Menu
Geri İrəli

Necə oldu ki, hamının sakit, tərbiyəli biri kimi tanıdığı gənc qatilə çevrildi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2010 • Baxış sayı: 372 dəfə • Şərh yoxdur
Share Button

2008-ci il avqustun 5-də Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsi ilə Sumqayıt  şəhər prokurorluğunda cinayət işi başlandı.

Cinayət işinin başlanılmasına səbəb Sumqayıt şəhər sakini Qəmbərov Emil Rəhim oğlunun 02 aprel 2007-ci il tarixdə yaşadıqları Sumqayıt şəhəri 26-cı məhəllədəki «Xəzər» bağçılıq yoldaşlığındakı 34 №-li evdə Mehdiyev Tofiq Heydər oğlunu öldürüb, evin həyətində basdırması barədə məlumatla bağlı toplanmış ilkin araşdırma  sənədləri idi.

İş üzrə Qəmbərov Emil Rəhim oğlu 15.05.2008-ci il tarixdə şübhəli şəxs qismində tutuldu, 16.05.2008-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 120.1. maddəsi ilə ittiham elan edildi, Sumqayıt şəhər məhkəməsinin 16.05.2008-ci il tarixli qərarı ilə  barəsində həbs qətimkan tədbiri seçildi.

Qonşuluqda hər kəs Emili sakit, ağıllı, tərbiyəli uşaq kimi tanıyırdı. Bəs necə oldu ki, o, birdən-birə cəllada, qatilə çevrildi…

Aparılan istintaqla müəyyən edildi  ki, Qəmbərov Emil Rəhim oğlu  02 aprel 2007-ci il tarixdə saat 23 radələrində yaşadığı Sumqayıt şəhəri 26-cı məhəllə  «Xəzər» bağçılıq yoldaşlığındakı 34 №-li evin həyətində anası Nadejda Alışanovanın qeyri rəsmi əri kimi onlarla birlikdə yaşayan Sumqayıt şəhər sakini Tahir Heydər oğlu Mehdiyevlə anası Nadejda Alışanovanı döyüb incitdiyinə və onunla  intim yaxınlıq etdiyinə görə mübahisə etmiş, bundan sonra Tahir Mehdiyevi qəsdən öldürmək məqsədi ilə həyətlərindəki odun topasının üstündə olan odun doğramaq üçün istifadə etdikləri baltanı götürüb, onun arxasınca evə girib, baltanın arxa-küp hissəsi ilə evdə çarpayının üstündə arxası üstə uzanmış T.Mehdiyevin üz və baş nahiyyələrindən bir neçə zərbə vuraraq qətlə yetirmiş, daha sonra isə həyətlərindəki şaftalı ağacının yanında çala qazaraq meyiti orada basdırmışdır.

İstintaqçılar Qəmbərov Emil Rəhim oğlunun  yuxarıda göstərilən əməli törətməsini istintaq zamanı toplanmış aşağıdakı sübutlarla sübuta yetiriblər.

İstintaq zamanı Azərbaycan Respublikası CM-nin 120.1. maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Qəmbərov Emil Rəhim  oğlu törətdiyi əməli etiraf edərək bildirmişdir ki, 2005-ci ilin oktyabr ayında hərbi xidmətə gedib, 01.04.2007-ci ildə hərbi ximəti başa vurub evə qayıdıb. Atası rəhmətə gedəndən sonra, təxminən 2001-2002-ci ildə Tahir Heydər oğlu Mehdiyev adlı şəxs onların evinə gəlib-getməyə başlayıb. Anası Nadejda Alışanova onu uşaqlıq dostu kimi təqdim edib. Həmin vaxta kimi Tahir Mehdiyevi tanımayıb. Anası deyib ki, Tahirlə bir məktəbdə oxuyub, bir həyətdə böyüyüblər. Tahirin onlara anası ilə intim münasibət saxlamaq üçün gəlib getdiyini başa düşürmüş, bunu qonşular da görürmüş. Bu da onu narahat edirmiş. Atası öləndən sonra  namuslarına söz gəlməsindən qorxurmuş. Tahir Mehdiyev mütəmadi spirtli içki içirmiş və əksər vaxtlar onlara sərxoş gəlirmiş. Əvvəllər o evdə olmayanda gecələri də qalırmış, sonradan artıq o evdə olanda da bəzən orada qalırmış. Tahirin anası ilə yaxınlıq etməsi xoşuna gəlmirmiş. Dəfələrlə Tahirə, anasına Tahirin getməsini, onlara gəlməməsini desə də Tahir buna əhəmiyyət verməyib. Əsgərə getməzdən əvvəl artıq Tahir anası ilə pis dolanır, içib gəlib, anasını söyüb döyürmüş. Əsgərdə olan vaxt, 2006-cı ilin yayında 5 günlüq məzuniyyətə gəlib və görüb ki, Tahir artıq davamlı olaraq onlarda qalır və anası ilə tez-tez dalaşır. 01 aprel 2007-ci ildə axşam əsgəri xidmətimi qurtarıb evə gəlib. Evə çatan kimi evdə anası ilə Tahirin münasibətlərinin qoyub getdiyi kimi, hətta daha da pis olmasını başa düşüb, gecə yenə anası ilə Tahirin dalaşmasını eşidib. 02 aprel 2007-ci ildə səhər yuxudan durub evdən çıxıb, 02.04.2007-ci il tarixdə axşam saat 23 radələrində qayıdıb. Evə gələndə anası evdə olmayıb, evdə tək Tahir olub, o da içkili olub. Həyətdə, evin önündə Tahirə onların evindən çıxıb getməsini deyib, Tahir çox kobud formada buradan heç yana getməyəcəyini bildirib və onlar mübahisə ediblər. Sonra Tahir evə, birinci mərtəyə girib. O isə  həyətdə qalıb siqaret çəkib, başa düşüb ki, Tahir ölməsə burdan getməyəcək. Ona görə də onu öldürmək qərarına gəlib.

Hadisə bu cür baş verib: Tahir evdə qoyulmuş çarpayının üstündə arxası üstə uzanıbmış. Tahirin baş nahiyyəsi  bərabərinə   çatanda arxasında saxladığı baltanın sapından iki əllə tutub, əvvəl Tahirin üz nahiyyəsinə bir zərbə vurub. Zərbəni vurandan sonra Tahir yerindən qalxmaq istəyib, qorxub ki, qalxıb onunla  əlbəyaxa ola bilər, ona görə yenə baltanı iki əlində tutmaqla Tahirin üz və baş nahiyyələrinə 2-3 zərbə vurub. Tahir yerində halsız qalıb, üzünü tamamilə qan bürüyüb. Emil başa düşüb ki, Tahir öldü. Bir az özünə gəldikdən sonra həyətə çıxıb, evin sol divarının dibində qoyulmuş dik beli-lopatkanı götürüb həyətin ortasında yan-yana əkilmiş 3 ədəd şaftalı ağaclarından ortada olan ağacın yanında Tahirin meyitini gizlətmək üçün yer qazıb. Evə qayıdan Emil Tahirin uzandığı karvatın üstündə, Tahirin altında olan qırmızı rəngli parçanı, odeyalı və pokrovalı Tahirə büküb. Onu paltara bükəndən sonra meyitini sürüyə-sürüyə həyətə çıxarıb qazdığı çalanın yanına gətirib, meyiti arxası üstə çalaya qoyub, üstünü torpaqla örtüb. Evə qayıdıb uzanıb, həmin gecə təxminən səhər saat 05 radələrində anası evə gəlib, Tahiri soruşub, əvvəlcə Emil deyib ki, Tahir getdi, sonra isə deyib ki, onu balta ilə öldürüb həyətdə şaftalı ağacının dibində basdırıb. Bundan sonra Tahirin qohumları, sahə müvəkkili  gəlib Tahiri soruşub, deyiblər çıxıb gedib, hara getməsini bilmirlər. 14 may 2005-ci ildə Emili Sumqayıt şəhər polis idarəsinə çağırıb, Tahir Mehdiyevi soruşublar. Başa düşüb ki, polislər hər şeyi bilir, o da hadisə necə olmuşdusa danışıb. Öyrənib ki, anası Mərdəkan qəsəbəsində bir nəfərlə münasibətdə olanda oğlunun Tahiri öldürüb bağda şaftalı ağacının dibində basdırmasını ona deyib, o da bu barədə polislərə məlumat verib.

15.05.2008-ci il tarixdə Emil hadisə yerini təqdim edib, göstərdiyi yeri qazıblar, oradan sarı parçaya, odeyala və pokrovala büküb basdırdığı Tahir Mehdiyevin meyiti çıxıb. Emil deyib ki, Tahirə baltanın arxa hissəsi ilə 3-4 zərbəni ona əzab, işgəncə vermək, ona xüsusi ağrılar yetirmək məqsədi ilə vurmayıb, birinci zərbəni vurandan sonra görüb ki, Tahir ayağa durmaq istəyir, qorxudan dalbadal zərbələri vurub ki, ölsün, ayağa dura bilməsin, ayağa dursa ona güc gələ bilər.

Bəs Tahirlə Nadejdanın tanışlığı hardan idi?

İstintaq zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Mehdiyev Eldar Heydər oğlu ifadələrində göstərmişdir ki, Tahir Mehdiyev onun qardaşıdır. Tahir  2007-ci ilin aprel ayında  yoxa çıxıbmış. Nadejda Alışanova adlı qadını tanıyır, eyni məhəllədə yaşayıblar. Qardaşı Tahir rus məktəbini qurtarıb, Nadejda da rus dilli olduğundan Tahirin həmin vaxtdan Nadejda Alışanova ilə münasibəti yaxşı olub. Nadejda ərə gedib, məhəllədən köçüb, əri öləndən sonra Tahir yenə gedib Nadejdanı tapıb və sonradan  Nadejda ilə birlikdə yaşamağa başlayıb. Tahir bir neçə dəfə türməyə düşüb. Türmədən gələndən sonra ona peşə məktəbinin yataqxanasında otaq alıblar, təxminən il yarım bundan əvvəl Tahir yataqxanadakı otağını satıb Nadejda Alışanovanın yanına yığışıbmış. 2007-ci ilin aprel ayının əvvəllərində Tahir yoxa  çıxıb. Bundan sonra polisə gedib sahə müvəkkili Rəhim Səlimovdan Tahiri soruşub, polislərdən hansısa Tahiri tanıyıb, polislərlə birlikdə gedib Nadejdanı tapıb, Tahiri soruşub, Nadejda deyib ki, gecə Tahir oğlu ilə söhbət edib,  səhər əşyalarını yığıb çıxıb gedib, hara getməsini bilmir, deyib mən gedirəm, mənim burda yerim yoxdur. Sonra yenə təklikdə gedib Nadejdadan Tahiri soruşub, Nadejda yenə həmin cavabı verib. Bundan sonra Tahiri görməyiblər.  Tahir çox içirmiş,  ayıq vaxtı sakit adam olub, içəndə ola bilsin nəsə səs-küy salsın, amma kiminləsə münaqişəsinin olması, düşmənin ola bilməsi ağlına gəlmir. 15.05.2008-ci ildə onları Sumqayıt şəhər prokurorluğuna dəvət edib məlumat veriblər ki, Tahiri Nadejdanın oğlu Emil 2007-ci ilin aprel ayında yaşadıqları bağ evində öldürüb və həyətdə basdırıbmış, həyəti qazıb meyiti çıxarıblar. Bundan sonra Sumqayıt morqunda ona tapılan meyitin əynindəki paltarlar təqdim olunub, orada qardaşı Tahirə məxsus yaşıl rəngli sviteri tanıyıb, qardaşı Zakir də Tahirin paltarlarını tanıyıb.

Qatilin anası nə deyir?

Şahid qismində dindirilmiş Alışanova Nadejda Andreyevna göstərmişdir ki, 1982-ci ildə Rəhim Qəmbərovla evlənib, 1983-cü ildə həmin nikahdan Emil Qəmbərov doğulub. 1997-ci ildə əri Rəhim vəfat edib. 7 il bundan əvvəl uşaqlıq dostu, türmədən çıxmış  Mehdiyev Tahir Heydər oğlu ilə rastlaşıb, ona evlərinə gəlib-getməyə icazə verib, ona köməklik edib və birlikdə yaşamağa başlayıblar.  Tahir içməyə başlayıb, kiminlə içməsini soruşanda dava-dalaş salıb, onu söyüb döyürmüş. Amma bu barədə oğluna heç nə deməyib. Oğlu Emilə Tahirlə olan münasibəti, Tahirin içib gəlib onlarda qalması xoş gəlmirmiş. Buna görə bir çox dəfə Tahirdən onlardan getməsini, onlara gəlməməsini xahiş edib, amma Tahir hər dəfə onlara gəlməkdə  davam edib, dava-dalaş salıb, qab-qacağı sındırıb, əgər evdən  qovsa qisas almaqla hədələyib. Evdən pul, aliminium qab-qacağı oğrayıb. 01.04.2007-ci ildə oğlu Emil Qəmbərov əsgərdən qayıdıb, Tahir Mediyev sərxoş vəziyyətdə yenə söyüşlər söyüb, evi yandırmaqla hədəlyib. Səhəri tezdən Tahir işə getdiyini deyib evdən çıxıb, oğlu Emil də durub nənəsigilə gedib, o da evdən çıxıb. Evə gecə gec qayıdıb, Emil evdə tək olub, Tahir olmayıb. Oğlundan soruşanda deyib ki, Tahir  gedib və birdə gəlməz. Həmin gün oğlu ona hadisə barədə danışmayıb. Bir neçə gündən sonra oğlu Emil ona danışıb ki, Tahirlə aralarında münaqişə olub və Emil balta ilə vuraraq Tahiri öldürüb, həyətdə şaftalı ağacının altında basdırıb. Təxminən 3 ay əvvəl, 2008-ci ilin fevral ayında o hadisə barədə Nadejda tanışı Oleqə danışıb, 14.05.2008-ci ildə isə onu Sumqayıt ŞPİ-nə çağırıblar və olanları etiraf edib.

Qətlin üstü necə açılıb?

Şahid qismində dindirilmiş Ulin Oleq Aleksandroviç isə deyib ki, təxminən 3 ay bundan əvvəl Sumqayıt şəhərində  küçədə Nadejda Alışanova ilə tanış olub, Nadejda iş axtardığını deyib, Mərdəkanda bağ evində işləməyi təklif edib, Nadejda onunla gəlib, Mərdakandakı bağ evində yeyib içiblər, sonra cinsi əlaqəda olublar, həmin vaxt Nadejda özü ona deyib ki,  o əvvəllər Tahir adlı bir nəfərlə yaşayırmış, sonra Tahir onu incidib, buna görə Nadejdanın oğlu Tahiri evlərində öldürüb və həyətlərindəki şaftalı ağacının bibində basdırıb. Sonra Oleq bu barədə polisə məlumat verib.

Şahid qismində dindirilmiş Mirzəyeva Sənubər Gülqasım qızı göstərmişdir ki,  10 ildir ki, Sumqayıt şəhəri 26-cı məhəllə Sahil bağları massivi,  35 №-li evdə yaşayır. Nadejda Alışanova, onun oğlu Emil, qızı Raminə və Nadejdanın əri kimi təqdim etdiyi Tahir adlı şəxsi təxminən 3-4 il bundan əvvəl onlar qonşuluğa köçüb gələndən sonra tanıyıb, onun həyəti ilə Nadejdanın həyəti  qonşudur, arada dəmirdən çəkilmiş hasar var. Nadejda, oğlu Emil, qızı Raminə və Nadejdanın əri Tahir qonşuluqda yaşayandan sonra görüb ki, Nadejda və Tahir tez-tez araq içib sərxoş olurlar və mütamadi olaraq bir-birləri ilə dalaşırlar. Davalarına səbəb əsasən  içib sərxoş olmaları olub, davaları əsasən sözlə olub,  qışqırtı səsi eşitsə də onların əlbəyaxa olmasını, bir-birini döyməsini görməyib. Nadejdanın oğlu Emil, qızı Raminə  çox mərifətli, sakit, heç kimlə işi olmayan, hamı ilə mehriban dolanan uşaaqlardır. Emil əsgərə gedəndə bacısı Raminəni o evdə, yəni anası Nadejda və Tahirlə qalmasına razı olmayıb, bacısını aparıb qohumugildə qoyub, təxminən bir il bundan əvvələ kimi  Raminə o evə təxminən bir və ya iki dəfə gəlib, o da həyətdən göy yığıb, həmin gündə geri qayıdıb, heç vaxt gecəni orada qalmayıb, son bir il olar ki, Raminə ümumiyyətlə oralara gəlməyib. Təxminən bir il bundan əvvəl Tahir görünməyib, Nadejdagildə qalmayıb, gəlib getmirmiş, yəni yox olub. Tahirin yox olmasından bir müddət sonra bir dəfə Nadejdadan Tahirin hara getməsini soruşub, Nadejda çox kobud formada «mən nə bilim, çıxıb gedib» deyib. Bundan sonra Tahiri görməyib, bir də Nadejdadan Tahiri soruşmayıb. 15.05.2008-ci ildə polis əməkdaşları gəlib Nadejdagilin həyətini qazıb oradan meyit tapıblar.

***

­­­İş üzrə keçirilmiş məhkəmə psixatiriya ekspertizasının 13.06.2008-ci il tarixli 384 №-li rəyi ilə müəyyən edilmişdir ki, Qəmbərov Emil Rəhim oğlunda ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya asixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə E.R.Qəmbərov  öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.

İşin istintaqını aparan Sumqayıt şəhər Prokurorluğunun müstəntiqləri hesab edib ki, istintaq zamanı təqsirləndirilən şəxs Qəmbərov Emil Rəhim oğlunun cinayətin açılmasına fəal kömək etməsi onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmədir.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, iş üzrə zərər çəkmiş şəxs olan mərhum Mehdiyev Tahir Heydər oğlu əvvəllər bir neçə dəfə məhkum olunub, spirtli içkilər qəbul etməyə meyilli olub.

Nəhayət, 2 sentyabr 2008-ci ildə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi cinayəti törətmiş Emil Qəmbərovun 10 il müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

“168saat”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın