Menu
Geri İrəli

Rafael Ağayev: “Dünya karatesinin rekordunu qıracağam” MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Dekabr 2015 • Baxış sayı: 1,135 dəfə • Şərh yoxdur

refaelKarate üzrə 4 qat dünya, 10 qat Avropa çempionu, Avropa Oyunlarının qalibi Rafael Ağayevin SİA-ya müsahibəsi:

- Rafael, 2015-ci il sənin üçün necə keçdi?

- 2014-cü il ilə müqayisədə 2015-ci il mənim üçün uğurlu oldu. 2015-ci ilə qədər son yarışım 2013-cü ildə Avropa çempionatı olmuşdu. Ondan sonra zədələndim və il yarım döyüşə bilmədim. Üç dəfə ayağımdan – dizimdəm, 1 dəfə dirsəyimdən əməliyyat olundum. Allaha şükürlər olsun ki, sağaldım karyeramı davam etdirirəm. Ancaq zədəyə görə, 2014-cü ili buraxmalı oldum. Bilirsiniz ki, idmançı hətta bir gün belə məşq etməsə, bu, özünü dərhal büruzə verir. Mən bir ildən sonra 2015-ci ildə yenidən tatamiyə qayıtdım. Yanvar-fevral ayları mənim üçün ağır keçdi. Fevralda üçüncü, martda isə birinci oldum. İlk Avropa Oyunlarında mübarizə apardım və qalib oldum. Üç gün olar ki, Aktauda keçirilən beynəlxalq turnirdə də birinci oldum. 2015-ci il uğurlu keçdi.

- 2016-cı il üçün hansı planların var?

- Formamı hər zaman olduğu kimi, yaxşı saxlayıram. Çünki, 2016-cı ildə də məni mühüm yarışlar gözləyir. Avropa çempionatı və dünya çempionatına qatılacağam. Əgər beşinci dəfə dünya çempionu olsam, dünya karatesinin rekordunu qıracağam. İnanıram ki, buna nail ola bilərəm. İdmançı nəyisə istəyirsə, ağıllı davranıb, düzgün məşqlərlə ona nail ola bilər.

- Səni dünyada yaxşı tanıyırlar.  Bir çox dövlətlər seminarlar keçmək üçün səni öz ölkələrinə çağırırlar. Yeni dəvətlər var?

- İlk Avropa Oyunlarından sonra Azərbaycanda insanlar arasında tanındım, amma yenə də dünyada və Avropada məni daha çox tanıyırlar. Birinci Avropa Oyunlarına görə, 6-7 ay seminarları saxlamışdım. Çünki bütün diqqətimi Avropa Oyunlarına yönəltmişdim. Ancaq yenidən seminarlara başlayıram.

Bir çox ölkələr dəvət göndərib, oranın idmançılarına seminar keçməyimi xahiş edirlər. Yanvar və fevral aylarının hər birində 2 seminar var. Mart ayında Moskvada da seminar keçəcəm. Bütün seminarlar xaricdədir.

Karate Yaponiyada yaranıb, amma fəxredici haldır ki, yaponlar məni seminara dəvət edir ki, onların idmançılarına dərs keçim. Mən demirəm ki, karatenin hamısını bilirəm. 23 ildir karatedəyəm, hələ bu idman növünü təzə-təzə öyrənirəm.

- Səncə, ölkəmizdə sənin kimi növbəti idmançı yetişə biləcəkmi?

- İnsan həyatda istədiyinə nail ola bilər. Bunun üçün qarşına məqsəd qoyub, ağıllı davranıb, düzgün məşqlər etmək lazımdır. Məni karatenin Maradonnası, dünya karatesinin brilliantı adlandırırlar. Deyirlər  ki, Rəfael, bu, sənə Allah tərəfindən vergidir. Həm Allahın, həm də öz köməkliyimlə bu səviyyəyə gəlib çatmışam. Ailəm və müəllimlərimin də böyük rolu var. Onlara da minnətdarlığımı bildirəm.

-  Digər növlərdə olduğu kimi, karate idman növünün inkişafına da dövlət tərəfindən xüsusi diqqət göstərilir. İdmançı kimi, bu haqda fikirlərini bilmək istərdik…

- Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev hər zaman idmançılarımızı diqqətdə saxlayır və onlara qayğı göstərir. Bir vətəndaş kimi onun qarşısında baş əyirəm. Cənab Prezident yeniliklə də idmançılarımızla görüşdü, onlara mükafatlar təqdim etdi, tövsiyyə və tapşırıqlarını verdi. Milli Məclisdə də yeni Gənclər və idman komitəsi yaradılıb. İlk dəfə Milli Məclisə dəvət aldıq. Orda idmançılarla görüş keçirildi. Dövlətimizin diqqət və qayğısından bütün idmançılarımız çox razıdır. Məhz bu diqqət və qayğı sayəsində idmançılarımız yüksək nailiyyətlərlə xalqımızı sevindirirlər.

- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə arzuların…

- Bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti təbrik edirəm. İnanıram ki, karate və ya digər növlər Rəfael, Toğrul, Firdovsi və ya Ayxanla bitmir. Bütün Azərbaycan idmançılarına yeni uğurlar arzulayıram. 2016-cı ildə qızıl medalları əksik olmasın. Gələn il Yay Olimpiya Oyunlarında yarışacaq idmançılarımıza da uğurlar arzulayıram. Arzu edirəm ki, karate də olimpiya növünə daxil olsun və biz də üzərimizə düşən vəzifəni yerinə yetirək, Azərbaycan bayrağını Olimpiya Oyunlarında yenidən qaldıraq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın