Menu
Geri İrəli

SDU-da III respublika konfransı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2015 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

1446743599_53538

SDU-da “Monomerlər və polimerlər kimyasının müasir problemləri” mövzusunda III respublika konfransı keçirildi Noyabrın 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu ilə birgə “Monomerlər və polimerlər kimyasının müasir problemləri” mövzusunda III respublika konfransı keçirildi. Konfransın plenar iclasında rektor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı və bildirdi ki, kimya sənaye kompleksi ölkə iqtisadiyyatının uzunmüddətli və stabil inkişafının bazası hesab olunur. Dünya miqyasında ən çox dinamik inkişaf edən və perspektiv istehsal sahəsi isə polimer kimyasıdır. Son illərin məlumatları göstərir ki, dünyada polimerlər və onların əsasında hazırlanan polimer materiallarının istehlak tempi, onların istehsal tempindən yüksəkdir. Respublikamızda XX əsrin ortalarında sintetik kauçuk zavodunun tikilib istifadəyə verilməsi ilə sintetik polimer olan butadien-stirol kauçukunun istehsalına başlanıldı. Sonrakı illərdə digər polimerlərin də istehsalı təşkil olundu. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan EP-300 və Polimer -120 komplekslərində bu gün də istehsal olunan yüksək təzyiqli polietilen respublika iqtisadiyyatında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında 2 aprel 2010-cu il tarixli Sərəncamı polimer kimyasına olan marağı daha da artırdı. Rektor qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universiteti ölkəmizin elmi potensialının inkişafı naminə yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi istiqamətində uğurlu addımlar atır. Bu məqsədlə də Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu ilə qarşılıqlı əlaqələrimiz inkişaf edir və universitetimizin PMİ-də “Polimer materiallarının texnologiyası” baza kafedrası yaradılmışdır. Baza kafedrası respublikanın, xarici kimya müəssisələrinin və şirkətlərinin tələblərini tam təmin edən mütəxəssislərin hazırlanması, ali təhsilli mütəxəssis hazırlanmasının əsas şərtləri olan elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, magistr və doktorluq dissertasiyaların yerinə yetirilməsi məqsədlərini daşıyır. Ümidvaram ki, “Monomer və polimerlərin kimyasının müasir problemləri” mövzusunda keçirilən respublika konfransı gələcəkdə aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində çox əhəmiyyətli rol oynayacaqdır. AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov konfransı yüksək səviyyədə təşkil etdiyinə görə universitetin rəhbərliyinə təşəkkür etdi. Vurğuladı ki, belə konfransların keçirilməsi gənc tədqiqatçıların elmi işlərində mühüm əhəmiyyətə malikdir. Rektor Elxan Hüseynovun fikri ilə tamamilə razıyam, institutumuzda çalışan qocaman akademiklərin, professorların zəngin təcrübələrindən faydalanaraq gənc tələbələrin elmi potensialını artırmaq naminə üçtərəfli qarşılıqlı əməkdaşlığımızın müqavilə şəklində həyata keçirilməsini arzu edirəm. Hətta mən özüm də universitetdə məharət dərsləri keçməyə hazıram. İnanıram ki, bu əlaqələrimiz milli təhsilimizə öz töhfəsini verəcəkdir. AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ölkəmizdə müxtəlif çeşidli polimerlərin alınmasında yeni, müasir istehsal sahələrinin yaradılması prosesinin sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. Sumqayıt Kimya Sənaye parkında yüksək sıxlıqlı polietilen istehsal edəcək müəssisənin açılışı ölkəmizdə polimer kimyasının daha da inkişafına təkan verəcəkdir. Universitetdə aldıqları mütərəqqi təhsil sayəsində tələbələriniz savadlı kadr kimi institutumuzda işlə təmin olunmuş və peşəkar mütəxəssisə çevrilmişlər. Universitetin professoru Qafar Ramazanov “Metilendioksolanların sintezi və tsiklin açılması ilə polimerləşməsi”, AMEA-nın Polimer Materialları İnstitutunun professoru Ağa Mustafayev “Qliserindən fosgensiz üsulla qliserin karbonatın alınması və bəzi kimyəvi çevrilmələri”, AMEA-nın Neft-Kimya Problemləri İnstitutunun kimya elmlər namizədi Reyhan Əliyeva “Etilenin postmetallosen katalizindən yeni yanaşma”, AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru Nizami Zeynalov “Xitozan-poliakril turşusu sistemində gümüş nanohissəciklərin formalaşması” mövzularında məruzə ilə çıxış etdilər. Konfrans öz işini “Monomerlərin sintezi və tədqiqi”, “Monomerlərin və polimerlərin sintezində katalitik proseslər”, “Xüsusi təyinatlı polimerlərin alınması və xassələrinin tədqiqi”, “Yeni polimerləşmə üsulları və mexanizmləri”, “Polimer kompozisiya materiallarının, o cümlədən nanokompozitlərin alınması və tətbiqi” bölmələrində davam etdirəcəkdir. – See more at: http://xeberle.com/az/view/16973/sdu-da-iii-respublika-konfrans-keirildi/#sthash.oGb0HvtQ.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın