, 3, 5 və başqa mikrorayonlar tikilib istifadəyə verildi. Artıq şəhərdə yaşıllıq massivləri salınmağa başladı. Bu qumsallıqda hər bir ağacı, gülü ərsəyə gətirmək üçün onun üstündə zağ-zağ əsirdilər.

- Həmin dövrün rəhbər işçilərindən kimləri xatırlayırsınız?

- Mən Sumqayıta gələndə burada şəhərin birinci katibi Kamran Hüseynov idi. Baxmayaraq ki, o da Qubadlı rayonundan idi, amma mən onu tanımırdım. Deyirdilər ki, onun sayəsində Azərbaycanın rayonlarından çoxlu adamlar Sumqayıta işləməyə gəlib. Hətta Kamran müəllim Azərbaycanın rayonlarına gedib, yoxsulluq içində yaşayan adamlarla böyük təbliğat aparıb, onları Sumqayıtda işləməyə dəvət edir və onlara burada yaxşı şərait yaradır, evlə təmin edirdi. Sonralar mən onunla tanış olanda gördüm ki, yüksək təfəkkürə, böyük təşkilatçılıq qabiliyyətinə malik olan insandır. Ondan sonra Nadir Balakişiyev şəhər partiya komitəsinin birinci katibi, Hüseyn Axundov İcraiyyə Komitəsinin sədri oldu. Ona hamı Kamal Axundov deyirdi. Sumqayıtda yaşıllıqların və dəniz sahilindəki parkın salınması məhz onun adı ilə bağlıdır. Bu şəhərin də yaşıllışdırılması ilk növbədə onun adı ilə bağlıdır. Mənim də onunla çox yaxşı münasibətim olub. Bu insan hər gün səhər işə gələndə ayağında çəkmə piyada şəhəri bütövlükdə gəzib, harada problemlər vardısa onları müəyyənləşdirib sonra iş yerinə gəlirdi. Hər gün də səhər saat 9-da şəhərin rəhbər işçiləri ilə görüşüb, hamını dinləyər və şəhərdə olan problemləri sadalayardı. Heç kim ona yalan sata bilməzdi. Çünki hər şeydən xəbəri olurdu. O, bütün işçiləri də yalnız bacarığına görə rəhbər vəzifəyə qoyurdu. Heç kimdən də heç bir təmənnası yox idi. Dəniz sahilindəki Nəsimi adına parkın salınması məhz onun sayəsində və özü də çox çətinkilə başa gəlib. Orada əkilən ağacların da demək olar ki, heç birinə pul verilməyib. Onun Azərbaycanın rayonlarında dostluq etdiyi çoxlu birinci katiblər vardı. Kamal müəllim onlara xahiş edirdi və onlar da tinglər verirdilər. Bu ağacların da Sumqayıtın qumsallığında ərsəyə gəlməsi, boy atması üçün Kamal müəllimin rəhbərliyi ilə hamı böyük cavabdehlik daşıyırdı. Şəhər İcra Hakimiyyəti binasının qarşısında olan yaşıl sarmaşıqları də məhz Kamal Axundov əkdirmişdi. Həmin yaşıl binanın dünyada analoqu yox idi. Əfsus ki, həmin yaşıllığı 2010-cu ildə dağıtdılar… O vaxtlar şəhərin bütün adamları çalışırdılar ki, evlərinin yanında əkilən ağaclara qulluq etsinlər ki, onlar boy atsın. Bu şəhərdə yaşayış massivlərinin, sənaye müəssisələrinin tikilməsində isə Kərim Rəhim oğlu Axundovun xidməti əvəzsiz olub. Bu insan da Sumqayıt üçün çox iş görüb. Bax həmin 1960-80-ci illəri mən Sumqayıtın intibah dövrü adlandırıram. Çünki ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Sumqayıta daha ciddi fikir verməyə başladı. Onun dövründə Sumqayıt özünün sənaye potensialına, kimya müəssisələrinin və Azərbaycan Boru Prokat zavodunun hesabına nəinki keçmiş SSRİ məkanında, hətta bir sıra xarici ölkələrdə də tanındı. Ulu Öndər Moskvaya işləməyə gedəndən sonra Sumqayıtda işlər zəifləməyə başladı… Ümummilli lider ikinci dəfə xalqın istəyi ilə hakimiyyətə gələndən sonra Sumqayıtda işlər yenidən dirçəlməyə başladı…

Sizə maraqlı bir epizod danışım. Bakıya, Təkmilləşdirmə İnstitutuna kursa getmişdik. Həmin vaxtı bu azərbaycan Təkmilləşdirmə İnstitutuna SSRİ məkanından çoxlu insanlar gəlirdi. Burada Azərbaycandan təkmilləşdirmə kursunda olan aptekçilər isə Bakıdan və Sumqayıtdan idi. Müəllimlərimiz bizdən xahiş etdilər ki, SSRİ məkanından gələn bu insanları bazar günləri Bakıda və Sumqayıtda aparıb gəzdirin, onlar da Azərbaycanın görməli yerlərini görsünlər. Sumqayıtdan məndən başqa və 182 nömrəli aptekin müdiri Rəfael Heybətovda bu kursda idi. Biz onunla belə qərara gəldik ki, həmin insanları Sumqayıta gətirib, şəhərimizlə tanış edək. Biz Rəfael Heybətovla 12 nəfər adamı Sumqayıta gətirib, şəhərdə gəzdirdik. Onlar burada olan tikililərə, şəhərdə gedən işlərə çox heyran oldular. Bu şəhərin yaşıllığı isə onları valeh elədi. Rəhmətlik Məyiş kişinin “Kurort” deyilən çayxanasında çay içib, bir qismət çörək kəsdik. Onlar dedilər ki, biz Sovet məkanında yeni salınan şəhərlər arsında belə yaşıllığı və geniş küçələri olan şəhər görməmişik. Sonra onları Bakıya yola saldıq. İnanın səhər biz instituta gələndə bu adamlar tələbə yoldaşlarımıza Sumqayıtda gördükləri gözəlliklər haqqında elə maraqla danışırdılar, biz bundan sonra şəhərimizi daha çox sevməyə başladıq. Həmin gün dərsimiz bütövlükdə Sumqayıta həsr olundu.

- Bəs həmin insanlar bu gün şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə qısa müddətdə görülən işləri görsəydilər nə deyərdilər?

- Zakir müəllimin iki ildə Sumqayıtda gördüyü işlər böyük möcüzədir. Bu gün Sumqayıt həmin 60-80-ci illərdə olan Sumqayıtdan da yaxşıdır. Deməli, Zakir müəllimin sayəsində Sumqayıt özünün ikinci intibah dövrünü yaşayır. Keçən əsrin 60-80-ci illərində də dəniz sahili vardı. Amma belə gözəl və yaraşıqlı deyildi. Bu gün Sumqayıt nəinki Azərbaycanda və MDB məkanında, hətta Avropa ölkələrinin ən müasir şəhərlərindən biridir. Çünki mən Kislovodskidə, Yesentükidə, Nalçikdə olmuşam. Həmin şəhərlərdə də parklar var. Amma həmin yerlərdə tarixən ağaclar lap əvvəldən bitib. Torpaq da münbitdir. Lakin Sumqayıtın qumsallığında əkilən ağaclar həm gözəlliyinə, həm yaraşığına və həm də çoxluğuna görə həmin şəhərlərin ağaclartından çoxdur. Eləcə də parklarımız həmin şəhərlərin parklarından yaraşıqlıdır. Mən özüm bu müddətdə Sumqayıtda yaşamışam. İnanın, əgər üç il bundan əvvəl desəydilər ki, həmin qumsallıqda belə yaraşıqlı park salmaq olar, mən heç vaxt inanmazdım. Elə Zakir müəllim həmin qumsallıq, çirkab sularının və şəhərin zir-zibillərinin töküldüyü yerdə bu parkı salmaq istəyəndə Sumqayıt şəhər əhalisinin 80 faizi inanmırdı ki, burada belə yaraşıqlı park salmaq olar. Lakin Zakir Fərəcovun prinsipiallığı və təşkilatçılığı sübut etdi ki, bu, mümkündür. Özü də cəmi 10 ayda. Bununla o, özünə insanların ürəyində əbədi bir heykəl ucaltdı. Prezidentimiz İlham Əliyev bu parkı gəzəndən sonra Zakir müəllim tərəfindən inşa olunan dörd mərtəbəli, Avropa standartlarına uyğun Heydər Əliyev Muzeyindəki çıxışında da dedi ki, “Bu park həqiqətən bir möcüzədir”. Təsəvvür edin ki, Zakir Fərəcov 2015-cı ilin sentyabr ayının 2-dən bu şəhərə rəhbərlik etməyə başlayıb. Cəmi iki ildən bir qədər artıq bir vaxtda görün Sumqayıtda bir-birindən yaraşıqlı – Heydər Əliyev Mərəkəzi, Şahmat Məktəbi, Musiqi Məktəbi, Yeni Azərbaycan Partiyasının yaraşıqlı binası və başqa inzibati binalar, çoxlu yaraşıqlı yaşayış binaları inşa olunub. Sumqayıtın həm əvvəlki giriş yolu, həm Novxanıdan şəhərə giriş yolu yüksək səviyyədə Avropa standartlarına uyğun çox yaraşıqlı qurulub. Şəhərin demək olar ki, bütün küçələri yenidən təmir olunub və qurulub. Köhnə binalar yüksək səviyyədə təmir olunub. Parklar, xiyabanlar yenidən təmir olunaraq yüksək səviyyədə insanların ixtiyarına verilib.

bulvar66

Heydər Əliyev Parkı isə artıq şəhərə bir yaraşıq verir. Qisa vaxtda Sumqayıta hətta gəmi də gələcək. Dənizin içərisinə 500 metrədən çox böyük, geniş yol da çəkilib. Az bir vaxtda Sumqayıtda böyük gəmi gəzinitisi də olacaq. Bir vaxtlar bu ideyanı Sumqayıtın birinci katibi olmuş rəhmətlik Şənlik Əliyev də reallaşdırmaq istəyirdi. Amma bu ideya ona nəsib olmadı. Zakir müəllim bu ideyanı bir qədər də geniş formada reallaşdırdı. Dəniz sahilinə axşamlar çıxanda Sumqayıtın mikrorayonlarına, Corat və Sarıqaya tərəfə baxanda adam elə bilir ki, Neapol şəhərindədir. Əvvəllər mənim nəvələrim istirahət etmək üçün Bakı bulvarına gedirdilər. Sumqayıtda bu dənizkənarı park salınandan sonra onlar deyir ki, belə gözəl yeri qoyub, Bakıya niyə gedirik? Mən qətiyyətlə deyə bilərəm ki, Sumqayıtın dənizkənarı parkı həyat simfoniyasıdır. Dəniz sahilində olan “Dörq qardaş” restoranından Sarıqayaya gedən yola baxıram, heyran oluram. Mən həmin yolu 30 il gedib-gəlmişəm. Sarıqayada bağım var. Əvvəllər yaz-yay vaxtları həmin yolu getmək çox müşkül idi. Zakir müəllimin sayəsində həmin yollar indi ikitərəfli olub.

Sağ və sol tərəflərdə də yaşıl ağaclar əkilib. Park salınıb. Bu il bağa gedəndə heç bir əziyyət çəkmədim. Sumqayıt Dövlər Dram Teatrının binası gözəl bir görkəm alıb. Binanın içərisi yüksək səviyyədə təmir olunub. Binanın qarşısındakı fantanlar meydana böyük yaraşıq verir. Artıq belə fantanlar Sumqayıtda 10-dan çox tikilib və insanların ixtiyarına verilib. Sumqayıtda əvvəllər fantan yox idi. Mən belə yaraşıqlı fantanları əvvəllər Nalçik şəhərində görmüşdüm. İndi Sumqayıtın hər yerində fantanlar var. Bütün bunlar da cəmi iki ildə inşa olunub. Təsəvvür edin ki, bu şəhər on ildən sonra necə gözəl və yaraşıqlı olacaq. Bu şəhərə turist axını həddindən artıq çox olacaq. Dəniz sahilində tikilən hotellər, yaşayış binaları qısa vaxtda istifadəyə veriləndən sonra bu şəhər həqiqətən bir nağıl olacaq. Mənim sevdiyim ağaclardan biri gül ağacıdır. Bağmda çoxlu güllər əkmişəm. Amma bu qısa vaxtda Zakir Fərəcəovun Sumqayıtı güllər diyarına çevirməsi doğrudan da adamda heyrət doğurur. Hər tərəf ayrı-ayrı rənglərdə, ayrı-ayrı növlərdə güllərdir. Bütün bunları görəndə adam elə bilir ki, cənnətdədir. Mən inanıram ki, dəniz sahilindəki park Hacı Zeynəlabdin qəsəbəsinə qədər uzanacaq. Bu tərəfdən də Novxanıya qədər. Bax onda Sumqayıt, bütövlükdə bir nağıl olacaq. Belə bir şəhərdə yaşamaq həqiqətən də insan üçün böyük xoşbəxtlikdir. Bir daha deyirəm. Biz, inanmazdıq ki, qısa vaxtda bu qədər nəhəng içləri görmək olar. Zakir Fərəcov hamıya sübut etdi ki, olar.

- Ömrürün böyük hissəsini bu şəhərdə yaşayan Möhübbət həkimin cavanlara tövsiyələri, nəsihətləri nədir?

- Sumqayıt, qumsallığın içərisində yaradılan bir möcüzədir. Mənim cavanlara tövsiyələrim budur ki, bu gözəllikləri göz bəbyi kimi qorusunlar. Onun daha da gözəlləşməsinə çalışsınlar. Şəhərimizi səliqəli saxlasınlar. Buranı özlərinin doğma ocağı bilsinlər. Bu gün hamı əlindən gələn köməkliyi etməlidir ki, Zakir müəllimin bu ideyaları daha da inkişaf etsin. Eləcə də başda cənab prezidentimiz İlham Əliyev olmaqla onun bütün göstərişlərini yüksək səviyyədə yerinə yetirək. Onun ətrafında sıx birləşək ki, tezliklə torpaqlarımızı geri qaytaraq.

- Siz torpaq söhbəti etdiniz. Mən bayaqdan bu sualı verib, sizin yaranızın qaysağını qoparmaq istəmirdim. Siz Qubadlıda doğulubsunuz. Hamımız bilirik ki, həmin yerlərə çox bağlı insansınız. Hər dəfə Qarabağ məsələsindən söz düşəndə kövrəlirsiniz. Həmin torpaqların qayıtması üçün bir ağsaqqal kimi siz nə təklif etmək istəyirsiniz?

-Bəli, mən heç vaxt doğulduğum torpağı yaddan çıxara bilmirəm. Tez-tez kəndimiz Məməri, həyətimizi yuxuda görürəm. Qarabağda məşhur olan “məmər gilası”nın dadı bu gün də mənim damağımdadır. O vaxtlar bizim bölgədə çoxlu çəltik əkilirdi. Bol düyü məhsulu yığılırdı. Bizi aclıqdan qurtaran da həmin çəltik olub. Çünki orada bol sulu iki çay vardı. Həkəri və Bərgüşad çayları. Mal-qara sürüləri də həddindən artıq çox idi. Məgər onları yaddan çıxarmaq olarmı? Orada bir Şirinbulaq deyilən müqəddəs ocaq var. Övladlarıma vəsiyyət etmişəm ki, Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız geri alınandan sonra həmin müqəddəs ocaqda bir neçə qurban kəsək. Kəndimizdə həmin vaxtı dörd iki mərtəbəli ev olub. Onlardan biri də bizim ev idi. Atamgil üç qardaş, bir bacı olublar. Hamısı da bir damın altında çox mehriban yaşayıblar. Torpaqlarımız geri alınandan sonra Allahın köməkliyi ilə həmin evi yenidən tikəcəyik. Arzum Böyük Tanrının mənə pay verdiyi qalan ömrümü həmin Məmər kəndində, həmin evdə yaşamaqdır. Orada gözəl, geniş bağımız vardı. Həmin bağı yenidən salacaq və qulluq edəcəyik ki, daha da gözəl olsun. Valideyinlərim tez-tez yuxuma girir. Bilirəm ki, düşmən tapdağında olan ulularımızın qəbirləri də çox narahatdır. Biz, ora qayıdandan sonra onların da ruhu şad olacaq. O gün heç də uzaqda deyil.

- Arzunuz çin olsun, Möhübbət həkim. Mən də inanıram ki, biz tezliklə həmin yerlərə qayıdacağıq. Həmin vaxtı da Qarabağ indiki kimi bizim üçün qara dərd, qara baxt yox, həqiqətən də əvvəlki kimi bir cənnətməkan diyar, yurd olmaqla, Qara Bağ olacaq! Arzum budur ki, sizin gələn il ad gününüzü Məmər kəndində, ata ocağınızda keçirək.

- Mənim də arzum budur ki, Ulu Tanrı sizin və bütövlükdə millətimizin bu müqəddəs istəyinizi, arzusunu tezliklə reallaşdırsın. Biz, haqq uğrunda vuruşuruq. Allah da heç vaxt haqqı nahaqqa vermir. Gec-tez haqq öz yerini tapır. Bu, tarixlər boyu sübut olunmuş bir həqiqətdir.

Söhbətləşdi: Ağalar İDRİSOĞLU, Əməkdar İncəsənət Xadimi

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın