Menu
Geri İrəli

SOCAR prezidenti Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 931 dəfə • Şərh yoxdur
Share Button

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olub, şirkətin bir sıra obyektlərinə baş çəkib. “Report” xəbər verir ki, R.Abdullayev əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polimer” layihəsi çərçivəsində tikilən polipropilen və yüksək sıxlıqlı polietilen qurğularında aparılan tikinti işlərinin gedişatı ilə tanış olub.

Sonra “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna gələrək polimer istehsalatında inzibati və məişət binasının açılışında iştirak edib. BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Gulam İsakzai, NAMA layihəsinin meneceri Nazim Məmmədov və digər məsul şəxslərin də iştirak etdiyi açılış mərasimində Etilen-Polietilen Zavodunun direktoru Oqtay Niftəliyev məlumat verərək bildirib ki, 2016-cı ildən etibarən polietilen istehsalatının inzibati binasının yeni layihə əsasında əsaslı təmirinə başlanıb.

Binanın təmiri, isitmə sisteminin quraşdırılması SOCAR və BMT-nin Bakı ofisinin birgə layihəsi əsasında həyata keçirilib. Fasadın üzlənməsi zamanı enerji resusrlarına qənaət olunması məqsədilə xüsusi izolyasiya materiallarından istifadə olunub. Binanın daxili işıqlanmasının təmin olunması üçün gücü 10 kVt/saat olan günəş panelləri quraşdırılıb. İnzibati binanın istifadəyə verilməsi ilə ümumilikdə 457 nəfər işçinin iş və məişət şəraiti müasir tələblərə cavab verəcək şəkildə yaxşılaşdırılıb.

SOCAR prezidenti sonra Etilen-Polietilen Zavodunun mexaniki emal sahəsinin əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi mərasimində iştirak edib. Məlumat verilib ki, qurğu və avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəldiyi, əməkçilərin iş və məişət şəraitinin qənaətbəxş olmaması nəzərə alınaraq Mexaniki emal sahəsində ötən ilin sonlarından başlayaraq əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Aparılan təmir işlərinin həcmi 3 700 kv. metrdən artıq olub. Bütün mövcud avadanlıqlar yenilənib, sıradan çıxanlar yeniləri ilə əvəz edilib, sahənin 67 500 kv. metrlik ərazisində abadlıq işləri aparılıb.

R.Abdullayev həmçinin sənaye və məişət tullantı sularının təmizlənməsi üçün tikilmiş yeni qurğunun açılışında da iştirak edib. Etilen-Polietilen Zavodunun direktoru O.Niftəliyev bildirib ki, ötən ilin noyabr ayında qurğunun tikintisinə start verilib. Ümumi sahəsi 2 ha ərazini əhatə edən qurğuda “Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn sənaye və məişət tullantı suları ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkında bir neçə istehsalçının fəaliyyəti zamanı formalaşacaq tullantı sularının da təmizlənməsi həyata keçiriləcək.

Daha sonra R.Abdullayev Etilen-Polietilen Zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub. Məlumat verilib ki, zavodda avqustun 10-dan başlanılan əsaslı təmir işləri 20 sentyabr – Neftçilərin günü ərəfəsində yekunlaşıb. Həmçinin bildirilib ki, Zavodda icrasına start verilmiş və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi, yeni qurğular və yardımçı sahələrinin inşası işləri davam etdirilir.

Kimyaçılarla görüşüb söhbət edən R.Abdullayev onları neftçilərin peşə bayramı günü münasibətilə təbrik edib.

Sonda R.Abdullayev “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun balansında olan Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayına gələrək aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Məlumat verilib ki, “Kimyaçı” Mədəniyyət Sarayı üç mərtəbədən ibarətdir, 6 400 kv. metrlik sahəyə malik birinci mərtəbdə 800 nəfərlik konsert zalı, inzibati və texniki otaqlar, digər mərtəbələrdə 270 kv. metrlik rəqs zalı, həmçinin müxtəlif dərnəklərin, tədris və kursların yerləşdiyi otaqlar əsaslı təmir olunub, ərazidə geniş abadlıq və quruculuq işləri aparılıb.

1eb2b516-38b2-4d20-a453-578ee4dba617 752601ba-1529-40c3-9b9e-9153a67d3a83 de4828d3-bd4b-4350-befb-89d6ab8397b5 f8439a0b-b376-492f-aea6-c3da478afac0

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın