Menu
Geri İrəli

Radio aparıcısı Əzizə: “Şəhər mühitində böyüyənlər üçün mənim kimisi əsl kəndçi təəssüratı yaradırdı”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2013 • Baxış sayı: 661 dəfə • 7 şərh

Müsahibimi çoxdan tanısam da, bu dəfə  yeni tədris ilinin başlandığı gündə görüşdük. Bəlkə də, başqa bir zaman görüşsəydik, tamamilə fərqli mövzuda söhbətləşəcəkdik. Ancaq bu gün “Bilik günü” olduğu üçün məktəb illərindən başladıq və söhbətimiz də öz axarı ilə müsahibimin karyera yoluna gəlib çıxdı. Radio dinləyiciləri onu yaxşı tanıyır. Söhbət Radio Antenn 101FM – də Xəbərlər proqramının aparıcısı Əzizə İsmayılovadan gedir. Həmkarları, dostları onu daha çox səmimi, yaxşı dost, mehriban, şən bir xanım kimi tanıyır. Bu müsahibədə çox fərqli bir Əzizə ilə tanış olacaqsınız. Mən onu neçə ildi tanıyıram, həmkar kimi. Bu dəfə isə başqa bir prizmada tanıdım  və onunla söhbətimi qələmə almaq istədim. Zənnimcə, bu müsahibə, bir çox gənclər üçün, hələ də təhsil ala bilməyən, uğurlu karyera arzulayanlar üçün bir stimul olacaq.

Əzizə ilə səmimi söhbətimizi olduğu kimi, nöqtəsinə, vergülünə toxunmadan təqdim edirəm. Bəlkədə hardasa fikir qırıqlığı, kəsikliyi var- üzürlü sayın. Əgər bu yazdıqlarımı onun dilindən eşitsəydiniz, məni daha yaxşı anlayacaqdınız…

1372811_10201373591013754_2011696636_n

Əzizə, bu gün məktəblər açılır. Məktəb illərini necə xatırlayırsan?

Məktəb illərimi xatırlasam böyük bir roman yazmaq olar… Qısa onu deyim ki, məktəbdə o qədər də fəal uşaq olmamışam. Sıradan bir şagird idim. Dərsləri onları tədis edən müəllimlərə görə oxuyurdum. Kimi çox istəsəydim, onun dərsini oxuyurdum. Kim ürəyimə yatmırdısa oxumurdum.(Gülür)

Daha çox hansı fənn müəllimlərini xoşalıyırdın?

Mən Oğuz rayonunda 2 nömrəli məktəbdə oxumuşam. Tarix, rus dili və ədəbiyyat dərslərini daha çox oxuyurdum. Tarix müəllimimiz Solmaz müəllimin səliqəsinə və ciddiliyinə vurulmuşdum. Rus dili dərsi deyən Tahirə müəllimi hamıdan çox sevirdim. Niyəsini heç bu gün də bilmirəm. Hətta başqa müəllimlər onun yanında məni tərifləsinlər deyə, hansı müəllimi onunla söhbət edən görsəydim, məcburən onun da dərsini oxuyurdum…Elə bilirdim müəllimlərin işi-gücü qutarib elə məndən danışırlar (gülür). Ədəbiyyat müəllimimiz isə Qələmnaz müəllim idi. Allah rəhmət eləsin. Dil ədəbiyyatı o sevdirib mənə… Bir də mənim ibtidai sinif müəllimim Əsmər müəllim… Bu dörd müəllimin yeri bir başqadı qəlbimdə.

İndi şagirdlər artıq 9-cu sinifdən hazırlıq kurslarına gedir, universitetə girmək üçün illərlə hazırlaşırlar. Sən necə, universitetə daxil olmaq üçün çoxmu əziyyət çəkdin?

Düzünü desəm, mənim elə qəribə həyat yolum olub ki, eşidən məəttəl qalır. Hətta inanmırlar…Əslində mənim ali təhsil almaq arzum, hər məktəblinin arzu etdiyi qədər olub. 1991-cu ildə məktəbi bitirdim. Gəldim Bakıya sənəd verdim. Dil- Ədəbiyyatdan 5 aldım. Tarixə növbə çatanda 3 suala əla cavab verdim son 2 suala isə cavabım yox idi. Bizə Azərbayca tarixi keçilməmişdi deyə M. Rəsulzadənin, Topçubaşovun heç adını da eşitməmişdik. Son 2 sual onlardan düşdü kəsildim və təpəsi üstə qayıtdım rayona…2-ci il təkrar gəlməyimə isə atam icazə vermədi.

Burda 4-cü kursun sonudu. Vinetka şəklimdi)))

Bəs sonra necə oldu ki, yenidən təhsil almaq qərarına gəldin? Atanı necə razı sala bildin?

Kasıb ailə idik. İşləmək lazım idi. 90-ci illəri də yaşayanlar bilir. Oxumaq xəyallarını sandığa yığıb, ağzını mismarlayıb atdım allah bilir hara. Başladım işləməyə. Daha haralarda işləmədim?. Telefonçu, dərzi, saç ustası, çörək zavodunda xəmir yoğuran, sosiska üçün bağırsaq təmizləyən, dəri kurtkalar tikən (o vaxt dəb idi qara dəri kurtkalar) və s. və ilaxır.Bir sözlə, 10 barmağımda 15 qabiliyyət tutanlardanam (gülür)..Bu minvalla 1999-cu ilə qədər işlədim. Düzü, oxumağı heç xəyal belə etmirdim. 99-cu ilin may ayının 1-i ya 2-si idi. Bizim qonşuda bir müəllim ədəbiyyatdan uşaq hazırlayırdı. Onun yanına gedib-gələn şagirdləri görəndə, nə yalan deyim, onlara paxıllığım belə tuturdu. Həmin gün də mən 2 sutka idi ki, çörək zavodunda növbədə idim. Evə gəlib 1 saat sonra təkrar o biri işə, yəni dərziliyə qaçmalı idim. Çatacaq sifarişlərim vardı. Fikrim allah bilir harda idi… küçəmizə dönəndə, gördüm həmin o müəllimgildən  5-6 qız birdən çıxdı. Elə o an, sanki içimdə qəribə bir əmr aldım-SƏN OXUYACAQSAN!. Axşam işdən gəldim və kitabları tökdüm qabağıma. Düz ay yarım dayanmadan oxuyurdum. Heç kim inanmırdı qəbul olaram. Çünki praktiki olaraişdə olurdum. Ancaq iş arası 1-2 saat və növbədəolmadığım gecələrdə evdə oxumaqla çətin ki, nəsə alınar-deyə düşünürdülər. Atam razı oldu, çünki o da inanmadı ki, 9 il sonra mən nəsə edə bilərəm…Gəldim imtahan verdim, bu dəfə atam və elə hər kəs haqlı çıxdı. Qəbul olmama 1 düz cavabım əskik gəldi…Qayıtdım. Amma artıq geriyə yol yox idi. Düz 1 il sərasər hazırlaşdım..

Yenə də işləyə-işləyə hazırlaşırdın?

Bəli, yenə də işləyə-işləyə. Dediyim kimi – kimsə inanmırdı ki, mən 9 il sonra oxuya bilərəm. Ona görə baş qoşmurdular mənə. Düşünürdülər ki, həvəsdi, ötüb keçəcək..Amma mənim bir xasiyyətim var-özümdə ən çox sevdiyim xasiyyətim-əgər bir yola girdimsə, o yolu sona kimi getməliyəm. Qarşımda ölüm belə olsa.

Və gözlədiyiniz an gəldi. Beləcə hədəfinə çatdın. Necə xatırlayırsan o anı?

O anı bəzən heç xatırlamağım gəlmir, düzünə qalsa. Çünki yadıma düşəndə həm gülməyim gəlir, həm ağlamağım…

Niyə?

Deməli, 2000-ci ildi. İmtahanı vermişdim. Pis yazmadığımdan əmin idim. Həmin gün də hazırlaşırdım işə gedim, Bakıdan zəng gəldi ki, bəs Bakı Slavyan Universitetinin Regionşünaslıq və tərcümə fakültəsinə qəbul olmusan. Əlim-ayağım uyuşdu. Sevincimdən qışqırmaq istədim, səsim çıxmadı. Evdə də kimsə yox idi. Küçəyə qaçdım. Qonşumuz, təndir qalamaq üçün belində meşədən bir şələ odun gətirirdi. Bir onu gördüm ki, kişi yorulub odun şələsini yerə qoyub üstündə oturdu. Çaşdığımdan qışqırdım: “Ziyəddin dayı, ay Ziyəddin dayı, gözün aydın, mən universitetə girmişəm”..Gözlərim yaşarmış halda niyəsə kişiyə tərəf qaçdım. O da qayıdasan ki, “a bala, sən universitetə girmisən mənim niyə gözüm aydın?”..Anidən sanki beynimə güllə vurdular. Dayandım. O an keçirdiyim ruh düşkünlüyü bütün sevincimi yudu apardı.

1371511_10201373591093756_1895411139_n

Atanız necə sevindimi?

Atam, bilmirəm, bəlkə də üryində sevindi..amma mən hiss etmədim. Atam adətən sevgisini biruzə verən insan deyil… Mənim sevincim elə o xəbər aldığım anla, qonşumuzun cavabına qədər olan zaman kəsiyində yaşandı və bitdi. Qonşumuzun cavabı mənə o qədər təsir etdi ki, inanın, artıq heç kəsə “qəbul olmuşam” demədim. Utandım. Sanki hər kəsdən eyni cavab alacaqdım. Yaxınlarımdan biri də üzü-üzümə təbrik kimi “əşşi 40-da öyrənən gorunda çalar”-dedi. Heç söz altda qalmağı sevmirəm əslində, qayıtdım ki, “əsas odur ki, gorunda da olsa çalasan. Vay o gündən ki, gorunda da çala bilməyəsən”… (Siması dəyişir, amma yenə də gülür)

Yəqin ki, sənin universitetə daxil olmağın digər insanlar üçün də stimul oldu…

Rayonumuz o qədər də böyük rayon deyil. Hamı bir-birini tanıyır. Mənim 9 il sonra universitetə girməyim, uşaqlara stimul olmuşdu. Müəllimlər hamıya məni nümunə göstərirdilər. Hazırlaşana nümunə, kəsilənə təsəlli olmuşdu adım. Az qala qəhrəman adı vermişdilər mənə (gülür).

Beləcə rayon qızı şəhərdə təhsil almağa gəldi…

Həəə..beləcə, yeni və tanış olmadığım bir həyata qədəm basdım.  Türklər demiş “sıfırladım” (gülür) Həyat nə həyat. Hər anı, hər saniyəsi mübarizə tələb edən bir həyat. Amma hər açılan qapıda bir xeyir var-məsəli nahaq deyilməyib. Kənd qızı, özü də dağ adamı, dağ mühitində böyüyən və daim həyatla cırmaqlaşan cod bir kənd uşağı, indi şəhərin ala bəzək yaşamına alışmalı idi. Şəhərin soyuq, buz kimi, ayağı ömründə torpaq görməyən insanlarını anlamalı idi. Çünki, onların məni anlaması mümkün deyildi. Onların yuxarıdan-aşağıya səni süzmələrini, sənə baxıb hansı səbəbdənsə gülmələrini anlamalı idi. Axı şəhər mühitində böyüyənlər üçün mənim kimisi elə əsl kəndçi təəssüratı yaradırdı. Kənd uşaqları çox pak olurlar, çox… Mən bunu hələ indi-indi düz 13 illik şəhər həyatından sonra anlamağa başlayıram. Kənddən ilk dəfə şəhərə gələn 18-19 yaşlı uşaqları müşahidə edəndə hər dəfə ürəyimin yağı axır…Tərar yaşıyıram sanki o anları. Biz, kənd uşaqları, ilk vaxtlar qutu kimi şəhər mənzillərinə sığa bilmirik, bağrımız yarılır. Suyunu içə bilmirik, maşınların hay-huyuna başımız alışmır. Kənardan elə “meşədən çıxmış” kimi görünürük….nə isə.. (səsi titrəyir və susur)

1167913_10201373591133757_1856358654_n

Deyəsən elə ən çətin anlarınız bundan sonra başlayıb.

Əslində mənim heç asan anım olduğu ağlıma gəlmir, amma buda bir təzə başlanğıc idi..Danışım gülün (özü də gülür, amma gözləri yaşarıb). Sentyabrın 1-i idi. İlk dəfə Bakı Slavyan Universitetinin qapısından girmişdim. Hamı dəbli geyimdə, hamı rusca danışır. Mən isə heç nə anlamıram. Gözümü döyə-döyə ona-buna baxıram…və əlbətdə ki, heç kim mənə baxmır (yenə gülür) Nəhayət zəng çalındı. Çox sərt sifəti olan bir kişi nəsə deyirdi və hər kəs harasa gedirdi. Hamı dağılışdı, mən qaldım dəhlizin ortasında sağa-sola baxa-baxa. Sonra həmin kişi (sonra bildim ki, dekanımız Seyfəl müəllimdir) mənə yaxınlaşıb “ay bala, başa düşmürsən?”-dedi. Yazıq-yazıq “yox”-dedim. Məni auditoriyaya apardı…Beləcə bir neçə gün keçdi. Öyrəşə bilmirdim mühitə. Əsası da heç kimin danışdığını başa düşmürdüm. Rus dilində 2-3 söz zorla başa düşürdüm. Peşman olmuşdum qəbul olmağıma. Getdim rektorumuz Kamal Abdullanın yanına və kənd uşağının səmimiyyəti ilə – mən daha oxumaq istəmirəm, məni göndərin Pedaqoji universitetə-dedim. Kamal müəllim əvvəl mənə diqqətlə baxdı, hirslənmək istədi, amma niyəsə hirsi bir anda yox oldu…Deyəsən danışıq tonumdan və ütülənməmiş danışığımdan saf kənd cocuğu olduğumu anlamışdı. Bəlkə də bilirdi ki, hirslənsəydi belə mən dediyimi deyib duracaqdım. Söhbət etməyə başladı. Danışdım ona vəziyyəti. “Oxuya bilmirəm. Heç nə başa düşmürəm, anlamıram.Mən necə imtahan verəcəm?”-dedim. Söhbətimiz uzandı. Sonda mənə 1 kəlmə söz dedi: “Qızım, sən oxuyacaqsan Özü də elə Slavyan Universitetini bitirəcəksən. Heç yerə getməyəcəksən. Çaliş və oxu. Sən bunu bacaracaqsan!” O qədər inandırıcı dedi ki, özüm də inandım və “yaxşı”deyib otaqdan uça-uça çıxdım, sanki başıma bilik tökmüşdülər …(gülür) Sonra verdiyim sözü tutmaq xətrinə çabalamağa başladım. Nəhayətdə oldu. Bütün çətinliklərimə rəğmən, mən bu universitetə bağlandım. BSU mənim evim idi. Dekanımız Seyfəl Həsənovun zəhmi məni məcbur edirdi ki, hər şey yaxşı olsun, bircə o əsəbləşməsin. (gülür) Bir də yaxın qohumlar mənə deyirdilər ki, “bu boyda oxumaqla sən axırda dəli olacaqsan, sənu Maştağaya aparacağıq”…həm də onlara inad oxuyurdum. Demirəm savadım aşıb daşır, mən sadəcə 1 söz belə yaza bilmədiyim dildə ali məktəbi oxumalı idim. Mənim yarı yolda qalacağımdan həvəslənən insanların həvəsini boğazlarında qoymaq üçün yeganə yolum oxumaq idi..ancaq oxumaq. Ona görə də ancaq rus dilində nəsə oxuyurdum.. Dedim axı, inadkar insanam..etməliydim bunu.

Harda qalırdın? Kasıb bir ailənin uşağının Bakı kimi şəhərdə təhsil alması çoxmu çətin idi?

Əvvəl qardaşımla kirayədə qalırdım. O işləyirdi, mən oxuyurdum. Sonra o, ailə qurdu rayona getdi, mən universitetimizin yataqxanasında qaldım… Çətin olan o qədər çox şey var idi ki, heç bilmirəm hardan başlayım, harda bitirim. (gülür) Amma yaxşı ki, bu çətinliklər olub.Həyat məni öz yağımda bişirdi, bərkitdi.  Bilirsinizmi, mən əslində bu gün çox xoşbəxt insanam. Heç bir çətinliyə yenilmədim, döyüşmək lazım olduğu qədər döyüşdüm. Bu həyatı dişimlə, dırnağımla qazandım. Kimsəyə əl açmadım, ağız açmadım. Kimsənin qarşısında əyilmədim. Kiməsə xoş olmaq üçün min sifətə düşmədim. Kimsənin minnət ortağı olmadım. Öz ayağım üstə özüm durmağı öyrəndim.. Bəli, mən kasıb ailənin uşağıyam. Amma bu qəbahət deyil. Hər kəs dövlətli ola bilməz. Ailəmiz maddi cəhətdən kasıb olub, mənəvi cəhətdən yox. Bizim boğazımızdan haram tikə keçməyib. Desəm inanmazsınız, mən universitetdə düz 2 il 1 ayaqqabı geyinmişəm, 4-cü kursa kimi 1 şalvarım olub, 1 köynəyim. Bir dənə də pencəkfason bir şey vardı. Soyuq günlər üçün..Ayaqqabımın isə ancaq üstü olub, altı yox idi yəni. Ayağıma pinqvin paketlər geyinirdim ki, qışda guya ayağım qar, su olmasın. Təbii ki, 5 addım gedən kimi cırılırdı. Auditoriyaya hamıdan tez girib, hamıdan gec çıxırdım, ayağımdan axan suyu görməsinlər deyə..Amma Universitetimdən, müəllimlərimdən elə enerji alırdım ki, dərsə gələndə heç üşümürdüm, geri dönəndə hiss edirdim ki, ayaqlarım donub. Sonra buna da alışdım…Heç düşünmürdüm bu haqda. Heç vaxt düşünməmişəm, niyə məndə filan şey yoxdu? Normal qəbul etmişəm. Vecimə də olmayıb. Kim idi mənim ayaqqabımın altına baxan? İnsan düşünməyəndə heç nəyi hiss etmir. İnanın mənə…Allah saxlayanda saxlayır. Qrupda hamı xəstələnirdi, tək mən xəstələnməzdim. İnanırdım və həmişə inanmışam ki, mənim himayədarım allahdır. Məni ancaq O qoruyur..

Bu bizim vinetkadır... Universitetə girəndə rus dilində 1-cə salam-sözünü zorla başa düşən Əzizə bakalavr təhsilini qırmızı diplomla bitirdi..Rektor təqaüdçüsü idim..Bu vinetkanı da özüm yığmışdım..

Tələbəlik həyatı sənə təkcə təhsil verməyib, həm də həyatda mübarizə aparmağı öyrədib…

Mənə universitet, ancaq diplom vermədi, həm də 2-ci həyat verdi. Mübarizə aparmağı öyrətdi. İnsanların gözünün içinə düz baxmağı öyrətdi. Bizim dekanımız elə bir insan idi ki, onu gülən görmək hər adama nəsib olmaz. Amma o insan o qədər geniş ürək sahibidir ki…İnanın, 1 nəfər tələbə tapmazsınız ki, Seyfəl müəllimin adı çəkiləndə ağız büzsün. Hər kəs bir başqa sevir bu insanı..Bizə həyatı o öyrətdi. Həmişə deyirdi, “fikrinizi açıq deyin. Səhv deyin, amma öz fikrinizi deyin”. Səhv edəndə onu düzəldincə, dərimiz qabığımız çıxırdı…Təki Seyfəl müəllim razı qalsın..amma heç razı qalmırdı (gülür). Bu gün də mən nəsə edəndə, ya nəsə deyəndə ilk növbədə düşünürəm, görəsən Seyfəl müəllim görsəydi mənə nə deyərdi? Çox köməyim olur bu sual. Belə müəllimləri var bu ölkənin. Kamal müəllimin qapısı bizə həmişə açıq idi. Elə vaxt olmazdı ki, biz gedəydik Kamal müəllimin yanına qəbul etməyəydi. Özü də heç vaxt ütülü sözləri nə o sevməzdi, nə də biz deməzdik…Sanki illərin dostu idik…

Sonra iş elə gətirdi ki, universitet qəzetində işə başladım.. 2-ci kursun sonunda mənə rektor təqaüdü kəsildi..Təsəvvür edirsinizmi bu nə demək idi?..Bu mənim uğurum idi… Mən hər gün bir pillə irəliyə getməyə başladım. 64 nəfərlik patokumuzdan  yalnız mən qırmızı diplom aldım. Yalnız mən magistraturaya, sanra isə aspiranturaya imtahansız qəbul olundum.  Yalnız mən oranı da qırmızı diplomla bitirdim.  Yalnız mən magistraturanın 1-ci kursunda oxuya oxuya təhsil aldığım Tərcümə fakültəsinin dekan müavini oldum..Təqaüdlərim artdı…Bəli, əziyyət çəkdim, amma yerdə qalmadı… görürsünüzmü nə qədər YALNIZ MƏNlər oldu. Hər əziyyətin bir mükafatı mütləq var.

Deməli jurnalistikaya gəlişiniz universitetin qəzetindən başladı…

Hə, əslində jurnalistikaya gəlişim BSU-nun “Tələbə dünyası” qəzetindən oldu. Bədii redaktor işləyirdim orda. Özüm də yazırdım -“Sabirin nəvəsi” təxəllüsü ilə. Satirik yazılar yazırdım. Deyilənə görə qələmim iti idi. Bir dəfə məzəli bir hadisə olmuşdu. Danışım gülün. Universitetdə düz 9 il təhsil almışam, ən çox qorxduğum an bu olub..O vaxt az qala həyəcandan öləcəkdim, indi isə hər dəfə yada düşəndə gülürük.

Deməli bir dəfə universitetlərdən birinə konfransa gəlmişdik. Birdən dəhlizdən bizi rəsmən qovub həyətə çıxardılar. Nə baş verdiyini anlamadıq. Sanki cinayət baş verər, polis adamı necə qovarsa, bax, o şəkildə bizi qovdular həyətə. Sonra məlum oldu ki, sən demə, rektor işə gəlirmiş.O gələndə gərək dəhlizdə ins-cins olmasın…Bunu bizə deyəndə qəşşş elədik. Dedik, “aaa, bəxtəvər başımıza, bu nə deməkdi. Bizdə Kamal müəllim gələndə heç biz bilmirik. Bir də baxırsan bufetdə çay içdiyin yerdə o da gəldi oturdu. Rektor gələndə niyə gizlənməlisiniz ki?”Tələbə başladı ordan burdan danışdı. Söz gəldi çıxdı rüşvət məsələsinə.. Nəsə bu, məsələ mənə bərk təsir elədi, əlbətdə ki, bunu yazdım. 4-cü kursun son ayıdır. May yəni..Mən rüşvət məsələsini yazanda cümləmdən  elə çıxmışdı ki, sanki öz universitetimizdən yazıram. Özü də necə ki, o tələbə demişdi, hər fənndən nə qədər verilir, hamısını yazmışdım. İstəsəniz, qəzetimiz Axundovda var yəqin ki, tapıb oxuya bilərsiniz..(Gülür) Yazı əməlli başlı ajiortaj yaratdı. Bütün universitet dəydi bir-birinə, təhsil nazirliyindən gəldilər, filan..nə isə məsələ gəldi çıxdı rektorata. Mən qorxudan ölmüşəm artıq. Düşünürəm ki, indi məni qovsalar, mən gedib rayonda nə deyəcəm?. Hər şey yadımdan çıxıb, evdəkilərə nə cavab verəcəm-ancaq onu düşünürəm. Əlqərəz, qəzetin redaktorunu Kamal müəllim danlayanda o gözünə döndüyüm də qayıdasan ki, “Mənim xəbərim yoxdu Əzizə yazıb”. Nə isə o dedi, bu dedi, redaktor elə eyni cümləni dedi durdu…Bu vaxt Kamal müəllim dözmədi, qayıtdı ki, “Yekə kişisən, nə Əzizə, Əzizə salmısan. Deyək ki, o yazıb. Sən hara baxırdın?”..Birdən qəfl mənə çönüb hirslə: “A bala, səndən kim rüşvət alıb?” Mən dilim dolaşa dolaşa məsələni danışdım. Kamal müəllim hirslə mənə dedi ki, “Mən bilmirəm, indi bu boyda kafedra müdirləri oturub burda, onlar nə desə onu edəcəm”. Kafedra müdirlərindən biri Sabir müəllim (allah rəhmət eləsin) qayıtdı ki, “əşşi bizim Əzizəmizdi də..Uşaq cümləni bir az tərs yazıb. Canı sağ olsun.”Üzünü mənə çevirdi :”Qızım, bundan sonra yazanda diqqətli ol. Biz səni tanıyırıq, bilirik, diqqətsizlik eləmisən. Amma birdən elə yerdə səhv edərsən ki, kimsəyə nəsə sübut edə bilməzsən. Diqqətsizlikdən adam öldürmək,heç də insane haqq vermir, bunu yadında saxla”..Beləcə qorxa-qorxa girdiyim iclasdan gülə-gülə çıxdım..Hamı məni qucaqlayırdı..Kamal müəllim də zarafatından qalmadı :”sənsən də sən.Bu universitetin bayrağı. (mənə həmişə belə deyirdi). Bundan sonra hər addımı atanda min dəfə yox, min bir dəfə düşün”…O hadisə mənə həyati bir dərs oldu.

Tələbəlik illərindən ən çox yadında qalan nə olub?

Tələbəliyim mənim ömrümün qızıl 10 ilidir deyərdim. Hər saniyəsi yadımdadır. Elə şeylər olub ki, inanmıram hansısa tələbənin başına gəlmiş olsun.Amma bir maraqlı əhvalat danışım, gülün… Deməli, bir dəfə qış sessiyası vaxtıdır, hər kəsin yeməyi də, pulu da qurtarıb. Rayondan da qızlara “sumka”  gəlməyib. Mən adətən razı olmazdım mənə nəsə göndərsinlər. Evdəkiləri inandırmışdım ki, o qədər çox təqaüd alıram ki, yağ-bal içində yaşayıram.. (gülür) İstəməmişəm mənə görə kimsə əziyyət çəksin. Valideynlərim belə… Nə isə..Artıq 2 həftədən çoxdu dərsə piyada gedib-gəlirik, Karl Marks dairəsindən düüüz 28 Maya kimi. Acından da mədəmiz klarnet çalır. 3 qızıq, o birilər imtahanlarını verib gediblər. Ay allah biz nə yeyək, neynəyək. Axtardıq bütün ciblərimizdən cəmi 1 çörəyin pulu çıxdı o da 5 qəpik əskik (gülür) Çörəyi aldıq gətirdik. Amma yavan yemək istəmirik. Bəs nə ilə yeyək? Başladıq balkonumuzdakı yeşikləri təkrar axtarırmağa. Guya yeməyə əlavə nəsə tapacaqdıq. Ac adamlar yaxşı bilir, bilirsən ki, yoxdu, yenə baxırsan, bəlkə nəsə çıxdı deyə (gülməkdən gözləri yaşarır) Birdən yeşiklərin arasından bir baş soğan tapdıq. Pəəəh, necə sevindik ay allah..Gətirdik onu qoyduq stola, əlimizlə üstündən basıb acı suyunu çıxardıq və düza batırıb çörəklə elə iştahla yedik ki, bu günə kimi mən elə dadlı çörək yeməmişəm… Üstündən də 1 stəkan qaynamış su vəssalam. Kəlləni at yat, sabah imtahana…(Gülür, amma bu gülüşü anlamaq  üçün gözlərinin içinə baxmaq lazımdı).. İsti çay qabağında, cürbəcür yeməklər qarşında, mama-papa qulluğunda tələbə olmağa nə var? Tələbə bizim kimi olar .

Necə oldu ki, radioda çalışmağa başladın?

Radioya ilk gəlişim sırf təsadüf olub. İnanılmaz təsadüf. Yanlış düşən bir zəng. Səsim insanı cəlb edib və məni dəvət edib. Səsimi yazdılar hər kəs bəyəndi.Oldum radio işçisi. Bu haqda nə düşünmüşəm, nə arzusunda olmuşam, nə də xəyal etmişəm. Allahın açdığı gözlənilməz bir qapı.

Radio antennə də gəlişim bir başqa təsadüf olub. Deməli ANS-də işləyəndə efir gecə saat 12-də bitirdi və sonra şirkətin maşını bizi evlərimizə gətirirdi. Bİr dəfə necə oldusa televiziya əməkdaşlarından birini düşürəndə gördüm ki, aaa, qaldığım yerin 2 addımlığında radio varmış ki. Anında ağlıma gəldi ki gəlim, bura mürəciət edim. bəlkə düzəldi. Yol çox yorurdu məni..Səhər universitet, günorta 4-dən gecə 12-ə kimi efir. Bir sözlə səhər 8 də çıx, gecə 1-də 2-də evə gəl. Bezmişdim. Gəldim müraciət elədim.Sanki Allah rast salmışdı mənə bu təsadüfü..Alındı..Beləcə başladım burda işləməyə..Düzdü, qrafikim dəyişmədi, ən azından yolum yaxın oldu.

 Ümumiyyətlə, bir şey deyim, mən Allahın sevimli bəndəsiyəm. Hər nə qədər sıxsa da elə yerdə elə xeyirli qapı açır ki, bütün sıxıntılar unudulur.

Deməli karyerada da təsadüflər olur… Radioda çalışmaq üçün səsdən başqa hansı müsbət xüsusiyyətə malik olmalıdır insan?

Mənə görə, əslində bütün təsadüflər zərurətdən doğur. Mənim həyatımda elə qəribə təsadüflər olub ki, özümün inanmağı gəlmir… Radioda çalışmaq üçün hansısa qeyri adi xüsusiyyət tələb olunur deməzdim. Radioda çalışan insanın dünya görüşü, həyat təcrübəsi mütləq olmalıdır. Görüntü olmadığı üçün sənə toplanan diqqətin doğura biləcəyi hər hansı suala hazır olma qabiliyyəti olmalıdır..İnsanları ancaq səslə cəlb etmək, onlarda maraq oyatmaq qabiliyyət tələb edir.

Əslində həyatın bir film ssenarisidir…Kədərli, çətin bir həyat yaşasan da diqqət yetirdim  söhbət elədikcə heç kədərlənmədin. Hər an səni pozitiv gördüm. Bunun sirri nədədir?

(Gülür) Film ssenarisimi? Bir az şişirtmədiniz ki? (yenə gülür). Əslində kədərli və çətin deməzdim. Mübarizə dolu bir həyat yaşamışam və yaşamaqdayam. Mübariz insanlar kədərlənmirlər, əksinə həmişə gülürlər. Həyatla burun-buruna mübarizə aparmaq və yenilməmək hər kəsə nəsib olan bir şey deyil. Pozitiv olmağımın sirrinə gəlincə, əslində bilmirəm bu nə dərəcədə sirrdir, amma bilirsənmi, həmkar, mübarizələrin sonundakı qələbələr bütün çətinlikləri silib atır. İnsan güclü olduğunu hiss edir. Bütün çətin dediyimiz şeylərin yerində sadəcə xatirələri qalır. İkinci bir səbəb isə özümü xoşbəxt hiss etməmdir. Əslində çox xoşbəxtəm. Əgər bu həyata bir də gəlsəydim və keçdiyim bu yolları bir də keçməli olsaydım, məmnuniyyətlə keçərdim. Həyatda üzü ağ, başı uca olmaq halal çörək yemək, əlinin qabarına güvənmək insanı çox qüvvətli edir. Kimsəyə borcum yoxdu. kimsənin yanında başı aşağı deyiləm. Pul, var dövlət düşgünü deyiləm. Kimsənin heç bir şeyində nə gözüm nə nəfsim yoxdur, olmayıb da. İnsanlara necə varamsa özümü o cür təqdim edirəm. Necə deyərlər, olduğum kimi görünürəm, ya da necə görürsünüzsə, eləyəm. Həyatda ən böyük qazancım – məni sevməyən insanların belə mənə güvənib və etibar etmələridir. Düzdü, haylı-küylüyəm, codam, amma zərrə qədər kinim-küdurətim yoxdu. Bircə xoş sözlə belə xoşbəxt ola bilirəm. Mənim sahib olduqlarımı heç bir xəzinə müqabilində almaq olmaz. Allah mənə bu boyda xəzinə verib, necə xoşbəxt olmaya bilərəm?!

Söhbətləşdi: Eyvaz Qocayev

“sumqayitxeber.com”

Facebook Şərhləndirmə:

“Radio aparıcısı Əzizə: “Şəhər mühitində böyüyənlər üçün mənim kimisi əsl kəndçi təəssüratı yaradırdı”” yazısına 7 cavab

  1. Gülnar Məmmədova deyir:

    Müsahibəni oxudum. Düzünü deyim son dövrlərdə belə maraqlı və təsirli müsahibə oxumamışdım. Çox səmimi söhbətdir. Bir çox insanlar danışanda yalnız həyatlarının xoş anlarını qabardırlar. Ancaq bu müsahibə mənə çox böyük stimul verdi. Deməli mübarizə aparmağa dəyər! Əzizə xaxıma uğurlar arzulayıram.

  2. Xatirə deyir:

    Oxudum…Əslində kədərlənmədim, daha da özümdə güc topladım və düşündüm ki mən də təhsil almalıyam! MƏN DACAM!

  3. Samir deyir:

    Cox tesirlendim.Amma halal olsun xanima. Her adam bunu bacarmazdi.

  4. Fidan deyir:

    En cix tesirlendiyim cumle bu oldu:
    “Desəm inanmazsınız, mən universitetdə düz 2 il 1 ayaqqabı geyinmişəm, 4-cü kursa kimi 1 şalvarım olub, 1 köynəyim. Bir dənə də pencəkfason bir şey vardı. Soyuq günlər üçün..Ayaqqabımın isə ancaq üstü olub, altı yox idi yəni. Ayağıma pinqvin paketlər geyinirdim ki, qışda guya ayağım qar, su olmasın. Təbii ki, 5 addım gedən kimi cırılırdı.”

  5. sehla deyir:

    Ezize,oxudum mene o gunleri yadima saldim. Senin heyatinda menim bilmediyim cox sey var imis. esas odu ki neyese nail oldun. pis gunleri ise hec yadina salma.

  6. Gunay Bunyadzade deyir:

    eslinde men hemise Azizada bu keyfiyyetleri hiss etmisem. ugurlar sene Aziza..

  7. leyla deyir:

    Aferin size! Cetinlikler qarshisinda sinmamisiniz. Allah yolunuzu achiq elesin bundan sonra da. Heqiqeten genclere ornek insansiniz.

Şərhinizi yazın