Menu
Geri İrəli

Rövnəq Abdullayev bu gün Sumqayıtda oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2014 • Baxış sayı: 837 dəfə • Şərh yoxdur

1901543_800595963297005_3049863981352424931_nSentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti, Rövnəq Abdullayev qurumun təlim, tədris və sertifikatlaşdırma idarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib.
AzərTAc xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Elektrik montyoru qrupunun ustası Cəlil İsmayılov və aparatçı qrupunun məzunu Məltəm Abbasova çıxış edərək bildiriblər ki, Sumqayıtda 2012-ci ildən fəaliyyət göstərən peşə ixtisasları üzrə müasir standartlara cavab verən, geniş və ixtisaslaşmış auditoriyalara malik, tədris vasitələri və mütərəqqi texniki avadanlıqlarla təchiz edilmiş Təlim Tədris Mərkəzində iki tədris ili zamanı müxtəlif peşələr üzrə yüksək dərəcəli 185 gənc fəhlə ixtisaslarına yiyələnib. Hazırda onlar “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisələrində çoxsaylı kimyaçılar ailəsinin bərabərhüquqlu üzvləri kimi uğurla çalışırlar.
ARDNŞ-in təlim, tədris və sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov məlumat verib ki, bu il mərkəzə elektrik montyoru, kompressor qurğularının maşinisti, avtomatik idarəetmə sistemi üzrə operator, təmirçi-çilingər, texnoloji qurğuların operatoru, qablaşdırma üzrə operator ixtisasları üzrə 456 nəfər müraciət edib ki, bu da ötən iki illə müqayisədə xeyli çoxdur. Müsabiqənin birinci turunda namizədlərin elektron ərizə formasında qeyd etdikləri məlumatların müsabiqənin şərtlərinə uyğunluğu yoxlanılıb, şərtlərə uyğun gələn 349 nəfər namizədin müraciəti təsdiqlənib. Təlim, Tədris Mərkəzinə avtomatik idarəetmə sistemi üzrə operator ixtisasına 24 yer üçün müraciətləri təsdiq edilənlərin sayı 150-dən artıq olub. Bu isə bir yer üçün ən azı 6 nəfərin yarışması demək idi. Digər ixtisaslar üzrə isə bir yer üçün iddiaçıların sayı 2-5 nəfər arasındadır.
Beləliklə, mərkəzə test imtahanlarından müvəffəqiyyətə keçən 96 nəfər qəbul olunub. Bu gənclər 10 aylıq təhsil və təcrübədən sonra azot gübrəsi – karbamid zavodunda əmək fəaliyyətinə başlayacaqlar.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev mərkəzi uğurla başa vuran və qəbul imtahanlarında yüksək bal toplayan bir qrup gəncə sertifikat və şagird vəsiqələrini təqdim edib.
Tədris ilinin ilk zəngi səslənib və dərslər başlanıb.
Sonra ARDNŞ-in prezidenti “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun mütləqləşdirilmiş izopropil spirti sahəsinin əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi mərasimində iştirak edib.
Qeyd olunub ki, ilin əvvəlindən fəaliyyəti dayandırılan sahədə 3 ədəd kalon istisna olmaqla, demək olar ki, bütün qurğu və avadanlıqlar yenidən qurularaq, yeni operator binası tikilib. Bundan əlavə, sahənin hazır məhsulun saxlanılması və yüklənməsi şöbəsində 600 kubmetr həcmlik tutumların bütün əlaqə xətləri yeniləri ilə əvəz olunub, yeni nasos stansiyası inşa edilib, doldurma və boşaltma estakadası quraşdırılıb. Bildirilib ki, istehsal prosesinə heç bir xələl gətirmədən aparılan yenidənqurma işləri texniki təhlükəsizlik qaydalarına tam riayət edilərək həyata keçirilib, qurğularda izolyasiya və rəngləmə işləri aparıldıqdan sonra sahənin daxili ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
Görülmüş işlər kimyaçıların əmək şəraitinin yaxşılaşması ilə yanaşı, 2 ədəd kalonun və 10 ədəd nasosun istismardan çıxarılması sayəsində xeyli miqdarda enerjidaşıyıcılarına qənaət olunmasına zəmin yaradıb.
Daha sonra Rövnəq Abdullayev azot gübrəsi-karbamid zavodunda aparılan tikinti işlərinin vəziyyəti ilə tanış olub. Bildirilib ki, azot gübrəsi-karbamid zavodu layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, 2013-cü il martın 13-də ARDNŞ və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanmış mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilməkdədir və zavodun tikintisinin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid təşkil edəcək müəssisənin inşası zamanı 2500-3000 nəfər mövsümi işlə, müəssisə fəaliyyətə başladıqdan sonra isə 350-400 nəfərədək daimi işlə təmin olunacaqdır.
Həmin gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev ARDNŞ tərəfindən şəhərin bir sıra binalarında aparılan təmir işləri ilə tanış olublar. Həmçinin “Kimyaçı” mədəniyyət sarayında yenidənqurma işlərinin gedişi, perspektivi də müzakirə edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın