Menu
Geri İrəli

Rüfət Abbasov: “Barak Obamanın telefonundan işlədirəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 15 İyun 2009 • Baxış sayı: 782 dəfə • Şərh yoxdur
Share Button

“Azercell”in sözçüsü Lent.az-ın “Sözçü”sünə danışdı: “Terrorçudan müsahibə götürmək üçün mənə 2000 dollar təklif etdilər”

…Bu cavan, yaşına baxanda çox nailiyyətlər qazanmış oğlanı tərifləmək də olar. Ancaq bunu etmirəm. Çünki onsuz da tərcümeyi-halını oxuyanda hər şey aydın olacaq. Onunla bağlı bir müsbət məqamı isə deməyə bilmirəm: Rüfət Abbasov yaxşı, çoxlarının yazdıqlarına oxşamayan bir kitab yazıb. Zatən ondan müsahibə götürmək ideyası da bu “Sual” adlı kitabı görəndən sonra yaranıb. “Sual”ın üz səhifəsində yalnız müəllifin ad və soyadı və bir də iri “?” işarəsi var. Beləliklə, Lent.az-ın “Sözçü” rubrikasında bu dəfə “Azercell Telekom” MMC-nin mətbuat katibi Rüfət Abbasov danışır.

Dosye: Abbasov Rüfət Aydın oğlu, 1984-cü il mayın 22-də Bakıda anadan olub. Çox gənc yaşlarından jurnalist fəaliyyətinə başlayıb və artıq 10 ildən artıq təcrübəsi var. Jurnalistika və Beynəlxalq İqtisadi Münasibətlər sahəsində ali təhsil alaraq peşəkar karyerasını 11 yaşında “Olaylar” İnformasiya Agentliyində və eyniadlı qəzetdə başlayıb. Daha sonra “Trend” agentliyində çalışıb və 2003 ilin əvvəlindən 2006-cı ilin sonuna qədər “Reuters” Beynəlxalq İnformasiya Agentliyində müxbir işləyib.

Amerikanın nüfuzlu “Bloomberg” agentliyində təcrübə keçib.

“Newsweek”, İngiltərənin IWPR (Institute of War and Peace Reporting), Amerikanın “Eurasia.net”, Dünya Bankının rəsmi səhifəsi, “Exo”, “Caspian Business News”, “525-ci qəzet” qəzetləri, “Day.az” xəbər portalı və digər beynəlxalq və yerli Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıq edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin “Futures Leaders Visitors” proqramının məzunudur.

Dünya Səhiyyə Təşkilatının Ünsiyyət Şəbəkəsinin və Azərbaycan Media Mərkəzin İdarə Heyətinin üzvüdür.

Britaniya hökumətinin maliyyə dəstəyi ilə British Council tərəfindən həyata keçirilən uzunmüddətli layihə çərçivəsində Azərbaycan regionlarında jurnalistlər üçün treninqlərdə mühazirəçi kimi çıxış edib. Eyni zamanda PR mütəxəssisləri üçün treninq keçib.

Soros Fondunun dəstəyi ilə jurnalist araşdırması layihəsini həyata keçirib. Bir sıra yazı müsabiqələrinin qalibidir.

2006-cı ilin sonundan etibarən “Azercell Telekom” MMC-də mətbuat katibi vəzifəsində çalışır. “Azercell Telekom” MMC-də çalışmağa başladıqdan sonra şirkət mətbuatın inkişafına yönəlik layihələr keçirməyə başlayıb.

- Daha çox xarici KİV-lə əməkdaşlıq etmisiniz. Yerli, yoxsa əcnəbi KİV-lə işləmək daha asandır?

- Xaricilərlə. Çünki onlarda artıq biznes mədəniyyəti formalaşıb. Onlarda artıq oturuşmuş qaydalar var, hansı ki, buna “slujba slujboy, a drujba drujboy” məsələsi də daxildir. Yəni, iş ayrıdır, şəxsi münasibətlər ayrıdır. Mənə yerli rəhbərlə çalışmaq nisbətən çətin olub. Bunun əksinə, əcnəbiyə çalışmaq daha rahatdır.

- Ancaq əcnəbilərin də işçini narazı salan tərəflərinin olduğu deyilir…

- Əlbəttə, var. Ancaq hər halda mənim üçün onlarla işləmək daha rahatdır.

- Çalışdığınız KİV-dən ən məşhuru olan “Reuters”də nə qədər maaş alırdınız?

- Xaricilərlə ünsiyyətdə olanda onlardakı müəyyən xüsusiyyətləri də götürürsən. Onlarda verdiyiniz sualla bağlı xüsusiyyət var, yəni maaşlarını açıqlamırlar. Mənim babamın da bir sözü vardı ki, kişi bir xanımı, bir də gəliri barədə danışmaz. Ancaq qısaca deyə bilərəm ki, “Reuters”də kifayət qədər qazanırdım. Mən “Reuters”dən “Azercell”ə dəvət olunanda yüksək məvaciblə dəvət olunmuşdum. Hansı ki, həmin maaş mənim “Reuters”dəki maaşımdan 5-10% artıq olardı, ya olmazdı. “Reuters”də çalışdığım vaxtlarda paralel olaraq digər xarici KİV-lər üçün də məqalələr yazırdım. Məsələn, “Newsweek” jurnalındakı hər yazıya görə 200-300 dollar alırdım. Hətta bir müsahibəyə görə 2000 dollar təklif etmişdilər.

- Maraqlıdır, həmin müsahibə kiminlə idi?

- Bu, çox maraqlı hadisədir. Həmin vaxt mənim tanınmamış Çeçenistan Respublikasının Bakıdakı nümayəndəsi Əli Asayevi tanıyırdım, bir neçə dəfə ondan müsahibə götürmüşdüm. Mənə bahalı müsahibəni təklif edənlər də bunu bilirdi. Çünki mən onun köməkliyi ilə Məshədovun oğlundan və Moskvadakı “Nord-ost” Teatrını tutan terrorçudan müsahibə götürmüşdüm. Rusiyada çıxan “Forbes” jurnalının baş redaktoru Pol Xlebnikov öldürüləndə bu işdə bir çeçen avtoritetini günahkar sayırdılar. Həmin şəxs axtarışdaydı. “Newsweek” həmin adamdan müsahibə götürməyimi istəyir və qeyd etdiyim məbləği təklif edirdi. Mən Bakıdakı çeçenlərlə danışdım, ancaq onlar dedi ki, həmin adam Bakıda deyil, artıq Türkiyəyə gedib. Bu barədə “Newsweek”ə deyəndə onlar cavab verdi ki, Türkiyəyə get, bütün xərclərini ödəyəcəyik, əvvəlcədən deyilən qonorar də veriləcək. Artıq Türkiyəyə getmək üçün bilet almağı və müsahibə götürməyi planlaşdıran vaxt Birləşmiş Ərəb Əmirliklərində başqa bir çeçen avtoritetinə qarşı sui-qəsd oldu, onu öldürdülər. Bununla da mənim müsahibə götürməli olduğum adam Türkiyədən qaçdı, həmin müsahibə də alınmadı.

- Ümumiyyətlə, terrorçudan müsahibə götürməklə hansısa ictimai xadimlə, məsələn, nazirlə müsahibə götürməyin fərqi nədir?

- Mənim terrorçudan götürdüyüm müsahibə üzbəüz olmayıb, telefonla olub. Ancaq bu da çox maraqlıdır. Terrorçular spesifik adamlardır. Belə danışıqda çalışırdım çox həssas olum, səsimin tonunda ona qarşı ittiham hiss olunmamalıdır. Ona sual verəndə müsahibinin psixi durumu və əlində olan girov insanlar barədə düşünməlisən. Ona qıcıqlandırıcı sual versən, hirsini girov götürdüyü insanlardan çıxa bilər.

- Azərbaycandakı məşhur simalar arasında kimlərdən müsahibə götürmüsünüz?

- Bir çox rəsmilərdən, ictimai xadimlərdən və tanınmışlardan. Ancaq sözün düzü, heç vaxt müsahibimin yüksək statusa malik olmasıyla fəxr etməmişəm, mənim üçün əsas müsahibənin kontenti idi, yəni maraqlı olub-olmaması. Mənim “Reuters”dəki redaktorlarımın yanaşması bu cür idi və bu mənə də keçmişdi.

- Azərbaycandakı mətbuatın durumunu necə qiymətləndirirsiniz? Kənardan baxanda bizim KİV nəyə oxşayır?

- Mən bu suala “Azercell”in mətbuat katibi kimi deyil, öz adımdan cavab vermək istəyirəm. Yerli KİV öz yerini və missiyasını tapmamış qarışıq bir şeyə oxşayır. Çox təəssüf ki, bizim mətbuat məramının ana xətlərindən uzaqlaşıb və maarifləndirmək kimi funksiyasını tamamilə itirib. “Əkinçi” qəzeti yarananda onun əsas vizyonu insanları maarifləndirmək idi. Bu tarixin bizim mətbuatımıza qarşısında qoyduğu vəzifədir. Lakin indi Azərbaycan mətbuatı bu vizyondan tamamilə uzaqlaşıb.
Bizim jurnalistikamızın, əksər jurnalistlərimizin peşəkar səviyyəsi arzuolunan səviyyədən çox uzaqdır. Mən aktiv jurnalist olaraq çalışdığım dövrdə çoxlu sayda yüksək peşəkarlıq xüsusiyyətlərinə sahib həmkarlarımla bərabər işləmişəm, onlardan çox şey öyrənmişəm. Biz bərabər çalışaraq yeni öyrəndiklərimizi bir-birimizlə paylaşırdıq, peşəmizdən zövq alırdıq.
Amma indi gənc həmkarlarım üçün nisbətən daha komfortlu şərait, rəqabətyönümlü məvacib təklif edilir ancaq əksər hallarda nəticə ürəkaçan olmur. Kitabımın da əsas məqsədi gənc jurnalistlərə bizim sahib olduğumuz idealizmi aşılamaqdır çünki romantizm olmadan yaxşı jurnalist olmaq mümkün deyil.
Vaxtilə Azərbaycan mətbuatının ana damarı olan və mənimlə eyni zamanda çalışan bir çox jurnalistlər mənim kimi ya jurnalistikadan gedib, ya da “reportyorluğun daşını ataraq” redaktor kimi çalışmağa başlayıb. Çox az sayda peşəkar reportyorumuz var. Mətbuatın ana xətti, “piyadaları” reportyorlardır. Reportyor olmadığı təqdirdə nə keyfiyyətli xəbər, nə də maraqlı araşdırma məqalələr olur. Araşdırma jurnalistikamız isə çox acınacaqlı vəziyyətdədir.

Çox təəssüf ki, mətbuatdan gedən peşəkarların yerini öyrənərək inkişaf etmək istəməyən diletantlar tutur. Onların çoxunun da məqsədi jurnalistikadan tramplin kimi istifadə edərək başqa sahələrdə çalışmaqdır. Bu əslində təkcə mətbuatımızın deyil ümumilikdə ölkəmizin problemidir. Mətbuat cəmiyyətin güzgüsüdür və buradakı tendensiyalar ümumilikdə ölkədəki vəziyyəti əks etdirir. Indi özəl sektor inkişaf edir, işçilərə yaxşı məvaciblər, sosial paketlər təklif edilir. Ancaq bu vəzifələri tutacaq peşəkarlar tapmaqda çətinliklə üzləşirlər. Şirkətlərdə rəhbər vəzifələrdə çalışan çoxlu tanışım dəfələrlə mənə müraciət edərək PR-menecer kimi işə dəvət etmək üçün onlara savadlı, ingilis, rus və Azərbaycan dillərini bilən jurnalist məsləhət görməmi xahiş ediblər. Əgər əvvəllər dərhal bir neçə nəfərin adını çəkə bilirdimsə, indi məsləhət görəcək adamı güclə tapa bilirəm. Vəziyyət doğrudan da ciddidir.

İndi Azərbaycan mətbuatında xarici dili bilən jurnalistlər barmaqla sayılacaq saydadır. Əvvəllər biz özümüz xarici mətbuat orqanları ilə əlaqəyə girərək Azərbaycanda baş verənlər barədə yazılar yazmağı təklif edirdik, həftələrlə ölkəmizin dünya üçün artan önəmini başa salırdıq, burada baş verənlərin regiondakı bir çox proseslərə təsir etdiyinə əmin edirdik. Hər hansı bir məqaləmizin dərci üçün mübarizə edirdik. Yadımdadır “Newsweek” jurnalının Rusiyadakı redaktoru Bakı-Ceyhan boru kəməri barədə yazımı dərc etmədiyi üçün ondan Vaşinqtondakı redaktoruna şikayət etmişdim, onu “imperialist hisslərə qapılaraq bizim ölkənin böyüyən nüfuzunu görməməkdə” suçlamışdım. Yəni demək istədiyim odur ki, biz onda hər bir məqaləmizin dərci üçün çaba göstərirdik, əziyyət çəkirdik, insanları inandırırdıq.

- Azərbaycan mətbuatında Dağlıq Qarabağ münaqişəsi mövzusunun işıqlandırılmasına münasibətiniz necədir?

- Bu suala iki tərəfdən yanaşmaq olar. Birincisi, müharibə zamanı qarşı tərəfin törətdikləri barədə, yəni Xocalı qırğınından tutmuş, ermənilərin törətdiyi digər vəhşiliklərə qədər – istər əsrin əvvəlində, istər sonunda olanları – unutmaq olmaz. Başqa sözlə, bunlar deyilməlidir, yazılmalıdır. İnsanların yadında qalması üçün bunların təkrar-təkrar deyilməsi yerli mətbuatın borcudur. Ancaq bununla yanaşı unutmaq olmaz ki, jurnalistlərin təkcə xatırlatmaq funksiyası yoxdur. Münaqişə ilə bağlı ölkənin, ölkə rəhbərliyinin müəyyən bir siyasəti var ki, əvvəl-axır o torpaqlar bizə – Azərbaycana qaytarılacaq, oradakı digər vətəndaşlarla bərabər yaşayacağıq. Biz erməni millətindən olan vətəndaşlarımıza qarşı da çox tolerant və dözümlü yanaşmalıyıq. Çox təəssüf ki, yerli mətbuat Dağlıq Qarabağdakı vətəndaşlarımıza tolerant yanaşmada dözümlülüyü aşılamırlar. İş o yerə çatıb ki, hətta şou-biznes nümayəndələri də bir-birini təhqir edəndə “anası ermənidir” deyir. Bu isə etikadan kənardır. Məişət səviyyəsində bu cür hallar baş verə bilər ancaq bunu mətbuata çıxarmamaq lazımdır.

- Yeri gəlmişkən, şou-biznes nümayəndələrilə bu və ya digər formada ünsiyyətin olurmu?

- Ünsiyyətim olur. Elə bu yaxınlarda biri zəng vurmuşdu. Mən onların heç birinin adını çəkmək istəmirəm, ancaq hamısı demək olar ki, mənə və mənim həmkarlarıma eyni şeydən ötrü zəng vurur. Belə ki, onlar konsertlərinə “Azercell”in sponsorluq etməyini istəyəndə telefon nömrələrimizi haradansa tapıb əlaqə saxlayırlar. Hə, onu deyirdim axı, bu yaxınlarda zəng vuran xanım müğənni idi. O da zəng vurub dəstək olmağımızı istəyirdi. Bizim şirkət korporativ sosial məsuliyyət yönümlüdür. Yəni, cəmiyyət qarşısında məsuliyyətimizi dərk edir, bundan çıxış edərək çoxlu sosial layihələr gerçəkləşdiririk. Bu istiqamətdə ayrılan vəsaitlərin cəmiyyətin ehtiyaclarına üönəldilməsinə çalışırıq. Şou-biznes ulduzlarına sponsorluq etmək bizim “top-10”a daxil deyil. Bununla belə, həmin ulduzlar ümidlərini üzməyərək bizə müraciət edir.

- Onlar zəng vurur, Siz də məyusedici cavab verirsiniz…

- Sözün düzü, bəzilərinin təklifini qəbul edirik, bu cür qərarlar bizim şirkətin prezidentinin səlahiyyətindədir. Və oda çalışır ki, cəmiyyətə xeyirli ola biləcək layihəyə dəstək olaq.

- Şou-biznes nümayəndələrindən başqa da məşhur simalar zəng vururmu?

- Olur. Əvvəli “211”lə başlayan nömrə almaq istəyəndən tutmuş, qohumunu “Azercell”də işə düzəltmək istəyənə qədər. Xüsusən işlə bağlı müraciət olanda təbii ki, bunu heç cür qəbul etmirik. Çünki “Azercell”də işə düzəlmə çox şəffaf olaraq müsabiqə yolu ilə aparılır.

- Hamıya maraqlıdır, “211”lə başlayan nömrələri insanlar niyə bu qədər çox istəyir? Bu cür nömrələrin hansısa texniki üstünlüyü varmı?

- Texniki baxımdan bu cür nömrələrin heç bir üstünlüyü yoxdur, başqa nömrələr kimi xidmət göstərir. Sadəcə olaraq bu, istifadəyə verilən ilk seriyalardan biri olduğuna və bəzi rəhbər şəxslərin də nömrələri məhz bu seriya ilə başladığına görə başqalarının da buna marağı olub. Telefon nömrələrinin də bazarı – tələb və təklifi var. Nömrələrin də qiymətləri həmin bazarda formalaşır.

- Bayaq mətbuatı tənqid etdiniz, hətta jurnalistlərə məsləhətlərin yer aldığı kitab da yazmısınız. 25 yaşlı Rüfət Abbasovun xüsusən belə bir kitab yazmağa haqqı çatırmı?

- Mən kitab iddiası ilə çıxış etmirəm. “Sual”ın jurnalistlər üçün ideal dərslik olduğunu da iddia etmirəm. Bunun bir ”əl kitabı” olduğu qənaətindəyəm. İndiyədək qazandığım biliklər əsasında “jurnalist necə olmalıdır, necə hərəkət etməlidir” sualına cavab tapmağa çalışmışam. Bu, sırf mənim düşüncələrimdir. Haqqa gəldikdə isə, təbii ki, bunu yazmağa haqqım var. Hamı kim mənim də azad söz demək, özümü ifadə etmək və realizə etmək hüququm var və “Sual” bunun bir formasıdır.

- Mətbuatda şəxsən Sizin haqqınızda doğru olmayan məlumatlar yazılıbmı?

- Bir dəfə belə şey olub. Azərbaycan Media Mərkəzi açılarkən məni bu qurumun İdarə Heyətinə üzv olmağa dəvət etmişdilər. Mən də bununla bağlı qərar qəbul etmək üçün vaxt istəmişdim. Həmin vaxt bu təklifdən sonra xaricə getdim, tez də qayıtdım Bakıya təzə çatmışdım ki, rəhbərlik zəng vurub soruşdu ki, “işdən çıxırsan?” Mən bunu çox təəccüblə qarşıladım. O da cavab verdi ki, qəzetlərdən birində bu barədə yazıb. Həmin qəzetin adını çəkmək istəmirəm. Orada belə bir xəbər verilmişdi ki, guya Rüfət Abbasov “Azercell”dən çıxaraq Azərbaycan Media Mərkəzinə gedir. Hətta Media Mərkəzində mənə böyük məbləğdə maaş verildiyi də yazılmışdı. Halbuki bu cür işlər ictimai əsaslarla olduğundan orada əməkhaqqı da verilmir. Həmin vaxt mən o qəzetə məktub da yazmışdım.

- Sıravi müxbir kim çalışdığınız vaxtlarda yəqin ki, gülməli və kuryoz hadisələrlə də rastlaşmısınız…

- Belə hadisələr çox olub… Məsələn, bir dəfə Bakı Hava Limanında Ruşaylonu qarşılayırdıq. Bu cür “qarşılanma mərasimi”ndə jurnalistlər mikrofon və diktofonları ölkəyə gələn qonağa tərəf uzadaraq gəlişinin məqsədini soruşur. Həmin şəxs də “ikitərəfli münasibətlərin inkişafı”nı müzakirədən və görüşəcəyi şəxslərdən bir-iki cümlə danışıb çıxıb gedir. Rus dilini zəif bilən, məşhur bir telejurnalist Ruşayloya yaxınlaşaraq səfərinin məqsədini öyrənmək üçün məhz bu cür soruşdu: “Zaçem priexal?” Bu isə çox kobud səsləndi. Ruşaylo da qısa şəkildə cavab verib, jurnalistlərdən uzaqlaşdı.

Bir dəfə isə jurnalistlərdən biri Azərbaycan Xarici İşlər Nazirliyi nümayəndəsinin “NATO-nun SNT proqramı çərçivəsində əməkdaşlığımızı genişləndirəcəyik” cümləsindəki “SNT” sözünü anlamamışdı. Daha doğrusu jurnalist bu sözü “SNQ” – MDB-nin ruscası kimi qavrayaraq qəzetdə beləcə də təqdim edib. Yaxıb ki, “NATO-nun MDB proqramı çərçivəsində”. Halbuki “SNT” “Sülh Naminə Tərədaşlığ”ın abreviaturasıdır. Bu cür hadisələr çox olub. Jurnalistin hansısa məşhur olmayan terminləri bilməsi normaldır. Ancaq bilmədən yazması qeyri-normaldır, hansı ki, bu, pis nəticəyə də gətirib çıxara bilər. Onu da deyim ki, “Azercell”in mətbuat katibi kimi mənə ağlagəlməyən, məntiqsiz suallar da verilir.

- Maraqlıdır, mobil rabitə şirkətinin sözçüsü sutkada neçə saat mobil telefonla danışır?

- Çox danışıram, həddindən artıq çox. İşdə, evdə daim telefonlayam. Indi “BlackBerry” istifadə edirəm və email-imi də burdan yoxlayıram. Hətta bizim işdəkilər məni mobil telefonla danışmayan halda görəndə təəccüblənirlər. Mənim bəxtim gətirib ki, həm “Reuters”, həm də “Azercell”də telefon danışıqlarımın haqqını ödəyiblər. Əks təqdirdə məvacibimin ən azı yarısı buna sərf olunardı.

Mobil telefonla danışdıqlarımın əsas hissəsi işimlə əlaqədardır. Jurnalistlər, həmkarlarım və bir çox insanlarla əlaqədə oluram. Mobil telefon artıq çoxdan yalnız ünsiyyət vasitəsi olmaqdan çıxıb. Mənim üçün mobil telefon gündəlik həyatımın, işimin ayrılmaz hissəsidir. Mobil telefon olmasaydı, indi gördüyüm işi görmək üçün mənimlə bərabər ən azı beş nəfərin çalışması lazım gələcəkdi. Mən hətta xarici səfərlərdə, məzuniyyətdə olduğum vaxtlarda belə, daim işlə əlaqə saxlayıram, bizim haqqımızda mətbuatda çıxan xəbərləri nəzərdən keçirirəm, yaymaq üçün press-reliz yazıram, jurnalistlərin suallarını cavablandırıram. Hətta bəzi jurnalistlər zarafatla deyirlər ki, bizim müştəri xidmətləri kimi mən həftənin 7 günü, sutkanın 24 saatı onlayn oluram. Gecə vaxtı telefonu oğurlanan və ya nömrəsi itən jurnalistlərə məsləhət verdiyim hallar da olub.

- Sirr deyilsə, istifadə etdiyiniz mobil telefonunuzun qiymətini deyin.

- Yox, gəlin yalnız modelindən danışaq. Hazırda istifadə etdiyim “BlackBerry” telefonunu Azərbaycanda və ümumiyyətlə regionda ilk dəfə “Azercell” təqdim edib. Reklam üçün demirəm, ancaq həqiqətən də çox rahat telefondur və iş adamları üçün ideal vasitədir. Yəqin eşitməmiş olmazsınız, bu, ABŞ prezidenti Barak Obamanın sevimli telefonudur…

Pərvin ABBASOV

LENT.AZ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın