Menu
Geri İrəli

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistika rejissorluğumun yolunu kəsdi” – RUBRİKA

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2015 • Baxış sayı: 652 dəfə • Şərh yoxdur

modern-jurnalistlerİnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“City” TV-nin əməkdaşı Könül Muxtarova çətinliyinə baxmayaraq işini sevir: “Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə çalışmamışam.

Əslində mən 15 ilə yaxın rəqslə məşğul olmuşam. Onsuz da fərqli sahədə deyildim. Təbii ki, jurnalistikaya da həvəsim var idi. ATV telekanalında kastinq keçirildiyini radiodan eşitdim və qatıldım. 2000-ə yaxın insan içərisindən 5 nəfər seçildik. O zaman hələ 1-ci kursda oxuyurdum. Bu mənə verilən bir şans idi. Məncə, pis dəyərləndirməmişəm.

ATV-də “Warm be Performans” verilişində, “Xəzər” TV-də “Ulduzlu Xəzər”və “İncilər” verilişində, sonra isə “İdman Azərbaycan” kanalında çalışdım. Analıq məzuniyyətinə qədər “İdman Azərbaycan”da işləmişəm. İndi isə “City” TV-də çalışıram.

Bu ay TV-də çalışmağımın 8 ili tamam oldu. Mən işimdən və çalışdığım sahədən heç vaxt peşman olmamışam. Düzdür, çətin peşədir, amma işimi sevirəm”.

Xəbərdən ilk xəbərdar olmaq və onu insanlara çatdırmaq arzusu ANS TV-də “Düzbucaq” verilişinin aparıcısı Xatirə Məmmədovaya jurnalistikanı sevdirib: “Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam. Öz ixtisasım üzrə işləməmişəm. Universiteti bitirən kimi “Nedelya” qəzetində işlədim, daha sonra ANS TV-yə gəldim. ANS işlədiyim ilk televiziyadır və hələ də burdayam.

Jurnalistikaya təsadüfən gəlmişəm, həvəsim sonradan yaranıb. Sadəcə olaraq qəzetdən təklif gəldi, mən də qəbul etdim və iş həyatıma başladım. Əlbəttə, jurnalistikaya gəldiyim üçün razıyam və çox sevinirəm ki, məhz qəzetdə işə başlamışam. Xəbərdən ilk xəbərdar olmaq və onu insanlara çatdırmaq arzusu mənə jurnalistikanı sevdirib. Yəqin, gələcəkdə də bu sahədə qalacam”.

Sumqayitxeber.com” saytının təsisçisi və baş redaktoru Eyvaz Qocayev həyatı boyu sevmədiyi bir sektorda işləməmək üçün jurnalistikanı seçib: “Digər yaşıdlarım kimi mənim də uşaqlığım müharibə illərinə təsadüf etdi. Müharibə elədir ki, bəzən onun fəsadlarını, yaratdığı problemləri illər sonra insan öz həyatında hiss edir. O zaman verdiyim qərarları indi analiz edəndə görürəm ki, bir çox qərarları məhz o zamankı yaşamı, qarşılaşdığımız problemləri nəzərə alaraq vermişik. Ona görə də heç bir zaman o vaxt verdiyim qərarlara görə özümü günahlandırmıram. O zaman bizim qarşımızda bir yol var idi. Yalnız və yalnız təhsil almaq və öz həyatımızı müsbət istiqamətdə dəyişdirmək. Texniki elmlər sahəsində biliklərim daha yaxşı idi. Ona görə də qərara aldım ki, riyaziyyatçı olum. Çünki bu sahədə universitetə daxil olmaq mənim üçün çətinlik yaratmırdı. Beləcə, ali təhsilimi Bakı Dövlət Universitetində riyaziyyat ixtisası üzrə aldım. Ancaq elə birinci kursdan anladım ki, mən gələcəkdə riyaziyyatçı kimi yox, başqa sahədə çalışacam. Universitet illərində ictimai sektorda fəal iştirak edirdik, tələbə dostlarımızla birgə qəzet nəşr edirdik. Texniki sahədə təhsil aldığımız üçün o zaman informasiya texnologiyaları sahəsinə də məndə maraq yaranmışdı. Media və İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) sektoruna olan marağım və gələcəyin peşələri ilə bağlı apardığım araşdırmalar məni internet media sahəsinə çəkirdi. Universitet təhsilimi başa vurduqdan sonra bir müddət QHT sektorunda çalışdım, daha sonra bu sahədə fəaliyyətimi davam etdirə-etdirə kompüter biliklərini tədris edən kurs açdım. Bir müddət ixtisasımla bağlı “riyaziyyat” hazırlıq kursları da açmışdım. Ancaq bilirdim ki, nə zamansa resurslar əldə edən kimi internet media sahəsində fəaliyyətimi davam etdirəcəm. Bunun üçün internet media ilə bağlı hələ tələbə olarkən biliklərimi artırmağa çalışırdım. Tələbəlik illərindən (o zaman bloqçuluq o qədər də inkişaf etməmişdi Azərbaycanda) bloq yazıları yazırdım. Bloq yazıları ilə yanaşı, mətbuatda da müxtəlif mövzularda yazılarla müstəqil şəkildə çıxış edirdim. 2009-cu ildə qərar verdim ki, xəbər portalı yaratmalıyam. O zaman ölkə miqyasında barmaqla sayılacaq qədər xəbər portalı var idi. Regional xəbər portalı isə ümumiyyətlə, yox idi. Altı il öncə ilk regional xəbər portalı olan “sumqayitxeber.com”u yaratdım. O zamandan həmin portalın təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərirəm. Bununla yanaşı PR sektorunda da fəaliyyətimi davam etdirirəm. Çünki bu sektorda özümü daha sərbəst və rahat hiss edirəm.

Əgər öncə seçim etdiyim sahədə işlərimi davam etdirsəydim, çox güman ki, özümü xoşbəxt hiss etməyəcəkdim, hər zaman peşmançılıq hissi məni izləyəcəkdi. Həyatım boyu sevmədiyim bir sektorda çalışmamaq üçün mən bu sahəni seçdim, ona görə də jurnalistikada olduğum üçün məmnunam. İnsanın hər hansı bir peşədə özünü xoşbəxt hiss etməsi bir çox faktorlardan asılıdır. Burada təkcə maddiyat rol oynamır, insan həm də mənəvi tələbatlarını ödəməlidir. Hər hansı bir insan maddi və mənəvi təlabatlarını çalışdığı sektorda ödəyə bilirsə, o zaman o həyatından da, seçimindən də razı qalacaq”.

Jurnalistika ATV telekanalının əməkdaşı Tünzalə Məlikovanın rejissorluğunun yolunu kəsib: “Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. İxtisasım teatr rejissorudu. İxtisasımı həddindən artıq sevirəm. Sadəcə universitet illərindən jurnalistika həyatımdaydı, bu səbəbdən səhnədə traktovka vermək mənə qismət olmadı. Obrazlı desək, jurnalistika rejissorluğumun yolunu kəsdi. Amma teatrı sevirəm və mən tamaşaçı zalından səhnədəkilərə əl yelləməli olsaydım (yəni rejissor kimi) inanıram ki, bu ən azı jurnalistikada deyə bildiyim sözlər qədər olardı.

Orta məktəbdə – 10- sinifdə oxuyarkən Bakı Dövlət Universitetində açılan “jurnalistika kursu”na yazıldım. Fakültənin ən yaxşı müəllimləri orada dərs deyirdi. Elə həmin ildə “525- ci qəzet”də ən gənc müxbir adını qazandım (16 yaşım vardı). Sonra tələbəlik illərində “Şərq” qəzetində işləməyə başladım. Daha sonra “Space” TV-də əvvəlcə Nərgiz Cəlilovanın rəhbərliyiylə “Sabah” proqramı, daha sonra İman Məcidovla “Mədəniyyət” xəbərlərində davam etdim. Son üç ili ATV-də yeni layihələrin baş redaktoru kimi davam edirəm. Burda təkcə yaradıcılıq deyil, işin təşkilati tərəflərinə də qatılıram. Bu da çox maraqlıdı.

12 ildən çoxdu TV-dəyəm. Artıq buranın adamıyam. Bəlkə də qarşıdakı illər TV-də olmaya bilərəm, amma ümumilikdə media mənim doğma məkanım olacaq. İşim məni ifadə etdiyi üçün böyük hərflərlə ondan razıyam deyə bilərəm. Hansısa məşhurun deyimidi: “mən sevdiyim işlə məşğulam, buna görə mənə pul da verirlər”- bu sözləri özümə aid hesab edirəm”. 

Misranə Həsənzadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın