Menu
Geri İrəli

Son bir ilin TƏHLİLİ – SUMQAYIT NECƏ DƏYİŞDİ? – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2016 • Baxış sayı: 865 dəfə • Şərh yoxdur

sulh kucesiSon 2 il ərzində dünya neft bazarında baş verən kataklizmlər, qiymətdəki kəskin ucuzlaşma bu ehtiyat hesabına büdcəsini zənginləşdirən ölkələri yeni çağırışlarla üz-üzə qoydu. Azərbaycan da yeni dönəmin, post-neft dövrünün tələblərinə reaksiya verməli, bütün proqramlarını yeni vəziyyətə formalizə etməli idi. Belə vəziyyət dövlətin siyasi kursunun və iqtisadi modelinin mobilliyini də sınağa çəkəcəkdi.

Dövlət başçısının tələbi ilə ölkə yeni rejimə – qənaət rejiminə keçirdi. Dünyada baş verən iqtisadi böhranın təsirlərinin minimuma endirilməsi və ölkə əhalisinin bu böhranı, daha praktik ifadə etsək, öz soyuducusunda hiss etməməsi üçün infrastruktur və sosialyönümlü siyasi kursdan sosialyönümlü siyasətə keçid labüd idi. Beləliklə, əvvəllər nəzərdə tutulan iri infrastruktur layihələri bir müddətə təxirə salınırdı… Paralel olaraq, iqtisadiyyatın diversifikasiyası, özəlliklə qeyri-neft sektorunun şaxələndirilməsi, yerli istehsalın, xüsusilə ixracyönümlü istehsalın prioritet istiqamətə çevrilməsi strategiyasına uyğun olaraq yeni layihələrə başlanılırdı. Optimal variant idi. Qarşıya qoyulan maliyyə hədəflərinə nail olma və bu zaman riskləri də minimallaşdırmaq üçün diversifikasiya prezident İlham Əliyevin etdiyi menecment gedişi idi.

 …Sumqayıt şəhər icra hakimiyyətinin başçısı postunda dəyişiklik məhz bu dönəmə təsadüf etdi: Ötən ilin sentyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi.

Sumqayıtda bu vaxta qədər müəyyən işlər görülmüşdü, ancaq şəhərin nə sosial-iqtisadi vəziyyəti, nə infrastrukturu ölkə başçısının istədiyi səviyyəyə çatdırılmamışdı. Dövlət başçısı şəhərin problemlərinin həllini və burada müasir sənaye klastrlarının yaradılmasını prioritet hesab etməklə yanaşı, şəhərdə abadlıq işlərinin ən yüksək səviyyədə və keyfiyyətdə aparılması və müasir bulvarın tikilməsi tələbini qoymuşdu. Bu məsuliyyət Z.Fərəcovun üzərinə düşdü.

Beləliklə, gəlin görək yeni başçı bu məsuliyyətli işin öhdəsindən ötən 1 il ərzində hansı miqyasda gələ bilib?

Yanaşma prinsipləri və başlanmış layihələr Sumqayıtın yeni inkişaf konsepsiyasının mövcudluğunu göstərir. Başlanğıcda əsasən daxili imkanlar hesabına, dövlət tərəfindən dotasiya almadan başlanan işlərin keyfiyyəti və miqyası, sadəcə, heyranlıq doğururdu.

Qısa müddət sonra başlanmış işlərin ardıcıllığını və daha keyfiyyətli icrasını təmin etmək üçün dövlət başçısı Sumqayıtda görülən işlərə dövlət büdcəsindən vəsaitin ayrılması barədə sərəncamlar imzaladı. Bu 1 il ərzində ümumilikdə şəhərə 27,7 milyon manat vəsait ayrıldı ki, bu da həm dövlət başçısının şəhərimizə xüsusi münasibətinin, şəhərin problemlərinin həlli və Sumqayıtın müasir şəhərə çevirilməsinə həssas münasibətinin ifadəsidir, həm də başlanmış işlərə ən yüksək səviyyədə göstərilən diqqətdir.

Hər bir işin icrası zamanı ilk növbədə prinsiplərin, tezislərin müəyyən edilməsi lazım gəlir. Şəhərdə görülən işlər xaotik xarakter daşımır, müasir şəhərsalma prinsiplərinə uyğun  olaraq hazırlanmış proqram çərçivəsində vahid yanaşmaya əsasən aparılır. Sumqayıtın yeni inkişaf modelinin əsas prinsipləri belə görünür: şəffaflıq, məqsədyünlülük, diskretlik, nəticəlilik və nəhayət, sosialyönümlülük.

Gəlin, şəhərdə görülən işlərin başlıca istiqamətləri, əsas tezislərini nəzərdən keçirək, eyni zamanda başlanmış layihələrin xarakterini açmağa çalışaq:

İnvestisiya layihələri

Materialın əvvəlində post-neft dövründən bəhs etmişdik. İndiki vəziyyətdə qeyri-neft sektorunun dinamik inkiafına nail olmaq ölkəmiz üçün prioritetdir. Dünya iqtisadiyyatındakı təbəddülatlar və bunun ölkəmizə təsirləri göstərdi ki, büdcə yalnız neft gəlirlərinə ümid edə bilməz. Qeyri-neft sektorunun şaxələndirilməsi və ixracyönümlülüyünün təmin olunması, şübhəsiz, hər bir ölkə üçün daha etibarlı zəmanətdir. Bu mənada qeyri-neft sektoruna aid ayrı-ayrı sənaye sahələrinin yaradılması və rentabelli hala gətirilməsi prosesinə başlanılıb. Belə istehsal sahələrindən bir çoxuna Sumqayıt evsahibliyi edəcək. Şəhərdə böyük kimya və sənaye klastrlarının yaradılması nəzərdə tutulub və bu istiqamətdə ardıcıl işlər aparılır.

Ötən ilin oktyabrında Etilen-polietilen zavodunda yeni qurğuları işə salınması mərasimindən sonra kimyaçılarla görüşü zamanı Prezident İlham Əliyev deyir:

-      “Sumqayıt kimyaçılar şəhəri kimi salınmışdır. Bu gün Sumqayıt Azərbaycanın böyük sənaye mərkəzinə çevrilibdir. Bu gün Sumqayıtda yeni müəssisələr, güclü sənaye potensialı yaradılır, iş yerləri açılır. Bu gün bir yeni zavodun açılışında, bir böyük zavodun təməlqoyma mərasimində iştirak etmişəm. Hər iki zavod Azərbaycanın sənaye potensialının inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.

“SOCAR Polymer” zavoduna 750 milyon dollar sərmayə qoyulacaqdır və bu sərmayə öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaqdır. Bu, çox böyük investisiya layihəsidir və əminəm ki, vaxtında icra ediləcək. Beləliklə, Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım atılacaqdır.

Eyni zamanda, bu gün hidrotexniki avadanlıqlar zavodunun açılışını qeyd etdik. Bütün bu işlər Sumqayıt Kimya Sənaye Parkında görülür. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Sumqayıtda Kimya Sənaye Parkının yaradılması haqqında işlər görülməyə başlanmışdır. Bu gün artıq biz bu işlərin birinci nəticələrini görürük. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkı bir neçə ildən sonra tam gücü ilə işləyəcək”.

Bəli, “SOCAR Polymer” müəssisəsi nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir.

Bu gün eyni zamanda Sumqayıt Texnologiya Parkında altı zavodun tikintisi başa çatmaqdadır. Sumqayıt Kimya Sənaye Parkında da iki zavodun tikinti işlərinə aparılır. Burada ölkəmiz üçün ilk olacaq propilen zavodu tikiləcək ki, onun da illik istehsal gücü 180 min ton olacaq. Zavod 2017-ci ildə işə düşəcək. 2018-ci ildə isə polietilen zavodunun inşası başa çatdırılmalıdır. Bu zavodların tikintisinə 700 milyon manat investisiya qoyulacaq. Həmçinin Azərsun-Sumqayıt Sənaye Parkında tara fabrikinin və azot gübrəsi istehsal edəcək karbamid zavodunun tikinti işləri aparılır.

Ümumilikdə, Sumqayıtda yaradılmaqda olan sənaye klastrı həm də Sumqayıt və sumqayıtlılar üçün böyük perspektiv vəd edir. Söhbət təkcə dövlət tərəfindən yatırılacaq sərmayələrdən yox,  xarici investisiya axının gətirəcəyi dividendlərdən gedir.

Sosialyönümlü siyasət

Yeni icra başçısı qısa zamanda təhsil və səhiyyə sahəsindəki problemlərin həlli üçün işlərə başladı. İndi biz həm müəssisələrin maddi-texniki bazasının, infrastrukturunun zənginləşdirilməsindən, həm də xidmət keyfiyyətinin yüksəldilməsindən danışırıq. Bir neçə təhsil və səhiyyə müəssisəsində kadr islahatları, başçının iştirakı il keçirilən toplantıların xronikası da şəhərin birinci şəxsinin bu məsələrdəki prinsipial, qəti mövqeyinin ifadəsi idi.

İşsiz Sumqayıtlıların kütləvi şəkildə iş yerləri ilə təmin olunması təbii ki, İH-nin imkanları daxilində deyil. Ancaq rəhbərlik bu iş üçün də bütün resurslarını səfərbər etdi. Şəhərdə yeni yaradılan istehsal sahələrində məhz sumqayıtlıların yerləşdirilməsi,  eləcə də ayrı-ayrı strukturlarda məhz sumqayıtlı kadrlara etimad göstərilməsi həm də şəhərdə işsizliyin aradan qaldırılmasına hesablanmışdı.

Xüsusilə səhiyyə sektorunda tələblər ciddidir: Xidmət keyfiyyəti yüksəldilməli, daha peşəkar yanaşma ortaya qoyulmalıdır.

Z.Fərəcov bütün komandası qarşısında daha bir tələb qoyub: məmurlar əhali ilə nəzakətli davranmalı, onları narahat edən məsələlərdə maksimal səylə yardım etməyə çalışılmalıdır.

Şəhərdə aparılan geniş abadlıq-quruculuq işlərində yüzlərlə sumqayıtlı çalışır. Əlbəttə, bu da şəhər əhalisinin müəyyən kəsiminin sosial vəziyyətinə təsirsiz ötüşmür.

Z.Fərəcovun daha bir istəyi şəhərin idarə və strukturlarında sumqayıtlı gənclərin təmsil olunması, onların idarəçilikdə rolunun artırılması ilə bağlıdır. Şəhər rəhbəri bu yöndə bir neçə dəfə açıqlama verib. Ötən 1 ildə bir sıra saəhələrdə gənclərə etimad göstərilib, ancaq başçının istəyi odur ki, gənclər daha kompitent olsunlar və məhz idarəçilik onlara tapşırılsın.

İnfrastruktur layihələri

Nə qədər klişe səslənsə də deməliyik: “Sumqayıt tikinti meydançasını xatırladır”.

Şəhərin girişindən başlamış ucqarlara qədər nəsə qurulur, tikilir, yenilənir və s.

Gəlin bu işlərən bəzilərini nəzərdən keçirək:

* Şəhərin əsas giriş yolu, eləcə də Novxanı istiqamətindən gələn yol genişləndirilir, abadlaşdırılır, ətrafında yaşıllıqlar salınır. Bu layihələr həm şəhərə gələnlərdə şəhər haqda ilk təəssürat yaradacaq, həm də tıxacların qarşısının alınmasına imkan verəcək.

* Yeni bulvar salınmağa başlanıldı. Bu layihəni heç bir mübaliğəsiz  “nəhəng iş” adlandırmaq olar, qısa zamanda bu miqyasda işin görülməsi prosesin başlanğıcında xəyal kimi görünürdü, indi isə… sadə sumqayıtlıların dilindən bu ifadəni tez-tez eşitmək olur: “Fərəcov burda həqiqətən də əməlli-başlı xariqə yaratdı”.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın tikintisi sona yaxınlaşır. Sahildə şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınıb.

Bununla yanaşı, bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

Bax bütün bunlar turizm üçün əla perspektivlər açacaq. Turist axını isə təbii ki, şəhərin büdcəsinə, əhalinin sosial-iqtisadi vəziyyətinə ciddi şəkildə təsir edə bilər. Niyə də şəhərimiz turistlərin axışdığı Avropa şəhərlərindən olmasın?!

* Heydər Əliyev Mərkəzinin tikintisinə başlanıldı

İlk növbədə, bu Mərkəz memarlıq üslubu ilə şəhərə bir gözəllik bəxş edəcək. Digər tərəfdən sumqayıtlılara bir sıra xidmətlər göstərəcək.

Bina 4 mərtəbədən ibarətdir. Milli və müasir memarlıq ənənələrini əks etdirən möhtəşəm mərkəz həqiqətən də əzəməti ilə diqqət çəkir. Burada 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da yaradılıb. Tikintisi tamamlanmaqda olan binada linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək.

* Şahmat və Musiqi Məktəbləri, uşaq bağçaları

Elə Heydər Əliyev parkında, möhtəşəm Heydər Əliyev Mərkəzinin bir addımlığında memarlıq üslubu ilə göz oxşayan daha iki binanın inşası tamamlanmaqdadır: Şahmat və Musiqi Məktəbləri.

Sumqayıt həm də şahmatçılar şəhəridir axı. Gənclər şəhəri ölkə idmanına Məmmədyarov soyadlı üç qrossmeyster verib. Niyə də yeni “Məmmədyarov”lar yetişməsin?! Bu baxımdan yüksək səviyyəli maddi-texniki baza ilə təchiz olunmuş müasir şahmat məktəbinin gənc şahmatçılara stimul verəcəyi şübhəsizdir.

Eyni sözləri yeni musiqi məktəbi barədə də söyləmək olar. Şəhərimizdə Musiqi Kolleci, bir neçə musiqi məktəbləri və dərnəkləri fəaliyyət göstərir, yeni Məktəb isə artıq başqa səviyyənin göstəricisi olacaq. Burada da tədris və məşq otaqları, kitabxana və akt zalı fəaliyyət göstərək. Üçmərtəbəli binada müəllimlər otağı, ayrıca inzibati otaqlar da yerləşəcək.

Z.Fərəcov işə başlar-başlamaz bağçalarla bağlı problemə diqqət yönəltdi. Bir neçə bağçada oldu, vəziyyətlə yerindəcə tanış oldu, müvafiq tapşırıqlar verdi. Şəhər rəhbəri bağçaların əksəriyyətinin təmir zərurətini qiymətləndirərək bu istiqamətdə proqram xarakterli layihə təqdim etdi: qısa zamanda mövcud baxçaların əksəriyyəti, 50-ə qədər bağça əsaslı təmir edildi, dam örtükləri yenilənərək istilik sistemi bərpa olundu. Bu tədbirlər sumqayıtlılar tərəfindən burada çalışan kollektivin daha yaxşı işləməsinə və uşaqların təlim-tərbiyə işinin yaxşılaşdırılmasına, sağlam böyümələrinə xidmət kimi qiymətləndirilir.

* Teatr binasında əsaslı təmir

Sumqayıt Dram Teatrı öz ənənələri olan mədəniyyət ocağıdır. Azərbaycan teatr, eləcə də film-kino sənəti üçün onlarla istedadlı aktyor və aktirasalar yetişdirmiş bu Teatr bu gün də ənənələrini yaşadır, məktəb missiyasını qoruyur, bu gün də onun səhnəsində istedadlı aktyorlar rol alır. Teatrın binası isə təəssüf ki, ənənələrdən geri qalır,  mövcud potensialı dəstəkləmirdi. Şəhər icra başçısı teatr binasının əsaslı təmiri zərurətini nəzərə alaraq, bu barədə göstəriş verdi…

Teatrın binasında da təmir, əsaslı yenidənqurma işləri artıq sona çatmaq üzrədir.  500 yerlik tamaşa və 100 yerlik akt zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılıb.

Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılıb. Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla, üzlük daşlarla üzlənib.

 * Lift problemi həll edildi

Bu dövr ərzində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası yeniləndi, uzun müddət yararsız və nasaz vəziyyətdə olan liftlər yeni və müasirləri ilə əvəzləndi. Şəhərin 6, 9, 10, 13 və 18-ci mikrorayonlarında 140 lift dəyişdirildi, hazırda 18, 13, 17, 6, 10-cu mikrorayonlarda 60 ədəd yeni və müasir liftin quraşdırılması işləri sona çatmaq üzrədir.

Bundan başqa, şəhərdə su-kanalizasiya xətlərinin yenilənməsi, istilik sistemi şəbəkəsinin genişləndirilməsinin üstündən də soyuq şəkildə keçmək olmaz. Hər iki problem uzun illərdir sumqayıtlıları narahat edirdi. Artıq bir çox mikrorayon və məhəllələrdə zirzəmilərdə təmzilik və dizinfeksiya işləri ilə paralel olaraq su xətləri yenilənib, eləcə də istilik təchizatı şaxələndirilib.

 Estetik görünüş şəhəri təqdim edir

Səliqəli şəhərlər həmişə göz oxşayır, bir az da bədii çalarla ifadə etsək, qəlbi riqqətə gətirir. Avropanın aparıcı ölkələrinin əksər şəhərləri, eləcə də ölkəmizin paytaxtı Bakı da bu baxımdan turistləri cəlb edir, məftunluq hissi yaradır. Sumqayıtımızın da belə şəhərlərdən birinə çevrilməsinə heç nə mane olmur.

Yeni qurulan bulvar yaxşı vizit kartdır. Təbiət Xəzər dənizi və onun qumlu sahili ilə sumqayıtlılara ənənəvi olmayan  potensial – təbiət zənginliyi bəxş edib. Bu sahildə qurulan bulvar və sahilin təmizliyinin təmin olunması üçün nəzərdə tutlan addımlar şəhərin estetik görünüşünə rəng qatacaq, turistləri özünə cəlb edəcək. Sumqayıtın görməli yerləri ilə yanaşı siyahıya Coratı, onun qədim abidələrini və mətbəxini də əlavə etsək, maraqlı panoram yaranar…

Hazırda bütün küçələrdə binaların üzlüklərinin zövqlü aqlay daşları ilə əvəzləndiyini, bəzilərinin rəngləndiyini, işıqlandırma sisteminin qurulduğunu, eyni zamanda dam örtüklərinin dəyişdirildiyni görürük. Şübhəsiz, bu da şəhərin estetik görünüşünə gözəllik verəcək. Ümumilikdə, 400-ə yaxın binanın dam örtüyü artıq yenilənib.

Şəhərin bütün girişlərində aparılan abadlıq və genişləndirmə işləri həm də yaşılıqların salınması ilə müşayiət olunur. Faktla danışaq: payız-yaz əkin mövsümündə şəhərin küçə, xiyaban və parklarında 1 milyondan çox gül, 500-dən artıq palma ağacı və digər ağac və kollar əkilib.

Daha bir əhəmiyyətli iş məhəllədaxili yolların yenilənməsi ilə bağlıdır. Ötən dövr ərzində 1, 3, 6, 9, 13, 17 və 18-ci mikrorayonlarda, 19, 21, 45, 47, 48-ci məhəllələrdə daxili yolların yenilənməsinə başlanılıb. Bağlar massivinə gedən 17 və 18 nömrəli marşrutların yolları əsaslı təmir olunub, yeni asfalt örtüyü salınıb.

Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Şəhərin 6, 9 və 13-cü mikrorayonlarında uzun müddət yararsız vəziyyətdə olan yolları hazırda asfalt örtüyü salınır. Bu işlər digər məhəllə və mikrorayonlarda da davam etdiriləcək.

 Söhbət ilk növbədə yanaşma prinsiplərinin dəyişməsindən gedir. Bu prinsiplər Sumqayıtlı olmaq, şəhərin problemlərini bilmək, sumqayıtlı kimi düşünməkdən qaynaqlanır.

Sumqayıtın şəhər kimi yaşı yüz illərə bağlı deyil, vur-tut 67 yaşımız var. Burda heç kim “yerli” deyil, yəni babalarımız burada doğulmayıb… Ancaq… ancaq ömrünü, bütün həyatını bura bağlayanlar, sumqayıtlı kimi düşünənlər,  - bəli, ən əsası məhz sumqayıtlı kimi düşünənlər bu şəhəri bu gün üçün və on illər, yüz illər sonra üçün, gələcək nəsillər üçün hazırlayır…

Uzun zaman deyil: bir ilin necə keçdiyini hiss etmədik, ancaq görülən işlərə baxanda:  …birə beş! Bəli, birə beş!

 Vüsal Məmmədov

“168 saat” qəzetinin baş redaktoru, AMEA-nın dissertantı

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın