Menu
Geri İrəli

SDU-nun bu yaxınlarda öldürülən tələbəsinin anasından ürəkdağlayıcı MƏKTUB

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2014 • Baxış sayı: 1,666 dəfə • Şərh yoxdur
Share Button

memmedsalehHəqiqət xanım oğlu Məmmədsalehin qatili ilə öncə tanışlıqlarından, sonra münasibətlərinin necə düşmənçiliyə çevrilməsindən danışdı

Mənim yeganə oğlum idi… Həyat dolu, mərd oğul idi…Heç ölmək istəmirdi…

 

Dünən ötən ilin dekabrın 7-də Sumqayıtda 2 gənc arasında baş vermiş münaqişə nəticəsində faciəvi şəkildə dünyasını dəyişən Sumqayıt Dövlət Universitetinin tələbəsi Məmmədsaleh Şükürovun qırx mərasimi idi. Belə ki, 17 yaşlı Ruslan Quliyev şəxsi münasibətlər zəmnində 18 yaşlı Məmmədsaleh Şükürovu bıçaqla qətlə yetirmişdi. Gənclər 47-ci məhəllədəki hasara alınmış ərazidə aralarında baş verən münaqişəni aydınlaşdırmaq üçün görüşmüşdülər. Nəticədə hər iki tərəfin doğmaları, yaxınları gözüyaşlı qaldı…


Mərhumun anası  Həqiqət 
Şükürova  Xeberle.com portalına məktub yazıb. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

Öldürülən mənim oğlumdur… Amma oğlumun yerində hamının gül balası ola bilərdi. Allah heç kimə yeganə oğul itirmək qismət eləməsin. Mən oğlumla həmişə fəxr etmişəm, indi daha çox fəxr edirəm. Çünki hamı onun barəsində ancaq yaxşı deyir. Bu, bir ana üçün fəxrdir. Mənim oğlum çox yaxşı dost, oğul olub. Düzgünlük, haqq-ədalət tərəfdarı olub. Özü cüdo çempionu idi. Vətənin bayrağını hər yerdə yüksəltmək idi arzusu… Deyirdi: “Ana, səni mənlə tanıyacaqlar”. Gecələr evdə tək kompyuterin qabağında oturub rep yazırdı. Reper və yazıçı Qaraqana çox hörməti var idi, onu çox bəyənirdi. Arzusu onunla səhnə paylaşmaq idi. Bəlkə də sağ qalsaydı, qismət olardı. Çünki Məmmədsaleh öz üzərində çox çalışırdı. Nə desəm, azdır, balamın arzuları ürəyində qaldi. Məmmədsaleh heç vaxt boş-boş gəzməzdi, vaxtı yox idi buna. Məktəbdə oxuyarkən hazırlığa gedirdi. Sumqayıt Dövlət Universitetinə qəbul olunduğuna sevinirdi, çünki Sumqayıtı sevirdi, Vətənini sevirdi, yaşamağı sevirdi. Ölmək fikri yox idi…

Tələbə adını yeni qazandığına baxmayaraq rus dili müəlliməsi və qrup yoldaşları yas mərasiminə gələndə oğlumun barəsində o qədər gözəl sözlər dedilər ki, fərəhimdən, sevincimdən itgim bir anlıq yadımdan çıxdı. 4 ay ərzində oğlumun özünü universitetdə doğru-düzgün tərbiyəli göstərməyi – olduğu kimi göstərməyi mənə güc verir yaşamağa.
Onun qatili bizim köhnə qapı qonşumuz olub. Lakin ailələri kriminal olduğu üçün mən həmişə oğlumun o Ruslanla əlaqəsinə qarşı çıxmışam. Lakin buna baxmayaraq yemək bişirəndə bir qab isti-isti üzbəüz qapıda yaşayan Ruslana göndərmişəm. Çünki oğlum deyirdi: “Ay ana, Ruslana anası baxmır, evdə tapılmır. O da uşaqdır, acdır. Nolar, yazıqdır, yemək ver, aparım qoy o da yesin”.
Hardan biləydim balamın qatilini əlimizlə bəsləyirdik. Deyirdim, bala uzaq ol, məndən gizli müdafiə edirdi onu, hamıdan. Qatilinə həmişə arxa çıxırdı. Ehh, ay bala, deyirdim, sənə o Ruslanın qanında naxələflik var, sən isə müdafia edirdin, deyirdin ki, uşaqlar valideynlərinə cavabdeh deyillər. Deyirdim, ay oğlum, gözünün qabağında Ruslanın nənəsi, dəfələrlə oğurluq üstə məhkumluq həyatı yaşayan Lalə yüksək narkodozadan öldü. Xalası Rada eynən. Anası Lilya cibgir narkoman Leyla kimi tanınırdı; üç oğlu – hərəsi bir nikahdan. Ruslan anasının soyadını – Polubinski – daşıdığı üçün həmyaşıdları tərəfindən ələ salınırdı, alçaldırdılar… “Keçmiş”inə görə heç kim uşağını yaxın qoymurdu ona. Amma mənim oğlum çox rəhmli, doğru-düzgün uşaq idi. Yazığı gəlirdi, hər kəsdən müdafiə edirdi, dediyim kimi, qatilini özü bəsləyirdi. Axı uşaq idi, sadəlövh idi. Lakin balam son bir ildə Ruslanın kim olduğunu görmüşdü, naxələfliyinə, namərdliyinə, ən əsası, onu doğru yola çəkə bilmədiyinə görə çox məyus olmuşdu…
Bir neçə ay əvvəl mənə dedi ki, ana, sən haqlıymışsan, Ruslan yaxşı oğlan deyil. Lakin nə baş verdiyini açıqlamadı, nə qədər soruşdumsa, xeyri olmad. Çox pis təsir eləmişdi ona. Sevindim ki, Allaha şükür, bəladan qutardı balam. Çünki analar təhlükənin hardan gəldiyini tez hiss edirlər… Amma ölüm əl çəkmədi. Xeyir və şər qarşıdurması başladı. İki yeniyetmə qarşıdurması. Bir tərəfdə başdan ayağa – nəsilliklə kriminal cinayət tarixçəli bir oğlan, digər tərəfdə universitet tələbəsi, idmançı, reper, gözünü dünyaya DİN əməkdaşının oğlu kimi açan təmiz, xeyirsevən bir oğlan. Paxıllığın dərəcəsinə bir baxın, axı oğlum ona arxa dayaq idi o da olaydı da yaxşı oğlan… Axı oğlum onu düz, haqq yoluna çəkirdi. Ola bilmədi. Nədir, indi uşaqlarımız qorxaq, yaltaq olmalıdırlar ki, ruslanlar cibində bıçaq gəzdirirlər?! O qatil tək olmayıb, özü kimilərini gətirib oğlumun üstünə. Çaqqallar təkləyiblər aslanımı. İstəyirəm bunu hamı bilsin, o qatilə qol-qanad verən olmasaydı, oğlum indi sağ-salamat olardı. Bir gün qabaq facebook-da Ruslan sağollaşır və yetimxanada olan qardaşlarına yazır ki, daha onların ziyarətinə gələ bilməyəcək, amma qoy onlar gəlsinlər. Atasından da bağışlanmasını istəyir. Bu nə deməkdir?! Bu, hər şeyin bir qrup şəxslərlə əlbir olub qabaqcadan hazırlanmış olduğu deməkdir… Onlar oğluma ölüm hökmü verdilər.
***

İstəyirəm hamı bilsin oğlumun necə yaxşı bir uşaq olduğunu. Onun həyatına 18 yaşında son qoyuldu, nəyə görə axı?!


Arzuları ürəyində qaldı, evdən 15 dəqiqəlik çıxmışdı, sağ-salamat yola salmışdım…

 Onun barəsində bu qırx mərasimində ancaq yaxşı sözlər eşidirəm, heç tanımadığım insanlar gəlib mənə başsağlığı verir və oğlumun xeyirxahlığından, mərdliyindən, ürəyinin təmiz və genişliyindən, hər kəsə yardım etməyə tələsməyindən danışırlar. Məmmədsaleh çox uşaqları müdafiə edib, köməklik göstərib. Ona görə indi uşaqlar mənə yaxınlaşıb ana deyirlər: “Məmmədsaleh bizim böyük qardaşımız olub, biz sizin oğullarınızıq. Sizin oğlunuz ölməyib, biz varıq”, – deyirlər.

Mənim Məmmədsalehimi geri qaytarmaq mümkün deyil, amma başqa balaların həyatını qorumaq olar hələ. Yeniyetmələrin ciblərində bıçaq gəzdirməsinin qabağı alınmalıdır, ciddi nəzarət olunmalıdır. İstəyirəm bu son olsun; uşaqlar, gənclər bir-birlərinə qarşı belə qəddar olmasınlar. İstəyirəm oğullarımız mərd, vətənpərvər, cəsur, aslan kimi böyüsünlər, gözlərində qorxu olmasın, sözün düzünü deməyə, haqq-ədalət tərəfdarları olmağa qorxmasınlar, dürüst olsunlar. Doğrudan da, mənim balam belə uşaqlardan idi.

Həmişə onunla fərəhlənmişəm, indi daha çox fəxr edirəm.

Çox sağ olun!

 

P.S. “Sako” mərhum Məmmədsalehin ləqəbidir. Onun qatili isə “Yuso” – Ruslandır. Anasının dediyinə görə, oğlu onu yaratdığı rep qrupuna da götürübmüş. Bəstələrini də verirmiş öz qatilinə. Aşağıda dünyasını dəyişmiş sumqayıtlı gəncin foto və videolarını təqdim edirik. Deyildiyi kimi, o həm də istedada malik, yaradıcı bir gənc imiş…

Allah rəhmət eləsin!

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın