Menu
Geri İrəli

Oyundankənar vəziyyətlər

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2012 • Baxış sayı: 150 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıtda liderliyə iddia edən cənub təmsilçisi “Xəzər Lənkəran” “Sumqayıt”ın qonağı idi. Təxminən bərabər səviyyəli və sönük keçən qarşılaşmadan tərəflər “sülh”lə ayrıldılar. Oyundan danışmayacağam. Zatən, danışılası bir şey də yoxdur. Bir daha göründü ki, M.Mənsimovun pulları Lənkəranda göyə sovrulur – bu komanda Avropada-zadda uğur qazana bilməz, yaxşısı budur ki, Biləcəridən o tərəfə əziyyət çəkib getməsin… Sumqayıtdasa Raabsız da keçinmək olar, amma elə Raabla da.

Əlqərəz, mən meydançadan kənarda idman yazarımız Turalla birlikdə gözümüzdən yayınmayan məqamları diqqətinizə çatdıracam:

 

  • Bu dəfə Sumqayıt stadionunda ilk dəfə çempionatın rəsmi sponsoru yada düşmüşdü. Axır ki, təşkilatçılar “Topaz”ın adının yazıldığı plakatları meydançanın ətrafında asmışdılar.
  • Ötən həftə hakimin əzişdirilməsi, deyəsən, SOS siqnalı olub – bu gün stadionda hakimlərin mühafizəsi gücləndirilmişdi. Kürəyinə “Security” yazılmış təhlükəsizlik əməkdaşları hakimləri geyinib-soyunma otaqlarına qədər müşahidə edirdilər.
  • Görünür, polisin işinin də keyfiyyətinin artırılmasına ehtiyac varmış – yoxsa şəhərin polis idarəsi rəisinin birinci müavini Azər Cahangirov o qədər də kütləvi olmayan bu tədbir üçün stadiona qədər niyə gəlsin ki?!
  • Fatih Terim öz “ekip”ini ikinci yarıya həmişə yaxşı kökləməyi bacaran “hoca” kimi tanınır. Bəlkə elə Bernhard müəllimin də bununla bağlı nəsə resepti var. Elə bax bu gün o da öz “aslanları” ilə “taym-aut”da yaxşı danışmışdı deyəsən. Hə, bir də ki, komandanın prezidenti Kamran Quliyevin birinci hissənin sonunda fəxri kürsüdən verdiyi tapşırıqları klubun mətbuat katibi Rəşad Məmmədovun geyinib-soyunma otağına çatdırdığı da gözdən yayınmadı.
  • Stadiona meyxanaçılar da gəlmişdilər. Yox, söhbət lənkəranlıların eks-qolkiperi Kamran Ağayevdən getmir. Sumqayıtlı meyxanaçı İntiqamı jurnalistlər azarkeşlər arasında aşkarlayaraq fasilədə sual atəşinə tutdular. Meyxana ustadı ona ilk olaraq yaxınlaşan Qol.az-ın əməkdaşı Anar Xanlarova “Tı kto takoy. Davay dasividaniya” demədi – azərbaycan dilində şeiriyyətsiz filansız suallara cavab verdi… Bir də ki, bu yaxınlarda rus telekanallarının ulduzuna çevrilmiş meyxanaçının cənub təmsilçisinə azarkeşliyi diqqətimizi çəkdi.
  • Sumqayıt klubunun meneceri Rəşad Əzizov yəqin ki, oğlunu özü ilə bir də çox sonralar – futbol fanatı olanda oyuna gətirəcək. Oyunboyu menecerin oğlu ona matçı rahat izləməyə imkan vermədi.
  • Sumqayıtlı veteran futbolçusu İsmayıl Məmmədov axır ki, VİP-də oturmaq arzusuna çatmışdı. Ötən oyunların birində sumqayıtlı polislər onu tanımayıb bu yerə buraxmamışdılar. İndi isə İ.Məmmədov rahat kresloda idi, ancaq nədənsə oyunun sonuna hələ xeyli qalarkən İsmayıl stadionu tərk etdi.
  • Şəhərin DYP xidmətinin rəisinin işdən azad olunması belə olur da. Post boşdur, elə strateji yerdə DYP əməkdaşlarının yoxluğu da boşluqdur. Nə oyun başlamamış, nə də oyunsonrası stadionun ətrafındakı yolda heç bir DYP avtomobili gözə dəymədi. Baxmayaraq ki, bir neçə həftə öncə məhz bu yolda çempionat oyunlarının birindən sonra stadionun yaxınlığındakı yolu keçərkən “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucovun oğlu avtomobil vurması səbəbi ilə həyatını itirmişdi.

 

 

Oyundankənar vəziyyəti Vüsal Məmmədov yazdı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın