Menu
Geri İrəli

Mübariz Qurbanlı Sumqayıtda dini icmaların nümayəndələri ilə görüşdü- Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2014 • Baxış sayı: 589 dəfə • Şərh yoxdur

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Sumqayıt şəhərində dini icmaların nümayəndələri ilə görüş keçirib. 

 76830

DQİDK-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdən öncə Mübariz Qurbanlı və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin şəhərdəki abidəsini və Sumqayıt Cümə məscidini ziyarət edib. Cümə məscidi ilə tanışlıqdan və dindarlarla qısa söhbətdən sonra Tarix Muzeyində keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının I müavini, Dini İşlər üzrə Komissiyanın sədri Rövşən Sadıxov, Dövlət Komitəsinin Sədr müavini Gündüz İsmayılov Sumqayıt şəhəri ilə yanaşı, Abşeron və Xızı rayonlarının dini icmalarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının I müavini, Dini İşlər üzrə Komissiyanın sədri Rövşən Sadıxov Dövlət Komitəsinin sədri kimi Mübariz Qurbanlının ilk görüşünü məhz Sumqayıtda keçirməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.

DQİDK-nın Sumqayıt-Abşeron bölgəsi üzrə şöbə müdiri Azər Abasov çıxış edərək bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib, qeyd edib ki, müxtəlif dini konfessiyaların yaşadığı bölgədə icmalar arasında tolerant münasibətlər mövcuddur.

Dövlət Komitəsinin sədri M.Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran natiq, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib. “Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir”.

DQİDK-nın sədri diqqətə çatdırıb ki, son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar: “Biz bunu dünyanın müxtəlif ölkələrində görürük. Azərbaycanda bu istiqamətdə problemlər ciddi olmasa da, biz bundan tam sığortalandığımızı da deyə bilmərik. Amma düzgün dini təbliğat, insanlara dinin ali prinsiplərini mükəmməl formada çatdırmaq dini icmaların əsas vəzifəsidir”.

Sonda M.Qurbanlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın