Menu
Geri İrəli

SEÇKİQABAĞI

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2009 • Baxış sayı: 626 dəfə • 8 şərh

Sebnem.Şəbnəm XEYRULLAYEVA

Onu hər kəs yerişindən tanıyırdı. Sol tərəfə əyilərək gəzməyi vəzifəyə keçəndən sonra vərdiş etmişdi. Bu yerişin səbəbini heç kim başa düşmürdü. Elə bilirdilər ki, vəzifə adamının belə yerişi nəyi isə ifadə edir. Düzü elə özü də anlamırdı ki, son vaxtlar sol çiynində hiss etdiyi ağırlıq hansı dərdin nəticəsidir və niyə bu ağırlıq onu bu qədər incidib belə qəribə şəkildə yeriməyə məcbur edir. Bütün bu ağrılarla bərabər özünü tox tutur, həyatda istədiyi məqsədə çatmaq üçün dəridən-qabıqdan çıxırdı.

Özünün, ətrafının, həkimlərin bilmədiyi çiynindəki gün-gündən artan ağrıların səbəbini bilənlərin sayı dörd idi. Əlbəttə, birinci, hər şeydən xəbərdar olan o uca Allah, ikincisi, Allahın qulu olan bəndəniz ki, bu sirri haradan örəndiyini heç özü də bilmir, üçüncü və dördüncüsü isə Mələklər. Hansı mələklər? – O mələklər ki, bizim vəzifə sahibi olan tanışımızın çiyinlərinə doğulan gündən qonub ömrünün son gününə qədər onunla olacaq, onun bu həyatda etdiyi bütün yaxşı və pis əməlləri qeyd edəcəklər.

Bu Mələklərin iş bölgüsü də digərlərində olduğu kimi idi. Sağ çiyindəki Mələk bizim qəhrəmanın gördüyü yaxşı, xeyirxah əməlləri, sol çiyində oturmuş Mələk isə pis əməlləri, günahları Əməl dəftərinə qeyd etməli idi. (Bundan sonra oxucularımıza aydın olması üçün bizim Mələkləri yerləşdikləri çiyinlərə müvafiq olaraq Sağ Mələk və Sol Mələk adlandıracağıq.) Amma vəzifə adamımızın əlli ilə yaxın olan ömrü müddətində Sağ Mələk hələ bircə dəfə də əlini qaldırıb nə isə yazmamışdı. Yox, bu yerdə yanlış yazıb günaha batdım. Əziz oxucu, gərək məni bağışlayasan, axı bu çox uzaq bir keçmişdə baş verib. Hə, bir dəfə Sağ Mələyin də “cızmaqarası” olmuşdu. Bizim qəhrəmanımızın 15 yaşı olanda bir sərçə balasını pişiyin ağzından alıb xilas edəndə Sağ Mələk necə sevinib bu ilk savab əməli böyük-böyük hərflərlə qeyd etmişdisə, sonra həmin sərçənin onun əlində boğularaq öldürüldüyünü görəndə elə həmin şövqlə də yazdığını silmişdi.

Amma Sol Mələyin bəxti heç də gətirməmişdi. Gün ərzində yazmağı bir yana, hətta gecələr belə əlinə rahatlıq vermirdi. Yazıq Sol Mələk illər ərzində müddətsiz olaraq istirahət edən Sağ Mələyə açıq-aşkar paxıllıq edirdi. Xüsusilə də, qəhrəmanımız vəzifə adamı olandan sonra Sol Mələyin işi daha da çətinləşmişdi. Əməl dəftərinin səhifələri yazıldıqca qalınlaşır, ağırlaşırdı. Elə bu ağırlıq idi ki, onu fiziki cəhətdən incidib yerişinə də təsir göstərirdi. Sol çiyin gün-gündən elə əyilirdi ki, hətta yazıq Mələk belə yerində rahat otura bilmir, ixtiyarsız olaraq sürüşməyə başlayırdı.

Amma bir gün hər şey dəyişdi. Nə oldusa birdən-birə Sol Mələk qələmi Sağ Mələyə ötürməli oldu. Sağ Mələk qələm tutmağa yadırğamış barmaqlarını işə salıb 15 yaşından belə qatı açılmamış sağ çiyindəki Əməl dəftərinin toz basmış vərəqlərinə qeydlər etməyə başladı. Qeydlər də nə qeydlər… Bu əlli yaşlı dostumuz qəflətən dəyişib əsl xeyirxah insana çevrilmişdi: yoxsulun əlindən tutur, ac insanı doyurur, çılpağı geyindirir, başsız ailəyə ata qayğısı göstərir, elm, təhsil, mədəniyyət yolunda pul sərf etməklə ad çıxarırdı. Son zamanlar məscidləri, ibadətgahları ziyarət etməsi isə Mələklərin ikisini də heyrət salmışdı. İki ay ərzində Sağ Mələk o qədər yaxşı əməl – savab qeyd etmişdi ki, az qala onun çiyinləri tarazlaşacaqdı. Elə onun özü də daha sol çiynində elə bir ağırlıq hiss etmirdi. Amma sol tərəfə əyilib gəzməyə necə alışmışdısa, yerişini heç cür düzəldə bilmirdi.

Sol Mələyin istirahət, Sağ Mələyin isə yorğun günləri cəmi iki ay çəkdi. İki aydan sonra hər şey öz əvvəlki yerini aldı. O, qapısına gələn yoxsulu döydürüb qovdu, əlinə çörək verdiyi acı çörək, çılpağı geyim üzünə həsrət qoydu. Alınan rüşvətlərin sayı isə birə-yüz artdı. Bu arada onu da qeyd edək ki, nədənsə ibadətgahlara olan nümayişkaranə ziyarətlərə son qoyulmadı. Vəziyyət elə bir həddə çatdı ki, Sol Mələk hətta əvvəlki günlərinə şükür etməyə başladı.

Mələklər bu qəfil dəyişikliyin səbəbini başa düşə bilmirdilər. Başları yazı-pozuya qarışmış bu məxluqlar qəhrəmanımızın yaşadığı ölkənin həyatında baş verən siyasi proseslərdən xəbərsiz idilər. Bu yazıqlar bilmirdilər ki, ölkədə Parlament seçkiləridir və çiyinlərində məskunlaşdıqları bu əlli yaşlı adam da millət vəkilliyinə namizədlərdən biri imiş. Onu da bilmirdilər ki, cənnəti xatırladan həmin iki ay “seçkiqabağı təbliğat-təşviqat prosesi”, sonrakı dövr isə “deputat həyatı” adlanır.

Facebook Şərhləndirmə:

“SEÇKİQABAĞI” yazısına 8 cavab

  1. U-JİN deyir:

    Həmişəki kimi son misralarda hər şey aydın olur…
    Qələminə qüvvət!

  2. V.M deyir:

    Hormetli U-JIN yeqin misralar yox, setirler demek istemishdii…

  3. İçərişəhərli deyir:

    Abuzərçilər səninlə qürur duyur ;)

  4. ANTI deyir:

    Bircə Abuzərçilərin mənimlə fəxr etməsinə görə özümü xoşbəxt hesab edə bilərəm. )))
    Kaş ki, kişinin özünün bu ……-çilərdən xəbəri olaydı. Necə də sevinərdi e… İmtahanda nəğd 5-imiz vardı.

  5. informator deyir:

    Shebnem shadam senin imzani gormeye.Abuzercilik “birliyini” ne vaxt yaratmisiniz?:-)
    Bu birliye gore deye bilmerem amma en azindan telebelerinin fealiyyetine gore fexr ede biler

  6. Polad deyir:

    Aferin, Shebnem..
    seninle qurur duyuram..
    gozel yazmisan..dolgun..Gun o gun olsun boyuk bir yazici olasan..shaire olasan..
    qeleminle xaruqeler yaradacagina eminem..
    hormetle,
    Qardashin…

  7. ANTI deyir:

    Abuzerden 5 alinmadi. Heyf…
    Polad, xoş sözlerin uchun teshekkur!
    Amma “İnformator” da kimliyini deseydi, yaxshi olardı. Fakultenin ruhu duyulur, amma kim oldugunu hiss ede bilmedim. )))

  8. Miri deyir:

    yaxşı yazmısamn cax əla sözlədi ,Sağ Mələyin yazıları caş cox uzun ömürlü olardı ən azı sol Mələyin ki qədər

Şərhinizi yazın