Menu
Geri İrəli

Muxtar Babayev: ““Strateji Yol Xəritəsi” iqtisadiyyatın inkişafına xidmət edəcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Yanvar 2017 • Baxış sayı: 369 dəfə • 1 şərh

muxtar babayevAzərbaycan son 10 ildən artıq bir dövr ərzində dünyanın yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi siyasət iqtisadiyyatın həcminin əhəmiyyətli dərəcədə genişlənməsinə və digər sahələrin əsaslı şəkildə müasirləşdirilməsinə imkan verib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla reallaşdırılması ölkənin neft gəlirlərinin artması ilə müşayiət olunub, əldə edilən maliyyə imkanları sürətli iqtisadi artımın maliyyələşdirilməsinə vəsilə olub. 2004-2015-ci illər ərzində neft gəlirlərindən istifadə etməklə reallaşdırılmış iqtisadi artım modeli həmin dövr üçün qarşıya qoyulan hədəflərin reallaşdırılmasına zəmin yaradır.

“Ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası Azərbaycanda davamlı iqtisadi inkişafın əsasını qoyacaq” Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev söylədi. Qeyd etdi ki, ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənən strateji yol xəritələrinin əsas məqsədi hədəflərə çatmaq üçün aydın zaman çərçivəsinin müəyyənləşdirilməsidir. Belə ki, yol xəritələri qısa, orta və uzunmüddətli dövrləri əhatə edir.

M.Babayev vurğuladı ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan strateji hədəf və prioritetlərin uğurla həyata keçirilməsi zəruridir: “Strateji Yol xəritələrində nəzərdə tutulan tədbirlərin davamlı həyata keçirilməsi, investisiyaların və digər resursların səfərbər edilməsi tələb olunur. 2020-ci ilədək nəzərdə tutulmuş prioritetlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyulması  proqnozlaşdırılır. Bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyən edilmiş hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulmuş hədəflərə təsir baxımından da bünövrə rolunu oynayacaq. Prioritet sektorlar və ya iqtisadiyyatın digər sektorları üzrə yeni strateji hədəflərin müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək hədəflərə çatmaqda kömək edəcək.”

Milli Məclisin deputatı onu da vurğuladı ki, Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair “Strateji Yol Xəritəsi” bu sahənin ötən dövr ərzində yaranan baza əsasında qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirəcək və imkanlarımızı daha da genişləndirəcək: “Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair “Strateji Yol Xəritəsi” 2020-ci ilədək strateji baxış, 2025-ci il və ondan sonrakı dövr üçün qurulacaq iqtisadiyyatın təməllərinin inkişafına xidmət edəcək. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, həmçinin nəqliyyat-logistika dəhlizlərinin inkişafında mühüm rolu qorunmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan istiqamətlərdə irəliləməsi təmin olunacaq.”

Orxan Vahidoğlu, “İki sahil”

Facebook Şərhləndirmə:

“Muxtar Babayev: ““Strateji Yol Xəritəsi” iqtisadiyyatın inkişafına xidmət edəcək”” yazısına bir cavab

Şərhinizi yazın