Menu
Geri İrəli

Şəhərimizin nümayəndəsi Belarusun Sumqayıtla qardaşlaşmış Mogilyov şəhərində olub

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2014 • Baxış sayı: 367 dəfə • Şərh yoxdur

images (11)Şəhərimizin nümayəndəsi Belarusun Sumqayıtla qardaşlaşmış Mogilyov şəhərində keçirilən biznes-forumda və “Şəhər günü”ndə iştirak edib

Bugünlərdə Belarusun Sumqayıtla qardaşlaşmış şəhəri olan Mogilyovda Dnepryanı biznes-forumu və “Şəhər günü” keçirilmişdir. Mogilyov şəhərinin İcraiyyə Komitəsinin sədri V.Tsumarevin bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göndərdiyi dəvət məktubuna əsasən şəhərimiz də Belarusda keçirilən tədbirlərdə təmsil olunmuşdur.

Paytaxt Minskdən 200 km məsafədə yerləşən, Belarusun qədim yaşayış məskənlərindən olan Mogilyov bu gün qardaşlaşdığı Sumqayıt kimi (xüsusilə xoşdur ki, digər bir Azərbaycan şəhəri – Təbriz də Mogilyovun “qardaşlar”ındandır) iri sənaye şəhəridir. Orada 70-ə yaxın müəssisə, o cümlədən maşınqayırma, metal emalı, kimya və neft-kimya, yüngül və yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Əhalisinin sayı da təxminən elə Sumqayıtınkı qədərdir – 370 min nəfər.  Mögilyov yalnız sənaye şəhəri kimi deyil, həm də zəngin tarixi yerlərə və abidələrə malik olan bir şəhər kimi də bura gələnləri, o cümlədən turistləri özünə cəlb edir. Təsadüfi deyil ki, vaxtilə bu şəhərdə görkəmli rus şair və yazıçıları Aleksandr Puşkin, Serqey Yesenin, Konstantin Simonov, hətta Rusiya imperatorları I Pyotr, II Nikolay da olmuş, şəhərin gözəlliklərinə vurulmuşlar.

Mogilyovda təşkil edilmiş biznes-forumda və böyük təmtəraqla keçirilən “Şəhər günü”  tədbirlərində belaruslarla yanaşı qardaşlaşmış şəhərin qonağı olan Sumqayıt Bələdiyyəsinin sədr müavini Sultan Əsədov da iştirak etmişdir. Sumqayıtdan gələn nümayəndəni xüsusi hörmət və səmimiyyətlə qarşılayan şəhər rəhbərliyi Azərbaycan-Belarus dostluğundan, ölkələrimiz arasında yaranmış iqtisadi-mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirmiş, bu dostluq, qardaşlıq əlaqələrinin uzun illər əvvəlki təməlindən söhbət açmışdır.

Xüsusi bir minnətdarlıqla diqqətə çatdırmışdır ki, II Dünya müharibəsi zamanı Azərbaycanın minlərlə igid və mərd oğulları Belarus torpaqlarında alman faşistlərinə qarşı  rəşadətlə döyüşmüş, qəhrəmanlıq nümunəsi göstərmişlər. Qeyd edilmişdir ki, Azərbaycanın igid, cəsur oğlu, 2-ci Belarus cəbhəsinin 1-ci Mogilyov şturm qvardiya briqadasının komandiri, Sovet İttifaqı Qəhrəmanı polkovnik Aslan Vəzirovun xatirəsi  belarus xalqı üçün xüsusilə əzizdir. Döyüşlərdə göstərdiyi igidliklərə görə Kutuzov, Boqdan Xmelnitski ordenlərinə də layiq görülmüş  azərbaycanlı komandir Belarusun bir-çox şəhər və kəndlərinin düşməndən azad edilməsində böyük fədakarlıqlar göstərmişdir. Təsadüfi deyil ki, müharibədən sonra dəfələrlə bir zaman düşmənə qarşı qəhrəmanlıqla vuruşduğu Belarus torpağında, Mogilyovda olmuş, döyüş dostları ilə görüşmüş, bu gün isə hər bir belarusun minnətdarlıq hissi ilə xatırladığı Aslan Vəzirov sağlığında “Mogilyov şəhərini Fəxri vətəndaşı”  adına layiq görülmüş, şəhərin Pervomaysk küçəsində onun xatirə lövhəsi asılmış, Kocmonavtlar və Lazarenko küçələrinin kəsişməsində yerləşən bağda azərbaycanlı qəhrəmanın büstü qoyulmuşdur.

Mogilyov şəhərinin rəhbərliyi sumqayıtlı qonaqla birgə igid azərbaycanlı döyüşçünün xatirəsinə ehtiram əlaməti olaraq onun büstünü ziyarət etmiş, ətrafına gül-çiçək dəstələri düzmüşlər.

 Orxan MƏMMƏDZADƏ

VezirovAFBust images (15)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın