Menu
Geri İrəli

Dələduzluq edən sumqayıtlının klinikası bağlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2013 • Baxış sayı: 258 dəfə • Şərh yoxdur

Bakıda fəaliyyət göstərən “İmedis” klinikası fəaliyyətini dayandırıb.

APA-nın məlumatına görə, bu barədə İSNA-ya İranın Azərbaycandakı səfirliyinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, klinikanın bağlanması bu il iyununda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi əməliyyatla bağlıdır: “Azərbaycanın Daxili İşlər Nazirliyinin əməkdaşları İran vətəndaşına məxsus “İmedis” klinikasına baxış keçirib və heç bir sənəd təqdim etmədən həmin xəstəxanaya aid bir sıra avadanlıqları müsadirə ediblər. İran vətəndaşı səfirliyə müraciət etdikdən sonra Daxili İşlər Nazirliyinə sorğu göndərilib. Nazirlik təxminən iki ay sonra səfirliyin sorğusuna cavab verib və bu addımı bir vətəndaşının klinika tərəfindən aldadılması ilə bağlı müraciətindən sonra atdıqlarını qeyd edib. Daha sonra İran səfirliyinin əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsmiləri ilə görüşüb və onlardan məsələni aydınlaşdırmağı istəyiblər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onlara bildirilib ki, vətəndaş şikayət ərizəsində “İmedis” klinikasında qurd xəstəliyinin aşkarlanması barədə diaqnoz qoyulduğunu, lakin digər xəstəxanada onda belə bir xəstəliyinin olmadığı barədə rəy verildiyini vurğulayıblar”.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən İran səfirliyinə məhkəmənin qərarını gözləməyin lazım olduğunu söyləyiblər.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan DİN bu ilin avqustunda rəsmi məlumat yayıb. DİN-nin yaydığı məlumatda qeyd edilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonunda yerləşən “İmedis” klinikasında həkimlərin vətəndaşları aldatması üzə çıxıb. Belə ki, Azərbaycan vətəndaşı Cəsarət Baxşəliyev idarəyə müraciət edərək bildirib ki, “İmedis” klinikasında çalışan həkim Şəlalə Əzimovanın qəbulunda olub və “İmedis Ekspert” aparatı vasitəsilə ona 3 adda parazit qurd xəstəliyinin aşkarlanması barədə diaqnoz qoyulub. Tibb klinikasında həmçinin vətəndaşa bildirilib ki, “İmedis Ekspert” aparatı ilə 7 seans biorezonans müalicəsi almalı və bunun müqabilində 160 manat ödəməlidir. Qoyulan diaqnozdan narahat olan şikayətçi yaşadığı ərazidə dövlət xəstəxanasına müraciət edib və ona heç bir qurd xəstəliyinin olmadığı barədə rəy verilib. Bundan əlavə, daha 2 vətəndaş – Faiq Baxşıyev və Seyfulla Abdullayev də Baş İdarəyə ərizə ilə müraciət edərək “İmedis” klinikasında həkim Şəlalə Əzimova tərəfindən eyni üsulla aldadıldıqlarını və övladlarına düzgün olmayan qurd xəstəliyi diaqnozunun qoyulduğunu bildiriblər. Baş İdarə əməkdaşları tərəfindən klinikaya baxış keçirilərkən müəyyən edilib ki, Rusiyada istehsal edilən, dəyəri 2500 manat olan “İmedis Ekspert” aparatı ilə həqiqətən müayinə və müalicə aparılır. “İmedis Ekspert” aparatlarının təyinatı ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib.

Alınan cavabda aparatların qeyri-dəqiq, həmçinin qurd xəstəliklərinin müalicəsinin ümumiyyətlə belə avadanlıqlar vasitəsilə mümkün olmadığı bildirilib. Bununla da müəyyən edilib ki, klinikanın rəhbəri, Sumqayıt şəhər sakini, 47 yaşlı Leyla Məmmədova və onun həyat yoldaşı, İran İslam Respublikasının vətəndaşı Əhəd Abadipəsənd xeyli müddətdir çoxsaylı vətəndaşı bu yolla aldadaraq dələduzluq yolu ilə külli miqdarda pullarını mənimsəyiblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın