Menu
Geri İrəli

Rauf Arifoğlu, lütfən bir daha oxuyun…

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2013 • Baxış sayı: 226 dəfə • Şərh yoxdur

İqbal Ağazadə iqbal

 Heç Milli Şura mövzusuna qayıtmaq istəməzdim, dəyərli jurnalistlər də bu mövzuda suallar verərkən yayınmaq istəyir və ya da çox xəsisliklə cavab verərdim. Lakin dəyərli dostum Rauf Arif oğlu öz yazısı ilə məni bu mövzuya bir daha qayıtmağa məcbur etdi.

Əvvəldən başlamaq istərdim..

2012-ci ilin avqust ayının son günlərində “Qafqazinfo” saytına geniş müsahibə verərək regionda cərəyan edəcək hadisələrin anonsunu vermişdim, qeyd etmişdim ki, Rusiya ilk dəfə olaraq siyasi təşkilatlara da əl uzadaraq yeni, konfiqurasiya təşəbbüsündə bulunacaq.

Milli Şura yaranarkən də bunun Rusiya projesi olduğunu mətbuat vasitəsi ilə ilk bildirən mən oldum, çoxsaylı müsahibələr verdim, siyasi partiyaları bu birlikdən kənar təşkilat qurmağa çağırdım. Iddialarımdan geri çəkiləcəyimi də bəyan etdim və s. Amma nə faydası-xeyli siyasi təşkilatlar və ictimai birliklər Milli Şuranı Azərbaycan xalqının tək nicatı hesab etdilər, ayrı-ayrı adamların xilaskar obrazlarını cızdılar, qarşı çıxanları xəyanətkar elan etdilər, satqınmış dedilər və s.

Nəticə göz qabağında…

Azərbaycanımızın vəziyyəti dəyişməyib. Indi Milli Şura içərisində olanların davası başlayıb-kimlərsə satqın, agent, kimlərsə də naşı və pozucu kimi qiymətləndirilir.

Niyə bəylər və xanımlar? Axı cəmi bir neçə ay əvvələ qədər sizlər bu birliyin əzəmətini bizlərə təlqin etmirdinizmi?

Səbəblər çox ola bilər-maraqlarınız üst-üstə düşmür, dəyərləriniz fərqlidir, ambisiyalar imkan vermir və digər çeşidli “ səbəblər ”…

Amma həqiqəti sizin söylədikləriniz dəyişə bilməz ki, cənablar.

Həqiqət heç də siz söylədikləriniz deyil – milli və ya antimilli, Qərb və ya Rusiyapərəst, həvəskar və ya peşəkar bölgüləri, idiolojiləri, yanaşmaları deyil həqiqət. Bunları sizlər neçə illərdir bilirsiniz, siz bir-birinizi tanıyan kimi kim tanıyır ki, sizləri? Əsl həqiqət demədiklərinizdir və ya dostum Rauf Arifoğlunun yazmadıqlarıdır. Sizin üçün yazıram dəyərli qardaşım, Rauf Arifoğlu, lütfən bir daha oxuyun …

Mili Şura heç də müxalifətin böyük birliyi və ya xalqın ümid yeri deyildi. Onu iqtidar və sizlər böyütdünüz. İqtidar Milli Şuranı təsadüfən böyütmürdü. Hələ İctimai Palata yaranarkən müsahibə verib iddia etmişdim ki, İctimai Palatada Əli Kərimli o qədər böydüləcək ki, İsa Qəmbər böyüdülmüş Əli Kərimliyinin liderliyi altında prosesdə iştirak etməsin- əksinə İsa Qəmbər böyüdülsə idi, Əli Kərimli onun liderliyini rahatca qəbul edərdi. Təzə ssenari deyildi bu. Hələ rəhmətlik Ə. Elçibəy Kələkidə olarkən də İsa Qəmbər o qədər böyüdüldü ki, Ə. Elçibəy 1998-ci ildə onun liderliyi ilə seçkiyə, böyük İsa Qəmbər də güzəştə getmədi. Baxırsınızmı, personajlar və ssenarilər necə də eynidir?

İctimai Palata çərçivəsində iqtidar tərəfindən böyüdülən və kiçildilənlər məsuliyyətdən qurtarmaq üçün müxalifətin yeni birliyini axtarmağa başladılar. Çünki özləri meydanda qalsa idilər 2013-cü il məsuliyyətinin cavabdehləri olmalı idilər. Halbuki, müxalifətin böyük birliyini dağıdıb məhz AXCP və Müsavat birliyinə gəlmişdilər. Heç kəs iddia etməyə qalxmasın ki, İP-də digər siyasi qüvvələr və ya müstəqil şəxslər də var idi, Bəli, var idi, lakin İP-in siyasətini məhz bu iki təşkilat müəyyən edirdi, namizəd olacaq şəxslər də bunlar idi.

Yeni birlik axtarışı əslində qalibiyyət zərurətindən irəli gəlmədi. AXCP və Müsavatı seçkidən salamat qurtarmağın ən optimal yolu kimi düşünüldü.

İqtidar bu ssenaridə uddu. Bəs, iqtidarın marağı nə?

Sadə cavabı var- rəqiblərini yaxşı tanıyan,onların xalq arasında nüfuzunu obyektiv və subyektiv səbəbdən aşağı olduğunu bilən hakimiyyət ənənəvi münasibətlər sistemində ənənəvi davranış sərgiləməyi, ən asan qələbə modeli hesab edir və haqlıdır.

Ənənəviyə gəlincə postsovet ölkələri içərisində- əslində az-çox proses olan ölkələr nəzərdə tutulur – Ermənistan xaric, nə Gürcüstan, nə Ukrayna, nə Moldava, “Qocalarla döyüşə getməyib”.

Ermənistanda da T. Petrosiyan erməni müxalifətinə 2008-ci ildən bu yana müsbət heç nə vermədi. Repressiya və qarşıdurma müxalifəti zəiflətdi.

Azərbaycanda isə müxalifətin anası da, balası da, bossu da, kordinalı, ağası,bəyi də köhnələrdir- hakimiyyəti bu iqtidara verərək, baş qaxıncı olmuşlar. Ağır dövr olsa belə hakimiyyəti qoruya bilməyərək yerini bu iqtidara verənlər, xaosu, hərbi qiyamı durdura bilməyənlər, üzərinə qeyri-peşəkar damğası vurduranlar, Qərblə Rusiyanın, İranla Avropanın arasında çabalayanlar, şərait qəhrəmanları, iqtidarın ssenarisi ilə hər zaman radikal görünənlər…

Sizcə iqtidar sizdən vaz keçərmi?

Xalq, bunları görmüşük, bilirik, edəcəklərini də təxmin edirik qənaətinə çoxdan gəlib. Ortada siyasiləşmiş elektoradan başqa kimsə qalmayıb, sizlərin iddia və hərəkətlərinizə bu iqtidarı bəyənməyən seçici olaraq sadəcə azarkeşlik edən tamaşaçıdan başqa heç bir reaksiya verməyən xalq …

Ona görə də Əlahəzrat iqtidar məhz sizləri, əsl müxalifət qüvvəsi kimi göstərir, yeni çıxan qüvvələri zədələyir, həbs də etdirir, “bizimkidir” deyib şayiə maşınını da işə salır. Təki ortada köhnələr qalsın, təki öz qələbəsini özü müəyyən etdiyi müstəvidə asanca gerçəkləşdirsin. Etmirmi ? Edir, özü də çox rahat.

Sizi liderə çevirən qəzetlərinizi də ayaqda saxlayır. İqtidara nə qədər desəniz təhqir yazmağa da şərait yaradır. Arada rənglər çox tünd olanda düyməni basır … Yoxsa səhv deyirəm?

İqtidar “Azadlıq” və “Yeni Müsavat” qəzetinə ayda 10.000 manat verəcək qədər demokratik və orda yazılanları oxuyacaq qədər tolerantdırmı?

Siz də bunu gözünüzü yumaraq rahatca qəbul edirsiniz, çünki iqtidar olmasanız da, müxalifətin iqtidarısınız – nə fərqi var ki, sonda iqtidar iqtidardır. Qayıdaq mahiyyətə…

İP-dən Milli şuraya keçid etdiniz. 2013-cü ilin məsuliyyətindən yaxanızı qurtarıb 2015-ci ilə salamat getmək üçün. İndi maraqlar dəyişib, buna görə də cəbhələşirsiniz.

Bu dönəmdə kimin adı nə olsa belə – özünüzə hansı ad qoysanız belə – bu dönüklükdür. Yolunuzdan dönmüsünüz – yolun harasından dönsən belə adına dönük deyərlər. Milli şura dünən də milli deyildi, bu gün də, bilib bilmədən orda idiniz, Milli şura dünən də demokratikləşməyə əngəl idi, bu gün də, bilib bilmədən orda idiniz …

Dəyərli qardaşım Rauf bəy, Siz bunları bilmirdinizmi, bilirdiniz, bəlkə çoxlarının bilmədiyi və mənim də qələmə almadığım daha nələri bilirsiniz. Sizcə indi qalxıb da Milli şuradan getmək istəyən və ya fəxri sədri Rusiya vətəndaşı olmaqda ittiham edən birini məsum, günahsız və xilaskar kimi təqdim etməyin mənası və anlamı nə?

Sizin indi dediklərinizi mən neçə vaxtdır deyirəm, nədən qəbul etmirdiniz, ona görə ki, Siz demirdiniz, firqəniz demirdi ?? Sizcə bu yolmu? Sizcə bu demokratikləşməyə tövhəmi?

Siz Müsavat partiyasının qərargahından ayrılıb min bir əziyyətlə öz ofisinizi qurdunuz – təhdid də etdilər, bizsiz mümkün deyildə dedilər. Amma etdiniz və qazandınız, yeni ənənələr qoydunuz, Cənubi Qafqazın ən böyük qəzetini yaratdınız.

Lütfən, siyasi olaraq da bu cür düşüncə və yanaşmalardan ayrılın. Yoxsa siz “Rusiya vətəndaşı olan birisi müsavat təmsil olunan yerdə fəxri sədr ola bilməz” fikrini günün statı, qəhrəmanın aforizmi kimi təqdim edəndə özüm özümə şübhə edirəm – əcaba, bu mənim tanıdığım Rauf Arif oğludurmu ?? Axı yuxarıdakı sitatın müəllifi cəmi bir neçə ay əvvəl bu Rusiya vətəndaşını ölkə prezidenti etmək istəyirdi, Rauf bəy bunu bilmirdimi?

Bir başqası da facebook səhifəsində “iqtidar bizi parçalayır. Mübarizəni öz içimizə yönəldir, onun siyasətinə qarşı duranları bir-birinə saldırır” kimi çağrışlar yazır. Qardaş, iqtidar sizlərin siyasətdən getməməsi, aşağı-yuxarı bir yerdə olmağınız üçün gərəkilən nə lazımdırsa edəcək, narahat olmayın. İddia edirsinizsə ki, biz hansı birlik formatı olmasından aslı olmayaraq, ya da tək başına bu iqtidarı məğlub edirik, xalq bizə səs verir, lap gözəl. O zaman nədən birlik formaları hər seçki öncəsi ən böyük problemə çevrilir və müxalifət bütün gücünü buna sərf edir? O zaman başqa şey barədə düşünməlisiniz – xalqın verdiyi səsləri necə qorumalı? Demək, yenə də yalnış şeyin arxasınca düşmüsünüz – birlik və ya tək başına olmağın davasını və çabasını kənara qoyun, səsləri necə qoruyacağınızın yollarını arayın. Madam ki, birlik adı altında seçkiyə necə getməkdən asılı olmayaraq xalq sizə səs verir, daha niyə hamını məşğul edirsiniz? Birini xain, birini qəhrəmana çevirirsiniz?!

Bu tip siyasətçilər heyif ki, yerlərini doğru, güclərini dürüst hesablaya bilmədikləri ucbatından demokratiləşməyə də ancaq ziyan vururlar. Onlardan biri haqqında nə zamansa belə ifadə işlətmişdim. O, Azərbaycan siyasətinin sıfırıdır. Kimdən sonra dayansa o adam on dəfə böyüyəcək, kimdən əvvəl dayanmaq istəsə onu on dəfə kiçildəcək. Təəssüf ki, o da həmişə hamıdan əvvəldə dayanmaq istəyir. Həp kiçiltmək üçün – prosesi də, demokratikləməni də, Azərbaycan müxalifətini də … Dəyərli dostum, Rauf bəy, sən də bunları qəhrəman etmək üçün dürlü-dürlü ifadələr axtarırsan …

Qaldı ki, mən niyə qəhrəman olmuram və ya biz niyə Ukrayna müxalifətinə, xalq isə Ukrayna xalqına oxşamır ittihamına əziz qardaşım … Qəhrəman düzəltdiklərinizin qəhərmanlığı bir müsahibədən o tərəfə keçməyib və keçməyəcək də. Sən onlardan çox şey gözləmə, olsa-olsa bu qədərini edə bilirlər, artıq məsuliyyət yükünü çiyinlərinə yığarsansa və ya onları yuxarı qaldırarsansa yıxılıb aşağıda duranları əzərlər, faydası olmaz. Necə ki, uzun illərdir onlardan aşağıda duranlar hey əzilir…

Siyasətçiləri Sizin meydana girməkdə qınayırsınız, guya biz öz işimizlə yox, sizin işlərlə məşğuluq. Bəlkə bir az başqa pəncərədən baxaq – Siz bizim meydançaya girmisiniz, xəbər əvəzinə siyasi mövqe, informasiya yerinə müxalifət bölgüsü aparırsınız. “Azadlıq” qəzetində vəziyyət sizdən də betər – hamısı müavin, müşavir, rəyasət heyəti üzvləri …

Qəzetində çalışanlara diqqət et – hamısı bir partiyanın Divan, Məclis üzvü, deputatlığa vahid namizədi, bir sözlə firqə maraqçıları. Yəqin bu yazıdan sonra məni də geninə boluna tənqid edəcəklər və sən də səhifəndə köşə yerləri ayıracaqsan, adı da olacaq demokratiya. Amma əslində yenə onların qəhrəman və əzabkeş obrazını yaratmaqla məşğul olacaqsınız.

Bunlar bu qədərini edə bilirlərsə, lütfən, onlardan bu qədərini gözlə.

Xalqa gəldikdə …

İqtidarın öz qələbəsi naminə, siz də qəhrəman və lider görərək böyütdüklərinizə bu xalq daha inanmır, onların çağırışına səs vermir, arxasınca getmir. Yoxsa, xalq Vallah, bu qiymət artımının ona nəyin bahasına başa gələcəyini çox gözəl bilir. Amma onu da bilir ki, qaş düzəltdiyi yerdə vurub göz çıxarmağa da ehtiyac yoxdur, yoxsa heç bir iqtidar sevgisi, filanı peşində də deyil bu zavallı xalq. Millət gələcəyini bu adamlarla görmür, etimad etmir, inanmır.

Bəs mən və ya yeni insanlar niyə ortaya çıxa bilmirik?

Hə, bax burda vəziyyət lap ağırdır. Əlahəzrat iqtidar bütün gücü ilə əskiləri qoruyur, onlardan lider düzəldir, imicini formalaşdırır, benəlxalq aləmə təqdim edir – niyəsini yuxarıda dedim.

Sizlər – müxalifət qəzetləri və ya o partiyalara, liderlərə yaxın mətbuat da onları ictimaiyyətə təqdim edirsiniz. Yeniləri, o cümlədən məni də iqtidar ən son anda şayiə maşını ilə vurur, müxalifət dediyiniz də iqtidara kömək edir. “Azadlıq” qəzeti hətta onu müdafiə edən çıxışımı belə vermir – demokratikliyin piki – sənin mənə səxavətinisə dost münasibətindən o tərəfə keçmir. O münasibətdə müxalifət lideri, yeni qüvvə, gerçək söz söyləyən, demokratikləşməyə xidmət edən liderə geçək baxış isə … Təəssüf .. Yoxsa sənin bu yazının əvəzinə bir cümlə də yetərdi – Sizin dediklərinizi İqbal Ağazadə aylar, bəlkə bir il öncə deyib, lütfən gedin öyrənin … Daha bir il sonra mənim dediklərimi təkrarlayanları qəhrəman etmək heç lazım deyildi, dəyərli dostum, qardaşım.

Bax buna görə də nə biz Ukrayna xalqı, nə də Ukrayna müxalifəti ola bilmirik.

P.S. Əl çəkin ənənəvi qüvvələrdən, nə qədər ki, onlar var, iqtidar hər zaman qalib olacaq, nə qədər ki, onlar var hər zaman həbslər olacaq, nə qədər ki, onlar var, xalq tamaşaçı olacaq, nə qədər ki, onlar qəhrəmandır, qəhrəmanlıqlar müsahibədəki ən uğurlu sözdən o tərəfə keçməyəcək, nə qədər ki, onlar var demokratikləşmə iqtidarın ən böyük sövdələşmə yeri olacaq, nə qədər ki, onlar var … heç nə dəyişməyəcək. Əl çəkin – əgər özünüz də ənənəvi deyilsinizsə …

Facebook Şərhləndirmə:

Şərhinizi yazın