Menu
Geri İrəli

Ölən sumqayıtlı gənc ananın həkimindən ilginc AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2013 • Baxış sayı: 322 dəfə • 3 şərh

Doğuşdan bir neçə gün sonra oktyabrın 25-i “ANS”in əməkdaşı Afət Telmanqızının qardaşının həyat yoldaşı 26 yaşlı Pərvinə Hüseynova Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, doğuş oktyabrın 4-ü Sumqayıtdakı 1 saylı doğum evində keysəriyyə əməliyyatı ilə gerçəkləşib. Ancaq doğuşdan sonra ananın vəziyyəti pisləşib və oktyabrın 10-u Respublika Klinik Xəstəxanasına gətirilib və Pərvinə Hüseynova elə orda dünyasını dəyişib.

Bəs Pərvinə Hüseynova Respublika Klinik Xəstəxanasına hansı vəziyyətdə daxil olub? Onun həyatını xilas etmək üçün hansı tədbirlər görülüb? Həmçinin ölümün konkret səbəbi nə olub?

Hafta.az-ın əməkdaşı bu və ya digər suallara aydınlıq gətirmək və ailənin bəzi iddialarına münasibət öyrənmək üçün proseslərdə əvvəldən axıra qədər iştirak etmiş Respublika Klinik Xəstəxanasının məsul reanimotoloqu Vidadi Həsənovla söhbətləşib:

- Xəstə Pərvinə Hüseynova oktyabrın 10-u, ağır vəziyyətdə, keysəriyyə əməliyyatından sonrakı vəziyyət, kəskin böyrək çatışmazlığı, sidik ifrazının olmaması və animiya ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Xəstəyə mütəxəssislər tərəfindən baxıldı, müvafiq olaraq intensiv terapiya təyin olundu. Xəstənin uşaqlığında ciftin qalıb-qalmaması yoxlanıldı. Bunun üçün xəstəxanamızdakı uşaqlığı dəqiq göstərən xüsusi müayinə aparatından (variginal-ultrasəs müayinə aparatı) istifadə edildi. Qeyd edim ki, o biri ultrasəs müayinə aparatlarından fərqli olaraq bu cihazla uşaqlığı daha dəqiq müayinə etmək olur. Məlum oldu ki, içəridə cift qalıqları var. Həmin qalıqlar təcrübəli ginekoloqlar tərəfindən qaşınmaqla çıxarıldı və kistoloji müayinəyə verildi. Bu arada deyim ki, xəstədə böyrək çatışmazlığı olduğuna görə hemodializ seansı alırdı. Çünki böyrəyin funksiyasını göstərən kreatin, yəni zəhərlənmə göstəricisi 601 idi və ona görə də hemodializ edilirdi. Halbuki, 90-dan bir az yuxarı göstərici norma sayılır. Böyrək çatışmazlığına səbəb olan amillər isə həm cift qalıqları, həm də qanaxma olub.

Oktyabrın 18-i isə uşaqlıq qanaxması olduğuna görə, ginekoloqlar tərəfindən belə qərara gəlindi ki, xəstə əməliyyat otağına köçürülsün və təkrar baxılsın. Əgər qanaxması dayanmasa uşaqlıq götürülsün. Odur ki, qanaxma dayandı və sonrakı günlər də olmadı. Oktyabrın 19-u gecə saat 3-də isə uşaqlıqdan təkrar cift qalıqları xaric edildi. Təbii ki, bu proses ağır olduğuna görə xəstəyə sakitləşdirici vurulub (venadaxili anesteziya) ki, çox ağrı hiss etməsin. Beləliklə, cift qalıqları çıxarılandan təxminən 40 dəqiqə sonra xəstədə tənəffüs çatışmazlığı əlamətləri başladı. Həmin gündən etibarən xəstəyə süni tənəffüz aparatı qoşuldu. Bu zaman bizdə şübhə yarandı ki, xəstədə beyin qan dövranı pozğunluğu ola bilər. Çünki təcrübəmizdə belə hallara rast gəlirik. Beləliklə, xəstə tomoqrafik müayinə edildi və məlum oldu ki, beyin qan dövranının pozğunluğu, son alın payında qansızma, həmçinin beyinin arxa çuxur nahiyəsində nöqtəvari qansızma var. Bundan sonra xəstəyə nevropotoloqlar baxdı, həmçinin xəstəni mərkəzdən çağırdığımız neyrocərrahlar müayinə etdilər. Ondan sonrakı dövrdə də xəstə hemodializ alıb, çünki böyrək çatışmazlığı davam edirdi… Xəstəyə xeyli qan, qanəvəzedici, zülal preparatı, plazma köçürüldü. Aparılan intensiz terapiyaya baxmayaraq, Pərvinə Hüseynova oktyabrın 25-i axşam saatlarında bir neçə orqanın çatışmazlığından dünyasını dəyişdi.

- Ailənin iddiasına görə, Pərvinə xəstəxanada iki dəfə əməliyyat olunub və ikinci əməliyyat zamanı narkozdan komaya da düşüb…

- Bizim xəstəxanada əməliyyat aparılmayıb. Ciftin çıxarılması qaşınma yolu ilə həyata keçirilib. İlk proses 10-15 dəqiqə çəkdi. İkincidə isə dediyim kimi qanaxma dayanmasaydı əməliyyat aparılmalı və uşaqlıq çıxarılmalıydı. Qanaxma dayandığı üçün əməliyyata ehtiyac qalmadı və sadəcə cift qalıqları çıxarıldı. O ki qaldı xəstənin narkozdan komaya düşməsinə, belə hal yaranmayıb. Bu koma deyil, proses belədir ki, xəstəyə dediyim kimi, venadaxili ağrıkəsici vurulur, uşaqlıq qaşınır və ondan yarım saat, qırx dəqiqə sonra tənəffüs çatışmazlığı başlayır və belə olan halda xəstə məcburən tənəffüs aparatına qoşulur. Çünki tənəffüs aparatı qoşulmasa, xəstə həmin dəqiqə ölə bilər.

- Ailə deyir ki, xəstəxanada həkimlər tərəfindən müəyyən tədbirlər görülüb, xəstə dializ aparatına qoşulub və sair. Ancaq iddia edilir ki, beyinə qansızmanın qarşısının alınması ilə bağlı vaxtında tədbir görülməyib…

- Xəstənin huşunda tutqunluq yaranmışdı. Bu onu göstərirdi ki, beyin normal fəaliyyət göstərmir. Belə hallar qan azlığı, beyin ödemindən də baş verə bilir. Xəstənin beynində qansızma sonradan yarandı. Bu proses uşaqlıq qanaxmasından sonra baş verdi. Həmin vaxtdan sonra xəstənin huşu bərpa olunmadı. Ancaq əvvəldən axıra qədər xəstənin vəziyyətilə bağlı heç bir məqam yaddan çıxmadı. Baş həkim Telman müəllimin, müavin Mahir müəllimin və bütün mütəxəssislərin iştirakı ilə xəstəyə hər gün baxıldı. Burda yaddan çıxan heç nə olmadı.

- Deyilənə görə, Sumqayıtdakı 1 saylı doğum evinə aparılarkən Pərvinə xanımın təzyiqi olub. Bu diaqnozu həkimlər qoyub. Doğum evi onu dərhal əməliyyat edib. Ümumiyyətlə, belə vəziyyətlərdə hansı qərar qəbul edilməlidir?

- Hamilə qadınlarda təzyiq həmişə yüksək olur və bu, fizioloji haldır. Belə insanlarda təzyiq 140-160 olur və zaman-zaman da qalxmağa meyillidir. Ona görə də belə vəziyyətlərdə təzyiq müəyyən qədər salınmalı və xəstə təcili əməliyyata götürülməlidir. Orda uşağı xilas elədilər, amma sonrakı fəsadlar məlum vəziyyətə gətirib çıxardı.

- Xəstəxanaya daxil olarkən anada nə qədər qan olub?

- Xəstəxanaya daxil olanda anada gemoqlabin 44 qram/litr olub. Bu isə 24 faiz deməkdir. Düzdü, belə əməliyyatlarda qanaxma olur, bu, fizioloji haldır. 70-80 qram/litr olanda biz arxayın oluruq, amma Pərvinədə 44 olub. 44 də qatılaşmış qan deyirik-onun göstəricisidir. Belə vəziyyətlərdə xəstəyə bir az maye köçürən kimi qan 40-dan aşağı, 30-a kimi düşür ki, bu da 18-20 faiz qan deməkdir. 20 faiz qanla ürək, beyin, ağciyər və digər orqanlar necə qidalansın? Beyin çox həssas orqandır və qan azlığına dözmür. Belə vəziyyətlər ödem verir və bununla yanaşı təzyiqi qaldırır. Biri var ürək-damar xəstəliyi ilə bağlı yaranan təzyiq, biri də var ki, beyin ödemindən yaranan. İkinci halda nə qədər müdaxilə etsən də, təzyiqi istədiyin kimi aşağı sala bilmirsən. Çünki beyin ödemi sorulmalıdır ki, təzyiqi nizamlaya biləsən.

- Bəs məsələ ilə bağlı sizin Sumqayıtdakı 1 saylı doğum evi ilə əlaqəniz oldumu?

- Bəli, əlaqə yaratdıq. Onlar dedilər ki, az miqdarda qanaxma olub və cift qalığı isə olmayıb. Məsələyə bir az tərəddüdlə yanaşdılar. Keysəriyyə əməliyyatında cift qalma ehtimalı az olmasına baxmayaraq, həmin əməliyyatda qalıb. Halbuki, cift xəstəxanamızda çıxarılıb. Orda qanaxma isə yəqin çox olub ki, hemoqlabin 44 olub. Əgər az olsaydı 44 yox, 60-70 olardı.

- Deyirlər ki, əməliyyat 4 saata başa çatdırılıb. Bəs əslində keysəriyyə əmliyyatı neçə saat davam edə bilər?

- Qanaxma olanda əməliyyat bir az vaxt aparır. Amma normalda 1 saata, hətta 30-40 dəqiqəyə də başa çatdırmaq olur.

- Bəs konkret olaraq ölümün səbəbi nə oldu?

- Əməliyyatdan sonrakı dövrdə yaranan kəskin böyrək çatışmazlığı, cift qalıqları, uşaqlıq qanaxması və sonra baş verən beyin qan dövranının pozğunluğu, beyinə qansızma, beyin ödemi və beyin koması həyati vacib orqanların pozulmasına və ölümə gətirib çıxardı. Belə vəziyyətlər beyin ödemi verir, pol-orqan çatışmazlığına gətirib çıxarır. Çünki tənəffüs, ürək-damar mərkəzləri ora yaxındır. Xəstə axıra qədər süni tənəffüs aparatında oldu. Sona qədər ananın həyatını xilas etmək üçün çalışdıq. Bizdə elə hallar olub ki, analar belə vəziyyətlərdən çıxıb. Gecə-gündüz növbətçilik əsasında gücləndirilmiş briqada ilə bütün gücümüzü səfərbər etdik ki, işimizin nəticəsi olsun. Bunu ailə özü də gördü. Sadəcə, beyinə qansızma, ananın dializ xəstəsi olmağı bir az bizim işimizi çətinləşdirdi. Çox təəssüf ki, gənc və gözəl xanımın həyatını xilas edə bilmədik.
Atif Sarıxanlı , hafta.az

Facebook Şərhləndirmə:

“Ölən sumqayıtlı gənc ananın həkimindən ilginc AÇIQLAMA” yazısına 3 cavab

  1. Anar deyir:

    Çox təəssüf. cox.cox.

  2. Isa deyir:

    Məncə bu dövlət bunu belə qoymamalıdır. O 1 saylının əclaf həkimi evində rahat yatır indi. Heç onu sağ yatmasın. Ailəsi Pərvinənin başına gətirdiklərindən daha artığını çəksin. Amin. O əclaf “həkimə” 1 sualım var ki: Sən cifti kəsib doğrayıb yaranı elə belə bağlayım, hər şey bitsin deyə fikirləşəndə – öz balaların gözünün qabağına gəlmədi? O anasız qalan günahsız körpənin ahı tutsun sənin kimi şərəfsizi.

  3. Arzu deyir:

    Allah taala ölən qızın ailesinə sebr versin.Başları sag olsun.Məkanı cənnət olsun.ürek agrıtsa da belə hadisələr baş verir amma inamımızı itirmeyek bəlkə Allah bizi belə sınaga çəkir her bir kəs həyatında öz yaxınını,əzizini itirir amma həyatda yenədə kimsə saxlayır və kiməsə görə yenə də həyatda yaşamaga davam edir.Demək istəyirəm ki o dünyaya göz açan körpə qız uşagı ölən ailənin daim sevinci,ferehi olsun.Anası kimi mehriban,agıllı,sevilən olsun.bu cür həkimlərə gəldikdə isə bu məsələ ilə dövlət başçısı məşgul olmalıdır ki belə həkimlər işləməsinlər,qovulsunlar,heç yerde çörək pulu tapmasınlar.Küçədən gətirib yıgırlar xestexanalara bu cür qoyun hekimleri.Allah onun cəzasın versin.Amin! Yenə də Allah rehmet etsin Pərvinə xanıma!

Şərhinizi yazın