Menu
Geri İrəli

Nazirlik sumqayıtlı şikayətçinin iddialarına cavab verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2014 • Baxış sayı: 581 dəfə • Şərh yoxdur

Daxili İşlər Nazirliyi “Qafqazinfo”da 04.10.2014-cü il tarixində Sumqayıt şəhər sakini, bu ilin iyulunda avtomobillə vurularaq dünyasını dəyişmiş Fərid Hümbətovun anası Sənubər Hümbətovanın müraciəti əsasında hazırlanmış xəbərdə yer alan iddialara münasibət bildirib. 

 orxan mensurzade

Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya deyib ki, yazıda şikayətçinin oğlunun qanının batırılması barədə iddialarının heç bir məntiqi və hüquqi əsası yoxdur: “İlk öncə qəza nəticəsində övladını itirmiş ananın kədərinə şərik çıxır, ona Allahdan səbr diləyirik. Həqiqətən, bu il iyulun 19-na keçən gecə Sumqayıt şəhər sakini Emin Sərxanov idarə etdiyi “Samand” markalı avtomobillə 6-cı mikrorayon dairəsinin yaxınlığında yolu keçən piyada Fərid Hümbətovu vurub. Nəticədə ağır bədən xəsarətləri ilə Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş F.Hümbətov 22.07.2014-cü il tarixdə orada vəfat edib. Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində faktla bağlı dərhal Azərbaycan Respublikası CM-nin 263.2 maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb, zəruri istintaq hərəkətləri həyata keçirilib. Cinayət işi üzrə mərhumun anası Sənubər Hümbətova istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb və dindirilib. Ona görə yazıda S.Hümbətovanın keçmiş əri F. Hümbətovun guya zərərçəkmişin hüquqi varisi kimi tanınması barədə ərizəsinin istintaq orqanı tərəfindən qəbul edilməsi barədə iddialar da həqiqətdən uzaqdır və əsassızdır. Qeyd etdiyim kimi, sözügedən iş üzrə istintaqda mərhumun atası deyil, məhz anası zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınıb.

Cinayət işinin bir müstəntiqdən alınaraq digərinə həvalə edilməsi kimi adi prosedur qaydada hansısa müəmmanın axtarılması, bunun guya mərhum F.Hümbətovun qanının batırılması və təqsirləndirilən şəxsin cəzadan qurtarılması ilə əlaqələndirilməsi də yanlış subyektiv mülahizədən başqa bir şey deyil. Nəzərinizə çatdırmaq istərdim ki, bu cinayət işinin istintaqı yaxın zamanda başa çatdırılaraq məhkəmə baxışına göndəriləcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın