Menu
Geri İrəli

Qafqazın ilk və ən böyük Kimya Sənaye Parkı- “AZƏRBAYCAN” QƏZETİ SUMQAYITDAN YAZIR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2016 • Baxış sayı: 697 dəfə • Şərh yoxdur

Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub

mansetBu gün Azərbaycanda qlobal trendlərə uğurla uyğunlaşdırılan çevik iqtisadi siyasətin prioritet sahələrindən biri də sənaye sektorudur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas istiqamətlərindən olan sənayenin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən çoxsaylı layihələr hazırlanır, ən müasir infrastruktur, texnoparklar yaradılır və islahatlar aparılır. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev müasir sənaye komplekslərinin yaradılmasının əhəmiyyətindən danışarkən sənaye istehsalının müasirləşdirilməsində texnoparkların rolunu xüsusi qeyd edib. Azərbaycanın hər bir rayonunda sənaye potensialının inkişafı üçün əlverişli imkanların olduğunu və bu məqsədlə hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində iş aparıldığını vurğulayan dövlət başçısı bildirib ki, sənaye potensialımızın inkişafı əsas prioritet məsələlərdən biridir və bu il də, növbəti illərdə də bu sahəyə diqqət göstəriləcək.

 Nəhəng infrastruktur şəbəkəsi

 Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədilə təsdiqlənmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq  artıq ölkəmizdə bir neçə sənaye parkı fəaliyyət göstərir. Onlardan biri də Cənubi Qafqazın ilk və ən böyük kimya sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkıdır. Dövlət başçısının 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılan və 2013-cü ilin oktyabr ayının 3-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş Sumqayıt Kimya Sənaye Parkı 295,62 hektar əraziyə və nəhəng infrastruktur şəbəkəsinə malikdir. Dövlət başçısı qeyd etmışdir ki, sənaye parkının açılışı Azərbaycanda sənayenin inkişafının yeni mərhələsi olacaq, ölkəmizin sənaye potensialını gücləndirəcək. Burada yeni iş yerləri, ən yüksək standartlara cavab verən müəssisələr yaradılacaq, müasir avadanlıq quraşdırılacaq, ixracyönümlü məhsullar istehsal olunacaq.

Bu gün isə sənaye parkının ərazisində bir neçə müəssisə fəaliyyət göstərir. Eyni zamanda, yeni zavodların tikinti-quraşdırma işləri aparılır. Elə bu səbəbdən də ərazidə aparılan işlər və müəssisələrin istehsal fəaliyyəti ilə yaxından tanış olmaq üçün Kimya Sənaye Parkına yollandıq.

 Ekoloji fəlakət zonasından ən modern texniki müəssisəyədək…

Paytaxt Bakıdan 32 km aralı məsafədə yerləşən  və 300 hektara yaxın bir ərazini əhatə edən bu məkan bir vaxtlar ekoloji fəlakət zonası idi. Ərazidə ekoloji normalara riayət edilmirdi. 3 il müddətində dövlət tərəfindən aparılan abadlıq işləri nəticəsində indi bura Sumqayıt şəhərini sənaye mərkəzi kimi təsdiqləyən bir məkandır. Ərazidə sənaye parklarının nəzdində olan onlarla zavod-müəssisə fəaliyyət görtərir və yeni obyektlər tikilir. Tikinti işləri aparılan ərazilərdən biri də Sumqayıt Kimya Sənaye Parkının ərazisidir. Dövlət başçısının müvafiq fərmanına uyğun olaraq, sənaye parkının fəaliyyətinin təşkili ilə bağlı bütün tədbirlər İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Ərazidə tikinti və quraşdırmaya nəzarətçi şəxs Mübariz Quliyevlə söhbətimiz əsnasında bəlli oldu ki, yerüstü tikinti işləri ilə yanaşı, burada eni 3, hündürlüyü isə 2.20 metr olan yeraltı texniki qalereya da mövcuddur. Ümumi uzunluğu 10 min 265 metr olan qalereyada yanğın suyu şəbəkəsi, texniki və  içməli su, eyni zamanda, daxili-xarici kanalizasiya xətləri, kimyəvi tullantılar şəbəkəsi, yağış suyu şəbəkəsi, qaz, fibroptik kabel şəbəkəsi mövcuddur. Ərazidə 3501 metr xarici və 2176 metr uzunluğunda daxili dəmir yolu xətti, 12872 metr uzunluğunda isə daxili beton yollar salınacaq. Baş plana əsasən, parkın sənaye zonası 192 hektar təşkil edəcək.

Parkın ərazisi iki hissəyə bölünməklə inzibati-sosial və sənaye zonalarından ibarətdir. İnzibati-sosial zonada 16 və 20 mərtəbəli iki inzibati bina, peşə tədris mərkəzi, 7 tədris emalatxanası, sərgi-konfrans, iki korpuslu hotel-yataqxana kompleksləri, laboratoriya-tədqiqat mərkəzi, açıq və qapalı idman zalları, uşaq bağçası və bir sıra digər sosial obyektlər inşa ediləcək. Sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcək. Onu da deyək ki, Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədi ilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, əraziyə gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad olunublar.

 “Azərtexnolayn” – ilk sərmayəçi

 DSC_0190

Ümumi ərazi ilə tanışlıqdan sonra sənaye parkının ərazisində ilk sərmayəçi olan “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin Polad Boru Zavoduna yollandıq. 2013-cü ilin oktyabr ayında zavodun açılışı olmuş və müəssisəni Prezident İlham Əliyev işə salmışdır. “Azertexnolayn” MMC-yə həmin ilin sentyabr ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Müəssisə sənaye parkının 24 hektar torpaq sahəsində Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik polad borular, polietilen kanalizasiya boruları, paslanmaz metal hasarlar, plastik injeksiya, siyirtmə, yanğın hidrantı və PE fitinqlərin istehsalı ilə məşğuldur. Şirkət ildə 120 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar və 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edir. Burada hazırlanan polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunur.

Ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi istiqamətində fəaliyyət göstərən şirkət istehsal etdiyi məhsulların dünya standartlarına uyğunluğuna, yüksək keyfiyyət səviyyəsinə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə görə beynəlxalq sertifikatlara sahibdir. Hazırda sənaye parkının ərazisində “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad Boru Zavodu, Polietilen Məmularları Zavodu və Texniki Avadanlıqlar Zavodu fəaliyyət göstərir.

 Polad borular mürəkkəb istehsal prosesindən keçir

DSC_0075

 Qeyd etdiyimiz kimi, baş çəkdiyimiz ilk məkan Polad Boru Zavodu oldu. Öncə zavodun laboratoriyasında aparılan işlərlə tanış olduq.  Burada ən müasir, eləcə də müvafiq keyfiyyət standartlarına cavab verən test cihazları mövcuddur. Xammal zavoda daxil olduğu andan, hazır məhsul mərhələsinə gələnə qədər yüksək təhsilli, geniş məlumat bazasına sahib təcrübəli mütəxəssislər tərəfindən  ASTM, İSO və QOST standartların tələblərinə uyğun olaraq kimyəvi tərkibin analizi, eləcə də dartma, bükmə, zərbə əyməsi, ağırlıq və bərklik sınaqlarından keçirilir. Bir sözlə, laboratoriya zavodun strateji bölməsi hesab olunur.

Sonra istehsal sahəsinə, yəni, polad boruların necə hazırlandığının şahidi olmaq üçün texniki təhlükəsizlik qaydalarına əməl etməklə zavoda daxil olduq.  650 nəfər işçinin çalışdığı Polad Boru Zavodunun istehsal sahəsinin rəisi Mehman Fətəliyev bizi ümumi istehsalla tanış edərək bildirdi ki, burada təyinatı üzrə beynəlxalq standartlara cavab verən keyfiyyətli spiral tikişli polad borular istehsal olunur. Zavodda polad boru istehsalı üzrə üç xətt qurulub ki, onun da hər üçü üzrə illik istehsal gücü 200 000 tondur. İstehsal olunan boruların diametri 400-2400 mm, qalınlığı 6-25 mm, uzunluğu isə 6-16 m arasındadır. Boruların təyinatına gəlincə, istehsal rəisi bildirdi ki, sənaye sahəsində bir çox boru xətlərinin – xam neft boru xətləri, təbii qaz boru xətləri, su xətləri, neft emalı zavodları, sənaye boru xətti şəbəkələri, polad konstruksiyalar, svay boruları və digər məqsədlər üçün xüsusi tətbiqləri həyata keçirilir.

Polad boruların istehsalı bir neçə mərhələdən keçir. Lakin dildə asan deyilən “müxtəlif təyinatlı polad boru” olduqca mürəkkəb istehsal prosesini keçməli olur. Həmin mürəkkəb proses müasir avadanlıqlar və ən əsası, peşəkar işçı qrupu tərəfindən həyata keçirilir.

 İlkin mərhələdə xammal kimi alınmış 30 tonluq rulonlar tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır və rulonlar açılıb ütülənərək bükülməyə verilir. Qaynaq prosesi bitdikdən sonra boru xüsusi müayinədən keçir. Sonrakı mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır. Məhsulun keyfiyyətini tam yoxlamaq üçün rentgen müayinəsi aparatı da quraşdırılıb. Boru üzərindəki pas və çirkdən təmizlənmək üçün qumlama və boyama bölmələrinə ötürülür. Borunun çöl tərəfi korroziyaya qarşı uzun illər dayanıqlı olsun deyə öncə quru  boya ilə boyanib, daha sonra polietilen materialla örtülür.  Çöl boyamadan sonra təyinatı üzrə boru daxili qumlama və daxili boyamaya ötürülür. Ən son mərhələ  hazır və yüksək keyfiyyətli məhsulun markalanaraq, yükləməyə hazır hala gətirilməsidir ki, buradan borular maşınlara yüklənərək istehlakçı ünvana yola salınır.

Mehman Fətəliyev deyir ki, istehsalda  əsasən yeni standartlardan istifadə olunur. Zavodun yüksək keyfiyyətli neft borularının da istehsalına icazəsi var. Sifariş olarsa, istənilən ölçüdə, istənilən keyfiyyətdə məhsul istehsal edə bilərlər. Hazırda iki ölkə ilə – Türkmənistan və Gürcüstanla əməkdaşlıq edilir. “Azertexnolayn” MMC 2015-ci ildə Türkmənistanın Türkmənbaşı Dəniz Limanının tikintisi tenderində qalib gəlib. Şirkət tərəfindən dəyəri 45 milyon dollar olan 60 min ton boru məhsulunun Türkmənistana ixracı üzrə müqavilə bağlanıb. Mehman Fətəliyev onu da vurğuladı ki, imzalanmış müqaviləyə əsasən Türkmənistana dəniz suyuna davamlı olan şüşə örtüklü borular ixrac olunur.

 Metaltökmə sahəsində ən müasir standartlar

 Polad Boru Zavodu ilə tanışlıqdan sonra üz tutduq şirkətin Texniki Avadanlıqlar Zavoduna, yəni, Siyirtmə müəssisəsinə. 2015-ci ilin oktyabr ayının 25-də Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Texniki Avadanlıqlar Zavodu Sumqayıt Kimya Sənaye Parkı ərazisində 8000 m2 açıq, 13000 m2 qapalı sahəni əhatə edir. İllik istehsal həcmi isə 10000 tondur.

Əvvəlcə zavodun laboratoriyası ilə tanış olduq. Burada spektral analiz cihazı ilə müayinələr aparılır. Daxildə qum və mikroquruluş laboratoriyaları var. Mərkəzləşdirilmiş laboratoriyada siyirtmə və hidrotexniki qurğuların istifadəyə tam yararlılığına əmin olmaq üçün onlar dartılma, uzanma və sinifləndirmə testlərindən keçirilir. Laboratoriya ilə tanışlıqdan sonra müəssisənin fəaliyyəti ilə bağlı dizayn-mühəndis Şamo Sarıyevlə həmsöhbət olduq. Məlum oldu ki, zavodda metaltökmə və emal sahələri fəaliyyət göstərir. Metaltökmə sahəsində ən müasir standartlar səviyyəsində qurulan və saatda 10 ton metaləritmə gücünə malik iki soba, saatda 50 qəlib hazırlama gücünə malik avtomatik qəlibləmə sistemi və avtomatik qum hazırlama xətti var. Şamo Sarıyevin sözlərinə görə, zavodda beynəlxalq təcrübəyə malik yerli mühəndislər tərəfindən dizayn olunmuş qaz və su siyirtmələri, sürgülü siyirtmə, dairəvi siyirtmə, quyu (kanalizasiya) qapağı yanğın hidrantı təkkürəli və cütkürəli hava təxliyyə vantuzu, menhol sistemi, siyirtmə qovşağı, eləcə də, başqa bu kimi məhsullar istehsal olunur. Zavod istehsal və tökmə avadanlıqları ilə təchiz olunub. Hazırda müəssisədə 20 çeşiddə məhsul istehal edilir və bu növlərin bəziləri öz içlərində 20-30 növə bölünür. Bunlar diametr və təzyiq siniflərinə görə fərqlənir.

Dizayn-mühəndis bildirdi ki, bu zavod da Azərbaycanda ilklərdən biridir. Çünki bu müəssisə indiyədək ölkəmizdə fəaliyyət göstərən zavodlardan tam fərqlidir: “Bizim digər belə istehsal zavodlarından fərqimiz var. Həmin zavodlar sadəcə, montaj üsulu ilə istehsal həyata keçirirlər. Yəni, həmin zavodlar hər hansısa bir detalı xaricdən alıb ölkəmizdə yığırlar. Bizim zavodda isə məhsulu özümüz istehsal edirik. Zavod 9 aydır istifadəyə verilib. Lakin bu müddət ərzində çox böyük nailiyyət əldə etmişik. Bu da xaricdə təhsil almış yerli mütəxəssislərimiz sayəsində mümkün olub”.

Zavodun istifadə etdiyi əsas xammal çuqundur. Xammal əsasən Rusiyadan ixrac edilir. İstehsal olunan məhsullar həm yerli, həm də xarici bazar üçün hesablanıb. Hazırda Gürcüstana müxtəlif məhsullar satılır, Türkmənistanla isə danışıqlar aparılır. Müştəri tələbindən asılı olaraq standartlar (EN, GOST, API, ASME) daxilində içməli və tullantı su xətlərinə quraşdırılmaq üçün müxtəlif çeşiddə məhsullar istehsal olunur. Boyama prosesi ikiqat olaraq, elektrostatik toz epoksidlə yerinə yetirilir. Bütün məhsulların yararlı olmasına tam əmin olmaq üçün onlar əvvəlcədən sınaqdan keçirilir. Müəssisə rəhbərliyi gələcəkdə çeşidləri artırmaq fikrindədir. Zavodda yaxın vaxtlarda su nasoslarının istehsalına başlanacaq.

 Polietilen boruların hazırlanması üçün yüksək keyfiyyətli xammal seçilir

 “Azertexnolayn” MMC-nin növbəti zavodu isə Polietilen Məmulatlar Zavodudur. Zavod özünün çoxşaxəli istehsal sahələri ilə seçilərək qısa müddətdə ölkə tələbatını qarşılamaq üçün böyük addımlarla irəliləyir. Qofralı boru, plastik injeksiya məhsulları  Polietilen boru zavodunun əsas fəaliyyət sahələrinə daxildir. Zavodla tanışlıq zamanı məlumat verildi ki, qofralı polietilen boruların hazırlanması üçün yüksək keyfiyyətli xammal seçilir. Borular 3 qatdan  – 100 faizlik yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli daxili qat, polad və yapışdırıcı polietilendən ibarət ara qat, xarici görünüşü hamar göstərən yüksək sıxlıqlı polietilen tərkibli qatdan ibarətdir. Yüksək keyfiyyətli qofralı borular xarici qatındakı büzməli məsamələr sayəsində ağır tonlu yük avtomobillərinə qarşı olduqca dözümlüdür. Həmçinin gərilmə və burulmaya, xarici sıxışdırmalara, eləcə də, daxili və xarici polietilen izolyasiyası ilə paslanma, digər kimyəvi təsirlərə qarşı da davamlıdır. Qofralı polietilen boruların digər üstünlüyü bir-birinə rahat qaynaq edilməsidir.

İnjeksiya sexində isə alman istehsalı olan ən müasir injeksiya avadanlıqları fəaliyyət göstərir. Bu avadanlıqlarda müxtəlif növ plastiklərdən qəliblərə uyğun çeşidli məhsullar istehsal edilir. Sexdə PE boruları üçün fittinqlər, ABS plastikdən sayğac qutuları və sifarişə uyğun hər çeşiddə plastik qablar istehsal olunur. Sexin illik istehsal həcmi 3 min tondur.

 Azərbaycanda  ilk dəfə bitki mühafizəsi vasitələri hazırlanacaq

 Azərbaycanda sənayeləşmə iqtisadi siyasətin əsas prioritetlərindəndir. İndi demək olar ki, respublikada sənayeləşmənin tempi yüksəlib, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi, tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılıb. Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı lahiyəsi olaraq İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün ən münasib işgüzar şərait yaradılıb.

Onu da vurğulayaq ki, sənaye zonasında 40-dək müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 10 minə qədər daimi yeni iş yerinin açılması gözlənilir. Yaxın zamanlarda isə “Aqrokimya Azərbaycan” MMC Sənaye Parkında Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan pestisidlərin- bitkilərin ziyanvericilərdən, xəstəliklərdən mühafizəsi üçün aqrokimyəvi məhsulların istehsalı və satışı həyata keçiriləcək. Bununla əlaqədar olaraq, yaxın zamanlarda sənaye parkının 18 hektar ərazisində yeni yaradılacaq istehsal müəssisəsinin tikinti işlərinə başlanılması planlaşdırılır. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlanılması gözlənilir.

Layihə çərçivəsində parkın ərazisində ildə 57 min ton maye halında və 13 min ton toz halında pestisidlər istehsal edən müəssisə inşa ediləcək. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 100-dən artıq insanın işlə təmin olunması nəzərdə tutulur. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

 Rəşad BAXŞƏLİYEV,

Elgün MƏNSİMOV,

“Azərbaycan”

DSC_0218 DSC_0035 DSC_0053 DSC_0054
DSC_0087 DSC_0189
DSC_0203 DSC_0207

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın