Menu
Geri İrəli

Qocalar evinin Sumqayıtlı sakini

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2010 • Baxış sayı: 436 dəfə • 2 şərh

SSRİ idman ustası Ənvər Əlizadə: “Heç olmasa bir addımlıq yer verərdilər, bilərdim ki Sumqayıtda yaşayıram”

Bu günlərdə Sumqayıt gəncləri ilə birgə Bilgəhdə yerləşən qocalar evində olduq. Bir neçə dəfə orda olsam da heç bir zaman Sumqayıtdan kiminsə olub olmaması ilə maraqlanmamışdım. Lakin bu dəfə öncədən müəyyənləşdirmişdim ki, mütləq bununla maraqlanım və “sumqayitxeber.com” üçün bir yazı hazırlayım.

Gənclər qocalar evininn sakinləri üçün konsert proqramı hazırlamışdılar və hazırlıq görürdülər. Məni isə yalnız bir sual düşündürürdü: – “Görəsən burda nə vaxtsa Sumqayıtda yaşamış bir insan varmı?” Elə bu sualla da orda çalışan və yaşayan insanlara müraciət elədim. Bir neçə nəfərdən soruşduqdan sonra, nəhayət bir qadın əli ilə yaşlı bir kişini göstərdi və Sumqayıtdan gəldiyini dedi. Düzü ilk öncə sevindim ki, nəhayət bir nəfər tapdım. Ancaq sevincim bir anlıq oldu. Elə o an düşündüm ki, kaş ki, burda  Sumqayıtdan olan bir nəfər də olsun tapmazdım…Ancaq var. Mütləq danışdırmalıyam.
Yaxınlaşıb Sumqayıtdan gəldiyimiz bildirirəm və Sumqayıt adını eşitdikdə çox sevinir. Məni yaşadığı otağa dəvət edir. Deyir, onsuzda səsli – küylü yerləri sevmirəm. Xasiyyətcə də mülayim insan olması sezilir. Otağına gedirik və Sumqayıtdakı xatirələrini həyəcanla bölüşə-bölüşə stolunun üstündəki kitabı mənə təqdim edir…”DAMA –tematik məntiqi gözəlliyi təmsil edir” adlı kitab və müəllifi – Ənvər Əlizadə, SSRİ idman ustası.

Sonradan məlum olur ki, qarşımda əyləşən məhz kitabın müəllifi və SSRİ idman ustası Ənvər Əlizadədir.

Hazırda ahıllar evində yaşıyan müəllif qeyd edir ki, ”Dama –tematik məntiqi gözəlliyi təmsil edir” adlı bu kitab 2001-ci ildə “cənnətə gedən yol “damadan başlayır…” adı ilə çap olunub. Latın qrafikasına keçidlə bağlı və müəllifin bir xeyli əlavələri nəzərə alınmaqla ikinci nəşrə ehtiyac yaranıb.

Kitabın girişində yazılan “Sumqayıtın 50 illiyinə həsr edilir” cümləsini oxuduqda daha da təəssüflənirəm. İlk öncə Ənvər Əlizadənin övladlarını qınayırdımsa, indi ümumilikdə şəhərimizin səlahiyyətli şəxslərini qınamağa başlayıram. Axı niyə belə bir şəxs ömrünün son cağını kimsəsizlər evində yaşamalıdır və özünün dediyi kimi kimsəsiz kimi aparılıb hardasa dəfn olunmalıdır?

Eyruz Məmmədovun “Qələbəyə aparan yol” kitabında Ənvər Əlizadə  haqqında da bəhs olunub. Müəllifin imzası ilə olan yeganə kitabı necə deyərlər göz bəbəyi kimi qoruyur. Eyruz müəllimi şəxsən tanıdığımı bilib xüsusi salamlarını çatdırır. Deyir, çox adam bilmir ki, burda qalıram: “Elə adamlar da var ki, istəmirəm bilsinlər. Hərdən Sumqayıta gəlirəm. Bibim orda yaşayır. Yaşlı insandır. Amma bir günlük gəlib qayıdıram. Son zamanlar gələ bilmirəm. Ora gəlmək üçün çoxlu nəqliyyat dəyişməli oluram. Çox yoruluram. Ona görə də gələ bilmirəm. Amma hər gün Sumqayıtı düşünürəm. Bu şəhər mənə çox doğmadır. Şəhər gözümün qarşısında inkişaf edib. Burda çox darıxıram. Hər gün deyirəm Ay Allah elə elə ki, sabah yaşamayım, ölüm. Nəinki belə günləri görüm. Nə qədər ərizə ilə müraciət elədim mənə yer vermədilər ki, orda qalım. Heç olmasa bir addımlıq yer verərdilər, bilərdim ki orda yaşayıram.”

Sonradan söhbət əsnasında məlum olur ki, Ə.Əlizadənin bir qızı və bir oğlu var. Hazırda Ukraynada yaşayırlar. O da bir müddət orda yaşayıb, deyir oğlum evləndi mənə yer olmadı qalmağa. Mən də vətənə qayıtdım. Ancaq övladlarından başqa heç bir söz açmır. Arada məktub yazdıqlarını, ancaq imkanlarının aşağı olduğu üçün gələ bilmədiklərini deyir. Bu mövzu üzərində çox qalmaq istəmədiyini hiss edib söhbəti dəyişirəm.

Ənvər Əlizadə həm də güləş üzrə 60-cı illərdə iki dəfə Azərbaycan çempionu olub. Sonradan hərbi xidmətdə ciddi zədə aldığı üçün idmanın bu növü ilə vidalaşmalı olub. Güləş sahəsində karyerasını davam etdirə bilməsə də ömrünü dama oyununa həsr edib. Ənvər müəllim deyir ki, o Sumqayıtda yaşasa gənc nəslin damanı daha mükəmməl öyrənməsi üçün öz töhfəsini verə bilər.

Onunla təmasda olduğum qısa müddətdə dama oyununun necə vurğunu olduğunu duydum. Qocalar evinin başqa sakinlərindən fərqli olaraq o, məişət söhbətlərini yox, daha çox həyatının bir hissəsi hesab etdiyi dama oyunundan söhbət açır.

Kitabda müxtəlif oyunlarından çoxsaylı kombinasiyalar yer alıb. Məlumdur ki, damada 10 daşın birdən götürülməsi əyləncəli sujet təsiri bağışladığı üçün “unikal”olması ilə yüksək qiymətlənir. Həmsöhbətim 10 belə mövqenin müəllifidir. Ənvər müəllim deyir ki, mövqedə diqqəti cəlb edən xüsusiyyətlərdən biri də onun interyerini bəzəyən konstruksiyasıdır: “Kitabda yer alan bir mövqedə daşların hamısı damkadır. Beynəlxalq tələblərə cavab verən bu mövqedə ağlar bir gedişlə 12 damkanı təslim edir. Ağların isə cəmi iki damkası var. Belə çətin mövqenin tapılmasına 3 dəfə nail olmuşam. 10 daşın götürülməsinə isə 10 dəfə. Bunlardan 5-i kitaba salınıb. Dünyada da bu mövqe qəbul olunub. ”

Sonda Dama üzrə trener Ağasadıq Ağalarova , grasmestr Eldar Əliyevə, Gənclər və İdman idarəsinin rəisi Musa müəllimə salamlarını çatdırır.

P.S “Sumqayitxeber.com” saytı yaxın günlərdə şəhərimizdə Ənvər Əlizadənin  iştirakı ilə  kitabının təqdimatını keçirəcək. Yaxşı olardı ki, səlahiyyətli və imkanlı şəxslər də Ənvər müəllimin şəhərdə yaşamaq arzusunu yerinə yetirərdilər…

Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

“Qocalar evinin Sumqayıtlı sakini” yazısına 2 cavab

  1. sabina deyir:

    duzu yazi meni coox tesirlendirdi..Bu muellifle azaciq da olsa men de unsiyetde oldum.İnanin Eyvaz muellim indi ozu bu yazi haqqinda esitse ve ya xeberi olsa cox sevinecek..Men orda olanda bir nuans daha cox diqqetimi celb etdi.O oz kitabini goz bebeyi kimi qoruyurdu..belke de ona heyatda en vefali dostu olan bu kitabdi….dogurdan da selahiyyetli shexslerin bele bir cempiona,ziyali insana komek gostermesi en azindan vezife borcudur…
    P.S.Atilmis kelimesi cox agirdi.Allah hec kese bu adi qismet etmesin!!!!!!!!!!

  2. Konul deyir:

    tuklerim biz-biz oldu, cox pis oldum.
    Eyvaz, bu sahede nese is gor ve o insana komek ol, heqiqeten.

Şərhinizi yazın