Menu
Geri İrəli

Orxan Zeynalovun “öldürdüyü” gəncin valideynləri ilk dəfə danışdı – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2013 • Baxış sayı: 175 dəfə • Şərh yoxdur

“İstəsələr Orxanın valideynləri ilə görüşməyə hazırıq; heç kim bizim oğlumuzun qətlindən xal qazanmağa çalışmasın, bu məsələdə milliyyət əsas ola bilməz…”

Moskvanın Qərbi Biryulevo rayonunda Azərbaycan vətəndaşı, 31 yaşlı Orxan Zeynalov tərəfindən “öldürülən” (bu qətldə ittiham olunan şəxs məhkəmədə günahsız olduğunu bildirib-red.) 25 yaşlı Yeqor Şerbakovun valideynləri ilk dəfə mətbuata danışıb.

Virtualaz.org xəbər verir ki, NTV telekanalının çəkiliş qrupu Şerbakovların mənzilində olub və Moskvanı, eyni zamanda Rusiya ilə Azərbaycan  arasındakı ikitərəfli münasibətləri silkələyən bu səs-küylü qətllə bağlı xüsusi reportaj hazırlayıb. Reportaj bazar günü axşam efirə gedəcək. NTV reportajdan qısa fraqmenti öz saytında yerləşdirib.

Şerbakovun valideynləri deyiblər ki, Orxan Zeynalovun Yeqorun sevgilisi ilə şəxsən tanış olduğu barədə onun yoldaşları tərəfindən irəli sürülmüş versiyaya inanmırlar. Anasının sözlərinə görə, Yeqorla Kseniya bir neçə gün sonra ZAQS-a gedib evlənmək barədə ərizə verməyə, ilin axırında isə toy etməyə hazırlaşırdılar.

Valideynlər hadisə barədə göz yaşları içində danışırlar, ancaq deyirlər ki, Zeynalovun ailəsi ilə görüşməyə hazırdırlar, əgər qarşı tərəf bunu istəsə.

Öldürülən gəncin atası Vladimir Şerbakov deyib: “Mənim o valideynlərə yazığım gəlir. Onlar oğul dünyaya gətiriblər, kişi böyüdüblər. O isə təkcə öz valideynlərini deyil, Qafqazın çox-çox xalqlarını pis vəziyyətdə qoydu”. 

Yeqorun anası Yelena Şerbakova: “Valideynlər günahkar deyil, axı onlar da övladlarına tərbiyə veriblər. Onlar da hamı kimi valideyndirlər. Dalaşmaq, münasibətləri aydınlaşdırmaq olar, öldürmək olmaz. Sözləri çəp gəlmişdisə, dalaşardılar, niyə öldürürdü?”.

“Komsomolskaya pravda”nın əməkdaşı da Şerbakovların evində olub. Yeqorun atası deyib ki, o, oğlu ilə fəxr edir: “Yeqor çətin anda yaxın adamının müdafiəsinə qalxıb, onu qorumağa çalışıb, əsl kişi kimi hərəkət edib”.

Vladimir Şerbakov deyir ki, oğlunun sinəsindən bıçaqlandığı haqda xəbəri faciədən iki dəqiqə sonra eşidib.

“Həmin axşam ürəyimdə nəsə səksəkə vardı. Ancaq gözləmirdim ki, belə şey baş verər. Kseniya ağlaya-ağlaya zəng edəndə gecə saat 2 idi. Mən maşına atıldım və onların evinə tələsdim. Son ana qədər özümü əmin etməyə çalışırdım ki, Yeqor sağdır, ancaq ağır yaralıdır. Ancaq hadisə yerinə çatanda gördüm ki, onu düz ürəyindən vurublar”  – deyə öldürülən gəncin atası danışır.

Onu qəhər boğur və sözlərini davam etdirə bilmir.

Bildirilir ki, ertəsi gün Yeqorun qardaşı hadisə yerindən təxminən 10 santimetrlik ülgüc-bıçaq tapıb. Həmin bıçaqla Orxan Yeqorun ürəyindən zərbə endirib. Hazırda bıçağı müstəntiqlər araşdırır.

“Axı Zeynalov niyə bıçağa əl atırdı? İradları vardı, kişi kimi, yumruqları ilə dalaşardılar. Və hər kəs sağ qalardı. Axı bu nə vəhşilikdir?” – deyə Yeqorun atası bildirir.

Qəzet yazır ki, Yeqorun bıçaqlanmasından iki dəqiqə əvvəl Orxan binanın girişində başqa qıza sataşıb, onu qucaqlayıb. Şerbakovun atası: “O qız deyir ki, mağazadan qayıdırdı, həmin Orxan ona sataşmağa, əl atmağa başlayıb. Qız güclə özünü binanın qapısından içəri salıb. Danışır ki, ondan bərk alkoqol iyi gəlirdi və sanki narkotikin təsiri altında idi”.

Bundan təxminən iki-üç dəqiqə sonra Orxan sevgilisinin maşınından düşən Kseniyaya sataşır və qətl baş verir.

Yeqorun valideynləri bu hadisəni süni şəkildə qızışdıran və Rusiyada miqrantlara qarşı kütləvi təqiblər başladan hakimiyyət nümayəndələrindən fərqli olaraq daha insani, ləyaqətli mövqe nümayiş etdirir. Valideynlər “Komsomolskaya pravda” vasitəsilə onların övladının ölümündən dividentlər əldə etməyə çalışanlara müraciət edir: “Heç bir milli ədavət  və iğtişaş lazım deyil. Bu hadisədə milliyyət əsas ola bilməz, hamının başına belə iş gələ bilər”.

Vladimir Şerbakov deyir ki, oğlunun dəfnindən dərhal sonra təxribatlardan qorxaraq arvadı ilə birlikdə Moskva ətrafına gedib. İstəməyib ki, kimlərsə onlardan təxribatlar üçün istifadə etsin.

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın