Menu
Geri İrəli

“Səhər tezdən balamı bayrağa bükülmüş tabutda gətirdilər” – Sumqayıtlı şəhidin evindən REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 May 2016 • Baxış sayı: 1,104 dəfə • Şərh yoxdur

Aprelin 6-sı idi.  Doğma Vətən torpağımızda bizimlə ərazi müharibəsi aparan ermənilərə öz gücümüzü göstərdik. Dünya Azərbaycan əsgərinin öz tarixi torpaqlarınını geri almaq üçün etdiyi mücadilənin dayandırılmasından yazdı və danışdı… Həmin axşam Sumqayıt növbəti şəhidini gözləyirdi. Aprelin əvvəlində Vətən torpağınının kiçik bir hissəsini xilas edən əsgərlərimizdən daha biri, Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 4 ünvanında qeydiyyatda olan 1996-cı il təvəllüdlü Şulan Bayram oğlu Bayramovu.
Azərbaycan Bayrağı məhəllədəki insan izdihamında dəniz kimi dalğalanırdı. Şulan yaşda oğlanlar “Dur keç səngəri, Azərbaycan əsgəri!”, “Başını uca tut, şəhid atası!”, “Başını uca tut, şəhid anası!” deyərək  hayqırırdılar. Müharibə istəyirdilər, Şulanın yolunu getmək, vuruşu bitirib, Vətən torpaqlarını geri qaytarmaq əzmini göstərirdilər.

Şulan Bayramovun atası Bayramın və anası Türkanın isə heç nədən xəbərləri yox idi. Qohumlarıgilə qonaq getmişdilər. Türkana qəfil zəng vuran qonşusu ona dedi ki, “dur gəl evə, Şulan yaralanıb….”.

Şumlandıq şulan olduq

…Saray qəsəbəsindən 13-cü mikrorayona qədər olan 10-15 kim yol 50-100 kilometrə döndü ata-ana üçün. Bağrı partladı gənc ananın, ürəyi çatladı atanın…  Məhəlləyə çatanda  binalarının qarşısındakı izdihamı gördülər…

Anası Türkan:

“Aprelin 1-i  həyat yoldaşımın doğum günü idi. Həmin günü Şulan da hərbi xidmətini bitirib evə qayıtmalı idi. Lakin atasına zəng vurub dedi ki, onları  bir az gec buraxacaqlar. Vəziyyətin isə bu qədər gərgin olduğunu demədi.
Gəldim ki, evimiz adamla doludu. Hələ inanırdım ki, balam sağdır, hələ ümid edirdim. Qonşular, qohumlar da ki, təsəlli verirdilər ki, yalan olar. Ancaq mən yoxluğuna inana bilmirdim. 10 ay idi oğlumu görmürdüm. Səhər tezdən balamı bayrağa bükülmüş tabutda gətirdilər”.

Şulanın əmisi Akif  Bayramov deyir ki, qardaş balası çox şirin olur:

“Bizim nəslimiz elə həmişə bu Vətən yolunda əzabkeş olub, yurddan-yurda, eldən-elə köçmək yazılıb taleyimizə. Zəngəzur mahalının Sisyan rayonunun Avdı kəndindənik. Babalarımız  sürgünlər, davalar görüblər. Ötən əsrin 1937-ci ilində babamız Ədil kişi repressiya qurbanı olub. Kişini repressiya edəndə 8 uşağı qalıb nənəmizin himayəsində. Böyük nənəmiz repressiya illərində ailələrinin, nəsillərinin, yurdlarının viran qalması, şumlanması, talan–şulan olmasına görə  atamın adını Şulan qoyub. Atam isə öz adını qardaşım Bayramın ilk oğluna qoydu ki, ermənilərin bizə qarşı etdikləri viranəliyi, talan-şulanı unutmayaq. Tarix boyu qismətimiz belə yazılıb. Atamın qardaşı Cəmil 1941-45-ci il Vətən Müharibəsində həlak olub. İndi Şulan balamız da o babalarının yolunu getdi, onların taleyini yaşadı…

Aprelin 6-sı qardaşım Bayram mənə zəng vurdu ki, “get evə tez çat, biz də gələcəyik, Şulan gəlir”. Mən də uşaqlarımı yığıb dedim ki, “gedək Şulanı qarşılamağa”. Məhəllədəki izdihamı görəndə dizlərim əsdi… Sən demə qardaşıma zəng vurub, həqiqəti deməyiblər, eləcə deyiblər ki, oğlunuz gəlir… O da çox sadə, fağır adamdır, zəhmətkeş insandır. Ürəyinə başqa bir fikir gəlməyib. Sonradan bilib ki, oğlu həlak olub”.

Şulanın atasınun üzünə baxmağa insanda cəsarət lazımdır. O qədər sıxılıb, o qədər sınıb ki… Başqa cür ola da bilməz axı… Hər bir ata oğluna, balasına güvənər, oğlu üçün arzular tutar, onu özünə arxa-kömək, nəslinin davamçısı bilər. Bu kasıb evin mərd ailə başçısı olub Bayram. 1992-ci ildə Milli Ordunun könüllülər dəstəsində Naxçıvan bölgəsində Azərbaycanın haqq savaşında vuruşub. İrəvanda evlərini tərk edib gələndən sonra Sumqayıtdakı bu mənzildə məskinlaşıblar. 7 nəfər ikiotaqlı evdə əzab-əziyyətlə yaşayıblar. 1995-ci ildə isə ailə həyatı qurub.


Zəmanənin üzü qara olsun… Evsizlik, işsizlik kimi problemlərin əlində qalan  Bayramovların 6 övladının hər birinin evində 2-3 uşaqdan artıq doğulmadı. Bayramın da iki oğlu doğuldu. Qismətləri ilə barışdılar. Fəhləçiliklə ailə dolandırdı, bala saxladı. Ata-ana qayğısına qaldı. Özü tikintidə işləyirdi. İşini oğlu Şulana da öyrətmişdi. Gördüyü işlərdə Şulan da ona kömək edirdi. Oğlu haqqında nəsə danışmağa gücü çatmırdı. Hündürboylu Bayramın qəddini əymişdi 19 yaşlı Şulan. Oğlu haqqında iki-üç kəlmə danışa bildi:

“Əsgər gedəndən sonra mənə zəng vurdu ki, ən soyuq yer haradır? Dedim ki, Murovdur. Dedi orda qulluq etmək istəyir. Dedim, ay oğul ora sənlik deyil. Sən demə, mənə zəng vuranda artıq Gəncədə özü ərizə yazıb, Murovda xidmət etməyi xahiş edib”.

Qonşuları Gülbəniz:

“Bu ailə çox mərd ailədir. Erməni qonşumuzla Sisyandakı evlərini dəyişdirib, bu evə köçdülər. Məhəlləmizdə qonum-qonşu bu ailəni, sakit, tərbiyəli bir ailə kimi tanıyır. Hamının harayına çatırlar. Çox mərd insanlardırlar. İnanmazdıq ki, onların başına belə müsibət gələr. Türkan əsgərlikdən gələn oğlunu qarşılamağa hazırlıq görürdü. Şulan gedəndən anası narahat idi. Çox maraqlıdır ki, əsgərlikdə olan digər oğlu  Emin üçün yox, ancaq Şulan üçün narahat idi.
Türkangilin indi yaşadığı bu mənzildə vaxtilə Aşot və Gülnarə adlı erməni qonşularımız yaşayırdılar. Ər-arvad köçüb getdilər  Ermənistana. Gedəndə bəzi ərzaqlarını bizim soyuducuya yığdılar. Bir neçə gün keçmiş ermənilərin oğlanları gəldi əsgərlikdən, biz onları elə hörmətlə qarşılayıb yola saldıq ki, gedəndə erməni Aşotla Gülnarənin soyuducumuza qoyduqları ərzağı da verdik özlərinə ki, aparın, birdən orda ac qalarsınız, çətinlik çəkərsiniz. Biz onları necə yola saldıq, onlar isə bizim azərbaycanlıları İrəvandan qışın günündə  ayaqyalın, başıaçıq qovmuşdular. Sonradan bildik ki, bu fağır bildiyimiz Aşot “Krunk” cəmiyyətinə üzv imiş. Hər ay pul keçirirmiş. İrəvanda isə gedib danışıblar ki, biz onlara pislik etmişik, bu ermənilər  belə mənfurdurlar”.

Söhbətinin bu yerində Akif  Bayramov müdaxilə etdi:

“Valah durub deyim ki, biz Sisyanda Avdı kəndində imarət qoyub gəlmişik. Bəlkə də inanmazlar. Ancaq böyük məhəllə, həyətimiz qaldı orada. Xanımağalı nəslindənik. Babalarımızın hər ikisi Əbülfəz də, Ədil də mahalda adlı-sanlı kişilər idilər. 1937-dən sonra güclə dirçəltmişdi nənələrimiz oğlanlarını, qurub –yaratmışdılar. Sonra əmilərim kolxoz sədri, sovet sədri işlədilər…
Ermənilərin bizimlə həmişə ədavəti olub. Orada qalan o boyda imarəti məcbur olub bu kiçik panel evlə dəyişdik, bura sığındıq… sürgünü görmüşdük, taleyimizdə  qaçqınlıq da var imiş. Atam Şulan kişinin heç ili çıxmayıb”.

Söhbətimizi şəhid anası Türkan özü davam etdirdi:

“Şulan babasını çox istəyirdi. Əsgərlikdən məzuniyyətə gəlmişdi. Əmisinin rəhmətə getməsindən xəbərsiz idi. Xəbər biləndən sonra gedib, əmisinin qəbrini ziyarət etmişdi. Oğlu öləndən sonra qaynatam Şulan dayı da xəstə düşdü. Oğlum Şulan onun xəstəliyindən çox məyus olmuşdu. Məzuniyyətdən hərbi hissəyə qayıdandan sonra, hər gün babasının şəklini çəkib ona göndərirdim. İstəyirdi ki, babasından xəbəri olsun. Kişi rəhmətə gedəndən 40 gün sonra bildirdim xəbəri ona. Telefonda o qədər ağladı ki… Dedim istəyirsən səni gətizdirək. Razı olmadı… İstəməzdi ki, atasını artıq əziyyətə salsın. Murovda xidmət ediridi. Əziyyət çəkirdi qarın-boranın içərisində, qıyıb bizdən bir corab da istəmirdi.  Qardaşı Emin 4 ay idi ki, əsgər getmişdi. Deyirdi ki, “hər ay gedəcəm hərbi hissədə qardaşımı yoxlayacam”. Xərcimiz çıxar deyə, bizi andiçmə mərasiminə də getməyə  qoymadı… Çünki atasının necə əzab-əziyyətlə  qazandığını bilirdi. O qıymırdı ki, 1 manat artıq yerə pul xərcləsin.  Babası iyulun 29-u rəhmətə getdi, Şulanın da doğum günü iyulun 28-idir.  Balamın ölümü babasının ilinə qarışdı. Doğum-ölüm tarixləri ilə istəkli  baba-nəvə bir-birinə qovuşdular. Ruhları bir-birinə qovuşdu”.

“Hamıyla gedən nəvəm hamıyla qayıtmadı”

Kənarda kresloda oturmuş  bir qara örtüklü qadın ağlayır, için-için sızlayırdı… Evdəkilər dedilər ki, aprel ayından bu günə kimi gözünün yaşı qurumur. Şulan nənəsi Reyhanın ilk nəvəsi idi.
Reyhan nənə:

“Aprelin 27-si mənə zəng vurdu. Novruz bayramı münasibəti ilə təbrik etdi. Elə bildim ki, evə buraxılıb. Dedi ki, aprelin 1-i gələcək. Yolunu gözləyirdim, aprelin 3-ü qızım Türkan zəng vurdu ki, ana Şulanı cəbhə bölgəsinə aparıblar. Dedim, inşallah qayıdar, narahat olma. O gecədən sonra qaldım bu televizorların qabağında, şəhid olan əsgərlərə yandım, Ordumuz üçün dualar etdim Allaha…
6-sı gecə oğlum Sumqayıtdan zəng vurdu ki, “bilet almışam, uç gəl Naxçıvandan  Sumqayıta. Bəs… Şulan yaralanıb”. İnanmadım. Başıma-gözümə döyə-dəyə qaldım. Qonum-qonşu gecəylə məni yola saldı… Gəldim gördüm ki, evimiz yıxılıb, tifağımız dağlıb… Hamıyla gedən nəvəm hamıyla qayıtmadı, səhər-səhər tabutda qayıtdı evinə… Mən də hərbçiyəm. Naxçıvanda hərbi hospitalda işləyirəm.
Arzusu hərbçi olmaq idi. Gəlib bir il yanımda oxudu ki, Naxçıvandakı hərbi məktəbə qəbul olunsun. 1 il oxudu. İmtahan verdi. Hərbi-tibbi müayinədən keçmədi. Gözlərinin zəif olduğunu dedilər. O qədər ağladı ki, bəs  arzusu ürəyində qaldı. Sonra Bakıdakı Hərbi Dənizçilik Məktəbinə qəbul  olundu. Oranı da oxumadı. Dedi ki, gedib hərbi xidməti başa vursun, sonra gəlib təhsili davam etdirər… Biz nə fikriləşirdik, nələr oldu… Nəvəm haqqında o qədər arzularım var idi ki…”.

Şulan Vətən torpaqlarının müdafiəsi üçün cəbhə bölgəsinə gedəndə, onun kiçik qardaşı Emin də 4 ay idi ki, hərbi xidmətdə idi. Elə o da təmas xəttinə yaxın yerdə xidmət edirdi. Qardaşının həlak olması xəbərini alan hərbi hissə komandiri Emini vaxtından əvvəl Sumqayıta məzuniyyətə göndərib və deyib ki, “qardaşın hərbi xidməti bitirib, atan xahiş edib, gedib onunla görüşüb, qayıdarsan”.
Cibinə yolpulu da qoyur. Sumqayıtda qohumlardan biri Emini şəhər avtovağzalında qarşılayanda, uşaq narahatlıq keçirir. Həyətə girəndə isə qardaşının bayrağa bükülmüş tabutunun evdən çıxarıldığını  görür… Qardaşı onu çiyinlər üstə qarşılayır… Əmiləri, atası ilə bir-birinə sarılıb ağlayırlar… Ətrafda isə alqışlar səslənirdi.
13-cü mikrorayondakı məhəlləyə yığışan insanlar Şulanın tabutunu alqışlarla yola salırdılar. Bayraqlar dalğalanırdı, ayrılıq nəğməsi oxuyurdu ruzigar…
Şulanı doğmalarından ayırıb, Vətən torpağına əbədilik əmanət etməyə aparırdılar… Emin son dəfə qardaşının tabutunu qucaqlayıb… ona arxa olacaq qardaşının…

“Xalqımız çox qeyrətli xalqdır”, – deyir Şulanın əmisi Akif  Bayramov.

“Vətən şəhidlərini, balamız Şulanı da çox böyük hörmətlə, ehtiramla dəfn etdilər. İtkimiz çox ağırdır… Arzularımızı yarımçıq qoyub. Atası xəstə bir kişidir. Fikirləşirdi ki, əsgrlikdən gələndən sonra, ona köməkçi, arxa olacaq, qayğılarını çəkəcək, qocalıqlarına sahib çıxacaq. Bayram özü ata-anasına sahib şıxan kimi… Ümid edirəm ki, bundan sonra dövlətimiz onları nəzərdən qoymayacaq”.

2014-cü ilin avqust ayında mənfur ermənilərlə təmas xəttində yenidən çaxnaşma başlayandan sonra həmin hadisələrdə həlak olan şəhidlərimiz haqqında Şulan Bayramov sosial şəbəkəsəki səhifəsində belə bir status yazmışdı:
“11 şəhid bilirsən nə deməkdir?! 11 insan deməkdir, 11 can deməkdir, 11 ailənin ümidi deməkdir, 11 ananın gözünün işığı deməkdir, 11 atanın gözünün dikdiyi nöqtə deməkdir, 11 ailənin 11 ayrı telefondan gələn zəngdən aldığı bəd xəbər və o xəbərlə həyatlarının məhv olması deməkdir, 11 valideynin sevinərək qucaqlaya bilmədiyi övlad deməkdir, 11 gələcək ailə başçısının ailə qurmadan həyata gözünü yumması deməkdir, artıq yoxdu o 11 gənc. 11 düşmən silahından açılan atəş nəticəsində məhv olmuş 11 igid candır… artıq 11 cənazə 11 yerdə torpağa əmanət edilmiş şəhiddir.  9 milyonluq Azərbaycan xalqının yaddaşına əbədi yazıldılar. Allah rəhmət eləsin…”.

Əslində Bayramovlar ailəsinin ağrılarıdır Şulanın yazdığı sözlər. Şulan Bayramov və apreldəki qalibiyyət vuruşlarında şəhid olanlar xalqımıza Qələbə sevincini yaşatdılar. Ağrı isə elə gənc Şulanın  sağlığında  yazıb qoyduğu  həmin ağrıdır…