Menu
Geri İrəli

Musa Həsənov : “Sumqayıt və sumqayıtlılar layiq olduqları dəyəri alacaqlar”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2016 • Baxış sayı: 2,475 dəfə • 1 şərh

225_ho9Xkp9gU3ssMüsahibim uzun illər Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi işləmiş, hazırda şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənovdur.

- Xoş gördük, Musa müəllim.

- Xoş gününüz olsun.

- Musa müəllim, klassik bir sualla başlayaq – Sumqayıtı nə qədər sevirsiniz?

- Nəylə ölçmək istəyirsiniz, buyurun, ölçək (gülür).

Mən əmək fəliyyətimə burada başlamışam, ömür-gün yoldaşımı burda tapmışam, burda ev-eşik, oğul-uşaq sahibi olmuşam, buranın havası ilə, duz-çörəyi ilə dolanmışam. Bütün şüurlu həyatım Sumqayıtla bağlı olub. Qardaş-bacılarımın hamısı da Sumqayıtda yaşayırlar. Valideynlərim məcburi köçkün olandan sonra onlar da Sumqayıta pənah gətiriblər. Odur ki, Sumqayıtı sevməməyə və ya az sevməyə haqqım yoxdur. Hətta bundan sonra haradasa yaşaya biləcəyimi təsəvvürümə belə gətirə bilmirəm.

- Müsahibə verməkdə tərəddüd edirdiniz…

- Bilirsiniz, məni tanıyanlar da çox yaxşı bilirlər ki, mən mətbuatın cəmiyyətin, dövlətimizin inkişafındakı rolunu çox yüksək dəyərləndirirəm. Mətbuata, mətbuat işçilərinə çox böyük sevgim, rəğbətim var. Amma heç vaxt səmimi olaraq deyirəm ki, özümü gözə soxmağı xoşlamamışam, kölgədə qalmağa üstünlük vermişəm.

- Bu, bir faktdır ki, bu günədək yaradıcı, nümunəvi işlər görmüsünüz, yeniliklər etmisiniz. Bir mətbuat nümayəndəsi kimi biz də bunu hiss etmişik ki, nəinki Sumqayıtda, hətta ölkədə işinizlə ilk yerlərdə dayananlardansınız, bu, nə təvazökarlıqdır?

- Yox, siz məni düzgün başa düşmədiniz, daha doğrusu, bəlkə mən fikrimi düzgün çatdıra bilmədim.Təvəzökarlıqdan kənar olmasın, harada işləmişəmsə, harada çalışmışamsa, nəyəsə təhkim olunmuşamsa, ona çox böyük məsuliyyətlə yanaşmışam, yaradıcılıqla yanaşmışam, bilik, bacarıq və imkanlarımla yanaşı hətta sağlamlığımı belə əsirgəməmişəm. Demək istədiyim odur ki, bir çoxları kimi iş görmədən özümü gözə soxmağa, layiq olmadığıma iddialanmağa, imitasiya etməyə çalışmamışam, bir sözlə, ucuz şöhrət həvəskarı olmamışam və belə cəhdləri qəbul edə bilməmişəm.

- Yeri gəlmişkən, biz gənclər sizi gənclərlə, idmanla bağlı işlərdə, ideoloji sahədə görmüşük, ondan əvvəl barədə o qədər məlumatımız yoxdur.

- Bəli, əmək fəaliyyətimə 1984-cü ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışam. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirəndən sonra öz ixtisasım üzrə işləməmişəm, o vaxtkı komsomol təşkilatında, sonra müstəqillik illərində də sizin bildiyiniz kimi gənclərlə, idmanla bağlı sahədə çalışmışam. 20 ildən çox müddətdə şəhərimizdə gənclər, idman sahəsinə rəhbərlik etmişəm. İndi isə 1 ilə yaxındır ki, Sumqayıt Şəhər Bələdiyyəsində sədr müavini işləyirəm.

- Musa müəllim, bizə nə vaxt torpaq sahəsi verəcəksiniz?

- Doğrusu, elə hara gedirsənsə, hamı bunu soruşur. Elə bilirlər ki, bələdiyyənin işi ancaq torpaq paylamaqdır. Siz gənclərə gəlincə isə mən həmişə özümü gənclərin yanında hiss edirəm. Başqa cür də ola bilməz, həyatımın və əmək fəaliyyətimin mütləq əksər hissəsini, ömrümün ən yaxşı illərini gənclər siyasətinə həsr etmişəm.

- Maraqlıdır, özünüz necə hesab edirsiniz, zəhmətiniz nə qədər qiymətləndirilib?

- Yetərincə qiymətləndirilib. Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Tərəqqi medalı”na layiq görülmüşəm,”Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adını almışam, mənzillə mükafatlandırılmışam. Bu, dövlət başçımızın, dövlətimizin diqqəti və qayğısıdır, bundan böyük qiymət, mükafat ola bilməz. Dövlətin-dövlətçiliyin həmişə qədrini bilmişəm, həmişə Ulu öndərimizin yolunu tutmuşam, gücüm çatan, imkanım yetən, səsim eşidilən hər bir işdə, hər bir yerdə həmişə prezidentimiz İlham Əliyevin yanında olmuşam və bundan qürur duyuram.

- Hətta Sizi şəxsən tanıyan gənclərin çoxu bu faktları bilmirdi yəqin ki.

Siz qaynar şəhər həyatının həmişə içərisində olmusunuz, kənardan müşahidəçi olmamısınız, bu baxımdan son dövrlər şəhərimizin fəallarından bəzilərinin mövqeyini öyrəndiyimiz bir məsələyə sizin də münasibətinizi bilmək istəyirəm. Son aylar Sumqayıtda görülən işləri, ab-havanı necə dəyərləndirirsiniz?

- Yəqin ki, səmimiyyətimi bilirsiniz. Heç vaxt boğazdan yuxarı danışmğı sevməmişəm və bu dəfəki fikirlərimi də xahiş edirəm səmimi qəbul edəsiniz. İndi bələdiyyənin sədr müavini kimi mən də başçının həftəlik yığıncaqlarında iştirak edirəm və burada aidiyyatı adamların təmsil etdikləri sahələrlə bağlı verdikləri hesabatlar, görülən işlərin və görülməsi planlaşdırılan işlərin bir başa şahidi oluram. Həm də əvvəllər də 15 ilə yaxın başçının yanında olan 9 nəfər şura üzvündən biri olmuşam və ona görə də müqayisələrim də, deyəcəklərim də havadan, kənardan eşitdiklərim olmayıb, reallıqlara, olanlara söykənir. Qısa bir müddət ərzində 48 uşaq bağçasının dam örtüyünə çardaq vurularaq örtülüb və istilik sistemləri quraşdırılıb, 200-dən çox binanın zirzəmisi təmizlənib və binaların alt hissəsindəki kommunikasiya şəbəkələri təzələnərək işlək vəziyyətə gətirilib, yüksək mərtəbəli yaşayış binaları üçün 140 ədəd lift alınıb və quraşdırılmasına başlanılıb, onlarla binanın damına çardaq vurularaq örtülüb, şəhərin əsas giriş yolu genişləndirilir, məhəllədaxili yollara və səkilərə asfalt örtüyü qoyulur, dəniz kənarında uzunluğu 3 km-dən çox olan müasir bulvarın tikintisinə başlanılıb və s.

Görürsünüz, bu işlərin hamısını demədim, amma sadalayanda belə az qala yorulursan və bəlkə də düşünürsən ki, bu qədər işləri görmək mümkündürmü? Əgər bu işlərin cəmi 4 ay ərzində başlanıldığını, görüldüyünü də əlavə etsək, onda yaxşı mənada heyrətlənməmək olmur. Həm də bu işlərin görüntü və ya konyukturaya xidmət etdiyini düşünməyə də əsas yoxdur, ortada reallıq var. Çünki bu işləri görən insan Abşeron kimi problemləri həddən çox olan bir rayonu inkişaf etdirə bilmiş, Xırdalan kimi bərbad bir vəziyyətdə olan bir qəsəbəni şəhərlərlə müqayisə oluna biləcək, hər bir infrastrukturu olan müasir şəhərə çevirə bilmişdir. Hətta ayrı-ayrı tikililəri, Heydər Əliyev Mərkəzi kimi tikintiləri-abidələri digər bölgələrlə nəinki müqayisə etmək olmur, hətta analoqu belə yoxdur. Bütün bunlar əsas verir deyək ki, Sumqayıt çox böyuk bir sürətlə, zövqlə və müasir ruhda inkişaf edəcək, özünün ən gözəl günlərini yaşayacaqdır. Ən əsaslarından biri isə sumqayıtlıların xeyli müddətdir ki, həsrətini çəkdikləri, gözlədikləri insanlar arasında, rəhbərlər, ziyalılar arasında sağlam iqlimin, mühitin yaranacağı olacaq, Sumqayıt və sumqayıtlıların hər biri öz layiq olduqları dəyəri alacaqlar.

Əlbəttə ki, bütün bunlar illuziya ilə, sehrli çubuqla olmur və belə tərz mümkün də deyil. Yaxud da ki, imkanların, resursların artdığını da düşünmək sadəlövhlük olardı, dünyada gedən proseslər ölkəmizdən də yan keçməyib, bütün bunlar maliyyə imkanlarının azaldığı bir dövrdə baş verir.

- Bəs səbəb nədir? Bütün bunlar necə baş verir və necə davam edəcək?

- Səbəb Prezidentin göstərdiyi etimada sədaqətdir, peşəkarlıqdır, yaxşı təcrübədir, ən əsası isə mən Sumqayıtlıyam deyib, gördüyün hər bir işi məhəbbətlə görməkdir. Bu sevgi, bu məhəbbət də nə yaxşı ki, bizim Zakir müəllimdə hamıdan çoxdur. Heç kim inciməsin, bu, bir reallıqdır. Atalar demişkən – görünən dağa nə bələdçi ?!

Bilirsiniz, istəklərlə imkanlar heç də həmişə üst-üstə düşmür. Lakin bu gün qeyd etdiyim bütün bu işlərin həyata keçirilməsi məhdud imkanlar daxilində, daha çox daxili imkanlar hesabına Sumqayıtın yeni mərhələdə inkişaf tarixinin yazılması deməkdir. Bu isə öz növbəsində həm gənclərin, həm də bütün sumqayıtlıların xəyallarında canlandırdıqları fərqli və yeni şəhər anlamının gerçəkləşəcəyinə olan ümidini daha da artırır.

- Səmimi söhbətə görə təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm, deyəsən saqqızımı oğurlaya bildiniz.

 

P.S. Əslində bu müsahibəni götürməkdə məqsədimiz son dövrdə şəhərdə aparılan abadlıq-quruculuq işlərinə münasibət öyrənmək idi. Amma söhbətimiz gözlədiyimdən daha səmimi və daha maraqlı alındığından, həmsöhbətimin bütün söhbəti yazmamaqla bağlı əvvəldən etdiyi təkidlərə, xahişlərə baxmayaraq, onu olduğu kimi verdik. Qüsura baxmayın, Musa müəllim, bağışlayın ki, oxucu marağını sizə verdiyimiz vəddən üstün tutduq.

 

Söhbətləşdi: Vüsal Məmmədov

Facebook Şərhləndirmə:

“Musa Həsənov : “Sumqayıt və sumqayıtlılar layiq olduqları dəyəri alacaqlar”” yazısına bir cavab

  1. Rəna İmanova (Təbəssüm) deyir:

    Həqiqətən Sumqayıtın və sumqayıtlıların layiq olduğu dəyəri qəlbi sevgi ilə dolu olan böyük zövqə malik qurub-yaradan bacarıqlı və layiqli İcra başçısı Zakir Fərəcov verə bilər. İndiyədək heç bir İcra başçısının uzun illər nəinki Sumqayıtda, heç bir bölgədə görə bilmədiyi işləri 100 gündə əhalinin istəklərinə və müasir tələblərə uyğun edə bilən yalnız və yalnız Zakir Fərəcovdur. Sumqayıtın başı üzərində parlayan bir günəşdir Zakir müəllim desəm yanılmarıq. Əminik ki, illərlə bu şəhərdə yığılıb qalan problemlər öz həllini tapmaqdadır. Tanınmış ziyalı və bacarıqlı rəhbərlərdən olan Musa Həsənovun fikirlərinə şərikik. RƏNA TƏBƏSSÜM ( İMANOVA) ƏZİZ ALMƏMMƏDOV

Şərhinizi yazın