Menu
Geri İrəli

Peşə seçməkdə çətinlik çəkən sumqayıtlı gənclərə nümunə

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2013 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

Bundan öncəki yazımızda qeyd etdiyimiz kimi ARDNŞ-nin Təlim Tədris və Sertifi­kat­laş­dırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzində 2011-2012-ci tədris ilində müxtəlif peşələr – elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, tornaçı, təmirçi-çilingər peşələri üzrə təhsillərini uğurla başa vurmuş 100 nəfər gənc artıq üç aydır ki, «Azərikimya» İstehsalat Birliyinin müxtəlif idarə və müəssisələrində neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi sərbəst əmək fəaliyyətlərinə başlamışdır.

«Azərikimya» İstehsalat Birliyi bu gənclərin ictimaiyyətə daha yaxından tanıdılması və peşə seçməkdə çətinlik çəkən sumqayıtlı gənclərə dəstək göstərilməsi kampani­yasına start vermişdir. Bu kampaniya çərçivəsində daha dörd nəfər gəncin qısa tərcümeyi-halı ilə birgə tədris və iş təəssüratlarını oxuculara təqdim edirik.

  4. Yunusov İlkin İlqar oğlu

Yunusov Ilkin 1

 5 oktyabr 1986-cı ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə orta məktəbi bitirərək sənədlərini ali məktəbə təqdim etsə də, imtahanlardan müvəffəq qiymət ala bilməyib. Hərbi xidmətini başa vurduqdan sonra özəl sektorda müxtəlif fəaliyyət növü ilə məşğul olmağa başlayıb. Bir müddət mənzillərin təmiri ilə məşğul olan atasına yardım edib, bir müddət «Azkom­pozit» zavodunda fəhlə işləyib, bir müddət isə fərdi fəaliyyət göstərərək, şəxsi mənzillərdə müəyyən təmir işləri ilə məşğul olub. Amma bu işlərin hamısı müvəqqəti xarakter daşıdığına görə onun və ailəsinin dolanışığının təminatçısına çevrilə bilməyib. Ona görə də əlində bir peşəsi, daimi iş yeri olsun deyə axtarışa çıxıb. Bu axtarış da onu Sumqayıt Təlim Tədris Mərkəzinə gətirib çıxarıb.

 İlkin Yunusovun dediklərindən:

- 27 yaşım var. Ailə həyatı qurmuşam. Bir oğul atasıyam. Ailəmi dolandırmaq, oğluma yaxşı ata ola bilmək üçün mənim daimi iş yerinə hava və su kimi ehtiyacım vardı. Qismətdən ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzinin söhbəti ortaya düşdü. Maraqlandım, şərtlərlə tanış oldum. Şagirdlərə aylıq təqaüdün, gündəlik yeməyin və xüsusi geyimin verilməsi, 10 aylıq təhsildən sonra isə daimi işlə təmin olunma əsas diqqət çəkən məqamlardan idi.

Artıq hər an yaddaşımızda xoş xatirə kimi qalacaq 10 aylıq təhsil dövrü geridə qalıb. Üç aydır ki, Etilen-polietilen zavodunun mexaniki və texnoloji avadanlıqların təmiri sexində 4-cü dərəcəli təmirçi-çilingər kimi müstəqil əmək fəaliyyətinə başlamışam. Aldığım zəhmət haqqı hələlik ailəmizi dolandıracaq səviyyədə deyilsə də, sabaha böyük ümidlərlə baxıram. Əsas odur ki, daimi və təhlükəsiz iş yerim var, tibbi sığorta ilə təmin olunmuşam, üzvü olduğum kollektivdən xoş ünsiyyət, diqqət və qayğı görürəm. Yəqin ki, gələcəkdə işə məsuliyyətlə yanaşmam və dərəcəmin artması hesabına əməkhaqqım da artacaq, bununla da ailəmizin dolanışığı öz normal axarına düşəcək.

Hər birimiz üçün xoş olan cəhətlərdən biri də odur ki, «Azərikimya» İB-nin rəhbərliyi mütəmadi olaraq bizimlə görüşür, problemlərimizi dinləyir, arzu və istəklərimizlə maraqlanır. Son üç ayda 3 belə görüş keçirilib və o görüşlərdə qaldırılan məsələlər, irəli sürülən təkliflər artıq öz həllini tapıb. Bu da bizi həm işimizə möhkəm tellərlə bağlayır, həm də məsuliyyətimizi artırır.

  5. Məhəmmədxanov Emil Bahəddin oğlu

 Memmedxanov Emil 211 iyun 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini şəhərdəki 27 saylı məktəbdə alıb. Ali məktəbə sənəd versə də qəbul ola bilməyib. Hərbi xidmət borcunu yerinə yetirdikdən sonra yaxın dost­larının məsləhəti ilə sənədlərini ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzinə verib. 10 ay təhsil aldıqdan sonra elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnib.

 - Artıq üç aydır ki, «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun Buxar və elektrik enerjisi istehsalatında 4-cü dərəcəli elektrik montyoru kimi müstəqil əmək fəaliyyətinə başlamışam – söhbətə bu sözlərlə başlayan müsahibimin sevinci gözlərindən oxunurdu. – Təlim Tədris Mərkəzinə sənəd verməmişdən öncə çox götür-qoy etdim. Çünki Sumqayıtdakı mövcud peşə məktəbləri haqqında yetərincə təsəvvürüm vardı. Açığını deyim ki, bu məktəblərə münasibətim müsbət deyildi. Fikirləşirdim ki, yəqin bu da həmin məktəblərin bir formasıdır. Ona görə də məktəbi öz gözlərimlə görmək qərarına gəldim. Məktəbə gələndə mənim bu istəyimin həyata keçməsinə yardımçı oldular. Tədris otaqları və emalatxanalarla tanışlıqdan sonra fikirlərimdə köklü dəyişiklik yarandı və elə həmin gün də elektron müraciət formasını doldurdum. Hətta ali məktəbə qəbul ola bilməyən bir neçə dostuma da məsləhət gördüm.

Artıq üç aydır ki, kimyaçılar ailəsinin bir üzvü də mənəm. 4-cü dərəcə ilə işə qəbul olun­muşam. Normal zəhmət haqqı alıram. İş şəraitim yaxşıdır. Xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşam. Zəhmətkeş ailədə böyüdüyümdən işin çətinliyi məni qorxutmur. Atam «Azərkörpü»də briqadir vəzifəsində çalışır, qardaşım isə Sumqayıt Texnologiyalar Parkında çilingərdir. Qismət olsa, gələcəkdə ali təhsil almaq, öz sahəm üzrə ixtisaslı kadr kimi formalaşmaq istəyirəm. Ətrafımda olan təcrübəli insan­ların – Şahvələd Namazovun, Aydın Əliyevin və digərlərinin diqqət və qayğısı sayəsində arzularımın reallaşacağına inanıram.

6. Məmmədov Pərvin Zahid oğlu.

 Memmedov pervin12 aprel 1989-cu ildə Siyəzən rayonunda anadan olub. 1992-ci ildə ailəlikcə Sum­qayıt şəhərinə köçərək Hacı Zeynalabdin Tağıyev qəsəbəsində məskunlaşıblar. 32 saylı orta məktəbi bitirdikdən sonra sənədlərini ali məktəbə təqdim etsə də, qəbul ola bilməyib. 2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olsa da, konkret bir peşəsi olmadığına görə daimi işlə təmin oluna bilməyib.

 Pərvin Məmmədovun ürək sözləri:

- Boş vaxtlarımda internetlə məşğul olmağı xoşlayıram. Son vaxtlarda mütəmadi olaraq müxtəlif saytlarda yerləşdirilmiş iş elanları ilə maraqlanırdım. Bir dəfə də Neft Şirkətinin “socar.az” saytında Sumqayıt Təlim Tədris Mərkəzi ilə bağlı verilmiş elanı gördüm. Qəbul şərtlərini oxuyanda öncə peşə məktəbi olduğunu bilmədim. Ancaq ixtisaslara baxandan sonra bu Mərkəzin yüksək ixtisaslı kadrlar hazırlayan peşə yönümlü məktəb olduğunu anladım və tərəddüd etmədən qəbul üçün elektron müraciət etdim. On aylıq təhsil və təcrübədən sonra məni «Azərikimya» İstehsalat Birliyinə işə qəbul etdilər. Hazırda Etilen-polietilen zavodunun sintez sexində 4-cü dərəcəli polimerləşdirmə aparatçısı vəzifəsində çalışıram. İş yerində yaradılan şəraitdən razıyam.

Bəxtim onda gətirib ki, təhsil aldığım Təlim Tədris Mərkəzində də işini mükəmməl bilən müəllim və istehsalat təlim ustaları ilə əhatə olunmuşdum, çalışdığım sexdə də təcrübəli, bilik və bacarığını gənc kadrlardan əsirgəməyən insanların əhatəsindəyəm.

Bir məsələni xüsusilə qeyd etmək istərdim. «Azərikimya» İstehsalat Birliyinə, bütövlükdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə böyük ümidlərlə baxıram.  Uzun müddətdir ki, idmanın cüdo növü ilə məşğul oluram. Bir sıra yarışlarda iştirak edərək mükafata layiq yerlər tutmuşam. Ancaq imkansızlıq və digər səbəblər üzündən beynəlxalq yarışlarda təmsil oluna bilməmişəm. Buradakı fəaliyyətimi həm də bu baxımdan dəyərləndirmək istərdim. İnanıram ki, «Azərikimya» İB-nin dəstəyi, qayğısı sayəsində nə vaxtsa bu arzum da həyata keçəcək.

Fürsətdən istifadə edib, biz gənclərə xüsusi diqqət ayırdıqlarına görə praktika və nəzəriyyə rəhbərlərim Fəxrəddin Hacıyev və Elşən Quliyevə minnətdarlığımı bildirmək istəyirəm.

 7. Məmmədov Ənvər Aşur oğlu

Memmedov Enver 1 23 avqust 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Şəhərdəki 13 saylı orta məktəbi 2009-cu ildə bitirib. Maddi imkanları o qədər də geniş olmadığına görə ali təhsil dalınca getməyib. 2009-2011-ci illər ərzində hərbi xidmət borcunu yerinə yetirdikdən sonra Sumqayıt şəhərinə qayıdıb və buradakı peşə təhsili müəssisələrinin birində oxuyaraq bir ixtisasa yiyələnmək, sənət sahibi olmaq istəyib. Ancaq mövcud peşə məktəblərinin müasir standartlara cavab vermə­diyini gördükdə, bu fikrindən daşınıb. Ta atası «Azərikimya» İstehsalat Birliyinin nəzdində Təlim Tədris Mərkəzinin açıldığını söyləyənə qədər.

 Bu barədə Ənvərin özü belə deyir:

- Sumqayıt Təlim Tədris Mərkəzi ilə tanış olandan sonra Sumqayıtdakı digər peşə məktəblərini gözlərim önündə canlandırdım. Fərq inanılmaz dərəcədə idi: geniş, işıqlı, müasir avadanlıqlarla təchiz edilmiş tədris və təcrübə otaqları, yüksək elmi biliyə, praktik savada malik müəllimlər və istehsalat təlimi ustaları bu məktəb haqqında artıq çox şey deyirdi. 10 aylıq təhsil müddətində də eşitdiklərimizin əyani şahidi olduq. Xüsusi geyim, gündəlik yemək, aylıq təqaüd, bir-birindən maraqlı tədbirlər, istehsalat təcrübələri… Hər şey elə gözəl idi ki…

3 aydır ki, Etilen-polietilen zavodunun mexaniki və texnoloji avadanlıqların təmiri sexində 4-cü dərəcəli elektrik qaz qaynaqçısı kimi müstəqil əmək fəaliyyətinə başlamışam. Hələlik 360-380 manat arası əməkhaqqı alıram. Düzünə qalsa, ali təhsil almaq niyyətim yoxdur. Amma öz işimin mahir ustası olmaqda qərarlıyam. Taleyimi Neft Şirkəti ilə, konkret olaraq «Azərikimya» İstehsalat Birliyi ilə bağlamaq niyyətindəyəm. Ailəlikcə yataqxana şəraitində yaşayırıq. İstərdim ki, gələcəkdə ipoteka yolu ilə də olsa, ev alım. Bilim ki, ailə həyatı quranda öz şəxsi evimə yığışa biləcəm.

İş yerimdən və iş şəraitimdən elə bir narazılığım yoxdur. Mənə olan xoş münasibəti üzərimdə hiss edirəm. Istər Təlim Tədris Mərkəzində, istərsə də çalışdığım sexdə qaynaq işinin incəliklərini öyrənməyim üçün hər cür şərait yaradılıb. Bununla belə gələcəkdə daha mötəbər kurslarda, təcrübə mübadilələrində iştirak etmək, beynəlxalq sertifikat almaq istərdim.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın