Menu
Geri İrəli

Oqtay Əsədov BMT-də Qarabağ qətnamələrinin icrasını tələb edib -FOTO

Müəllif: Sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2015 • Baxış sayı: 336 dəfə • Şərh yoxdur

oqtay bmtBMT-nin qərargahında Parlament sədrlərinin 4-cü Ümumdünya Konfransı öz işini davam etdirib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinə istinadən bildirilir ki, Milli Məclisin sədri Oqtay Əsədov konfransda çıxış edib. O, ölkəmizin dövlət müstəqilliyi bərpa ediləndən keçən dövr ərzində Azərbaycanda qazanılmış uğurlar və demokratik inkişaf prinsipləri barədə söhbət açıb.

O. Əsədov konfransın təşkilatçılarının bu təşəbbüsünü yüksək qiymətləndirərək vurğulayıb ki, belə tədbirlər bütün dünyada sülhün və davamlı inkişafın təmin edilməsi işində parlamentlərin əməkdaşlığı üçün şərait yaradır. Milli Məclisin spikeri qeyd edib ki, 4-cü Ümumdünya konfransının bəyannamə layihəsində parlamentlərarası əməkdaşlığın problemləri və vəzifələri, o cümlədən müharibələrin və münaqişələrin qarşısının alınmasına yönəlmiş səylər, terrorizmə, mütəşəkkil cinayətkarlığa, insan alverinə, narkotik maddələr alverinə qarşı mübarizə, habelə gender bərabərliyinin yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılması məsələləri göstərilir. Bununla bərabər, O.Əsədov təəssüflə qeyd edib ki, təcavüzkar etnik separatizm problemi bəyannaməyə daxil edilməyib. O, sözünə davam edərək deyib ki, təcavüzkar etnik separatizm təkcə ayrı-ayrı regionlar üçün deyil, bütün planetdə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün təhdid mənbəyidir.

Milli Məclisin spikeri deyib ki, Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişə nəticəsində Azərbaycan təcavüzkar separatizmin qurbanı olub. 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Azərbaycana qarşı hərbi təcavüzün gedişində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda aparılmış etnik təmizləmə nəticəsində minlərlə dinc sakin həlak olub. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə dünya birliyi adından Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. O. Əsədov dünya birliyinə müraciətlə təcavüzkarlar tərəfindən beynəlxalq hüququn pozulması faktlarının pislənməsində həmrəy olmağa və bu istiqamətdə qəti addımlar atmağa çağırıb.

O. Əsədov çıxışının sonunda bəyannamədə göstərilən məsələlərin həll edilməsi üçün Azərbaycan parlamentinin digər ölkələrin parlamentləri ilə əməkdaşlığı möhkəmlətməyə hazır olduğunu bildirib.

Parlament sədrlərinin Parlamentlərarası İttifaq tərəfindən təşkil edilən növbəti Ümumdünya Konfransı 2020-ci ildə keçiriləcək.

 

oqtay bmt02.jpg

Facebook Şərhləndirmə:

Şərhinizi yazın