Menu
Geri İrəli

PULUN QAZANILDIĞI VƏ İTİRLDİYİ MƏKAN- BUKMEYKER KONTORLARI

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2010 • Baxış sayı: 395 dəfə • Şərh yoxdur

İdman matçlarına pul qoyuluşlarını özündə təzahür etdirən totalizator oyunları

bukmeyker-kontoruBəzi insanlar əlavə gəlir mənbəyi əldə etmək, bəziləri isə düçar olduğu ağır maddi durumu yaxşılaşdırmaqdan ötrü çıxış yolları axtarır.  Müasir dünyada insanların bu tələbatı yeni bir biznes sahəsinin- bukmeykerliyin yaradılmasına rəvac verib. Bu biznes növünün tarixinə nəzər salsaq görərik  ki,  “mərc əməliyyatı” futbolun vətəni  sayılan İngiltərədə yaradılıb.

Hazırda bu sahədə çalışan şirkətlərin əksəriyyətinin mərkəzi ofisi Böyük Britaniyada və İtaliyada yerləşir. Adıçəkilən ölkələrdə bukmeyker kontorlarının illik dövriyyəsi 10-12 milyard dollar həcmindədir.

Bukmeyker kontorları mərc oyunlarına marağı olan şəxsləri görüşdürən obyektdir. Artıq dünyamızın kompüter dövrünə keçidi sayəsində müxtəlif ölkələrdə yaşayan insanların eyni “bazar”da qarşılaşması və mərc etməsi su içmək qədər asanlaşıb. Hər hansı bir məsələdə iki şəxs arasında fikir ayrılığı varsa və onlar bu məsələdən ikitərəfli qazancla çıxmaq istəyirlərsə, totalizatorlar araya girir. Sözsüz ki, totalizatorlar vasitəçilik işini pulsuz etmirlər. Oyunlara pul qoyuluşundan uduş olacağı təqdirdə, qazanılacaq məbləği hesablamaq üçün sadə metod var. Bunun üçün hər hansı bir qarşılaşmada üz-üzə gələcək tərəflərin qələbəsinə görə “koeffisientlər” – yəni ,əmsallar,faiz dərəcələri müəyyən edilir. Bu işi isə bukmeyker-analitiklər görürlər. Deyilənə görə, bukmeyker kontorlarında onlarla belə şəxs var və onların işi analiz aparmaqla faiz dərəcəsini müəyyənləşdirməkdir. Amma analitiklərin əsas məqsədi həm də onlara maksimal qazancı təmin edəcək koeffisientləri müəyyən etməkdən ibarətdir.

Bukmeyker kontorları Azərbaycanda

Bu biznesin Azərbaycanda tarixinə nəzər yetirəndə,  maraqlı faktla rastlaşdıq.  Sən demə bu oyun  Azərbaycanda 80-ci ilin əvvəllərində təşəkkül tapmağa başlayıb. O, vaxtlar bir qrup insanlar  “Səməd Vurğun bağı”na yığışırdılar. Dama-dama dəftər vərəqələrində misir heroqiflərinə oxşayan cızma-qarada məhz nə yazıldığı, nə deyildiyini də ancaq özləri başa düşürdülər. Çünki bu qeydlərdə ancaq kod adlar və 0,1,2 rəqəmlərindən özgə heç nə göstərilmirdi. Bu üç rəqəm isə kimlərinsə evini yıxırdı, kimlərə isə quru yerdən milyonlar qazandırırdı. Amma udan həmişə bir nəfər olurdu.

Əslində bu proses, yəni futbol üzrə milli çempionatların oyunlarına “stavka” qoyuluşu o vaxtlar bütün SSRİ-ni başına götürmüşdü. Hər həftə milyonlarla pul müxtəlif ciblərə gedirdi. 1986-cı il Meksikada keçirilən dünya çempionatı ərfəsində SSRİ İdman Komitəsi bukmeykerlərə öldürücü zərbə vurdu: komitənin rəsmi nəşri, ölkənin bir nömrəli idman qəzeti “Sovetski sport” da “Futbol-proqnoz” adlı oyun keçirilməyə başlandı. Eyni zamanda milis də qeyri-qanuni pul qoyuluşu edənlərə qarşı mübarizəyə qalxdı. “Sovetski sport” o dövrdə sözün həqiqi mənasında bukmeyker kontoru rolunu oynayırdı. Əldə olunan milyonlar isə, təbii ki, dövlətin xəzinəsinə gedirdi…

Hazırda isə bu biznes növü  Azərbaycanda daha geniş vüsət alıb. Ölkənin istənilən bölgəsində bukmeyker kontorlarına rast gəlmək olar. Bu isə bu sahədə fəaliyyət göstərən şirkətlər arasında ciddi rəqabəti yaradıb.  Rəqabətdə udmaq üçün bukmeykerlər şərtlərində müəyyən qədər güzəştlər edir, faiz dərəcələrini rəqibləri ilə müqayisədə daha yüksək göstərir, idman növlərinin sayının artırır.  Bundan əlavə, bukmeyker kontorları daimi müştərilərini itirməmək üçün onlara xüsusi güzəştlər təqdim etməkdən belə çəkinmirlər.

Qeyd edək ki,”mərc oyunu” artıq bir xəstəlik halını alıb.  Nəqliyyatda, parklarda, kafelərdə insanların əksəriyyəti hansısa iki komandanın oynayacağından və  “koeffsent” dən danışır.  Yaşadığım şəhərdə  Sumqayıtda belə kontorların sayı durmadan artır.  Artıq bu cür oyunlar bir sıra insanların əsas gəlir mənbəyinə çevrilib. Özünü xəstəlik səviyyəsinə çatdırmış “şot”verənlərdən biri deyir ki, bu yolla dolanmaq olsaydı, bütün millət elə bu işlə məşğul olardı da. Həmin insan bu “mərc oyununda” bütün var-dövlətini itirib.  Adının çəkilməsini istəməyən  şəxsin sözlərinə görə, bu yolda o, 130000 manatından keçib.(Evini, maşınını, bütün var dövlətini satıb)  Həmsöhbətim hamıya da məsləhət edir ki, belə oyunlara aludə olmasınlar:

“Əgər onların uduzmaq ehtimalı olsa, heç bir vaxt belə oyunla mərc qurulmaz. Bunu birmənalı olaraq hamı başa düşməlidir. Burada təşkilatçı 100 faiz qazanır. Məsələn, deyək ki, 1000, 10.000 adam futbol oyunlarının variantını verir. Təşkilatçı da ən axırda bu variantların hamısını kompyuterə salır, hesablayır və qoyulmuş bütün variantları öz adından təkrarlayır. Buna isə “bağlama” deyirlər. Burda istənilən bir variant udacaqsa, deməli, təşkilatçı ona şərik olacaq. Yəni təşkilatçının bu oyunlarda uduzmaq şansı yoxdu”.

Söhbət etdiyim kontor sahiblərindən biri deyir ki, kontora müxtəlif insanlar gəlir: “Ən az atılan məbləğ 2 manat olur. Adam var idi ki, bir oyunsa 5000 manat atmışdı. Sonra da uduzdu. Ən şox gördüyüm stavka isə 7000 manat olub. Amma bu biznesdə oynayanın uduşu, kontorun itkisi qədər müvəqqətidir. Oyunçu hec vaxt uda bilməz, kontora hec zaman uduza bilməz”.

Məlumat üçün bildirək ki,   artıq bukmeyker kontorları leqqalaşdırılmağa doğru gedir.  Belə ki,  idmana aid olan hər hansı bir qazanılan məbləğin 70%-i idmanın digər növlərinə, 30%-i isə AFFA-ya aid olacaq. Ümumi görülən işin dövriyyəsindən, satış məntəqəsindən, hətta ola bilsin ki, vətəndaşın qazandığı məbləğdən də vergi tutulacaq.

P.S. Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu qumardır. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar.

P.S.S.  Həyat bir oyundur, sən oynamasan, səninlə oynayacaqlar.

RAMİL ZEYNALLI

Facebook Şərhləndirmə:

Şərhinizi yazın