Menu
Geri İrəli

Muxtar Babayev: “Hazırda Sumqayıt böyük bir inkişaf dövrünü yaşayır”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2016 • Baxış sayı: 298 dəfə • Şərh yoxdur

Muxtar Babayev: “Desəm ki, bu sahədə 100 faiz bütün problemlərimizi həll edə bilmişik, əlbəttə ki, düzgün olmazdı”

Muxtar babayecv2Qəzetimizin “Yeni mandat” rubrikasının budəfəki qonağı Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Muxtar Babayevdir

-Muxtar müəllim, aprel ayının əvvəllərində cəbhə bölgəsində baş verən hadisələri, ermənilərin növbəti təxribat xarakterli hücumlarını necə dəyərləndirirsiniz?

- Son günlər cəbhə bölgəsində baş verən hadisələr, ermənilərin növbəti təxribat xarakterli hücumları, bu hücumlar nəticəsində Vətəni müdafiə edən ordumuzun şəhid verməsi, oğullarımızın yaralanması, dinc əhalinin yaşadığı məntəqələrin erməni quldurları tərəfindən atəşə tutulması, hamı kimi xalqın məsuliyyətini çiyinlərində daşıyan millət vəkillərini də narahat etməyə bilməzdi. ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsinə baxmayaraq, Ermənistan illərdən bəridir ki, atəşkəs rejiminin tələblərinə riayət etmir, Azərbaycanın münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə davamlı olaraq təxribatlarla cavab verir. Bu işğalçılıq və təcavüzkar siyasət, istər-istəməz münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Biz bu fikirdəyik ki, ATƏT-in Minsk qrupu öz fəaliyyətini təcili gücləndirməlidir. Beynəlxalq təşkilatlar məsələyə ciddi münasibət bildirməlidir. Əks halda münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarana bilər və münaqişə regionda daha ağır nəticələrə səbəb olar. Bunun isə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Bununla belə, bu hadisələrin qürurverici bir cəhəti də var ki, düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə ortaya qoydu. Bir müsbət məqam da ondan ibarətdir ki, düşmənin bu təxribatı, bu namərdliyi Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və Qələbə əzmində olduğunu, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini bir daha təsdiq etdi. Ordumuzun qüdrəti, fiziki, taktiki və texniki cəhətdən, həmçinin müasir silahlar baxımından üstünlüyü imkan verir ki, heç bir səfərbərlik elan olunmadan düşmən üzərində tam və qəti qələbə çala bilək. Biz bu fikirdəyik ki, bundan qarşı tərəf nəticə çıxarmalı, dərhal və qeyd-şərtsiz işğal altında olan torpaqlarımızdan geri çəkilməli, ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız öz yerlərinə qayıtmalıdırlar.

Vətən uğrunda, torpaq uğrunda, bayraq uğrunda müqəddəs savaşda şəhid olmuş qəhrəman oğullarımıza Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa tapmalarını diləyir, xalqımıza ruhunu beləcə oyaq saxlamağı arzu edirəm.

-Seçkidə növbəti dəfə qələbə qazanaraq mandat əldə etdiniz. Deputatın əsas missiyası mandatı qazandığı seçicilərin problemlərinin həllidir. Maraqlıdır, Muxtar Babayevin seçicilərinin nə kimi problemləri var və bunların həlli üçün hansı addımlar atılır?

- Öncə mənə yüksək etimad göstərərək, adımın növbəti dəfə təmsil olunduğum partiyanın millət vəkilliyinə namizədlərsiyahısında təqdim edilməsinə görə Möhtərəm Prezidentimizə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və bütün məsləkdaşlarıma təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük etimad olmaqla bərabər, həm də böyük məsuliyyətdir, çünki biz on minlərlə seçicinin inam bəslədiyi millət vəkilləriyik. Sumqayıt olduqca maraqlı və perspektivli bir şəhərdir. Bu şəhərdə yaşayanlar çox zəhmətkeş, çox fədakar insanlardırlar. Bu insanları Milli Məclisdə ikinci dəfə təmsil etmək mənim üçün həm şərəf, həm böyük məsuliyyət, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının reallaşdırılması işində yaxından iştirak üçünverilmiş növbəti şansdır. Çalışıram ki, qarşıdakı 5 ildə də bir millət vəkili kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. Sumqayıtın çox böyük və parlaq sənaye tarixi var. SSRİ dağılandan sonra bu şəhərdə sənayenin zəifləməsi insanlarda bir qədər ümidsizlik yaratmışdı. Hazırda isə Sumqayıt böyük bir inkişaf dövrünü yaşayır.

Möhtərəm Prezidentimizin tapşırıq və tövsiyələri əsasında çoxşaxəli islahatların reallaşdırılması, sənaye potensialının daha da inkişaf etdirilməsi, Sumqayıtın Azərbaycanın sənaye mərkəzinə çevrilməsi üçün biz hələ çox iş görməliyik. Bu işdə istər kimyaçıların, istərsə də Sumqayıtda yaşayan və işləyən digər insanların bu islahatlara hazır olmaları və bu islahatları dəstəkləmələri çox vacibdir. Bu baxımdan biz mütəmadi olaraq seçicilərlə görüşürük, müxtəlif məsələlərlə bağlı müraciət edən insanları diqqətlə dinləyirik, qaldırdıqları məsələlərə, problemlərə incəliklə yanaşırıq və onların həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldırıb, müsbət həll olunması üçün çalışırıq.

Təbii ki, Milli Məclisin deputatı kimi mənim öz funksiyalarım var və normalda bir deputat olaraq bu funksiyaların yerinə yetirilməsi ilə məşğul olmalıyam. Amma seçici üçün bu, məsələnin bir tərəfidir. Bəlkə də tərəflərdən ikincisidir. Onun üçün birinci məsələ odur ki, evində qazı, işığı yansın, suyu fasiləsiz gəlsin, məhəllədaxili yollarına asfalt döşənsin, uşaqları məktəbə, bağçaya gedəndə palçığın, suyun içi ilə gedib-gəlməsinlər. Körpələrin həyətdə oynaya bilməsi üçün normal bir şərait olsun, gənclər işlə təmin oluna bilsinlər, təqaüdçülər təqaüdlərini almaq üçün şəhərin bu başından o başına gedib çıxmasınlar və sairə və ilaxır. Şəhərdə də bu sadalanan problemləri söyləmək üçün sakinlər yalnız iki ünvan tanıyırlar: şəhər İcra Hakimiyyəti və onların etimad göstərdikləri biz deputatlar. Təbiidir ki, xalq öz deputatını bütün çətin məqamlarda, problemlərlə üzləşdiyi zaman yanında görmək istəyir. İstəyir ki, onun etimad göstərdiyi millət vəkili, sözün həqiqi mənasında onun problemlərinin tərcümanı olsun, istədiyi vaxt ona əli çatsın, dəstəyindən yararlana bilsin. Seçici artıq belə qəbul edib, özündə bu rəyi formalaşdırıb ki, əgər mən səni deputat seçmişəmsə, gücün çatdı-çatmadı, mənim problemlərimi həll etmək sənin borcundur. Biz də anlayış göstərərək onların bu yanaşmasına normal baxır və əlimizdən gələn köməyi etməyə çalışırıq. Bu da şəhər ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sakinlərin müsbət yönümlü rəyləri, atdığımız addımlarda bizi dəstəkləmələri, dəyər vermələri işimizin bundan sonra da səmərəli qurulmasına stimul verir.

Deputat seçildiyim vaxtdan ötən dövr ərzində davamlı olaraq bütün yerli televiziya kanallarına, saytlara, xəbər portallarına fəaliyyətimiz, gördüyümüz işlər və həyata keçirdiyimiz layihələr haqqında geniş məlumatlar verirəm. Həmçinin bizim Facebook səhifəmiz mövcuddur ki, orada bütün fəaliyyətimiz, gördüyümüz işlər, seçicilərlə görüşlərimiz öz əksini tapıb. Bu vaxta qədər elə bir hal olmayıb ki, hansısa bir jurnalist bizimlə görüşmək istəyində olsun və yaxud suallar ünvanlasın, biz onunla görüşdən və yaxud da suallarını cavablandırmaqdan imtina edək.

Həmçinin, digər dairələrdən seçilmiş deputatlarla görüşürük, məsləhətləşirik, köməkləşirik, müxtəlif tədbirlərdə bir yerdə iştirak edirik, Sumqayıt və sumqayıtlılar üçün daha çox iş görməyə çalışırıq.

-Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüsünüz. Komitənin fəaliyyəti barəsində nə deyə bilərsiniz?

 - Milli Məclisdəki fəaliyyətimizin ötən beşillik dövrü ərzində təmsil olunduğum Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirə etdiyimiz bütün qanun layihələrinin demək olar ki, hamısı qəbul olunub. Hazırda komitədə ötən seçkilərdən yarımçıq qalan qanun layihəsi yoxdur və biz ehtiyac duyulan və respublikamız üçün əhəmiyyət kəsb edən müəyyən qanun layihələrinin hazırlanması və müzakirəsi ilə məşğuluq.

Mən də bir üzv kimi Komitənin bütün iclaslarında iştirak və çıxış edirəm, fikirlərimi bildirirəm, qanun layihəsinin mükəmməl olması üçün öz bilik və təcrübəmdən yetərincə istifadə edirəm. Lazımi düzəliş və dəyişikliklərdən sonra onu plenar iclasda müzakirəyə çıxarırıq. Eyni zamanda bir millət vəkili olaraq digər komissiya və komitələrin təqdim etdikləri qanun layihələri ilə bağlı müzakirələrdə də fəallıq göstərməyə çalışırıq. Bizim bir borcumuz da bizə inanan, güvənən və səs verən insanların inamını, güvən­cini doğrultmaqdır ki, ötən dövr ərzində bu istiqamətdə də tərəfimizdən mühüm addımlar atılmışdır, bu addımlar bu gün də atılır.

Sumqayıt sakinlərini narahat edən problemlərlə bağlı da dəfələrlə Milli Məclisdə məsələlər qaldırmış və onların müzakirəsinə nail olmuşam.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Sumqayıt mənim üçün doğma şəhərdir. Milli Məclisə ikinci dəfə deputat seçilməyim isə mənə verilmiş növbəti bir imkandır. Mən də bu imkanı zəhmətkeş Sumqayıt sakinlərinin mənafeyi baxımından müsbət dəyərləndirməyə çalışıram. Bunun üçün isə şəhər rəhbərliyi ilə birgə işləmək, bir sıra layihələri müştərək icra etmək olduqca vacibdir. Güclərin birləşdirilməsi həm şəhərin simasının gözəlləşməsi, ekoloji sağlam mühitin yaradılması, həm də insanların sosial-rifah halının yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir.

Ötən dövr ərzində şəhərin ictimai, mədəni, idman və sosial həyatında yaxından iştirak etməyə çalışmışıq və bu sahədə nailiyyətlərimiz az deyil. Xüsusən də müxtəlif sosial yardım proqramlarında, yaşlı nəsil, tənha, xəstə, ehtiyacı olan insanlara yardım kampaniyalarında fəal iştirak edirik. Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı iş birliyimiz bir çox məsələlərin həllində köməyimizə çatır və bu addımlar şəhər ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Hazırda Sumqayıt böyük bir inkişaf dövrünü yaşayır. Möhtərəm Prezidentimizin tapşırıq və tövsiyələri əsasında bu şəhərdə çoxşaxəli islahatların reallaşdırılması, sənaye potensialının daha da inkişaf etdirilməsi, Sumqayıtın Azərbaycanın sənaye mərkəzinə çevrilməsi üçün çalışırıq. Sumqayıt sakinləri həmişə dövlət başçısının apardığı məqsədyönlü siyasəti dəstəkləyir və bu siyasətin aparıcı qüvvəsinə çevrilməyə çalışır. İnanırıq ki, bütün dünyada baş verən iqtisadi böhran və siyasi münaqişələrə baxmayaraq, ölkəmiz daha da inkişaf edəcək, bu inkişaf bütün regionlarımıza, o cümlədən Sumqayıt şəhərinə öz müsbət təsirini göstərəcəkdir.

-SOCAR-ın ekologiya üzrə vitse-prezidentivəzifəsində çalışmısınız. Məlumdur ki, SOCAR Azərbaycanda ekoloji vəziyyətin qorunması yönündə davamlı addımlar atır. Ancaq bir sıra ekspertlər hesab edir ki, bütün bunlara baxmayaraq, çatışmazlıqlar da var. Bu yöndə nə deyə bilərsiniz?

- Neft-kimya sənayesinin inkişafı ilə bağlı respublikanın, əsasən də Xəzərin və Xəzəryanı ərazilərin ekoloji vəziyyətinə 150 ildən çox müddətdə, yetərincə mənfi təsirlər olmuşdur. Bizdə bu problemlərin həlli ilə, əsasən ölkəmiz öz müstəqilliyini qazandıqdan sonra ciddi məşğul olunmağa başlanılmışdır. Ekologiya sahəsində elə bir beynəlxalq sənəd yoxdur ki, Azərbaycan Respublikası bu sənədə qoşulmasın və Milli Məclis də bu sənədi aidiyyəti üzrə ratifikasiya etməsin. Ekoloji problemlərin həlli ilə bağlı hüquqi baza həm ana sənədimiz olan Konstitusiyamızda, həm də ekologiya ilə bağlı müxtəlif qanun və sərəncamlarda öz əksini tapır. Müstəqillik qazandığımız son 25 ildə bu məsələnin ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılması onu deməyə əsas verir ki, ölkəmizin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordina­siyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təmina­tına yönəlmişdir.

SOCAR neft sənayesini inkişaf etdirmək və bir sıra strateji əhəmiyyətli beynəlxalq layihələri gerçəkləşdirməklə yanaşı, ətraf mühitin qorunması istiqamətində də çox mühüm layihələr həyata keçirmək­dədir. SOCAR ətraf mühitin sağlamlaşdırılması və qorunmasını mövcud olan və ona miras qalmış ekoloji problemlərin həlli ilə yanaşı, həm də istismar müddətini başa vurmuş və heç bir ekoloji normalara cavab verməyən, köhnə müəssisələrin rekonstruksiya olunması və yerində müasir tələblərə cavab verən müəssisələrin yaradılmasında görür. SOCAR həmçinin mövcud su ehtiyatlarının, atmosfer havasının və torpağın çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft-kimya məhsulları və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunması istiqamətlərində genişmiqyaslı işlər görməyə başlamışdır.

SOCAR-ın dəstəyi ilə bütün struktur bölmələrində olduğu kimi “Azərikimya” İB-nin idarə və müəs­sisələrində də ekoloji tarazlığı qoruyub saxlamaq, atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılmasını minimuma endirmək məqsədilə mütəmadi olaraq tədbirlər planı hazırlanır, səmərəli ekoloji layihələr həyata keçirilir. Ətraf mühitin mühafizəsi sahəsində heç bir ekoloji norma, qayda və standartlara uyğun olmayan, ekoloji və fiziki cəhətdən köhnəlmiş, atmosfer havasını xlor, hidrogen-xlorid, ammonyak və s. kimi təhlükəli maddələrlə həddən artıq çirkləndirən Səthi aktiv maddələr və “Üzvi-Sintez” zavodlarının fəaliyyəti də məhz həmin səbəblərdən dayandırılmışdır.

Desəm ki, bu sahədə 100 faiz bütün problemlərimizi həll edə bilmişik, əlbəttə ki, düzgün olmazdı. Bu baxımdan bu gün bizim əsas hədəflərimizdən biri də “Azərikimya” İstehsalat Birliyinin bütün istehsalat sahələrinin, təhlükəsiz və ekoloji tələblərə uyğun fəaliyyətini təmin etməkdir.

-Rəhbərlik etdiyiniz təşkilatda məlum böhranla bağlı hər hansısa ixtisarlar olubmu?

-Bu gün “Azərikimya” İs­teh­salat Birliyi ölkə başçısının diqqət və qayğısı sayəsində neftçilər ailəsinin tərkibində özünün yeni inkişaf mərhə­ləsini yaşayır. Ölkə başçısının müvafiq Sərəncamı əsasında “Azərikimya” SOCAR-ın tabeliyinə verildikdən sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması olmuşdur. Ötən 6 il ərzində SOCAR-ın dəstəyi ilə həyata keçirilən texniki bazasının güc­ləndirilməsi, yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, kimyaçıların iş və məişət şəraitinin yaxşılaş­dırıl­ması və s. tədbirlər “Azərikimya” İB-də həm istehsalat, həm də insan amili baxımın­dan yeni bir canlanmaya və yüksəlişə səbəb ol­muş­dur. Bununla belə, 2012-ci ildən etibarən beynəlxalq audit şirkətlərinin tövsiyəsi və ikipilləli idarəetmə sistemindən birpilləli sistemə keçid ilə əlaqədar olaraq SOCAR-ın bütün idarə və müəssisələrində olduğu kimi, “Azərikimya” İB-də də struktur dəyişiklikləri aparılmağa başlanılmışdır.

Struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərin yerləşdirilməsi zamanı ilk növbədə Əmək Məcəlləsinin müvafiq tələbləri gözlənilir. Belə ki, qanunla işdən azad olunması qadağan olunmuş işçilər yeni strukturda birbaşa işlə təmin olunurlar, digər işçilərə gəlincə isə tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olanları müəyyən etmək üçün İnsan Resursları Departamenti tərəfindən test imtahanına cəlb olunur və imtahan nəticələrinə əsasən yerləşdirilirlər.

Həmçinin, iş yerini itirənlərlə fərdi iş aparılır, həm insan resursları xidmətləri, həm də Həmkarlar Komitələri insanlarla daimi ünsiyyətdə olurlar.

İstiqamətlərdən biri də işini itirmiş insanların ailəsində olan gənclərin SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırılma İdarəsinin Təlim-tədris mərkəzlərində oxudaraq, işlə təmin olunmasıdır. Digər istiqamətlər isə onların Karbamid zavodunda, “SOCAR-Polimer”də, keçmiş kimya zavodlarının ərazilərində yaradılmış Kimya Sənaye Parkında fəaliyyət göstərən yeni istehsalatlarda, yaşıllaşdırma və abadlaşdırma ilə məşğul olan təşkilatlarda yerləşdiri­lərək işlərini davam etdirmələridir. Dövlətimiz tərəfindən də bu istiqamətdə xüsusi tədbirlər paketi tərtib olunub və zaman-zaman biz bunun tətbiqini və verdiyi səmərəni görəcəyik.

-Yeri gəlmişkən, SOCAR prezidenti Rövnəq Abdullayev qənaət rejiminə keçidlə bağlı müəyyən göstərişlər verib. “Azərkimya” İstehsalat Birliyi bu istiqamətdə hansı addımlar atıb?

- Bildiyiniz kimi, son iki ildə neft və neft məhsullarının qiymətlərinin kəskin azalması müşahidə olunur. Azərbaycan neft ölkəsidir və dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması bizim kimi ölkələrə təsirsiz ötüşməyə bilməz. Bu vəziyyətdə həyata keçirdiyimiz layihələrdə maksimal qənaət, xərclərin azaldılması başlıca vəzifədir. Bununla belə, həyata keçirilməsi mütləq olan işlərin icrası və sosial layihələr davam etdirilir. Əsas etibarilə o layihələr həyata keçirilir ki, onun effektivliyi maksimaldır və sərmayəsi tez qayıdacaq. Bizi qarşıda böyük modernizasiya işləri gözləyir və bu işlərə artıq start verilib. Bizim bu gün üçün əsas vəzifəmiz ondan ibarətdir ki, qənaətlə bərabər bu işləri plan üzrə və keyfiyyətlə yerinə yetirək. “Azərikimya” İB-nin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsinə və EP-300 istehsalatının effektivliyinin artırılmasına yönəldilmişdir. Bununla paralel olaraq ekoloji layihələrin icrasını bir az da sürətləndirəcəyik. Buraya kimyəvi çirkli suların təmizləmə qurğusunun tikintisini aid etmək olar ki, artıq tikinti işlərinə başlanılmışdır. Beynəlxalq təcrübələr də sübut edir ki, hər hansı bir ölkədə neft-kimya sənayesinin mövcud olması və inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan əminliklə deyə bilərəm ki, respublikamızda kimya sənayesinin varlığı, təkmilləşdirilməsi, modernizasiyası və yeni kimya müəssisələrinin yaradılması ölkəmiz üçün yeni güc, yeni inkişaf, dayanıqlılıq və mütərəqqilik deməkdir.

ADALET.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın